Hər ili möhtəşəm olan 20 il
Ölkə
Oxunub: 52
16 okt 2023 | 10:51

Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin ölkəmizə siyasi rəhbərliyi dövrü böyük bir epoxa təşkil edir. Heydər Əliyev epoxası sosializm cəmiyyəti şəraitində xalqımızı dövlət müstəqilliyinə hazırlamaqdan ölkəmizdə müstəqil dövlətçiliyin xilasına və yenidən bərpa edilməsinə, gələcək inkişafın möhkəm təməllərinin yaradılmasına qədərki ümummilli xarakterli kompleks məsələləri özündə birləşdirir. Bu tarixi epoxanın yaradıcısı və aparıcı tarixi siması olan görkəmli dövlət xadimi Heydər Əliyevin adı Azərbaycanın çoxəsrlik tarixinə əbədi həkk olunmuşdur. Heydər Əliyev epoxasının ictimai-siyasi hadisələri və tarixi nailiyyətləri xalqımızın mənəvi təkamülündə Azərbaycan cəmiyyətinin hərtərəfli inkişafında xüsusi mərhələ kimi şərəfli tarixə çevrilmişdir.

Müstəqil dövlətçilik dövrünün inkişafında yeni tarixi mərhələ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasi hakimiyyətə gəlməsi ilə başlanmışdır. Dövlət rəhbəri kimi İlham Əliyevin məqsədyönlü və uğurlu dövlətçilik fəaliyyəti siyasi varisliklə yeni tarixi epoxanın reallıqları, müasirlik və modernləşdirmə üzərində qurulmuşdur. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin müstəqil dövlətçilik təlimi yeni tarixi dövrün lideri olan İlham Əliyev tərəfindən yaradıcı şəkildə inkişaf etdirilərək, dünyada və ölkədə gedən proseslərlə əlaqəli şəkildə düşünülmüş addımlarla zənginləşdirilərək müasir dövrün daha yüksək mərhələsinə qaldırılmışdır. Prezident İlham Əliyev üçün ənənə və siyasi varislik möhkəm təməl, çoxvektorlu inkişaf, müasirləşdirmə və modernləşdirmə isə ali məqsəddir. Qətiyyətli siyasi iradə, dünyanın ictimai-siyasi gedişatını dərindən təhlil edərək vaxtında ölkə üçün taleyüklü qərarları qəbul etmək, müəyyən edilmiş strategiyanı dönmədən həyata keçirmək istedadı milli dövlətçilik tarixində İlham Əliyevin özünəməxsus obrazının yaranmasına xidmət edir. Bütün bunlar ölkəmizin tarixində yeni bir tarixi inkişaf mərhələsi olan İlham Əliyev erasını meydana çıxarmışdır. Cəmiyyət həyatında ardıcıl və çoxşaxəli inkişafın, bütün sahələrdə nailiyyətlərin qazanılması, dövlət müstəqilliyinin möhkəmləndirilməsi, milli dövlət anlayışlarının müqəddəs amala çevrilməsi İlham Əliyev erasının ana xətlərini təşkil edir. Müstəqil Azərbaycan dövlətinin beynəlxalq nüfuzunun, hərbi qüdrətinin inkişaf etdirilməsi də İlham Əliyev erasının mühüm hadisələridir. Bütün bunların arxasında isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin parlaq liderlik siması dayanır. Liderlik üçün çox səciyyəvi olan müqəddəs ali dəyərlər Azərbaycan Respublikasının Müzəffər Ali Baş Komandanı İlham Əliyevi dünyada qəbul edilən görkəmli dövlət xadimi miqyasına qaldırmışdır. Atdığı düşünülmüş və qətiyyətli addımlar nəinki ölkə həyatının bütün sahələrində, eyni zamanda beynəlxalq miqyasda Prezident İlham Əliyevə əsl liderlik nüfuzu qazandırmışdır. Böyük qürur hissi ilə deyə bilərik ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev planetimizdəki ən görkəmli dövlət liderləri sırasında dayanır. Prezident İlham Əliyevin liderlik obrazında rəhbərlik etdiyi ölkənin ərazi bütövlüyü xalqı və dövləti qarşısındakı taleyüklü böyük xidmətləri və beynəlxalq aləmdə sülhə, ədalətə və təhlükəsizliyə verdiyi mühüm töhfələrlə müəyyən olunur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilk növbədə doğma xalqının və son nəticədə dünyanın qüdrətli liderlərindən biridir. Böyük qürur hissi ilə deyə bilərik ki, Azərbaycan xalqının bütün təbəqələrinin cəsarətli və ədalətli lider kimi sonsuz məhəbbət və ehtiram bəslədiyi İlham Əliyev beynəlxalq aləmdə də dünyanın tanınmış liderlərindən biri kimi qəbul edilir. Dünya liderlərinin ön sıralarında təmsil olunmaq üçün Prezidentin siyasi iradəsi və xarizması ilə bərabər, mütləq onun həyata keçirdiyi islahatların, əldə etdiyi mühüm nəticələrin miqyası və əhəmiyyəti də zəruri prinsiplərdir. Fikrimcə, real və uzaqgörən ideyaları konkret böyük əməllərə çevirmək baxımından həyata keçirilmiş tədbirlərin ümummilli miqyasına, əhatə dairəsinə, hərbi-siyasi əhəmiyyətinə, iqtisadi cəhətdən faydalılıq əmsalına görə Prezident İlham Əliyevlə müqayisə edilə biləcək liderlər göstərmək asan deyildir. Təsadüfi deyildir ki, Azərbaycan xalqının Lideri üçün "Sözümüz imzamızdır, biz nəyə söz veririksə, onu da edirik, bunu bütün dünya bilir" prinsipi ölkə rəhbərinin həyatının və fəaliyyətinin əsas devizi kimi bəyan olunur. Məhz ona görə də Prezident İlham Əliyevin Azərbaycan Respublikasına rəhbərlik etdiyi 2003-2023-cü illər ölkəmizin çoxəsrlik tarixinə möhtəşəm 20 il kimi daxil olmuşdur. Bu tarixi dövr haqlı olaraq Azərbaycan tarixində İlham Əliyev erası adlandırılır.

İlham Əliyev erası - çoxəsrlik Azərbaycan tarixində xüsusi mərhələ olmaqla bərabər, həm də müstəqillik dövrünün taleyüklü məsələlərinin həlli, gələcəyə baxışı əks etdirən böyük bir mərhələdir.

İlham Əliyev erasının böyük tarixə çevrilmiş ən mühüm hadisələrindən biri və ya cəmi bir neçəsi yetər ki, hər hansı dövlət rəhbəri öz xalqının qüdrətli lideri kimi qəbul olunsun. Əhəmiyyətinə və mahiyyətinə görə Prezident İlham Əliyevin Azərbaycan Respublikasına rəhbərlik etdiyi 20 ilin isə hər ili möhtəşəmdir. Dövlət başçımızın qəbul etdiyi dövlət proqramlarının əsasında regionların inkişaf etdirilməsinin ardıcıl surətdə həyata keçirilməsi ilə Azərbaycan kəndi özünün çoxəsrlik tarixində görünməmiş yüksəliş səviyyəsinə qalxmışdır. Dünyanın heç bir ölkəsində regionlar Azərbaycandakı qədər ardıcıl və yüksək inkişaf templərinə malik deyildir. Bu, regionların inkişaf etdirilməsinin İlham Əliyev modelidir. Bu, Azərbaycan kəndini ölkəmizin əsas məşğulluq mərkəzlərinə çevirmək vəzifələrinin həyata keçirilməsinin mükəmməl həlli hadisəsidir. Məhz regionların hərtərəfli və məqsədyönlü şəkildə inkişaf etdirilməsinin əməli nəticəsidir ki, artıq Azərbaycan Respublikasının dövlət büdcəsinin formalaşmasında neft gəlirlərindən asılılıq əsasən aradan qaldırılmış, aqrar sektorun rolu nəzərəçarpacaq səviyyədə artmışdır.
Ulu Öndər Heydər Əliyevin imza atdığı "Əsrin müqaviləsi"ni Prezident İlham Əliyev "Əsrin əfsanəsi"nə çevirmişdir. XXI əsrin ən böyük neft-qaz kəmərləri olan Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft-qaz magistralları Azərbaycan neft strategiyasının real əfsanəsidir. Son 20 ildə məqsədyönlü şəkildə həyata keçirilmiş uğurlu neft-qaz siyasəti nəticəsində Azərbaycan neft-qaz magistrallarının Avropa ölkələrinə çatdırılması, bu ölkələrin xilası və inkişafı amilinə çevrilməsi Prezident İlham Əliyev tərəfindən əfsanələrin reallığa çevrilməsi hadisəsindən ibarətdir. Artıq dünya ölkələrində də TANAP-TAP kimi beynəlxalq neft-qaz layihələrinə əsrin əfsanəsi kimi yüksək qiymət verilir. İndi bir çox Avropa ölkəsində insanların yaşayışını və iqtisadi inkişafını Azərbaycanın nefti və qazı olmadan təsəvvür etmək mümkün deyildir. Həm də dünyanın hazırkı çətin və mürəkkəb geosiyasi şəraitində İlham Əliyevin maraqlı dövlətlərin mənafelərinə toxunmadan, heç bir halda qısqanclığa və təzyiqlərə yol vermədən nəhəng neft-qaz layihələrini uğurla həyata keçirmək məharəti Azərbaycana etibarlı dostlar və tərəfdarlar qazandırır. Bu isə öz növbəsində beynəlxalq təşkilatlarda, habelə dünya ölkələri ilə ikitərəfli əlaqələrin möhkəmləndirilməsində imkanlarımızın daha da artmasına və qüvvətləndirilməsinə əhəmiyyətli dərəcədə təsir göstərir.

Nəqliyyat-logistika sahəsində aparılan möhtəşəm işlər Azərbaycanın dünya ölkələri ilə əlaqələrinin inkişaf etdirilməsinə böyük təminat yaradır. Bundan başqa, Azərbaycanın dünyanın əsas tranzit qovşaqlarından birinə çevrilməsi ölkəmizə nəqliyyat sahəsinin də iqtisadi cəhətdən gəlir gətirən əsas mənbələrdən biri statusu qazandırır. Bu cəhətdən Bakı-Tbilisi-Qars dəmir yolu çox mühüm layihədir. Avropa ilə Asiyanı əlaqələndirən bu dəmir yolunun çəkilib başa çatdırılmasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasi iradəsi və uzaqgörənliyi həlledici rol oynamışdır. Hazırda Bakı-Tbilisi-Qars dəmir yolu Çin Xalq Respublikasının dövlət siyasəti səviyyəsində elan etdiyi "Bir kəmər - Bir yol" strategiyasının Qafqaz regionundakı əsas ötürücü vasitəsi kimi dünya ölkələri üçün də əlverişli nəqliyyat qovşağı hesab olunur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın 25 sentyabr 2023-cü il tarixdə Naxçıvan şəhərində imzaladıqları Niyyət Protokolunun müddəalarında Bakı-Tbilisi-Qars dəmir yolunun Qars-İğdır-Sədərək vasitəsilə muxtar respublikaya qədər daha bir qolunun çəkilməsinə dair razılaşdırılmanın öz əksini tapması bu magistralın Naxçıvan-Təbriz-Tehran vasitəsilə Orta Asiyaya doğru daha bir marşrutunun açılmasına şərait yaradır. Ona görə də haqlı olaraq Bakı-Tbilisi-Qars dəmir yolunu beynəlxalq aləmdə dəmir İpək yolu da adlandırırlar. Bundan başqa, Azərbaycan Respublikasının erməni işğalından azad edilmiş torpaqlarında - Füzuli şəhərində və Zəngilanda salınmış beynəlxalq hava limanları da ölkəmizin dünyaya açılan qapıları kimi mühüm əhəmiyyətə malikdir. Son günlərdə yenidən aktivləşən "Şimal-Cənub" magistralı isə Azərbaycanı avtomobil yollarının da əsas qovşaqlarından birinə çevirəcəkdir. Beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olan Zəngəzur dəhlizinin açılmasına nail olmaqla Prezident İlham Əliyev Azərbaycan Respublikasını regionun və dünyanın əsas nəqliyyat mərkəzləri səviyyələrinə çatdıracaqdır. Ölkəmizin dünyanın tranzit qovşaqlarından biri kimi çıxış etməsi iqtisadi cəhətdən səmərəli olduğu kimi, mədəni əlaqələrin də inkişafına öz töhfələrini verir. Bu isə Azərbaycanda müasir inkişafın yeni intibah mərtəbəsinə çatdırılması üçün əsas faktordur.

Beynəlxalq əlaqələrin inkişaf etdirilməsi, uğurlu xarici siyasət kursu və sabit diplomatik münasibətlər İlham Əliyev erasının mühüm göstəricilərindəndir. Dünya ölkələri və region dövlətləri ilə qarşılıqlı etimada əsaslanan sağlam münasibətlərin qurulması və inkişaf etdirilməsi İlham Əliyevin xarici siyasət kursunun reallığı və böyük uğurudur. Azərbaycan Respublikasının Prezidentinin təşəbbüsü ilə Birləşmiş Millətlər Təşkilatının xüsusi iclasının çağırılması və dövlət başçımızın irəli sürdüyü problemlərin beynəlxalq müstəvidə müzakirəyə çıxarılması xarici siyasət sahəsində nadir tarixi hadisədir. Azərbaycan Respublikasının BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi də müstəqil dövlətimizin böyük uğurudur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dünyanın ikinci beynəlxalq təşkilatı olan Qoşulmama Hərəkatına uğurla sədrlik etməsi dövlət başçımızın dünya liderlərindən biri olduğunu sübut edir. İslam Əməkdaşlıq Təşkilatında və İqtisadi Əməkdaşlıq Təşkilatında Azərbaycanın söz sahibi olması respublikamızın beynəlxalq nüfuzunun müasir reallıqlarıdır.

Əlbəttə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət başçısı kimi iyirmi illik fəaliyyətinin ən böyük zirvəsi 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərdir. Müzəffər Ali Baş Komandanın işğalçı Ermənistan üzərində qazandığı bu tarixi Zəfər XXI əsrdə dünyada qələbə ilə başa çatmış ən ədalətli müharibə nümunəsidir. Azərbaycanın Qarabağ savaşı beynəlxalq aləmdə yeni müharibə texnologiyasının tətbiqi ilə aparılmış müharibə kimi də təkrarsızdır. Bu, dünya hərb tarixində ən qısa müddətdə qələbə ilə başa çatmış müharibə olaraq da əhəmiyyətlidir. Qalib Ali Baş Komandanın "dəmir yumruğ"u ilə 20 sentyabr 2023-cü il tarixdə cəmi bir gün ərzində Qarabağda keçirilmiş antiterror tədbirləri ilə də qüdrətli dövlət rəhbəri olan İlham Əliyev daha bir mühüm tarixi zəfərə imza atmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 30 illik işğaldan sonra ölkəsinin tarixi torpaqlarını düşmən əsarətindən azad edən, rəhbərlik etdiyi dövlətin tam ərazi bütövlüyünə nail olmağı bacaran liderdir. Azərbaycan Respublikasının mütləq suverenliyinin təmin edilməsi Prezident İlham Əliyevin möhtəşəm tarixi Zəfəridir.

Azərbaycanın cəmiyyət həyatının elə bir sahəsi yoxdur ki, həmin istiqamətdə ölkəmizdə böyük nailiyyətlər qazanılmamış olsun. Respublikamızda inkişaf etməmiş region, yenidən qurulmamış heç bir sahə yoxdur. Böyük sürətlə inkişaf edən paytaxtımız Bakını dünyanın ən gözəl şəhərləri ilə müqayisə etmək olar. Azərbaycan 20 il ərzində kosmos ölkəsi kimi də dünyada ad qazanmışdır. Son onilliklər Azərbaycanda milli-mənəvi dəyərlərin, elm və mədəniyyətin bütün sahələrinin inkişaf etdirilməsi sahəsində qazanılmış böyük uğurlar xalqımızın və müstəqil dövlətimizin simasını müəyyən edən dəyərlər səviyyəsinə qalxmışdır. Çox böyük uğurla Avropa və İslam Olimpiya oyunları keçirən, əsas idman növləri üzrə beynəlxalq yarışlara evsahibliyi edən Azərbaycan dünyanın ən inkişaf etmiş idman ölkəsinə çevrilmişdir.

Prezident İlham Əliyevin çoxcəhətli, məqsədyönlü fəaliyyətinin uğurları sırasında elm və ədəbiyyat sahəsindəki nailiyyətlər də xüsusi yer tutur. İlham Əliyevin ədəbiyyat siyasəti xalqımızın milli-mənəvi özünüdərk proseslərinin daha da dərinləşdirilməsinə, yeni nəsil yazıçıların meydana çıxmasına və vətənpərvərlik üstündə köklənmiş müasir nəsillərin formalaşdırılmasına uğurla xidmət edir. Çoxəsrlik tariximizdə ilk dəfə keçirilmiş "Nizami Gəncəvi ili" və "İmadəddin Nəsimi ili" Azərbaycan ədəbiyyatı klassiklərinin həyatı və yaradıcılığının dərindən araşdırılaraq xalqımıza daha yaxından tanıdılması və dünyada təbliğ olunması baxımından kəşf olunmuş milli dövlət siyasətinin mükəmməl ifadəsidir. Dövlət səviyyəsində həyata keçirilən ədəbiyyat siyasəti həm də müstəqil dövlətimizin əsas dövlətçilik ideologiyası olan azərbaycançılıq təliminin zənginləşdirilməsinə və möhkəmləndirilməsinə təminat verir. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə keçirilən "Heydər Əliyev İli" tədbirləri xalqımızda müstəqil dövlətçilik təfəkkürünün dərinləşdirilməsinə və möhkəmləndirilməsinə xidmət edən mühüm siyasi-ideoloji dərslərdir.
Azərbaycan elminin inkişafında da möhtəşəm 20 ilin özünəməxsus yeri vardır. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 4 yanvar 2003-cü il tarixli sərəncamı ilə Milli Elmlər Akademiyası statusu qazanmış ali elmi qurumumuzun xalqımızın milli maraqlarına, ölkəmizin dövlətçilik mənafelərinə uyğun şəkildə inkişaf etdirilməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilmişdir. Dövlət rəhbərimizin 9 noyabr 2015-ci il tarixdə Azərbaycan Milli Elmlər Akademiyasının ümumi yığıncağında iştirakı ilə böyük tarixi əhəmiyyətə malik olan nitqi akademiyanın yeni tarixi mərhələdəki proqramıdır. Azərbaycan elmini regionda elmi sferanın ön mövqeyinə çıxarmaq vəzifəsini qarşıya qoyan dövlət rəhbərimiz azərbaycançılıq ideyasının dövlət ideologiyası səviyyəsində dərk və şərh olunmasını, elmi əsaslarla xalqa çatdırılmasını mühüm bir vəzifə kimi irəli sürmüşdür. Cənab Prezidentimizin həmin tarixi görüşdə diqqət mərkəzinə çəkdiyi aşağıdakı məsələlər bu gün dünyada süni intellektin risklərinin, kibertəhlükəsizliyin aktual olduğu dövrdə həm Azərbaycanın elmi ictimaiyyəti, həm də ümumiyyətlə, elm aləmi üçün çox aktual və əhəmiyyətlidir: "Əsrlərboyu Azərbaycan xalqını bir xalq kimi qoruyan bizim mədəniyyətimiz, incəsənətimiz, musiqimiz, xalçaçılıq sənətimiz və digər ənənələrimiz olubdur. Bizim bu sahədəki bütün fəaliyyətimizin əsasında Azərbaycan dili dayanır. Azərbaycan dili bizi bir xalq, bir millət kimi qoruyub. Əsrlərboyu biz başqa ölkələrin, imperiyaların tərkibində yaşadığımız, müstəqil olmadığımız dövrdə milli dəyərlərimizi, ana dilimizi qoruya, saxlaya bilmişik. Biz Azərbaycan dilinin saflığını təmin etməliyik… Lüğətimiz o qədər zəngindir ki, bunu qorusaq və gələcək nəsillərə əmanət kimi təhvil versək, bu, bizim bu sahədəki ən böyük nailiyyətimiz olacaqdır... Biz öz tariximizi… dünya miqyasında daha da dolğun təmin etməliyik... Tariximiz onu göstərir ki, azərbaycanlılar bu torpaqda əsrlərboyu yaşamışlar. Bugünkü Ermənistan Azərbaycan torpaqlarında yaradılıbdır... "Qarabağ", "Xankəndi" Azərbaycan sözləridir".

Milli Elmlər Akademiyasının ən müasir səviyyədə maddi-texniki bazasının yaradılması istiqamətində də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin böyük qayğısı və diqqəti vardır. Möhtərəm Prezidentimizin şəxsən iştirakı ilə 2013-cü ildə Milli Elmlər Akademiyasının istifadəsinə verilmiş, ən yeni texnologiya əsasında inşa olunmuş Mərkəzi Elmi Kitabxana binası və Milli Ensiklopediya Mərkəzi ölkəmizdə elmin daha da inkişaf etdirilməsinə göstərilən dövlət qayğısının parlaq əməli ifadəsidir. Azərbaycan dövlətinin maliyyə dəstəyi ilə elm adamlarımızın beynəlxalq elmi resurslardan ödənişsiz istifadə etməsinə yaradılmış şərait də respublikamızda elmi mühitin dünyaya inteqrasiya olunmasına açılan geniş bir pəncərədir. Son 20 il ərzində elmi işçilərin əməkhaqlarının, doktorant və dissertantların təqaüdlərinin bir neçə dəfə artırılması alimlərimizin sosial müdafiəsi sahəsində dövlət qayğısının ardıcıllığını nümayiş etdirir. Milli Elmlər Akademiyasının 60 və 70 illik yubileylərinin keçirilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncamlar və həmin yubiley mərasimlərində dövlət rəhbərimizin iştirakı və nitq söyləməsi akademiyanın həyatında baş vermiş mühüm tarixi hadisədir. Dövlət başçımızın Milli Elmlər Akademiyasına səfərləri bu elmi təşkilatın inkişafı yolundakı mühüm ictimai-siyasi hadisədir. Prezident İlham Əliyevin Milli Elmlər Akademiyasına hər səfəri ölkəmizin ali elmi qurumunun inkişafına təkan verən, alimlərimizi daha böyük nailiyyətlərə ruhlandıran mühüm faktor olmuşdur. Eyni zamanda görkəmli elm xadimlərinin yubileylərinin keçirilməsi, fəxri adlara layiq görülməsi, təltif olunması haqqında Prezident İlham Əliyevin imzaladığı sərəncamlar və bu qərarların əsasında ölkə miqyasında və beynəlxalq masştabda həyata keçirilən tədbirlər Azərbaycan elminin nailiyyətlərinin qiymətləndirilməsi ilə bərabər, həm də gələcək elmi inkişafa böyük stimul vermişdir. Hazırda Azərbaycan alimləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə müstəqil dövlətimizin inkişaf etdirilməsi proseslərində daha fəal surətdə iştirak etmək, azərbaycançılıq istiqamətində, milli-mənəvi dəyərlərin yaşadılması və möhkəmləndirilməsi sahəsində məsuliyyətlə çalışmaqda davam edirlər. Bu gün Azərbaycan Milli Elmlər Akademiyası yenidən təşkilatlanaraq qloballaşmanın yaratdığı dalğalardan xalqımızın çoxəsrlik davamlı ənənələrini qorumaq və dayanıqlı inkişafa nail olmaq yolunda yeniləşmə proseslərini irəli aparmaqla xalqımızın müstəqil ideya-mənəvi təkamülünə dəstək verir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin alimlərimizin dövlət quruculuğu proseslərində daha yaxından iştirak etməsi istiqamətində qarşıya qoyduğu vəzifələr dönmədən həyata keçirilməkdədir.

Beləliklə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müstəqil dövlətimizə rəhbərlik etdiyi 2003-2023-cü illər tarixə möhtəşəm 20 il kimi daxil olmuşdur. Prezident İlham Əliyevin Azərbaycan Respublikasına rəhbərlik etdiyi 20 ilin hər ili möhtəşəmdir. Azərbaycan xalqının və dövlətinin həyatında xüsusi tarixi mərhələ olan bu 20 ilin nailiyyətləri Prezident İlham Əliyevin "Heydər Əliyev İli"nə möhtəşəm töhfəsidir. Möhtəşəm 20 il həm də xalqımızın və müstəqil dövlətimizin bundan sonrakı inkişafının da möhkəm təməli və böyük başlanğıcıdır.

İsa HƏBİBBƏYLİ, AMEA-nın prezidenti, Milli Məclisin deputatı, akademik

“Azərbaycan” qəzeti
24-04-2024, 11:00
Çin və Avropa alimləri çayın ağciyər xərçənginə səbəb olduğunu aşkar ediblər
24-04-2024, 10:56
Elm adamları yeni qrip virusunun pandemiyaya səbəb olma təhlükəsindən narahatdırlar
23-04-2024, 10:29
“Azərbaycan ədəbiyyatşünaslıq elmi müstəqillik illərində (1991-2023)” biblioqrafiyası çap olunub
23-04-2024, 10:25
Həddindən artıq su qəbulu beyin şişməsinə səbəb ola bilər
19-04-2024, 16:48
Zərərçəkmiş şəxsin razılığı olmadan onun fotosunu mediaya təqdim edənlər cəzalandırılacaqlar
19-04-2024, 16:48
Zərərçəkmiş şəxsin razılığı olmadan onun fotosunu mediaya təqdim edənlər cəzalandırılacaqlar
19-04-2024, 16:38
ARXİV: Sosial şəbəkələrdə digərlərinin fotolarını icazəsiz yayanları hansı cəzalar gözləyir? - ARAŞDIRMA ANALİTİKA
18-04-2024, 15:14
Başqırdıstan Arıçılıq Mərkəzi Azərbaycana bal tədarükünə başlayıb
18-04-2024, 15:06
Kədərli musiqi neqativ emosiyalardan qurtulmağa kömək edir
17-04-2024, 12:19
Azərbaycanda vergi ödəyicilərinin sayı 8 % artıb
17-04-2024, 12:12
Hemofiliya xəstəliyinin əlamətləri nələrdir?
16-04-2024, 15:37
Folklorşünas alim Mədəniyyət TV-də “Azərbaycan filmlərində milli dəyərlər” mövzusunda danışıb
16-04-2024, 15:32
Yeməkdən sonra ürək ağrısının əsas səbəbləri nədir? Qastroenteroloq izah etdi
15-04-2024, 15:45
Filosof alim İndoneziyada keçirilən beynəlxalq konfransda iştirak edib
15-04-2024, 15:33
Bu gün akademik Zərifə Əliyevanın anım günüdür
9-04-2024, 12:01
Azərbaycanda bayram günlərində banklar və “Azərpoçt” fəaliyyət göstərəcək
9-04-2024, 11:58
AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin Ramazan bayramı münasibətilə Akademiya əməkdaşlarına təbriki
9-04-2024, 11:54
Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
8-04-2024, 10:43
Lənkəranda Məhəmməd Füzulinin 530 illiyinə həsr edilmiş seminar keçirilib
8-04-2024, 10:36
Neyroloqlar beyninizi cavan saxlamağın altı yolunu sadalayıb
5-04-2024, 15:43
“Xəridətül-əcaib və fəridətül-ğəraib” əsəri nəşr olunub
5-04-2024, 10:12
Məişət kimyəvi maddələri dağınıq skleroza səbəb ola bilər
5-04-2024, 10:09
Bioloq: Yumurtanın keyfiyyəti və faydası sarısının rəngindən asılı deyi
4-04-2024, 12:16
Bakı metrosunda nasazlığa görə sərnişinlər "28 May"da təcili düşürülüb
4-04-2024, 10:03
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
4-04-2024, 09:55
Texnologiyanın sürəti gənclərlə yanaşı böyüklərə də təsir edir
3-04-2024, 10:31
Onilliklər ərzində ilk dəfə yeni antibiotik tapılıb
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930