Bu gün Beynəlxalq Gözdən Əlillər Günüdür
Ölkə
Oxunub: 0
13 noy 2026 | 11:37

Noyabrın 13-ü dünyada Beynəlxalq Gözdən Əlillər Günü kimi qeyd edilir.

AZƏRTAC xəbər verir ki, həmin günün noyabrın 13-də qeyd olunması ilk tiflopedaqoqlardan biri, görməyənlər üçün relyefli əlifbanın müəllifi, gözdən əlillər üçün ilk təhsil müəssisələrinin yaradıcısı, məşhur fransalı xeyriyyəçi Valentin Qayuinin doğum günü ilə əlaqədardır. O, 1745-ci ildə Fransanın Amyen şəhəri yaxınlığındakı Sen-Jüst kəndində, kasıb toxucu ailəsində anadan olub. Ümumdünya Səhiyyə Təşkilatını onun doğum tarixini Beynəlxalq Gözdən Əlillər Günü elan edib.

XVIII əsrə qədər dünyada gözdən əlillər üçün təhsil müəssisəsi yox idi. Valentin Qayui ilk dəfə Fransada gözü dünya işığından məhrum olanların təhsili üçün xüsusi üsul yaradıb. O, 1784-cü ildə dünyada ilk dəfə Parisdə hökumətin və xeyriyyə cəmiyyətlərinin köməyi olmadan öz evində şəxsi vəsaiti hesabına gözdən əlil uşaqlar üçün xüsusi emalatxana açıb. İlk dəfə həmin məktəbə kimsəsiz uşaqlar qəbul edilib.

Valentin Qayui gözdən əlil uşaqların təlim və tərbiyəsinə elmi cəhətdən yanaşıb. Onun işləyib hazırladığı “unsial” adlanan xüsusi qabarıq şriftin köməyi ilə uşaqlara oxumaq öyrətmək və onlar üçün kitablar çap etmək mümkün olub. Gözdən əlil uşaqlar həmin şriftlərlə mətn yığmaq bacarığına yiyələniblər. Bundan başqa, Valentin Qayui gözdən əlillər üçün cihazlar, qabarıq aşkar dərsliklərin, coğrafiya xəritələri və qlobusların istehsalı üçün matrislər qurub. Gözdən əlillər üçün kitabların yaradılması ideyası da ona məxsusdur.

Ciddi maddi çətinlik çəkməsinə baxmayaraq, Valentin Qayui mətbəə yaradaraq qabarıq-xətti şriftlə gözdən əlillər üçün ilk kitablar çap edib. 1829-cu ildə isə Paris Milli İnstitutunun şagirdi Lui Brayl gözdən əlil uşaqlar üçün nöqtə-relyef şriftinin universal sistemini hazırlayıb və həmin sistem bütün dünyada yayılıb.

2005-ci il dekabrın 9-da BMT-nin inkişaf Proqramı ilə Heydər Əliyev Fondu arasında görmək qabiliyyətini itirənlər və zəif görənlər üçün informasiya-rabitə texnologiyalarına çıxışı təmin edən razılaşma sənədi imzalanıb.

Ən azı 1 milyard əhalinin görmə pozğunluğunun qarşısı alına bilərdi

Ümumdünya Səhiyyə Təşkilatının açıqladığı statistikaya əsasən qlobal miqyasda ən azı 2,2 milyard insan yaxın və ya uzaqdan görmə pozğunluğundan əziyyət çəkir. Qeyd edilib ki, bu insanların ən azı 1 milyardı üçün görmə pozğunluğunun qarşısı alına bilərdi.

Bildirilib ki, görmə pozğunluğunun və korluğun əsas səbəbləri refraksiya qüsurları və kataraktlardır. Aşağı gəlirli ölkələrdə eynək taxmağa ehtiyacı olan hər 3 nəfərdən 2-nin eynək taxmaq imkanı olmadığı təxmin edilir. Bundan əlavə, katarakt əməliyyatına ehtiyacı olan hər 2 nəfərdən 1-nin bu əməliyyata çıxışı yoxdur. Görmə qabiliyyətinin zəifləməsi qlobal maliyyə yükü yaradır və məhsuldarlığın illik qlobal dəyəri 411 milyard ABŞ dolları təşkil edir. Görmə itkisi hər yaşdan insanlara təsir göstərə bilər. Lakin görmə pozğunluğu və korluqdan əziyyət çəkən insanların əksəriyyəti 50 yaşdan yuxarıdır.

Azərbaycanda göz xəstəliklərindən 136 min 519 nəfər əziyyət çəkir

Dövlət Statistika Komitəsindən AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib ki, 2025-ci ilin göstəricilərinə əsasən Azərbaycanda göz və gözün əlavə aparatının xəstəliklərindən 136 min 519 nəfər əziyyət çəkir. Əhalinin hər 10 min nəfərinə düşən xəstəliklərin sayında göz və gözün əlavə aparat xəstəlikləri 133,3 faiz təşkil edir. Eyni zamanda, ötən il statistikasına əsasən, 0-13 yaşlı uşaqlar arasında göz və gözün aparat xəstəliklərindən əziyyət çəkənlərin sayı 29 min 721 nəfərdir.

Azərbaycan Gözdən Əlillər Cəmiyyəti öz ətrafında 20 mindən çox görmə məhdudiyyəti olan şəxsi birləşdirir. Ölkəmizdə görmə qabiliyyəti məhdud olanların həyat və məişət şəraitinin yaxşılaşdırılması üçün hər il bir sıra layihələr həyata keçirilir, zəruri tədbirlər görülür.

Görmə imkanı məhdud şəxslər yeni peşələrə yiyələnirlər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, gözdən əlilliyi olan şəxslərin sosial müdafiəsi və reabilitasiyası dövlətimizin sosial siyasətinin mühüm tərkib hissəsidir. Prezident İlham Əliyevin əhalinin həssas qruplarına xüsusi diqqət və qayğısı gözdən əlilliyi olan şəxsləri də əhatə edir və onların sosial təminatı, reabilitasiyası tədbirləri ildən-ilə gücləndirilir. Bildirilib ki, bu kateqoriyadan olan vətəndaşlar üçün son illərdə Bakıda 132 mənzilli yaşayış binası inşa etdirilərək onların istifadəsinə verilib, habelə gözdən əlilliyi olan yüzlərlə şəxs yeni yaşayış komplekslərində mənzillə təmin ediliblər. Gözdən əlilliyi olan şəxslər pensiya və ya müavinətlə təmin edilirlər. Müharibə ilə əlaqədar əlilliyi olan şəxslər, habelə ümumi səbəblərdən orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görə (I dərəcə) əlilliyi müəyyən edilmiş şəxslər pensiya və ya müavinətlə yanaşı, Prezidentin aylıq təqaüdü ilə təmin olunurlar. I dərəcə əlilliyi olan şəxslərə qulluq edənlərə də Prezidentin aylıq təqaüdü ödənilir. Son 7 ildə ölkəmizdə həyata keçirilən 5 sosial islahat paketi çərçivəsində əlilliyi olan şəxslərə yönələn sosial ödənişlər dəfələrlə artırılıb.

Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi əlilliyi olan şəxslər (o cümlədən gözdən əlilliyi olan şəxslər) və digər həssas qrupların bacarıqlarının inkişafına, reabilitasiyası və cəmiyyətə inteqrasiyasına dəstək məqsədinə xidmət edir. Mərkəzdə, onun İsmayıllı və Bərdədəki DOST Evi filiallarında ötən dövrdə əlilliyi olan yüzlərlə şəxsin yaradıcı potensialının inkişafına dəstək işləri aparılıb. Heydər Əliyev Fondu tərəfindən gözdən əlilliyi olan şəxslər üçün Naxçıvan, Gəncə və Yevlax şəhərlərində yaradılan Regional İnformasiya Mərkəzləri həmin şəxslərin İKT vasitəsilə məlumat əldə etmək və biliklərini artırmaq imkanlarının genişləndirilməsinə xidmət göstərir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsində görmə qabiliyyəti məhdud şəxslər də tibbi, pedaqoji, idman, psixoloji və s. istiqamətlərdə reabilitasiya xidmətləri ilə təmin edilirlər. Əlilliyi olan şəxslərin Peşə-Əmək Reabilitasiyası Mərkəzində əlilliyi olan şəxslər, o cümlədən görmə imkanı məhdud şəxslər yeni peşələrə yiyələnirlər. Agentliyin “Danışan kitab” və “Tiflo TV” mobil tətbiqləri isə gözdən əlilliyi olan şəxslərin məlumat əldə etmək imkanlarını genişləndirir, onların audioformatlarda informasiyaya bərabər çıxışını təmin edir.

Bu kateqoriyadan olan şəxslərlə bağlı aktiv məşğulluq tədbirləri davam etdirilməklə yanaşı, özünüməşğulluq proqramı çərçivəsində həmin şəxslər üçün də kiçik bizneslər qurulur. Son illərdə Nazirliyin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən gözdən əlilliyi olan şəxslərin öz işlərini qurmalarına dəstək məqsədilə “Sosial notlar” layihəsi də icra olunub. Həmin şəxslərdən bir qrupu layihə əsasında və seçimlərinə uyğun olaraq musiqi alətləri ilə təmin edilib. Həmçinin, Azərbaycan Gözdən Əlilliyi Olan Şəxslər Cəmiyyəti ilə əməkdaşlıq çərçivəsində onlar üçün xüsusi proqram əsasında peşə hazırlığı kursları təşkil olunur.

Əlilliyi olan şəxslərə dövlət büdcəsi hesabına təqdim olunan reabilitasiya vasitələri növlərinin siyahısı son illər xeyli genişləndirilib. Siyahıya gözdən əlilliyi olan şəxslər üçün ağ əsa, Brayl sistemi ilə yazı üçün cihaz, ekran oxuyucuları və s. də daxil edilib.
Bu gün, 11:45
BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər
Bu gün, 11:43
Pambıq emalı şirkətlərinə satdıqları məhsulun dəyərini ala bilməyən fermerlərin müraciətlərinə dair açıqlama
Bu gün, 11:42
Gələn ay Bakıda sənaye sahəsi üzrə süni intellekt agentlərinin hazırlanmasına dair hakaton keçiriləcək
Bu gün, 11:40
Alimlərdən xəbərdarlıq: 2-ci tip diabet Altsheymer riskini 53 faiz artırır
Bu gün, 11:37
Bu gün Beynəlxalq Gözdən Əlillər Günüdür
Bu gün, 11:35
Ali Məhkəmə özünüməşğulluq proqramı ilə verilmiş əmlakın geri qaytarılması qaydasına aydınlıq gətirib
Bu gün, 11:33
Baş prokuror Binəqədi rayonunda vətəndaşların müraciətlərini dinləyəcək
Bu gün, 11:31
Məktəbəqədər təhsil müəssisələrinin 9 minə yaxın təhsilverəni sertifikatlaşdırılacaq
Bu gün, 11:20
Azərbaycanın müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib
Bu gün, 11:18
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Dünən, 13:49
Beynəlxalq yarışlarda uğur qazanan güləşçilərlə görüş olub
Dünən, 13:40
Bursada Bəxtiyar Vahabzadə adına Türk Dünyası Dostluq Xatirə Meşəsi salınıb
Dünən, 13:34
COP31-də Azərbaycan pavilyonunda mühüm iqlim müzakirəsi: erkən xəbərdarlıq sistemlərinə regional baxış
Dünən, 13:29
Teymur Musayev: Azərbaycan COP29-a sədrliyi dövründə inklüziv prosesin irəliləməsini təmin edib
Dünən, 13:24
Sabah Bakı, Sumqayıt, Abşeron üzrə pensiyaların ödənilməsi nəzərdə tutulub
Dünən, 13:15
Qeyri-neft-qaz ixracı 2026-cı ilin 10 ayında ötən ilin müvafiq dövrünə nisbətən 20 faizdən çox artıb
Dünən, 12:10
Nazir müavini: Gələn il dövlət büdcəsinin gəlirləri 1,7 faiz çox olacaq
Dünən, 12:06
Bu il 110-dan çox gənc sahibkara 6 milyon manatdan çox kredit ayrılıb
Dünən, 12:04
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Konstitusiya Günü ilə bağlı paylaşım edilib
11-11-2026, 11:10
TƏBİB payız-qış mövsümünə necə hazırlaşır?
11-11-2026, 11:08
Antalyada Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan arasında təmiz enerji sahəsində strateji tərəfdaşlıq haqqında Saziş imzalanıb
11-11-2026, 11:04
Çempionlar Liqası: "Sabah" "Trabzonspor"u məğlub edib
11-11-2026, 10:59
Xankəndidə “Zəfər nəsli” gənclər düşərgəsinin bağlanış mərasimi olub
11-11-2026, 10:57
AFFA rəsmisi Çempionlar Liqasına təyinat alıb
11-11-2026, 10:55
Rəqəmsal və İnnovativ Təlim Mərkəzi fəaliyyətə başlayıb
11-11-2026, 10:52
Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
11-11-2026, 10:47
Prezident İlham Əliyev Türkiyəyə səfərə gəlib
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30