Qərbi Azərbaycana Qayıdış tarixi həqiqət prizmasında
Xəbər verdiyimiz kimi, ötən günlərdə “Xalq qəzeti” redaksiyasında Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun rəhbərliyi və bu elm ocağında yeni yaradılmış Qərbi Azərbaycan tarixi şöbəsinin əməkdaşları ilə Qərbi Azərbaycana Qayıdış ümummilli hərəkatının elmi-tarixi təminatı mövzusunda Dəyirmi masa keçirildi. Qəzetimizin sualları ətrafında aparılan aktual müzakirədə tarixçi alimlər indiki Ermənistan dövlətinin yerləşdiyi coğrafiyanın qədim zamanlardan bir əsr əvvələdək türk torpaqları olduğunu təkzibedilməz fakt və dəlillərlə sübuta yetirdilər.
“Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov müzakirəni giriş sözü ilə açaraq bildirdi ki, milli tariximizin dərindən və obyektiv öyrənilməsi sahəsində ölkəmizdə baş elmi mərkəz olan İnstitutun aradığı ardıcıl və sistemli tədqiqatlar müstəqillik illərində redaksiyamızın önəm verdiyi mövzulardan olub. Yaranmış səmərəli əməkdaşlıq bu gün Qərbi Azərbaycan tarixinin əhatəli və dərindən araşdırılması istiqamətində də uğurla davam edir.
Baş redaktor daha sonra qeyd etdi ki, Qərbi Azərbaycan İcmasının doğma yurda qayıdışına media dəstəyi qazandırmaqda redaksiya tarixçi alimlərimizin vətənpərvərlik mövqeyinə, mötəbər qənaətlərinə ciddi və mötəbər mənbə kimi istinad edir. Bu missiyanın gerçəkləşməsinə layiqli töhfəni artırmaq üçün qəzet ilə institutun yaradıcılıq imkanlarını yenidən nəzərdən keçirməyə, əlbir səyləri artırmağa ehtiyac duyulur.
Dəyirmi masanın materiallarını – söylənən elmi açıqlamaları, bildirilən dəyərli mülahizələri, qaldırılan aktual məsələləri qəzetimizin bu nömrəsindən başlayaraq, oxucularımıza çatdırırırıq.
AMEA Tarix İnstitutunun baş direktoru, professor Kərim Şükürov önəmli birgə fəaliyyətin yüksək səviyyədə davam etdirilməsi yollarının axtarışı ilə bağlı müzakirənin hər iki kollektiv, bütövlükdə, geniş oxucu kütləsi üçün faydalı olacağını söylədi:
– Qərbi Azərbaycandan zorakı üsullarla qovulmuş soydaşlarımızın birləşdiyi Azərbaycan Qaçqınlar Cəmiyyətinin 35 ildən bəri doğma yurda qayıtmaq uğunda apardığı ictimai mübarizə Prezident İlham Əliyevin xeyir-duası ilə fəaliyyətə başlamış Qərbi Azərbaycana Qayıdış ümumxalq hərəkatına çevrilməklə tarixçi alimlərin də qarşısında yeni ciddi vəzifələr qoyub. Dövlət başçısının Qərbi Azərbaycana dinc və ləyaqətli şəkildə qayıdışının elmi-taririxi təminatının yaradılması çağırışından sonra AMEA-da yaradılmış 3 xüsusi bölmədən biri də Tarix İnstitutunun Qərbi Azərbaycan şöbəsidir. Qısa müddətdə yeni strukturun əməkdaşları Qərbi Azərbaycan tarixinin ayrı-ayrı dövrlər, önəmli mövzular üzrə öyrənilməsi ilə bağlı kompleks və mükəmməl araşdırmalara başlayıblar.
Təəssüf ki, sovet dövründə Qərbi Azərbaycanda mövcud olmuş sonuncu türk feodal dövləti – İrəvan xanlığı ilə bağlı işıq üzü görmüş kitablarda bəzi təhriflərə yol verilmişdir. Bunun səbəbi həmin dövrdə fəaliyyət göstərən alimlərimizə olan təzyiqlər və mövcud olan sərt senzura idi. Bir faktı da diqqətə çatdırmaq istərdim ki, bu dövrdə tarixçi alimlərimizdən birinə Ermənistan ərazisində Azərbaycan mədəniyyəti tarixi ilə bağlı doktorluq dissertasiyası mövzusu təqdim olunsa da, bu istiqamətdə tədqiqatların aparılmasına icazə verilməmişdir. Bu səbəbdən həmin illərdə bu ərazilərin tarixi ilə bağlı əsaslı tədqiqatlara rast gəlmək mümkün deyil. Yalnız 1991-ci ildə dövlət müstəqilliyinin bərpasından sonra bu istiqamətdə tədqiqat işlərinə başlanılmışdır.
Xatırladım ki, tarixçi alimlərimiz istər sovet, istərsə də müstəqillik dövründə Azərbaycanın milli mənafeyini əsas tutaraq onun qorunması üçün əllərindən gələni etmişlər. Ümumiyyətlə, Qərbi Azərbaycanla bağlı tarixi məsələlər son 30 il ərzində Tarix İnstitutunun diqqət mərkəzində olmuş, monoqrafiyalar və məqalələr yazılmış, fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcələrini almaq üçün dissertasiyalar müdafiə olunmuşdur. Tarix İnstitutunda Qərbi Azərbaycanla bağlı əsaslı tədqiqatlara Azərbaycan Respublikasının dövlət müstəqilliyi bərpa edildikdən sonra başlanılmışdır. Məsələn, İrəvan xanlığı haqqında geniş məlumat ilk dəfə 1993-cü ildə nəşr edilmiş bir cildlik “Azərbaycan tarixi” kitabında öz əksini tapmışdır.
1998–2003-cü illərdə nəşr edilmiş 7 cildlik “Azərbaycan tarixi” kitabının 3, 4 və 5-ci cildlərində də bu barədə geniş məlumat təqdim olunmuşdur. Çoxcildlikdə Çuxur-Səəd bəylərbəyliyi, İrəvan xanlığı, XIX əsrdə bu ərazilərin işğalı, ermənilərin bura köçürülməsi və məskunlaşdırılması tarixi, İrəvan quberniyası, Qərbi Azərbaycan ərazilərinin – İrəvan şəhəri və Zəngəzurun qərb ərazilərinin ermənilərə güzəştə gedilməsi, erməni-daşnak respublikasının yaradılması, İrəvan quberniyası və Zəngəzurda azərbaycanlı əhaliyə qarşı törədilən soyqırımı cinayətləri öz əksini tapmışdır. 1948–1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindən deportasiya olunması, 1988–1991-ci illərdə baş verən hadisələr də ümumiləşmiş şəkildə tədqiqata cəlb edilmişdir. 2007-ci ildən Tarix İnstitutunda İrəvan xanlığının tarixi ilə bağlı araşdırmalara başlanmışdır.
Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcması təmsilçiləri ilə görüşdəki çağırışlarını və tövsiyyələrini əsas götürərək, Qərbi Azərbaycan tarixinin mövzu və problemlərinin əhatəli surətdə öyrənilməsi, icmanın fəaliyyətinin elmi baxımdan yönləndirilməsi ilə bağlı qarşımızda duran vəzifənin məsuliyyəti və gərəkliyi kollektivimizi şərəfli bir mübarizəyə səfərbər edib.
Qərbi Azərbaycan şöbəsinin müdiri, professor Cəbi Bəhramov 9 nəfərlik kollektivin qarşısında duran ilkin hədəfin zəngin elmi qaynaq toplamaqla Qərbi Azərbaycan tarixinin akademik nəşrini və bu ərazinin çoxsaylı tarixi-coğrafi xəritələrdən ibarət atlasını yaratmaq olduğunu bildirdi:
– Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qərbi Azərbaycan İcması ilə görüşdə tarixi yurd yerlərinə qayıdışa nail olmaq üçün həmin torpaqlarda deportasiyaya, soyqırımına məruz qalmış soydaşlarımızın taleyi ilə bağlı son 2 əsrlik tarix üzrə tədqiqatların aparılması və mükəmməl konsepsiya hazırlanması göstərişini vermişdi. Artıq belə bir konsepsiya hazırlanıb, bu strateji sənəd əsasında genişmiqyaslı tədbirlərə, fundamental tədqiqatların aparılmasına başlanılıb.
Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılmış vətən müharibəsindəki şanlı qələbə nəticəsində 30 il ərzində pozulmuş ərazi bütövlüyümüz bərpa olundu, Azərbaycanın ağrılı problemlərindən olan Qarabağ məsələsi tarixin arxivinə atıldı. Hazırda Azərbaycanın növbəti problemi öz əzəli və əbədi torpaqları olan Qərbi Azərbaycan torpaqlarından zaman-zaman vəhşiliklə çıxarılmış soyrdaşlarımızın öz məskənlərinə geri qaytarılması, vaxtilə bu torpaqlarda yaşamış əhalinin hüquqlarının bərpa olunmasıdır.
Avropada XVI əsrdə qəbul olunmuş və bütün xalqlara tətbiq olunan legitimlik prinsipi mövcuddur. Bu prinsipin mahiyyəti ondan ibarətdir ki, qədim zamanlardan müəyyən torpaqlarda məskunlaşmış yerli əhalinin ərazisini bölmək, işğal etmək, mənimsəmək yolverilməzdir. Azərbaycan xalqının hüquqları pozulub, ərazisi iki hissəyə bölünüb. Bundan əlavə, xalqımızın bir sıra torpaqlarına ona düşmən kəsilən bir xalq köçürülüb və soydaşlarımıza qarşı ən ağır cinayətlərdən olan soyqırımı törədilib. Xalqımızın pozulmuş hüquqlarının, tarixi ədalətin bərpası olduqca zəruri məsələlərdəndir.
Bu səbəbdən Prezident İlham Əliyev 2022-ci ilin 24 dekabr tarixində Qərbi Azərbaycan İcmasının inzibati binasında həmin bölgədən olan bir qrup ziyalı ilə görüşündə Qərbi Azərbaycana qayıdışla bağlı fəaliyyətin bu torpaqların tarixi üzərində qurulmasının gərəkliliyini bildirmişdir. Biz bu istiqamətdə işlərə artıq başlamışıq. Şöbəyə cəlb etdiyimiz mütəxəssislər müxtəlif dövrlər üzrə tədqiqatlar aparmış yüksəkixtisaslı kadrlardır. Bundan əlavə, digər şöbələrlə birbaşa əlaqəli şəkildə fəaliyyət göstəririk. Aparılan tədqiqatların əsas istiqamətlərini ən qədim dövrdən bugünədək Qərbi Azərbaycanın tarixinin araşdırılması, tarixi atlasın tərtib edilməsi təşkil edir. Bu iki məsələnin həlli üçün dünyanın müxtəlif ölkələrində ayrı-ayrı dillərdə yazılmış elmi ədəbiyyatın toplanması işləri həyata keçirilir.
Qərbi Azərbaycanın qədim türk tarixi ilə bağlı məlumatlarına Assur və Urartu mixi yazılarında da tez-tez rast gəldiyini söyləyən şöbənin aparıcı elmi işçisi, dosent Ziyad Əmrahov isə dedi:
– Cənubi Qafqaz ərazilərinin Əhəməni və Sasani imperiyalarının tərkibinə qatılması ilə bəhs olunan bölgə də çox geniş ərazili imperiyaların bir əyaləti olmuşdur. Sasani imperiyasının indiki İran coğrafiyası da daxil olmaqla Cənubi Qafqazdakı hegemonluğuna son qoyan Ərəb xilafəti 661-ci ildən etibarən bölgəni öz təsir dairəsinə keçirmişdir.
IX əsrdə Ərəb xilafətinin Cənubi Qafqazda təsir dairəsinin zəifləməsindən sonra Qərbi Azərbaycan əraziləri erkən feodal dövlətlərindən olan Şəddadilərin hakimiyyətinə keçmişdir. XI yüzilliyin ilk rübündən isə Cənubi Qafqaza daxil olan oğuz türkləri cənub istiqamətindən Arran torpaqlarına daxil olaraq, Naxçıvana, sonra isə Dəbil şəhərinə yetişmişlər. Beləliklə, “Kitabi-Dədə Qorqud” dastanında “Oğuz eli” adlandırılan bölgə geniş ərazili Səlcuq imperiyasının tərkibinə qatılmışdır. 1136-cı ildə isə Azərbaycan Atabəylər dövlətini yaradan Şəmsəddin Eldəniz az sonra Naxçıvanı paytaxt etməklə bölgəni tabeliyinə keçirmişdir.
XIII–XIV əsrlərdə Azərbaycan əraziləri Monqol imperiyasının tərkibinə qatılmışdır. Azərbaycan Qaraqoyunlu dövləti (1410–1468) yarandıqdan sonra, 1411-ci ildə Qərbi Azərbaycanı da öz torpaqları sırasına daxil etmişdir. Qaraqoyunlu dövründə İrəvan şəhəri mühüm inzibati mərkəzə çevrilmişdir. V.Bartold yazır ki, İrəvan bir kənd kimi Əmir Teymur zamanında (XIV əsrin sonunda) salınmış, Şah İsmayıl zamanında isə şəhərə çevrilərək İrəvan (Rəvan) adlandırılmışdır.
Azərbaycan Səfəvilər imperiyası yarandıqdan sonra Qərbi Azərbaycan torpaqları Çuxursəd (İrəvan) bəylərbəyliyi inzibati-ərazi statusu daşımağa başlamışdır. Çuxursəd bəylərbəyliyinin mərkəzi şəhərindən bəhs edən bir sıra rusdilli qaynaqlar İrəvan şəhərini “Rəvan” deyə yad edir. XVI əsrin sonunda və XVIII əsrin 20-ci illərində Səfəvi–Osmanlı müharibələrinin gedişində Osmanlı imperiyası Səfəvi dövlətinin şimal-qərb bölgəsinin böyük bir hissəsini ələ keçirmişdir. Bu bölgələri mərkəzləşmiş qaydada idarə etmək məqsədilə osmanlılar ərazinin ölkənin ictimai-siyasi və sosial-iqtisadi sisteminə inteqrasiyası ilə ciddi məşğul olmağa başlamışlar.
Yuxarıdakı məlumatlardan göründüyü kimi, Qərbi Azərbaycan əraziləri tarixi Azərbaycan torpaqları idi. XIX əsrin əvvəllərində Rusiya – Qacarlar müharibələrinin gedişi və nəticəsində Azərbaycanın şimal xanlıqları, o cümlədən İrəvan və Naxçıvan xanlıqlarının əraziləri çar Rusiyası tərəfindən işğal olundu. Azərbaycanın şimal ərazilərində xanlıq idarəetmə sistemi ləğv olundu, əvvəlki inzibati-ərazi bölgüləri ciddi dəyişikliyə məruz qaldı. İnzibati-ərazi bölgüsü baxımından dəyişikliyə uğrayan bölgələrdən biri də İrəvan və Naxçıvan xanlıqlarının ərazisi idi.
Əvvəlcə, 1828-ci il martın 21-də İranla müharibənin başa çatması və Rusiya ilə İran arasında sülh bağlanması haqqında manifest verildi. I Pyotrun zamanından Azərbaycan torpaqlarının işğalı üçün onun etnik mənsubiyyətinin ciddi-cəhdlə dəyişdirilməsi burada təsbit edildi. Yeni işğal olunmuş İrəvan və Naxçıvan xanlıqlarının torpaqları “qədim Ermənistanın bir hissəsi” elan edildi. Göründüyü kimi, verilmiş çar fərmanı bölgənin başı üzərini almış gələcək təlatümlərdən xəbər verirdi. Bu təhlükə təkcə bölgənin əvvəlki coğrafi mənzərəsinin dəyişdirilməsi ilə deyil, həm də etnik mənzərəsinin süni şəkildə dəyişdirilməsi, bölgəyə qeyri-millətlərin, ermənilərin köçürülməsi ilə yadda qalırdı.
Göyçə mahalının Qərbi Azərbaycanın ən qədim tarixə malik ərazilərindən biri olmaqla, tarixən, Azərbaycan xalqının təşəkkül tapdığı vahid və nəhəng areala daxil olduğundan söz açan tarix üzrə fəlsəfə doktoru Bəxtiyar Əhmədov aşağıdakı həqiqəti açıqladı:
–Qədim zamanlardan bu ərazilərdə yaşayan avtoxton əhali dil, maddi və mənəvi mədəniyyət, iqtisadi həyat şərtləri, ənənəvi təsərrüfat sahələrinin xüsusiyyətləri baxımından Azərbaycanın digər ərazilərində yaşayan əhali ilə mənşə birliyinə malik olmuş və xalqımızın çoxəsrlik tarixinin formalaşmasında mühüm rol oynamışdır. Həmin ərazidə mövcud olan türk mənşəli toponim, etnonim, etnotoponim, antroponim və s. onomastik vahidlər, erkən orta əsrlərə aid oğuz qəbiristanlıqlarının qalıqları, IV-XII əsrlərə aid alban kilsələri, qoçbaşı heykəllər, çoxəsrlik tarixə malik qalalar və s. bunu sübut edən çoxsaylı maddi mədəniyyət nümunələri misal olaraq göstərilə bilər.
XVIII əsrin ikinci yarısı – XIX əsrin əvvəllərində Göyçə mahalı inzibati cəhətdən İrəvan xanlığının tərkibinə daxil idi. Xanlığa daxil olan 15 mahaldan biri olan Göyçə mahalı bu ərazidə yerləşirdi. Topoqrafik cəhətdən İrəvan xanlığının mahalları dağlıq, orta və düzən olmaqla 3 qrupa ayrılırdı. Göyçə mahalı bütünlüklə dağlıq ərazidə yerləşən mahallardan biridir.
Çar Rusiyası imperiya siyasətini davam etdirərək, Cənubi Qafqazı işğal etmək üçün XIX əsrin əvvəllərində təqribən 30 illik müharibə apardı. Qacarlar dövləti ilə aparılan müharibələrdə Çar Rusiyasının qələbəsi nəticəsində 1813 və 1828-ci illərdə imzalanan Gülüstan və Türkmənçay müqavilələri Azərbaycanı, onun tarixi torpaqlarını iki hissəyə böldü. Şimali Azərbaycan xanlıqları, o cümlədən İrəvan və Naxçıvan xanlıqlarının ərazisi bütünlüklə çar Rusiyasının hakimiyyəti altına keçdi.
Ən dəhşətli və qanlı hərbi-feodal müstəmləkə rejimi olan çar Rusiyası işğal edilmiş ərazilərdə xristian dayağı yaratmaq üçün ermənilərdən bir alət kimi istifadə etdi. 10 fevral 1828-ci il Türkmənçay və 2 sentyabr 1829-cu il Ədirnə sülh müqavilələrinin 15-ci və 13-cü maddələrinə uyğun olaraq İranda və Türkiyədə yaşayan ermənilərin Azərbaycan torpaqlarına kütləvi şəkildə köçürülməsinə başlanıldı. Çar Rusiyası hakim dairələrinin məqsədi müsəlman Şərqi ilə xristian Rusiyası arasında bufer zona yaratmaq, ermənilərin məqsədi isə Cənubi Qafqazda “Ermənistan” dövlətinin əsası qoymaq idi.
1918-ci ilin may ayının 28-də Azərbaycan xalqı Şimali Azərbaycan torpaqlarında öz dövlətçiliyini bərpa etdi. Mayın 29-da Müsəlman Milli Şurasının iclasında İrəvanın siyasi mərkəz kimi ermənilərə güzəşt edilməsi haqqında bağışlanılmaz tarixi ədalətsizlik olan bir qərar qəbul edildi. Azərbaycan Cümhuriyyətinin mübahisəsiz sahələrinin inzibati-ərazi bölgüsü – quberniyalar, qəzalar, dairələr demək olar ki, əvvəlki kimi qalmışdı, yeganə dəyişiklik Göyçə gölünün şərq hissəsində təsis olunmuş “Göyçə dairəsi” idi. Xalq Cümhuriyyəti daxilində “Göyçə dairəsi” yaradılmışdı.
Sovet Rusiyasının təcavüzü nəticəsində Azərbaycan Xalq Cümhuriyyətinin dövlət müstəqilliyinə son qoyulduqdan və onun ərazisində Azərbaycan Sovet Sosialist Respublikası yaradıldıqdan sonra ölkə ərazilərinin itirilməsi prosesi daha da dərinləşdi. Əvvəlcə Sovet Rusiyasının, 1922-ci ildən sonra isə Sovet İttifaqı rəhbərliyinin havadarlığına arxalanan ermənilər XI Qırmızı Ordunun köməyindən istifadə edərək hələ Azərbaycan Xalq Cümhuriyyəti vaxtında mübahisəli ərazilər kimi qələmə verilən, əslində isə qədim Azərbaycan torpaqları Zəngəzur, Şərur-Dərələyəz torpaqları ilə yanaşı, Göyçə gölünün şərq ərazilərini ələ keçirmək niyyətlərini həyata keçirdilər.
Beləliklə, 1921–1929-cu illərdə Sovet İttifaqı rəhbərliyinin Azərbaycan SSR-lə bağlı ərazi məsələlərinin Azərbaycan xalqının iradəsinin əleyhinə həlli nəticəsində tarixi Azərbaycan əraziləri düşmən ixtiyarına keçdi və bundan əlavə, 11 min kvadratkilometr Azərbaycan SSR ərazisi Ermənistan SSR tərkibinə verildi. Buraya əsasən Zəngəzur qəzası, Şərur-Dərələyəz qəzası ilə yanaşı, Göyçə dairəsinin torpaqları da daxil idi.
(ardı var)
Dəyirmi masanın materiallarını hazırladı:
Tahir AYDINOĞLU,
Vaqif BAYRAMOV,
Elşən AĞALAR (foto),
“Xalq qəzeti”
20-12-2024, 10:04
Alimlər: Qəhvəyə şəkər əlavə edilməsi onun təsirini artırır
20-12-2024, 09:58
Sadəliyi və böyüklüyü ilə tanınan alim
16-12-2024, 11:19
Əlyazmalar İnstitutunun əməkdaşları Türkiyədə keçirilmiş beynəlxalq simpoziumda məruzə ediblər
13-12-2024, 10:43
Tarixi görüş
11-12-2024, 11:51
Filosof alim Xatirə Quliyevanın “Heydər Əliyevin Böyük Siyasət Yolu” monoqrafiyasının təqdimat mərasimi keçirilib
7-12-2024, 13:52
“Heydər Əliyevin Böyük Siyasət Yolu” monoqrafiyası işıq üzü görüb
6-12-2024, 11:09
5 dekabr Beynəlxalq Könüllülər Günü münasibətilə AMEA-nın prezidenti “MEK könüllüləri”ni təbrik edib
3-12-2024, 10:45
Şəhidlərə həsr olunmuş kitablar MEK-ə təqdim olunub
27-11-2024, 11:18
Kosmosda çox qalmaq idrak qabiliyyətini zəiflədir
27-11-2024, 11:11
Tarix Muzeyində Avropa Milli Geyimləri nümayiş olunub
26-11-2024, 11:07
Oğuzda şabalıdın məhsuldarlığı aşağı düşüb, qiymətlər xeyli artıb
22-11-2024, 11:16
AQTA sədri ictimai iaşə xidmətləri sahəsində fəaliyyət göstərən sahibkarları qəbul edib
22-11-2024, 11:09
Azərbaycan Basketbol Federasiyası məşhur idman statistika portalı ilə müqavilə imzalayıb
21-11-2024, 10:27
ABŞ-da təhsil alan azərbaycanlı tələbələrin sayı açıqlanıb
21-11-2024, 10:22
Professor Gülər Abdullabəylinin Varşavada kitabı işıq üzü görüb
20-11-2024, 12:37
“Lambert Akademik” nəşriyyatı Azərbaycan alimlərinin məqalələr toplusunu nəşr edib
16-11-2024, 11:22
Yaşıl sivilizasiyanın COP29 anonsu
16-11-2024, 11:17
Prezident İlham Əliyevin bədxahları məyus edən xəbərləri və ya Azərbaycanın geniş açılan qanadları
14-11-2024, 23:16
Monqolustan prezidenti Milli Azərbaycan Tarixi Muzeyini ziyarət edib
14-11-2024, 23:10
AMEA prezidenti akademik İsa Həbibbəyli COP29 çərçivəsində Nobel mükafatı laureatı Məhəmməd Yunusla görüşüb
14-11-2024, 23:03
"İqlim dəyişikliyi ilə mübarizədə regional və transsərhəd əməkdaşlığın maliyyələşdirilməsi" mövzusunda konfrans keçirilib
14-11-2024, 22:58
BMT-nin Ətraf Mühit Proqramı nümayəndəsi: Azərbaycandan yüksək gözləntilərimiz var
13-11-2024, 11:25
COP29-da birinci xanımların iştirakı ilə “Gənclər iqlim fəaliyyətlərinin ön cəbhəsində” mövzusunda konfrans keçirilib
13-11-2024, 11:21
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib
13-11-2024, 10:44
Bakıda COP29-un açılış mərasimi keçirilir 12.11.2024
11-11-2024, 14:05
Lambert Akademik Nəşriyyatı “Articles of Azerbaijan Scientists. ANAS – 80” məqalələr toplusunu nəşr edib
10-11-2024, 14:31
AMEA Müqəddəs MƏBƏDİMİZ, Gözümüzdən artıq GÖZBƏBƏYİMİZDİR!