Akademik Rəfiqə Əliyevanın kimyaçı alimlərin yetişməsində böyük rolu olub
Elm və təhsil
Oxunub: 113
20 sen 2023 | 10:26

Ömrünü kimya elminin inkişafına və kimyaçı alimlərin yeni nəslinin yetişməsinə həsr etmiş akademik Rəfiqə Əliyevanın anadan olmasından 91 il ötür. Görkəmli alimin xatirəsi və xidmətləri bu gün ehtiramla anılır. Yetirmələri arasında 20-dən çox elmlər namizədi və elmlər doktoru var.

AzərTac akademik Rəfiqə Əliyevanın həyat və fəaliyyətinin bəzi məqamlarına nəzər salır.

Respublikanın tanınmış kimyaçı alimi, Əməkdar elm xadimi, akademik Rəfiqə Əlirza qızı Əliyeva 1932-ci il sentyabrın 20-də Naxçıvan şəhərində, xalqımıza Ulu Öndər Heydər Əliyev kimi dahi şəxsiyyət bəxş etmiş ailədə doğulub.

Ali təhsilini 1951–1956-cı illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Kimya fakültəsində alıb. Əmək fəaliyyətinə Azərbaycan Milli Elmlər Akademiyasının Qeyri-üzvi və Fiziki Kimya İnstitutunda (indiki akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu) kiçik elmi işçi vəzifəsində başlayıb. 1960-cı ildə ADU-nun Analitik kimya kafedrasında analitik kimya ixtisası üzrə aspiranturaya qəbul olub. 1964-cü ildən ömrünün sonuna qədər universitetin Analitik kimya kafedrasında işləyib və assistent, baş müəllim, dosent, professor vəzifəsinə qədər yüksəlib. 1970-ci ildə analitik kimya ixtisası üzrə “Germaniumun bəzi üzvi reagentlərlə əmələ gətirdiyi birləşmələrin spektrofotometrik tədqiqi və onun fotometrik metodla təyini” mövzusunda namizədlik, 1999-cu ildə isə “d-, f- elementləri və germaniumun tərkibində N-, S-, O- olan liqandlarla müxtəlif liqandlı kompleksləri və onların analitik tətbiqi” mövzusunda doktorluq dissertasiyası müdafiə edib. 1999-cu ildə professor elmi adını alıb və Analitik kimya kafedrasının professoru vəzifəsində çalışıb. 2001-ci ildən ömrünün sonunadək BDU-da onun təşəbbüsü ilə yaradılmış “Ekoloji kimya və ətraf mühitin mühafizəsi” elmi-tədqiqat laboratoriyasının müdiri işləyib. 2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2014-cü ildə isə həqiqi üzvü seçilib. Azərbaycanda analitik kimya ixtisası üzrə ilk qadın akademikdir.

Onun rəhbərliyi ilə Moskva Dövlət Universitetinin Analitik kimya kafedrasının əməkdaşları tərəfindən nəşr olunmuş “Analitik kimyanın əsasları” (iki cilddə) və “Analitik kimyadan məsələ və suallar” kitabları Azərbaycan dilinə tərcümə edilib. Bu kitablar Azərbaycanın ali təhsil müəssisələrində müəllim, elmi işçi və doktorantların inkişafında mühüm rol oynayıb.

Akademik Rəfiqə Əliyeva “Ekoloji kimya və ətraf mühitin mühafizəsi” elmi-tədqiqat laboratoriyasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin tabeliyində olan müəssisələrlə elmi-texniki təsərrüfat müqaviləli işlər yerinə yetirilməsinə rəhbərlik edib. Bu işlər nəticəsində Bakı Dövlət Universiteti böyük miqdarda mənfəət götürüb. Təsərrüfat müqavilələrinin nəticələrinə əsasən ətraf mühitin çirklənməsi qiymətləndirilib, zərərli və ağır metalların qatılaşdırılaraq ayrılmasının yeni, ucuz və iqtisadi cəhətdən əlverişli metodları işlənib hazırlanıb.

Görkəmli alim Rəfiqə Əliyeva Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən D 02.011 şifrli dissertasiya müdafiə şurasının sədr müavini, universitetin və Kimya fakültəsinin elmi şuralarının üzvü olub. O, tələbəlik illəri də daxil olmaqla ömrünün 70 ilə yaxın bir dövrünü universitetə həsr edib.

Akademik Rəfiqə Əliyeva böyük bir nəslin ən parlaq nümayəndələrindən biri idi. Həmin nəsil Azərbaycan tarixində dövlətçiliyimizin təməlini qoymuş, onu dünyanın müasir dövlətləri sırasına çıxarmışdır. Bu nəslin qurub-yaratmaq, xeyirxahlıq etmək kimi ən gözəl keyfiyyətlərini özündə birləşdirən, daxilən təvazökar, zəngin mənəvi keyfiyyətlərə malik olan Rəfiqə Əliyeva tələbələrin böyük himayədarı idi.

Görkəmli alimin elmi-pedaqoji fəaliyyəti Azərbaycan dövləti tərəfindən də layiqincə qiymətləndirilib. Azərbaycan Prezidentinin Sərəncamı ilə o, 2000-ci ildə “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb, 2009-cu ildə “Şöhrət” ordeni ilə təltif edilib. O, akademik Y.Məmmədəliyev adına mükafatın laureatı olub. 2000-ci ildə akademik Rəfiqə Əliyeva Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü, 2001-ci ildə Amerika Biblioqrafiya İnstitutu tərəfindən “2001-ci ilin adamı” və “2001-ci ilin işgüzar qadını” seçilib, 2003-2004-cü tədris ilində Azərbaycan Respublikası Təhsil Nazirliyinin fəxri fərmanı ilə təltif olunub. 2005-ci ildə Bakı Dövlət Universitetinin təsis etdiyi “İlin alimi” fəxri adına, “Ekologiya” və “Ümumi ekologiya” adlı dərs vəsaitləri isə Təhsil Nazirliyinin təsis etdiyi Həsən Əliyev adına mükafata layiq görülüb.

2018-ci ildə “Azərbaycanım” Beynəlxalq Jurnalının redaksiya şurası “Akademik Rəfiqə Əliyeva adına Qızıl Orden” təsis edib.

Görkəmli alimin xatirəsi və xidmətləri bu gün ehtiramla anılır.

“Rəfiqə xanımı 1980-ci ildən tanıyırdım. Ömrünü kimya elminə həsr etmiş alim elmə böyük töhfələr verib, rəhbərliyi altında bir sıra dəyərli elmi-tədqiqatlar aparılıb. O, üçüncü kursda oxuyanda bizə laboratoriya dərslərini deyib. Tələbələrə mehriban münasibəti onu digər müəllimlərdən fərqləndirirdi. Universiteti bitirdikdən sonra tale elə gətirdi ki, Rəfiqə xanımla bir kafedrada işlədim və bu nurlu insanı daha yaxından tanıdım. O, çox xeyirxah bir insan və həm də kimsəsizlərin dayağı idi. İnanıram ki, alimin ideyaları, elmi istiqamətləri onun tələbələri tərəfindən davam etdiriləcək”, - deyə BDU-nun analitik kimya kafedrasının müdiri, professor Famil Çıraqov xatırlayır.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova: “Rəfiqə xanım Əliyeva elmi fəaliyyətlə yanaşı, ictimai-siyasi proseslərdə də aktiv iştirak edib. O, Yeni Azərbaycan Partiyasının qurucusu, Ümummilli Lider Heydər Əliyevin yaxın silahdaşı olub, ona yalnız bir bacı kimi deyil, həm də siyasətçi kimi dəstək göstərib. Rəfiqə xanım müasir Azərbaycan qadın hərəkatının tanınmış simalarından biri idi. O, yorulmadan rayon və şəhərlərdə qadınlarla görüşlərdə iştirak edir, onların cəmiyyətdə fəaliyyətinin artırılması üçün əlindən gələni əsirgəmirdi. Elə buna görə də Dünya Azərbaycan Qadınları Birliyinin fəxri sədri seçilmişdi”.

Rəfiqə xanım həm də həssas həyat yoldaşı və qayğıkeş ana olub.

Əməkdar İncəsənət Xadimi dosent Fəxriyyə Xələfova anasını belə xatırlayır: “Rəfiqə xanım Əliyeva, sözün əsl mənasında, nəcib insan, gözəl ana və sevimli müəllim idi. O, yüzlərlə tələbəsinin qəlbində, şüurunda əbədi iz qoyan pedaqoq olub. Ömrünü və fəaliyyətini Bakı Dövlət Universiteti ilə bağlamasına baxmayaraq, Rəfiqə xanım hər zaman Azərbaycan Milli Elmlər Akademiyası ilə də sıx münasibətlərdə olub, maraqlı araşdırmalar aparıb. Akademik Rəfiqə Əliyeva həm də yüksək intellekt sahibi idi. Azərbaycan ziyalılığının mükəmməl mücəssəməsi olan Rəfiqə xanım, eyni zamanda, ölkəmizin ictimai–siyasi həyatında fəal vətəndaş mövqeyi ilə seçilirdi. O, humanist təbiəti, təmkini ilə seçilən, nurlu təbəssümü üzündən əskik olmayan bir şəxsiyyət, sözün əsl mənasında, müəllimlər müəllimi idi.

Rəfiqə xanım ana, nənə və həyat yoldaşı kimi əvəzsiz bir insan olub. Görkəmli dövlət xadimi, mərhum Rafiq Xələfovun həyat yoldaşı olaraq onun qazandığı uğurlara dərin səmimiyyətlə sevinirdi. Təbiilik Rəfiqə xanımın xarakterinə xas idi və bu da əməkdaşları ilə münasibətində dərhal özünü hiss etdirirdi. Həmişə sadə adamlarla oturub-durmağı xoşlayardı, özünü heç kimdən üstün tutmazdı. Geyimi də sadə, ancaq zərif və zövqlü olardı.

O, dissertasiya müdafiələrində özünün sərrast mühakimələri, xeyirxahlığı, obyektivliyi ilə yaddaşlarda qalıb. Rəfiqə xanım Azərbaycan kimya elmində əbədi məktəb yaradıb və 85 illik ömür yolunu ləyaqətlə başa vurub”.

Professor Sevinc Hacıyeva da anası ilə bağlı xatirələrini bölüşüb: “Mən, bacım və qardaşım anamızın hədsiz məhəbbəti və qayğısı ilə əhatə olunmuşduq. Amma, eyni zamanda, o, həm özünə, həm də bizə qarşı çox tələbkar idi. Həyatımızın əsas müəllimi də anamız Rəfiqə xanım olub. Bizim üçümüz də həyatdakı uğurlarımıza və cəmiyyətdə tutduğumuz mövqeyə görə valideynlərimizə borcluyuq. Ailəmizin gündəlik qayğıları anamızın üzərinə düşmüşdü və o, bu vəzifəni də çox məharətlə yerinə yetirirdi. Valideynlərimiz özlərinin şəxsi nümunələrində bizə həyatın bütün mənəvi dəyərlərini öyrədirdilər, səhvimizi ustalıqla düzəldirdilər, yaxşımızı-pisimizi də dəqiq qiymətləndirirdilər.

Bu mənada elə əsl məktəb bizim öz evimizdə olub və bu məktəbdə bizim həm məsləhətçimiz, həm də müəllimimiz anamız Rəfiqə xanım idi.

Mənim ixtisas seçimimdə anamın müstəsna rolu olub və fəxr edirəm ki, Rəfiqə xanımın yolunu davam etdirirəm. Bu çətin və keşməkeşli yolda - istər universitetdə təhsil aldığım zaman, istərsə də sonrakı elmi fəaliyyətimdə anamın dəstəyini həmişə hiss etmişəm. Bu dəstək çox dəyərli tövsiyələrdə və Rəfiqə xanımın mənə göstərdiyi istiqamətdə öz əksini tapırdı. Təsadüfi deyil ki, mən də anamın təşəbbüsü ilə yaradılan, aktual və perspektivli ekoloji kimya sahəsində fəaliyyətimi davam etdirirəm.

Anam Rəfiqə Əliyeva Azərbaycan tarixində müstəsna xidmətləri olan böyük bir nəslin parlaq nümayəndələrindən idi. Müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyev kimi dahi insanın bacısı olmaq Rəfiqə xanım üçün həm böyük fəxr və şərəf, həm də məsuliyyət idi. Anam ömrü boyu bu yüksək adı uca tutmağa çalışırdı.

O, ən gözəl keyfiyyətləri özündə birləşdirən bir şəxsiyyət, qürurlu və məğrur, ədalətli və prinsipial, sədaqətli və dürüst, eyni zamanda, olduqca təvazökar, səmimi və mehriban bir insan idi. Bütün bu keyfiyyətlər Rəfiqə xanımın ailədə atamız Rafiq Xələfovla münasibətlərində də öz ifadəsini tapırdı. Onlar bir-birini tamamlayırdılar və bunun nəticəsində çox gözəl bir ailə nümunəsi yaranmışdı. Biz övladlar üçün belə bir ailədə böyümək və formalaşmaq ən böyük xoşbəxtlikdir...”

Həyatının mənasını elmə, vətənə xidmət etməkdə görən, kimyaçıların yeni nəslinin yetişməsində əvəzsiz rolu olan akademik Rəfiqə Əliyevanın əziz xatirəsi həmkarlarının və tələbələrinin qəlbində həmişə yaşayacaq.
20-12-2024, 10:04
Alimlər: Qəhvəyə şəkər əlavə edilməsi onun təsirini artırır
20-12-2024, 09:58
Sadəliyi və böyüklüyü ilə tanınan alim
16-12-2024, 11:19
Əlyazmalar İnstitutunun əməkdaşları Türkiyədə keçirilmiş beynəlxalq simpoziumda məruzə ediblər
13-12-2024, 10:43
Tarixi görüş
11-12-2024, 11:51
Filosof alim Xatirə Quliyevanın “Heydər Əliyevin Böyük Siyasət Yolu” monoqrafiyasının təqdimat mərasimi keçirilib
7-12-2024, 13:52
“Heydər Əliyevin Böyük Siyasət Yolu” monoqrafiyası işıq üzü görüb
6-12-2024, 11:09
5 dekabr Beynəlxalq Könüllülər Günü münasibətilə AMEA-nın prezidenti “MEK könüllüləri”ni təbrik edib
3-12-2024, 10:45
Şəhidlərə həsr olunmuş kitablar MEK-ə təqdim olunub
27-11-2024, 11:18
Kosmosda çox qalmaq idrak qabiliyyətini zəiflədir
27-11-2024, 11:11
Tarix Muzeyində Avropa Milli Geyimləri nümayiş olunub
26-11-2024, 11:07
Oğuzda şabalıdın məhsuldarlığı aşağı düşüb, qiymətlər xeyli artıb
22-11-2024, 11:16
AQTA sədri ictimai iaşə xidmətləri sahəsində fəaliyyət göstərən sahibkarları qəbul edib
22-11-2024, 11:09
Azərbaycan Basketbol Federasiyası məşhur idman statistika portalı ilə müqavilə imzalayıb
21-11-2024, 10:27
ABŞ-da təhsil alan azərbaycanlı tələbələrin sayı açıqlanıb
21-11-2024, 10:22
Professor Gülər Abdullabəylinin Varşavada kitabı işıq üzü görüb
20-11-2024, 12:37
“Lambert Akademik” nəşriyyatı Azərbaycan alimlərinin məqalələr toplusunu nəşr edib
16-11-2024, 11:22
Yaşıl sivilizasiyanın COP29 anonsu
16-11-2024, 11:17
Prezident İlham Əliyevin bədxahları məyus edən xəbərləri və ya Azərbaycanın geniş açılan qanadları
14-11-2024, 23:16
Monqolustan prezidenti Milli Azərbaycan Tarixi Muzeyini ziyarət edib
14-11-2024, 23:10
AMEA prezidenti akademik İsa Həbibbəyli COP29 çərçivəsində Nobel mükafatı laureatı Məhəmməd Yunusla görüşüb
14-11-2024, 23:03
"İqlim dəyişikliyi ilə mübarizədə regional və transsərhəd əməkdaşlığın maliyyələşdirilməsi" mövzusunda konfrans keçirilib
14-11-2024, 22:58
BMT-nin Ətraf Mühit Proqramı nümayəndəsi: Azərbaycandan yüksək gözləntilərimiz var
13-11-2024, 11:25
COP29-da birinci xanımların iştirakı ilə “Gənclər iqlim fəaliyyətlərinin ön cəbhəsində” mövzusunda konfrans keçirilib
13-11-2024, 11:21
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib
13-11-2024, 10:44
Bakıda COP29-un açılış mərasimi keçirilir 12.11.2024
11-11-2024, 14:05
Lambert Akademik Nəşriyyatı “Articles of Azerbaijan Scientists. ANAS – 80” məqalələr toplusunu nəşr edib
10-11-2024, 14:31
AMEA Müqəddəs MƏBƏDİMİZ, Gözümüzdən artıq GÖZBƏBƏYİMİZDİR!
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031