Azərbaycan ilə Ruanda arasında imzalanmış sənədlər mübadilə olunub, sonra prezidentlər mətbuata bəyanatlarla çıxış ediblər
Siyasət
Oxunub: 105
22 sen 2025 | 10:52

Sentyabrın 20-də Azərbaycan Respublikası ilə Ruanda Respublikası arasında imzalanmış sənədlərin Azərbaycan Prezidenti İlham Əliyevin və Ruanda Prezidenti Pol Kaqamenin iştirakı ilə mübadiləsi mərasimi olub.

AZƏRTAC xəbər verir ki, “Azərbaycan Respublikası Hökuməti ilə Ruanda Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında Saziş”i, “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Ruanda Respublikasının Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”i, “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Ruanda Respublikasının Kənd Təsərrüfatı və Heyvan Ehtiyatları Nazirliyi arasında Anlaşma Memorandumu”nu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ruandanın Xarici İşlər Nazirliyinin Regional Əməkdaşlığa məsul Dövlət naziri James Kabarebe mübadilə ediblər.

“Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Ruanda İnkişaf Şurası arasında qabaqcıl dövlət xidmətlərinin göstərilməsi mexanizminin yaradılması barədə əməkdaşlığa dair Anlaşma Memorandumu”nun həyata keçirilməsi üzrə Əməkdaşlıq Proqramı”nı, “Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi ilə Ruanda Respublikasının İnkişaf Şurası arasında Anlaşma Memorandumu”nu Azərbaycanın Ruandada akkreditə olunmuş səfiri Ruslan Nəsibov və Ruanda İnkişaf Şurasının Baş icraçı direktorunun müavini xanım Juliana Kangeli Muganza mübadilə ediblər.

x x x

Sonra Azərbaycan və Ruanda prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər.

Prezident İlham Əliyevin
bəyanatı
-Hörmətli cənab Prezident.

Hörmətli qonaqlar, xanımlar və cənablar.

Əvvəlcə cənab Prezidentə Azərbaycana səfər etdiyinə görə təşəkkürümü bildirmək istəyirəm. Sonuncu dəfə biz ötən ilin noyabrında Bakıda COP29-da görüşdük və həmin vaxt mən cənab Prezidenti Azərbaycana rəsmi səfərə dəvət etdim. Çox minnətdaram ki, o, mənim dəvətimi qəbul etdi və bu gün ölkəmizdə rəsmi səfərdədir.

Əminəm ki, bu səfər ikitərəfli münasibətlərə əlavə təkan verəcək. Biz əməkdaşlığımızın müxtəlif aspektlərini artıq müzakirə etdik, tərəfdaşlığımızı dərinləşdirməkdə və genişləndirməkdə birgə iradəmizi ifadə etdik. Azərbaycan ilə Ruanda yaxşı tərəfdaş və dostlardır. Biz müxtəlif beynəlxalq təsisatlarda birgə iştirak edirik və hər zaman bir-birimizi dəstəkləyirik. Qoşulmama Hərəkatında sədrliyimiz dövründə Ruanda hər zaman bizə dəstək vermişdir. Siz bizə sədr seçilmək və sonra sədrliyimizin uzadılması üçün dəstək verdiniz. Ruanda, həmçinin Qoşulmama Hərəkatında həmrəyliyin gücləndirilməsinə yönəlmiş təşəbbüslərimizin əksər hissəsini dəstəkləmiş və ona qoşulmuşdur. Biz birmənalı olaraq BMT daxilində hər zaman fəal əməkdaşlıq edirik və bir-birimizə qarşılıqlı dəstəyi artırırıq.

Şadam ki, son illərdə münasibətlərimiz daha da nəticəyönümlü olub. Azərbaycandan Ruandaya müxtəlif nümayəndə heyətləri səfər edib. Heydər Əliyev Fondunun nümayəndə heyəti ötən il Ruandaya səfər edib və mən cənab Prezidentə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanı qəbul etdiyinə görə təşəkkürümü bildirirəm. Ölkənizin genişmiqyaslı inkişafı, xalqınızın dövlətçiliyə, müstəqilliyə bağlılığı və müstəqil siyasəti ona böyük təəssürat bağışlayıb. Məmnunuq ki, Heydər Əliyev Fondunun ölkənizdə təhsil proqramlarını dəstəkləmək şansı oldu. Yeri gəlmişkən düşünürəm ki, bu sahə ikitərəfli münasibətlərimizdə prioritetlərimizdən biri olmalıdır. Mən cənab Prezidentin səfərindən əvvəl bəzi məlumatlara baxdım və gördüm ki, Azərbaycanda Ruandadan cəmi bir tələbə təhsil alır. Hesab edirəm ki, biz tələbələrin sayını artırmaq üçün birgə işləyə bilərik. Bu, Azərbaycanın dövlət təqaüdü çərçivəsində ola bilər. Əməkdaşlıq qurmaq məqsədilə Xarici İşlər Nazirliyinin nümayəndə heyəti, eləcə də “ASAN xidmət” kimi oxşar qurumun yaradılması məqsədilə dövlət xidmətləri agentliyi hesab olunan “ASAN xidmət”in nümayəndə heyəti bu il Ruandada olmuşlar. Mən bunu cənab Prezidentlə artıq müzakirə etdim.

O, Azərbaycanda həmin dövlət xidmətləri mərkəzlərindən birinə səfər edəcək və bu cür qurumun Ruandada qurulması üçün texniki və maliyyə yardımını göstərə biləcəyimiz təqdirdə çox məmnun olarıq. Bu gün biz enerji sektorunda imkanları müzakirə etdik. Hər iki ölkə bunun üzərində fəal çalışır və əməkdaşlığımızın gücləndirilməsi potensialı olan mədən işləri sahəsində də iş aparır. Bizə, sadəcə, müxtəlif səviyyələrdə daha çox təmasların qurulması, birgə biznes və investisiya imkanlarının müzakirəsi üçün biznes, eləcə də müxtəlif nazirliklərin nümayəndə heyətlərinin mübadiləsi lazımdır. Mən Ruandada sərmayə layihələrində iştirak etməyə hazır olduğumuzu vurğuladım və əminəm ki, cənab Prezidentin səfəri və müzakirələrimiz, eləcə də mətbuat konfransından sonrakı söhbətlərimiz iqtisadi və ticari sahədə tərəfdaşlıq üçün çox möhkəm zəmin yaradacaq. Bizim əla siyasi münasibətlərimiz var və bizə bütün digər sahələrdə də eyni münasibətlər səviyyəsi lazımdır.

Cənab Prezident, bizə səfər etdiyinizə görə bir daha minnətdaram və Sizə xoş səfər arzu edirəm.

x x x

Prezident Pol Kaqamenin
bəyanatı
-Təşəkkür edirəm, Prezident Əliyev.

İlk növbədə, məni Azərbaycana səfərə dəvət etdiyiniz üçün və həyata keçirilmiş bütün bu işlərə görə Sizə təşəkkür etmək istəyirəm. Mən iki ölkənin əməkdaşlıq edəcəyi sahələri yüksək qiymətləndirirəm.

Cənab Prezident, Ruanda və Azərbaycan arasında bir çox oxşarlıqlar var. Hesab edirəm ki, biz bu oxşarlıqları daha da inkişaf etdirə, əməkdaşlığı və tərəqqini daha da artıra bilərik. Bunların həyata keçirilməsinə razılıq verdiyiniz üçün Sizə təşəkkür edirəm. Biz artıq baş vermiş bir çox səfərləri, səyləri, müzakirələri və anlaşmaları rəhbər tutacağıq. Bunu hökumət rəsmilərinizin artıq bir neçə dəfə baş tutmuş mübadilə səfərləri və Bakıya səfər etmiş nümayəndələrimizin sayəsində edəcəyik. Biz bu əməkdaşlıq vasitəsilə nəyə nail olmaq imkanları ilə bağlı bir çox məsələləri öyrənmişik. Biz davamlı səylər göstərərək bu əməkdaşlığın hamımız üçün məhsuldar olmasını təmin etmək məqsədilə daha da böyük sürətlə fəaliyyət göstərmək istəyirik. Ölkənizi bu əməkdaşlığa açıq etdiyiniz üçün Sizə bir daha təşəkkürümü bildirirəm. Bu əməkdaşlıq vasitəsilə Siz də qeyd etdiyiniz kimi, neft və mədən sektorunda müəyyən əsas sahələrin inkişafı üçün ölkəmizdən dəstək əldə edə bilərsiniz. Azərbaycanın ərsəyə gətirdiyi dövlət xidmətlərinin göstərilməsi mexanizmi olan “ASAN xidmət”in necə işlədiyinin şahidi olmağı səbirsizliklə gözləyirəm. Bizim sistem “ASAN xidmət” modelindən çox faydalana bilər. Mənə deyilənə görə, bu sistem, sadəcə, görünüşünə görə yox, hansı nailiyyətləri əldə etməsi və insanlara nəyi verməsi baxımından çox böyük təsir bağışlayır. Biz bu sistemin gücləndirilməsini təmin etmək istəyirik.

Sonuncu, lakin mühüm məsələ odur ki, bayaq da qeyd etdiyim kimi, cənab Prezident, mən Sizi ölkənizdə cərəyan edən bu inkişaf prosesləri münasibətilə təbrik etmək istəyirəm. Siz sülh prosesini sürətləndirəcək bir məsələ ilə məşğulsunuz. Mən Sizin ABŞ-da gəldiyiniz razılaşmanı - sülh razılaşmasını gördüm. Nəyə görə mən bu məsələni qabardıram, çünki biz də Ruanda və Konqo Demokratik Respublikası arasında özümüz üçün bir sülh sazişinə nail olmaq istəyirik. Lakin siz müəyyən hədəflərə çatmaq nöqteyi-nəzərindən bizdən irəlidəsiniz. Odur ki, mən Sizi bu münasibətlə təbrik etmək istəyirəm. Lakin, cənab Prezident, eyni zamanda, Sizə deyirəm ki, biləsiniz, Sizin Afrikada, Ruandada dostlarınız var. Ona görə də biz hər iki ölkənin rifah halının daha da sürətləndirilməsi üçün öz aramızda və ölkələrimiz arasında bu dostluq, əməkdaşlıq imkanlarından istifadə etmək istəyirik. Bir daha təşəkkür edirəm.
Dünən, 12:54
Həsən Həsənli: Xaricdə təhsil proqramının maliyyələşdirilməsi çox ciddi strateji qərardır
Dünən, 12:52
Nazir müavini: İşəgötürənlər vakansiyalara müraciət edən məzunlara diqqətlə yanaşmalıdırlar
Dünən, 12:51
AMEA Beynəlxalq Türk Akademiyaları Birliyinə rəhbərlik edəcək
Dünən, 12:48
Bakıda sumo üzrə dünya çempionatının açılışı olub
Dünən, 12:33
Birinci vitse-prezident Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib
Dünən, 12:06
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib - Fərman
Dünən, 12:01
AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb
Dünən, 11:49
Bişkekdə simpozium: Azərbaycan arxeoloqlarının son illər əldə etdiyi nailiyyətlər təqdim olunub
Dünən, 11:29
Antalyada Azərbaycan bəstəkarı İlyas Mirzəyevin əsərinin dünya premyerası olub
Dünən, 11:27
Ermənistanın Azərbaycana qarşı mina müharibəsi bu dəfə Romada fotofaktlarla nümayiş etdirilib
Dünən, 10:53
Xırdalanda nəqliyyat sıxlığının azaldılması üçün iki yeni yol layihəsi həyata keçiriləcək
16-10-2026, 13:01
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib
16-10-2026, 12:42
Azərbaycan əhalisinin sayı açıqlanıb
16-10-2026, 12:08
Bu il Azərbaycanda 620 yeni dövlət standartı qəbul edilib
16-10-2026, 12:06
Prezident İlham Əliyevin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb
16-10-2026, 12:02
Gələn il üçün icmal büdcənin xərclərinin 3,1 faiz çox olacağı gözlənilir
16-10-2026, 12:00
Mərkəzi Bankın səlahiyyətləri genişləndirilir
16-10-2026, 11:58
Neft məhsullarının istehsal dəyəri 4,6 milyard manatı ötüb
16-10-2026, 11:38
Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri müsabiqəsinin nəticələri açıqlanıb
16-10-2026, 11:36
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq
15-10-2026, 13:38
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verilib
15-10-2026, 13:33
Azərbaycanda ilk dəfə “Oceanman” beynəlxalq üzgüçülük yarışı keçiriləcək
15-10-2026, 13:30
SOCAR ilə Şri-Lanka şirkətləri arasında enerji sektorunda əməkdaşlıq imkanları dəyərləndirilib
15-10-2026, 13:27
Laos üzv dövlət qismində AQEM-ə qoşulub
15-10-2026, 13:23
AQEM çərçivəsində Azərbaycanın artan rolu: Bağlantılar, rəqəmsallaşma və dayanıqlı inkişaf
15-10-2026, 13:17
Prezident: BMT TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək müharibələr davam edəcək
15-10-2026, 13:16
Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxunub
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031