Bakıda Çin Xalq Respublikasının 76-cı ildönümünə həsr olunmuş rəsmi qəbul keçirilib

Sentyabrın 25-də “Gülüstan” sarayında Çin Xalq Respublikasının 76-cı ildönümünə həsr olunmuş təntənəli qəbul keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan hökumətinin yüksəkvəzifəli rəsmiləri, diplomatik korpusun nümayəndələri, ictimaiyyətin tanınmış simaları, Çin icmasının üzvləri iştirak ediblər.
Çin Xalq Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Lu Mey qonaqları salamlayaraq qeyd edib ki, 76 il ərzində Çin xalqı Kommunist Partiyasının rəhbərliyi ilə milli şəraitə uyğun inkişaf yolunu seçib, sürətli iqtisadi tərəqqi və uzunmüddətli sosial sabitlik kimi möcüzələr yaradıb. “Çin yoxsulluqla mübarizədə böyük uğurlar qazanaraq 800 milyon insanı yoxsulluqdan xilas edib və hərtərəfli orta rifah cəmiyyəti qurub. Çinin nailiyyətləri yalnız öz xalqına deyil, bütün dünyaya fayda verir”, – deyə diplomat vurğulayıb.
Lu Mey bildirib ki, Çin iqtisadiyyatı illərdir qlobal artımın əsas mühərriklərindən biri olub və dünya iqtisadiyyatına 30 faizlik töhfə verib. Bu ilin ilk yarısında Çin iqtisadiyyatı 5,3 faiz artıb. Ölkə yüksəkkeyfiyyətli inkişaf və Çin tipli modernləşmə yolunu davam etdirərək dünya iqtisadiyyatına daha çox sabitlik və imkanlar qazandıracaq. “Çinin texnoloji yenilikləri açıq və inklüzivdir. Biz orijinal texnologiyalarımızı və innovasiyalarımızı dünya ilə bölüşməyə hazırıq”, – deyə Lu Mey qeyd edib.
Çıxışında Çin Xalq Respublikasının qlobal sülh və sabitlik uğrunda fəaliyyətini diqqətə çatdıran səfir Lu Mey Sədr Si Cinpinin irəli sürdüyü Qlobal Təhlükəsizlik Təşəbbüsü və Qlobal Sivilizasiya Təşəbbüsünün əhəmiyyətini vurğulayıb. O, həmçinin Çinin çoxtərəfliliyə sadiq olduğunu, ədalətli beynəlxalq idarəetmə sistemi qurmaq üçün beynəlxalq ictimaiyyətlə əməkdaşlığa hazır olduğunu bildirib.
Səfir Lu Mey xüsusi olaraq Azərbaycan-Çin münasibətlərinə toxunaraq qeyd edib ki, cari il ikitərəfli əlaqələr üçün həqiqətən məhsuldar olub. Prezident İlham Əliyevin Çinə iki rəsmi səfəri zamanı ölkələr arasında Əhatəli Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyanat imzalanıb, “Bir kəmər, bir yol”, yaşıl enerji və rəqəmsal iqtisadiyyat sahələrində mühüm razılaşmalar əldə olunub.
“Sədr Si Cinpin və Prezident İlham Əliyevin strateji rəhbərliyi sayəsində ikitərəfli münasibətlərimiz yeni zirvələrə yüksəlir. Liderlərimiz yalnız səmərəli işgüzar münasibətlər deyil, həm də səmimi şəxsi dostluq qurublar. Bu, ölkələrimiz arasında etimad, bərabərlik və dostluğun bariz nümunəsidir”, – deyə səfir vurğulayıb.
Çin səfiri bildirib ki, iki ölkə bir-birinin suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyir, həmçinin BMT, ŞƏT kimi beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıq edir. İqtisadi-ticarət əlaqələri rekord həddə çatıb, Çindən Avropaya yük daşıyan dəmir yolu ekspresi ilə tranzit daşımaların həcmi isə ikiqat artmaq üzrədir. İnsanlararası mübadilə də intensivləşir, viza rejiminin sadələşdirilməsi nəticəsində qarşılıqlı səfərlər çoxalıb, azərbaycanlı gənclər arasında Çin dili və mədəniyyətinə maraq daha da güclənib.
Lu Mey çıxışını belə tamamlayıb: “Çin Azərbaycanla birlikdə dövlət başçılarımız arasında əldə olunan razılaşmaları tam şəkildə icra etməyə hazırdır. Əminik ki, Çinin və Azərbaycanın əhatəli strateji tərəfdaşlığı parlaq gələcəyə malikdir və xalqlarımıza daha çox fayda gətirəcək”.
Daha sonra tədbirdə Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayev çıxışında Azərbaycan-Çin münasibətlərinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu vurğulayıb.
“Ötən il Astanada dövlət başçılarımız tərəfindən imzalanmış Birgə Bəyanat ikitərəfli münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəldib. Cari ilin aprel ayında Prezident İlham Əliyevin Çinə dövlət səfəri çərçivəsində isə ölkələrimiz arasında Əhatəli Strateji Tərəfdaşlığın qurulması barədə Birgə Bəyanat imzalanıb və əməkdaşlığın mühüm sahələrini əhatə edən 20-dən çox sənəd qəbul olunub.
Bu gün bütün sahələrdə əlamətdar uğurlar qazanmış Çin Xalq Respublikası böyük beynəlxalq nüfuz qazanaraq dünyanın ən güclü dövlətlərindən birinə çevrilib. Çin Azərbaycanın əsas iqtisadi və ticarət tərəfdaşlarından biridir, eyni zamanda, ölkəmiz Çinin Cənubi Qafqazdakı ən iri ticarət tərəfdaşıdır. Bu ilin ilk yeddi ayında ticarət dövriyyəsi 26 faiz artıb.
1995-ci ildən 2025-ci ilin birinci yarısınadək Çindən Azərbaycana yönələn birbaşa investisiyaların həcmi 942,3 milyon ABŞ dolları təşkil edib. Azərbaycanın Çinə yatırdığı ümumi investisiyaların məbləği isə 2,1 milyard ABŞ dollarıdır ki, bunun 1,9 milyardı Dövlət Neft Fondu tərəfindən həyata keçirilib.
Azərbaycanın son illər yaşıl enerji gündəliyini fəal irəlilətməsi çərçivəsində Çin əsas tərəfdaşlardan biridir. Yaşıl enerji konsepsiyasının icrasında Çinin innovativ texnoloji potensialına güvənilməsi bu sahədə əməkdaşlığın strateji əhəmiyyətini təsdiqləyir.
Humanitar sahə də Azərbaycan-Çin münasibətlərində mühüm istiqamətlərdən biridir. Bu sahədə həyata keçirilən layihələr xalqlar arasında dostluq və qarşılıqlı anlaşmanı gücləndirir. Universitetlərdə Çin dili və ədəbiyyatı tədris olunur, Konfutsi institutları fəaliyyət göstərir.
Hazırda ikitərəfli münasibətlərin gündəliyi genişdir. Əməkdaşlıq iqtisadi-ticarət, nəqliyyat-logistika, energetika, kənd təsərrüfatı, rəqəmsal inkişaf, humanitar, turizm və digər sahələri əhatə edir. Dövlət başçılarının tapşırıqlarına uyğun olaraq bu məsələlər Hökumətlərarası Birgə Komissiya çərçivəsində diqqət mərkəzində saxlanılır”, - deyə Şahin Mustafayev əlavə edib.
Azərbaycan nümayəndə heyətinin bu ay Çinə işgüzar səfərinin baş tutduğunu qeyd edən Şahin Mustafayev qeyd edib ki, ölkəmiz 25-ci Çin Beynəlxalq İnvestisiya və Ticarət Sərgisində iştirak edib. “Ölkəmiz sərgidə “Invest in Azerbaijan” adlı milli stendlə təmsil olunub. Səfər çərçivəsində Azərbaycan-Çin Təbliği tədbiri və İnvestisiya üzrə İkili İşçi Qrupun ilk iclası keçirilib, sənədlər imzalanıb, Çinin müxtəlif region və müəssisələrinə səfərlər təşkil olunub.
“Azərbaycan ərazisindən keçən nəqliyyat dəhlizləri, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu və digər layihələr ölkəmizin Çini Avropa ilə birləşdirən ən qısa və əlverişli marşrut kimi strateji rolunu daha da möhkəmləndirir.
Çin şirkətləri Azərbaycanda yaradılmış əlverişli və şəffaf biznes mühitindən səmərəli faydalanır. 2025-ci il avqustun 1-nə olan məlumata görə, ölkəmizdə sənaye, kənd təsərrüfatı, nəqliyyat, tikinti, ticarət və xidmət sahələrində 347 Çin şirkəti aktiv fəaliyyət göstərir.
Prezident İlham Əliyevin avqustun sonu-sentyabrın əvvəlində Çinə işgüzar səfəri zamanı Sədr Si Cinpinlə görüşü ikitərəfli münasibətlərə yeni təkan verib. Azərbaycan Prezidentinin “ŞƏT Plyus” Sammitində və Çinin qələbəsinin 80-ci ildönümünə həsr olunmuş tədbirlərdə iştirakı bir daha Azərbaycan-Çin münasibətlərinin strateji xarakterini təsdiqləyib və əməkdaşlığın böyük perspektivlər açdığını nümayiş etdirib.
Qarşılıqlı hörmət və etimada əsaslanan qədim və zəngin ənənələr üzərində qurulmuş Azərbaycan-Çin münasibətləri dinamik inkişaf etməkdədir. Prezident İlham Əliyev yaxın dost və etibarlı tərəfdaş olan Çinlə əməkdaşlığın genişləndirilməsinə xüsusi əhəmiyyət verir”, - deyə Şahin Mustafayev diqqətə çatdırıb.
Tədbir bədii hissə ilə davam edib. Tədbir iştirakçıları burada təqdim edilən sərgidə Çin mədəniyyətinin nümunələri ilə tanış olublar.
Bu gün, 11:33
Daimi Nümayəndəlik: Mina təhlükəsinin aradan qaldırılması davamlı beynəlxalq həmrəylik tələb edir
Bu gün, 11:29
Milli Məclisdə daha 12 məsələnin müzakirəsinə başlanılıb
Bu gün, 11:26
Şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı sosial paket çərçivəsində 132 min şəxsə 443 min xidmət göstərilib
Bu gün, 11:23
İsa Həbibbəyli: Akademik Ədilə Namazova Azərbaycan tibb elminin inkişafına öz möhürünü vurub
Bu gün, 11:20
AMEA Rəyasət Heyətinin iclasında bir sıra qərarlar qəbul edilib
Bu gün, 11:17
Tədqiqatçılar üçün təlim: akademik mühitdə süni intellektdən istifadənin etik prinsiplərndən bəhs olunub
Bu gün, 11:16
Dədə Qorqud” elmi-ədəbi toplusunun yeni nömrəsi nəşr olunub
Bu gün, 11:14
Azərbaycan nefti 121 dollardan baha satılır
Bu gün, 11:13
Yaxın günlərdə metronun “İçərişəhər” stansiyasından “Həzi Aslanov”a qatarlar birbaşa hərəkət edəcək
Bu gün, 11:11
Azərbaycan Prezidenti İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib
Bu gün, 11:10
Azərbaycan BMT-də dini abidələrin dağıdılması ilə bağlı xüsusi məruzəçini qərəzli yanaşmada ittiham edib
Bu gün, 11:09
Media və Yayım Şurası: Azərbaycanda hicabla əlaqədar kütləvi həbslər barədə məlumatlar dezinformasiyadır
Bu gün, 11:07
“SOCGOV 2026” - Sosial xidmətlərin gələcəyi bu gün Xankəndidə müzakirə olunur
Bu gün, 11:05
BDYPİ piyadalara növbəti dəfə çağırış edib
Dünən, 12:35
Məşhur televiziya tamaşalarının rəssamı Rəfail Əlizadənin yaradıcılıq sərgisi açılıb
Dünən, 12:31
Leyla Əliyeva Səmərqənddə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yaradılan mərkəzlərin fəaliyyəti ilə tanış olub
Dünən, 12:30
Milli Məclis Fransada baş verən kütləvi etirazlara və insan hüquqlarının pozulması hallarına münasibət bildirib
Dünən, 12:29
Prezidentin Mətbuat Xidmətinin məlumatı
Dünən, 12:17
Akademik Nizami Cəfərov: Yeni dərs vəsaiti Birinci Türkoloji Qurultayın elmi məzmununu araşdırır
Dünən, 12:06
XII Bakı Beynəlxalq Kitab Sərgisinin ikinci günü zəngin ədəbi proqramla davam edir
Dünən, 12:02
Stokholmda Böyük İpək Yolunun turizm imkanları təqdim edilib
Dünən, 11:59
Berlində Azərbaycan və Özbəkistanın birgə turizm marşrutları təqdim olunub
Dünən, 11:55
Azərbaycanın çoxşaxəli xarici siyasəti milli maraqların qorunmasına xidmət edir
Dünən, 11:54
Günay Əfəndiyeva: Vahid informasiya məkanının formalaşdırılması Türk dünyası üçün xüsusi əhəmiyyət daşıyır
Dünən, 11:49
Azərbaycan və İndoneziya arasında siyasi məsləhətləşmələr keçirilib
Dünən, 11:38
Azərbaycan ABŞ-də keçirilən Dreyk Forumunda təmsil olunub
Dünən, 11:32
BMT-də Fransız Polineziyasına dair qətnamə layihəsi qəbul edilib