Bakıda “ADEX-2026” və “Securex Caspian” sərgiləri işə başlayıb
Gündəm
Oxunub: 0
30 sen 2026 | 11:59

Sentyabrın 30-da Bakı Ekspo Mərkəzində Qafqaz regionunun nəhəng hərbi-texnoloji platforması olan və müdafiə sənayesinin qlobal güclərini bir araya gətirən “ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və paralel olaraq keçirilən “Securex Caspian” 15-ci Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisinin rəsmi açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, müdafiə sənayesi naziri Vüqar Mustafayev Azərbaycan Prezidenti İlham Əliyevin sərgi iştirakçılarına məktubunu oxuyub.

Sonra nazir çıxış edib.

“ADEX” Azərbaycanın Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü və təşkilatçılığı, Müdafiə Nazirliyinin dəstəyi ilə keçirilir. Sərginin təşkilatçısı “Caspian Event Organisers” şirkətidir.

Bu il “ADEX” iştirakçı şirkətlərin sayına görə rekord vurur. Bununla əlaqədar olaraq, məhz “ADEX 2026” sərgisi üçün Bakı Ekspo Mərkəzinin 5-ci pavilyonu istifadəyə verilib. Bu mühüm yenilik “ADEX”in artıq yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir. 5-ci pavilyonun fəaliyyətə başlaması sadəcə ekspozisiya sahəsinin genişləndirilməsi deyil, Azərbaycana və ölkənin müdafiə sənayesi potensialına artan beynəlxalq marağın, eləcə də “ADEX”in beynəlxalq müdafiə sənayesində möhkəmlənən mövqeyinin əyani ifadəsidir.

“ADEX” və “Securex Caspian” sərgilərində bu il ümumilikdə 53 ölkə təmsil olunur. 30 ölkədən 280 şirkət və təşkilat sərgilərdə iştirak edir. Sərgilərdə stendlə təmsil olunan ölkələr arasında Azərbaycanla yanaşı, Amerika Birləşmiş Ştatları (ABŞ), Almaniya, Belarus, Belçika, Birləşmiş Ərəb Əmirlikləri, Bolqarıstan, Böyük Britaniya, Cənubi Koreya, Çexiya, Çin, Fransa, İspaniya, İtaliya, Litva, Macarıstan, Özbəkistan, Pakistan, Polşa, Rumıniya, Rusiya, Serbiya, Sinqapur, Slovakiya, Türkiyə, Ukrayna və digərləri yer alır.

Bu il ABŞ-nin “ADEX 2026”da fəal iştirakı xüsusi diqqət çəkir. “Northrop Grumman”, “SIG SAUER”, “Lockheed Martin”, “Vantor” və “Ondas” kimi nüfuzlu ABŞ şirkətləri sərgidə ilk dəfə təmsil olunur. Almaniyadan “Rheinmetall” və “Rohde & Schwarz”, Böyük Britaniyadan isə “BAE Systems” və digər şirkətlər debüt edir. Türkiyə isə sərgidə ən geniş təmsil olunan ölkədir.

Sərgilərin ənənəvi beynəlxalq iştirakçıları arasında Türkiyədən “Roketsan”, “Aselsan”, “Baykar”, “Turkish Aerospace Industries” (TAI) və “Havelsan”, İtaliyadan “Leonardo”, Çexiyadan CSG, Birləşmiş Ərəb Əmirliklərindən “EDGE Group” və İspaniyadan “INDRA” yer alır.

Türkiyənin “Roketsan” şirkəti ADEX sərgisinin Baş sponsoru, ABŞ-nin “Northrop Grumman” şirkəti isə Ölkə tərəfdaşı sponsorudur.

ABŞ, Azərbaycan, Belarus, ⁠Böyük Britaniya, Çexiya, Çin, İsrail, İtaliya, Pakistan, Rumıniya, Rusiya, Slovakiya, Türkiyə və Özbəkistan daxil olmaqla 14 ölkə sərgilərdə milli pavilyonla təmsil olunur.

Dövlətlərarası və hərbi-texniki əməkdaşlıq üçün mühüm görüş platforması olan “ADEX” ənənəvi olaraq müxtəlif ölkələrdən nüfuzlu qonaqları və nümayəndə heyətlərini cəlb edir. “ADEX 2026” sərgisində 39 ölkədən 59 xarici nümayəndə heyəti iştirak edir. Bu ölkələr sırasına ABŞ, Bəhreyn Krallığı, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Braziliya, Cənubi Koreya, Çad, Çex Respublikası, Əfqanıstan, Gürcüstan, İordaniya Haşimilər Krallığı, İran, İraq, İsrail, İtaliya, Konqo Demokratik Respublikası, Kot-d’İvuar, Latviya, Liberiya, Malayziya, Mərakeş Krallığı, Mərkəzi Afrika Respublikası, Monteneqro, Nigeriya, Özbəkistan, Pakistan, Qazaxıstan, Qırğız Respublikası, Rusiya, Serbiya, Slovakiya, Səudiyyə Ərəbistanı Krallığı, Sudan, Türkmənistan, Türkiyə, Uqanda, Ukrayna və Vyetnam daxildir. Yüksəksəviyyəli nümayəndə heyətlərinin “ADEX” sərgisində iştirakında əsas məqsəd müdafiə sənayesindəki yeniliklərlə tanış olmaqla yanaşı, əməkdaşlıq imkanlarını müzakirə etmək və yeni tərəfdaşlıqlar qurmaqdır. Səfər çərçivəsində onların Azərbaycanın aidiyyəti dövlət qurumlarının nümayəndələri, yerli və xarici müdafiə sənayesi şirkətləri, istehsalçılar və sərgi iştirakçıları ilə görüşləri nəzərdə tutulur.

“ADEX 2026”nın əsas yeniliklərindən biri Bakı Ekspo Mərkəzinin 4-cü pavilyonunun ilk dəfə milli ekspozisiyaya ayrılmasıdır. Milli pavilyonun yaradılmasında əsas məqsəd Azərbaycanın müdafiə-sənaye kompleksinin gücünü, mövcud istehsal imkanlarını və texnoloji potensialını vahid ekspozisiya çərçivəsində daha sistemli şəkildə beynəlxalq auditoriyaya təqdim etməkdir. Bu format yerli qurum və şirkətlərin fəaliyyətinin daha geniş şəkildə tanıdılmasına, onların arasında əlaqələrin gücləndirilməsinə və xarici tərəfdaşlarla yeni əməkdaşlıq imkanlarının formalaşdırılmasına xidmət edir. Burada Azərbaycanın müdafiə sənayesi, texnologiya, kosmik sənaye və mühəndislik sahələrini təmsil edən dövlət qurumları və şirkətlər ən son məhsul və həllərini eyni pavilyon çərçivəsində nümayiş etdirirlər.

Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi sərgini dəstəkləməklə yanaşı, tabeliyində olan “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyəti, “Müdafiə Sənayesi Tədqiqat və İnnovasiya Mərkəzi” publik hüquqi şəxs və “MİRAS Hərbi-Sənaye Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə birgə stendlə təmsil olunur. Azərbaycanın Müdafiə Nazirliyi də sərgidə ayrıca stendlə iştirak edərək, fəaliyyət istiqamətlərini və imkanlarını təqdim edir.

Sərginin genişlənən miqyası onun əhatə etdiyi ekspozisiya sahəsində də özünü göstərir. “ADEX” Bakı Ekspo Mərkəzinin qapalı sərgi sahəsi ilə yanaşı, açıq sərgi sahəsini də əhatə edir. Açıq sərgi sahəsində Azərbaycanın Müdafiə Nazirliyi, “Azərsilah” Müdafiə Sənayesi Holdinqi, “VLand Systems” MMC, “İmprotex”, “AZDEF” və “Exclases Holdings Limited” şirkətləri böyük stendlərlə iştirak edərək, ən son texnologiya və həllərini nümayiş etdirir.

“ADEX 2026” sərgisində dəniz gəmiləri və hərbi dəniz sistemləri, hərbi geyim və ləvazimatlar, hərbi laboratoriyalar, hərbi təhsil müəssisələri və hərbi təşkilatlar, ixracın təşviqi ilə məşğul olan müəssisələr, logistika xidmətləri, tibbi ləvazimatlar, mühəndislik sistem və qurğuları, müdafiə və təhlükəsizlik üzrə konsaltinq, optik-elektron avadanlıq və sistemlər, pilotsuz sistemlər, radiasiya, kimyəvi və bioloji müdafiə (RKB), radioelektron sistemlər və C4ISR texnologiyaları, silah istehsalı üçün avadanlıqlar, silah və sursat, silahların utilizasiyası üzrə vasitə və texnologiyalar, simulyatorlar və təlim sistemləri, tədqiqat institutları, təyyarə və aviasiya sistemləri, videonəzarət sistemləri və təhlükəsizlik siqnalları, zirehli döyüş nəqliyyat vasitələri və digər sahələr təmsil olunur.

Sərgidə nümayiş olunan yeniliklər arasında hərbi nəqliyyat vasitələri və atıcı silah həlləri də xüsusi yer tutur. Türkiyənin “BMC” şirkəti “ADEX 2026” sərgisində şəxsi heyətin və logistika yüklərinin daşınması üçün nəzərdə tutulmuş yeni PAMİR 4×4 hərbi nəqliyyat vasitəsini, yerli TUNA mühərriki ilə təchiz edilərək təkmilləşdirilmiş KİRPİ II 4×4-ü, həmçinin çətin iqlim və relyef şəraitində yüksək dayanıqlılığı və çevikliyi ilə seçilən VURAN 4×4-ü beynəlxalq ziyarətçilərə təqdim edir.

Beynəlxalq istehsalçılarla yanaşı, Azərbaycanın yerli şirkətləri də sərgidə dünyanın tanınmış müdafiə brendlərini təmsil edir. “USH Group” 500 illik tarixə malik İtaliyanın “Beretta” şirkətini təmsil edir. Dünyanın ən qədim silah istehsalçılarından biri olan “Beretta” hərbi, hüquq-mühafizə, ovçuluq və idman atıcılığı üçün nəzərdə tutulmuş məhsulları ilə tanınır. Sərgi çərçivəsində şirkətin müasir atıcı silah və müdafiə həlləri təqdim olunur.

“Az-Tex-Import” isə İtaliyanın hərbi nəqliyyat vasitələri istehsalçısı “Iveco Defence Vehicles” (IDV) şirkətini təmsil edir. Ziyarətçilər şirkətin müxtəlif əməliyyat şəraitləri üçün nəzərdə tutulmuş taktiki və logistika nəqliyyat həlləri ilə tanış ola bilərlər.

Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası və Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyasının dəstəyi ilə təşkil olunan “Securex Caspian” sərgisində kibertəhlükəsizlik sektoru diqqət mərkəzindədir. Bu istiqamətdə ən son texnologiyalar, innovativ həllər və qabaqcıl yanaşmalar nümayiş etdirilir.

“Securex Caspian” sərgisi hüquq-mühafizə, sərhəd, xilasetmə, yanğınsöndürmə və xüsusi xidmət orqanları üçün nəzərdə tutulmuş ləvazimatları, kompleks mühafizə sistemlərini və perspektivli texnoloji həlləri nümayiş etdirir. Sərgidə ekspert-kriminalistika vasitə və sistemləri, əməliyyat-axtarış avadanlıqları, girişə nəzarət və idarəetmə sistemləri, hüquq-mühafizə orqanları üçün xüsusi avtomobillər, informasiya təhlükəsizliyi, mühafizə xidmətləri, qəza-xilasetmə vasitə və avadanlıqları, təhlükəsizlik sahəsində təhsil, videomüşahidə sistemləri, xüsusi geyim və avadanlıqlar, eləcə də yanğın təhlükəsizliyi bölmələri təqdim olunur.

“ADEX” və “Securex Caspian” sərgilərinin paralel keçirilməsi müdafiə sənayesi ilə daxili təhlükəsizlik istiqamətlərini vahid məkanda birləşdirir. Müdafiə sənayesi texnologiyaları və hərbi texnika ilə yanaşı, daxili təhlükəsizlik, mühafizə, xilasetmə avadanlıqları və kibertəhlükəsizlik həlləri də təqdim olunur.

Sərgilərin proqramı yalnız ekspozisiyadan ibarət deyil. “ADEX” və “Securex Caspian” sərgilərində iştirakçı və ziyarətçilərə müdafiə sənayesi, daxili təhlükəsizlik, təhsil və kadr hazırlığı, innovasiyalar və yüksək texnologiyalar üzrə zəngin işgüzar proqram təqdim edir.

İşgüzar proqramın əsas elementlərindən biri “Milli Tədqiqatların Dəstəklənməsi proqramı”nın təqdimatıdır. Layihənin proqrama daxil edilməsi “ADEX”in innovativ təşəbbüslərə və perspektiv texnoloji həllərə dəstək ənənəsinə sadiq qaldığını göstərir.

Bununla yanaşı, sərgi günləri ərzində “Müasir müdafiə sənayesi: İnnovativ texnologiyalar və inkişaf perspektivləri” mövzusunda texnologiya sessiyası, “Süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər: Məlumatların idarəolunması və kiberdayanıqlılıq” mövzusunda innovasiya sessiyası, “Kiber və informasiya təhdidləri: Tanı, təhlil et və düzgün reaksiya ver” adlı interaktiv təlim, “Bilikdən texnoloji üstünlüyə: Elm–universitet–sənaye əməkdaşlığının gələcəyi” mövzusunda akademik sessiya, “Müasir çağırışlar: Radioelektron mübarizə və rabitə sistemlərinin təhlükəsizliyi” mövzusunda panel müzakirəsi, “Müdafiə və kibertəhlükəsizlik startapları – İdeyadan uğura” adlı innovasiya dialoqu, “Böhranların idarə edilməsi: Fövqəladə hallarda əməli bacarıqlar” mövzusunda təlim sessiyası təşkil olunur. Bu tədbirlər peşəkar müzakirələrin aparılmasına və təcrübə mübadiləsinə şərait yaradır. Eyni zamanda, sərgi çərçivəsində qoşun növləri üzrə hərbi qulluqçuların keçidi nəzərdə tutulub.

Bu il “ADEX2 tarixində ilk dəfə olaraq sərginin rəsmi merç kolleksiyası təqdim olunur. Xüsusi olaraq, “ADEX 2026” üçün hazırlanmış eksklüziv brendləşdirilmiş kolleksiya sərginin brend üslubunun bir hissəsinə çevriləcək, iştirakçılara və qonaqlara “ADEX” ilə bağlı xoş xatirə saxlamaq imkanı yaradır. Kolleksiyaya “ADEX 2026”nın rəmzlərinin əks olunduğu dəbli və praktik məhsullar daxildir. İştirakçılar və qonaqlar rəsmi merç məhsullarını sərgi günlərində xüsusi ayrılmış məkanda əldə edə bilərlər.

Bundan başqa, “ADEX 2026” sərgisinə həsr olunmuş “ADEX News” adlı qəzet çapdan çıxacaq. Qəzetdə iştirakçı şirkətlərin təqdim etdikləri yeniliklər və innovasiyalar ilə bağlı xəbərlər, eləcə də sərgiyə təşrif buyuran yüksəksəviyyəli qonaqlar, müxtəlif nümayəndə heyətlərinin üzvləri, sahə mütəxəssisləri ilə müsahibələr dərc olunur.

“ADEX 2026” çərçivəsində Azərbaycanın dövlət qurumlarının nümayəndələri, beynəlxalq nümayəndə heyətləri və iştirakçı şirkətlər arasında keçiriləcək ikitərəfli danışıqlar xüsusi əhəmiyyət daşıyır. Bu görüşlər yeni işgüzar əlaqələrin qurulmasına, hərbi-texniki əməkdaşlığın genişləndirilməsinə, birgə layihələrin həyata keçirilməsinə və uzunmüddətli strateji tərəfdaşlıqların formalaşdırılmasına imkan yaradır.

Sərginin peşəkar istiqaməti nəzərə alınaraq, “ADEX 2026”ya giriş yalnız hərbi qulluqçular, təhlükəsizlik və hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbi və müdafiə sənayesində, eləcə də əlaqəli sektorlarda çalışan şəxslər, həmçinin ali hərbi təhsil müəssisələrinin kursantları üçün açıqdır. Kommersiya strukturlarında çalışan şəxslər yalnız oktyabrın 2-də şəxsiyyət vəsiqələrini təqdim etməklə sərgini ziyarət edə bilərlər.

“ADEX” sərgisinin sponsorları qismində, həmçinin “Absheron Hotel Group”, “Accurate Az MMC” və “Bilboard.al” şirkətləri çıxış edir.

Sərgilərlə bağlı yenilənən məlumatları rəsmi internet saytlarından (www.adex.az və www.securexcaspian.az) və sosial şəbəkə hesablarından əldə etmək mümkündür.
Bu gün, 12:17
Prezident: Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir
Bu gün, 12:16
Azərbaycan nümayəndə heyəti İranda bir sıra mühüm rəsmi görüşlər keçirib
Bu gün, 12:12
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
Bu gün, 11:59
Bakıda “ADEX-2026” və “Securex Caspian” sərgiləri işə başlayıb
Bu gün, 11:57
Milli Məclisin payız sessiyası işə başlayıb: müzakirəyə 16 məsələ çıxarılıb
Dünən, 12:53
Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib
Dünən, 12:51
Avarçəkmə və kanoe üzrə Mingəçevir Reqatası bu gün Füzulidə start götürəcək
Dünən, 12:49
Azərkosmos”un ixrac gəlirləri 1,5 dəfə artıb
Dünən, 11:31
Qızılın qiyməti 7 həftənin minimumuna yaxınlaşır
Dünən, 11:29
“Sənət inciləri” layihəsi gəncləri Üzeyir Hacıbəyli irsi ilə tanış edir
Dünən, 11:27
Bakıdakı Dünya Kubokunda 44 ölkədən 216 üzgüçü mübarizə aparacaq
Dünən, 11:25
Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyəcək
Dünən, 11:22
DİN: Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb
Dünən, 11:21
Ədliyyə Nazirliyinin nümayəndələri beynəlxalq təlimdə iştirak ediblər
Dünən, 11:19
Formula 1 Azərbaycan Qran-Prisinin 2025-ci il qalibinə “Azərxalça”nin xalçası təqdim olunub
Dünən, 11:17
Folklor İnstitutu “Zəfər salnaməsi: qəhrəmanlıq və milli yaddaş” mövzusunda tədbir təşkil edib
Dünən, 10:42
Azərbaycan nefti 122,49 dollara satılır
Dünən, 10:41
Bakıda 17 istiqamətdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb
Dünən, 10:28
Yağıntılı hava şəraiti müşahidə olunur
Dünən, 10:25
Sentyabrın 28-də İtaliyanın paytaxtı Romada “Harmoniya” sənədli filminin təqdimat mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Mənə
28-09-2026, 12:58
Vətən dar gündə tanınar: 44 günün dövlətçilik və milli həmrəylik dərsləri -
28-09-2026, 12:56
Azərbaycan və Türkiyə şahmat sahəsində əməkdaşlığı genişləndirəcək
28-09-2026, 12:55
Azərbaycanın idman gimnastı Parisdə bürünc medal qazanıb
28-09-2026, 12:53
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşüb
28-09-2026, 12:50
Prezident İlham Əliyevin sosial media hesablarında Formula 1 Azərbaycan Qran-Prisi ilə bağlı paylaşım edilib
28-09-2026, 12:49
Birinci vitse-prezident Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib
28-09-2026, 12:47
Prezident İlham Əliyev Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olub
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930