Onun kimi ola bilməyin çətinliyi
Elm və təhsil
Oxunub: 152
15 fev 2023 | 09:56

...XX əsrin birinci yarısı başa çatıb, ikinci yarısı başlayırdı.

Yox, bu, sadəcə təqvim hadisəsi deyildi.

İkinci Dünya müharibəsi yenicə sona çatmışdı. İnsanların qırışığı təzə-təzə açılırdı. Çöhrələrə yenidən təbəssüm, kənd-kəsəyə toy-düyün qayıdırdı.

Hələ insanlar fərqində deyildilər və sadə adamlar bunu bilə də bilməzdilər ki, elə İkinci Dünya savaşı bitincə, onun toz-dumanı hələ axıracan toxtamamış Üçüncü Dünya müharibəsi başlayır. Ancaq əvvəlki savaşdan fərqli olaraq, bu müharibədə nə top-tüfəng olacaq, nə mərmilər partlayacaq, nə atəşlər gurlayacaq. Başlanan "soyuq müharibə" başa çatan müharibədən qat-qat uzun çəkəcək və bir neçə onilə sığan bu savaşın da bitməsi, elə əvvəlki odlu müharibədən sonra olduğu kimi, dünyanın təzədən bölüşdürülməsinə, xəritələrin yenidən biçilib-çəkilməsinə gətirib çıxaracaq.

XX yüzilin iki yarım əsrinin hər biri sanki bütöv bir əsr kimi idi. Bir əsr içində iki əsr. Bu əsrin iki dünya müharibəsi sığışan birinci parası ilə ikinci qismi bütün cəhətləriylə fərqli olacaq. Dünya da dəyişəcək, insanlar da başqalaşacaq.

Və 1950-ci illərin ikinci yarısının başlanmasıyla Vaxt sərhədinin yeni bir layına düşdüklərini insanlar da, dünya da bütün ayrıntılarıyla bir də bu əsrin sonunda, yeni minilliyin əvvəlində, olub keçənlərə ötmüş zamanın hündürlüyündən nəzər salanda hiss edəcək.

1951-ci il idi, 28 yaşlı baş leytenant Heydər Əliyevin özünə o vaxt məlum olmasa da, indi həmin ömür əvvəlindən sonunacan gözümüz önündə canlandırıla bildiyindən, anlayırıq ki, həyatının onu o edəcək mühüm mərhələsinə məhz o vaxt qədəm basıb. Buracan olanlar hazırlıqmış. Həyatının növbəti böyük mərhələsinə mötəbər bünövrə tədarüküymüş.

1951-ci il mart ayının ilk günlərində Azərbaycan SSR Dövlət Təhlükəsizlik Nazirliyi İkinci Baş İdarəsi rəisinin müavini general-leytenenat Rayxmanın imzasıyla Azərbaycan dövlət təhlükəsizlik nazirinin adına tam məxfi qrifli məktub gəlir.

Sovet İttifaqında mərkəzləşdirilmiş idarəçilik sistemi fəaliyyətdə idi. Hər respublikadakı kinostudiyanın siyahısında hansı aktyorların olduğundan Moskvada xəbərdar idilər, onda qalmış Mərkəzin tam diqqətində saxladığı xarici kəşfiyyat sahəsi ilə bağlı əyalətlərdə yaşayan və istifadəsi mümkün şəxslər ola.

Moskva respublika Dövlət Təhlükəsizlik Nazirliyi 2-ci şöbəsinin vaxtilə alman əsirliyində olmuş, orada kəşfiyyatçılıq təlimi görmüş "Radist" ləqəbli agentindən istifadə etmək zəruriyyətinin yarandığını bildirərək bu şəxsin istər bioqrafiya məlumatları, istərsə də şəxsi keyfiyyətləri baxımından Türkiyəyə atılmağa tam uyğun gəldiyini vurğulayırdı. Agentin xaricdə olan bütün tanışları, buradakı bütün qohumları haqqında məlumatlarla yanaşı onun xaricə ötürüləcəyi təqdirdə danışa biləcəyi bir neçə variantlı "hekayət" və Azərbaycanla bağlı hansı məlumatları verə biləcəyi barədə arayış tələb olunurdu.

O çağlar idi ki, Sovet İttifaqı ən qatı düşmənləri sırasına qatdığı NATO-nun üzvü olan Türkiyə ilə Azərbaycan arasında sərhədləri zahirdə göründüyündən də qalın və keçilməz etmişdi. Həm də bu məxsusi məhdudlaşdırma yalnız sərhəd dirəkləriylə bitmirdi. Azərbaycanla Türkiyəni bir-biri üçün daha əlçatmaz edə biləcək ən sərt tədbirlər görməkdən çəkinmirdilər. Əvvələn, Kreml eyni köklü, eyni qanlı, təxminən eyni dildə danışan Türkiyə türkləri ilə azərbaycanlıların bir-birlərinə məhəbbətlərindən agah idi. Digər tərəfdən, bilirdilər ki, Azərbaycan siyasi mühacirətinin başlıca simaları Türkiyədə cəmləşib. Ondan da xəbərdar idilər ki, alman əsirliyində olmuş və həbs ediləcəyi hürküsünü gözü altına alaraq Vətənə qayıtmaqdan çəkinən, eləcə də qayıdacaqları təqdirdə mütləq həbsə atılacaqlarını, bəlkə "vətən xaini" damğası ilə ən ağır cəzaya düçar olacaqlarını yəqin bilən keçmiş azərbaycanlı legionerlərin bir çoxu da məhz Türkiyəyə sığınıb.

Ona görə də Moskvanın Türkiyə ilə bağlı hərbi və iqtisadi səciyyəli kəşfiyyat məlumatları toplamaqla bərabər, siyasi mühacir və legionerlərlə əlaqədar əllərinin altındakı bilgiləri daim təzələməyə ehtiyacı da vardı.

O əsr başa çatmamış SSRİ də tar-mar oldu, bu mənfur siyasət də aradan getdi, Azərbaycanda bir kəsi pantürkist adlandıraraq ləkələyə bilmək kimi çürük fitnəkarlıqlar da keçmişə çökdü, hətta sabiq legionerlərə də xainlər kimi baxılması vərdişi kənara atıldı, güzəştli "bu da bir tale imiş" düşüncəsiylə mütəvazi yanaşma bərqərar oldu.

Ancaq tarix də tarixliyində qalır. Və dünəni aydın görmək və doğru dərk etməkçün bu qapalı səhifələrə bələd olmaq da lazımdır.

...1951-ci ildə Azərbaycan Dövlət Təhlükəsizlik Nazirliyi 2-ci şöbəsinin bilavasitə İran və Türkiyə üzrə işləyən 6-cı bölməsinə gənc Heydər Əliyev yenicə rəis təyin edilmişdi və şöbəsinin xətti ilə Moskvaya göndəriləcək, altında bir yığın başqa daha yuxarı kürsülərdə əyləşən rəislərin də imzası olan sənədlərin hamısını məhz o hazırlamalı idi. Təbii ki, bu, bir neçə qat məsuliyyət demək idi. Sənədlər elə hazırlanmalı idi ki, vəzifələrə uyğun mərtəbə-mərtəbə imzalandıqca nə buradakı rəislərdə hansısa narazılıq yaratsın, nə də daha mühümü, Moskvada peşəkarlıq baxımından hər hansı tərəddüd oyatsın.

Agentlərlə bağlı olan məlumat səciyyəli arayışları hazırlamaq xüsusi çətinlik vəd eləmirdi. Amma istənilən əməliyyatda inandırıcı "hekayət"i qoşub düzmək, ağıllı fəaliyyət planı tərtib etmək həmişə qəlizdir və bu, yalnız peşəkar səriştələr deyil, həm də yaradıcı istedad umur.

Heydər Əliyev bu işin ən misilsiz ustalarından olmuşdu və ona xas yaradıcılıq qabiliyyəti və araşdırıcılıq imkanları üstəgəl - iti fəhm, mahiyyəti, cövhəri anındaca tuta bilmək bacarığı daim onu seçdirmişdi.

Hər hansı əməliyyatla bağlı "hekayət" uydurmaq və bunun yetərincə inandırıcılığına, təbiiliyinə nail olmaqçün gərək həm də bir qədər yazıçı olasan, həm də ssenariçi olasan, həm də rejissor olasan.

Üstünə "Duel" yazılmış bu dördcildlik iş ki yeddi onuillik əvvəl cərəyan etmiş hadisələrin mənzərələrini dirildir, vərəq-vərəq çevrildikcə Heydər Əliyevin elə gənclik çağlarından necə əhatəli düşünən, necə çevik zəkalı, necə hədəfə sarı dürüst yönəldən təxəyyül sahibi olduğunu nişan verməkdədir.

Kim idi adı Moskvanın da kartotekalarında münasib agent kimi keçən "Radist"?

1916-cı il təvəllüdlü "Radist"in atası İrandan Azərbaycana 1911-ci ildə çörəkpulu ardınca gəlmişdi. 1930-cu ilədək İran vətəndaşı kimi qalsa da, bir daha geri qayıtmamışdı. "Radist" Astraxanbazarda (indikin Cəlilabadda) təvəllüd tapmış, elə orada 6 sinif bitirmişdi, hərbi xidmətə 1937-ci ildə çağırılıb 1939-da tərxis olunsa da, 1941-1945 müharibəsi başlananda yenidən əsgər paltarı geyəsi olmuşdu.

1941-ci ilin avqustunda əsgər aparılmış, radistlər kursunu bitirdikdən sonra (ona gizli adı da elə buna işarəylə vermişdilər) komandanlığın düşmənlə təmas xəttinə yaxın hissələrdə tapşırıqlarını yerinə yetirməkçün Krım cəbhəsinə göndərilmişdi. Lakin tezliklə əsir düşmüş və 1942-ci ildən 1945-ci ilə qədər almanlarla işləmişdi. Onu 1943-cü ildə alman kəşfiyyat orqanı "Seppelin"in kəşfiyyat məktəbini bitirdikdən sonra 1943-cü ildə sovet ordusunun içərilərinə atmaq nəzərdə tutulubmuş. Ancaq alman ordusunun Şimali Qafqazdakı məğlubiyyətindən sonra bu plan təxirə salınır və o, daxil olduğu qrupla birlikdə "Zandberq SS düşərgəsi"nə göndərilir.

1943-cü ildə o, "Azərbaycan Milli Komitəsi"nin seçiləcəyi konqresə sıravi bir deputat kimi yola düşür. 1945-ci ilin aprelində həmin qrupla birgə əvvəlcə İtaliyanın Verona şəhərinə yola salınır.

Az sonra oradan da Almaniyanın Qokendorf kəndinə gedərkən dəstədən ayrı düşür, amerikanlara qoşulur və 1945-ci ildə Sovet İttifaqına təhvil verilir.

Sovet xüsusi xidmət orqanları ilə əməkdaşlığa 1945-ci ilin sentyabrından başlayır və əməkdaşlığa cəlb edilərkən alman kəşfiyyatının bir çox əməkdaşları haqqında dəqiq məlumatları bölüşməklə yanaşı, milli legionların rəhbər heyəti, eləcə də onunla kəşfiyyat məktəbində oxumuş 150 nəfər haqqında məlumatlar verir. Onun məlumatları əsasında 50-dən çox alman kəşfiyyatçısı ifşa edilir.

O, iradəli, cəsur, qətiyyətli, möhkəm hafizəli bir şəxs kimi xarakterizə olunurdu və sərhədin o tayına atılmağına da razılıq vermişdi.

Xüsusi xidmətlərin hətta bu gün - üstündən iri zaman adladığına görə baxmağa icazə verilən işlərinin də qapalı bir tərəfi, bəzən o idarənin içərisindəkilərin belə axıracan agah olmadığı sirləri var.

B.Süleymanzadə (ad şərtidir) doğrudanmı almanlara əsir düşmüşdü, ya əvvəldən onun kəşfiyyatçı kimi hazırlanaraq məhz əsir düşməsi, almanlarla əməkdaşlığa razılıq verməsi nəzərdə tutulmuşdu?

Bu sualın cavabı araşdırdığım qovluqlarda yoxdur. Söz yox, mövzunun bilavasitə içində olan Heydər Əliyev bu gizlincdən bixəbər deyilmiş.

Ehtimallarımın yaranması da səbəbsiz deyil. Mehdi Hüseynzadə də, elə bu cavan kimi, cəbhəyə göndərilməzdən əvvəl kəşfiyyat kurslarını keçmişdi, cəbhəyə gedəndən az sonra o da əsir düşmüşdü, o da orada almanların kəşfiyyat məktəbini bitirmişdi və ola da bilsin ki, faşistlərin arasında bu tərəfdən gələn müəyyən gizli tapşırıqları da icra etmişdi və günlərin birində kartların açılması qorxusu yarananda qoşulmuşdu italyan və yuqoslav partizanlarına, həm sovetin, həm almanın kəşfiyyat məktəblərini görmüş püxtə döyüşçü kimi qəhrəmanlıqlar göstərərək "Mixaylo" kimi şöhrətlənmişdi.

Bunlar özülsüz fərziyyələr deyil. Mehdi Hüseynzadənin almanların içərisinə atılmış ən qabil kəşfiyyatçılardan biri olmasını "Xatirələr və düşüncələr" adlı memuarlarında marşal Georgi Konstantinoviç Jukov təsdiqləyirdi.

Yəqin, sovetin məqsədi bu imiş ki, göndərilən agent orada özünü buradan qaçıb gedən kimi qələmə versin, dindirmələrdən sonra Türkiyə kəşfiyyatı ilə işləməyə razılıq versin.

Belə hallar da az olmayıb ki, həm o, həm bu kəşfiyyat bəlli bir adamın həm o, həm bu tərəfə işlədiyini bilsə də, hər iki tərəfə sərf edəcək həddə qədər belələrindən də istifadəni mümkün saymışlar.

"Radist" sərhədi necə keçir, orada onunla günlər, həftələr boyu dindirmələr necə aparılır, təzədən geriyə hansı tapşırıqlarla, necə atılır, orada nələrin şahidi olur, kimlərlə görüşür, gəlib burada orada başına gələnlərdən nə danışır, - çoxhissəli maraqlı bir filmin mövzusu olacaq qədər cəlbedicidir. Ancaq o uzun mətləb film olarsa seriallıq, yazıyla yerli-yataqlı ifadə edilərsə bir kitablıq genişlik istədiyindən müxtəsər olaraq indiki halda vacib saydığımız bir neçə məqam üzərində dayanırıq.

Baş leytenant Heydər Əliyevin "Radist" üçün tərtib etdiyi plan sanki detektiv süjetli, nəfəsdərmədən baxılası film kimidir. "İş"də həmin planın makinada çap olunmuş nüsxəsi ilə yanaşı Heydər Əliyevin öz əlyazmasındakı qaralaması da qalır. Səliqəli, aydın xətti ilə qələmə aldığı bu yazısında arada Heydər Əliyev hansısa sözləri, ifadələri pozur, daha tutarlılarını əlavə edir, əməliyyat layihəsindəki hər cizgini sonacan cilalayır.

"Plan"a yazılmış önsözdən aşkar olur ki, oxşar işləri elə qarşı tərəf də vaxtaşırı yerinə yetirmiş və sübutu da Azərbaycana sərhəd boyunca son dövrdə atılmış bir neçə dəstənin tutulması.

Bir neçə dəstə tutulsa da (onlar əsasən elə azərbaycanlılardır, bəzilərinin adları da işdə gözə dəyir), ələ keçməyənlər də olurmuş və cildləri vərəqlədikcə onu da hiss edirəm ki, çekistlər belə halların varlığını istisna etmirlər.

Plana görə, "Radist" sərhədi gecə vaxtı, Araz çayı üzərindən Ermənistan ərazisindən keçməli idi. Cibində pasportu, hərbi bileti, bir az sovet pulu, üstü qarmaqlı, yəni əvvəllər qadın zinəti kimi istifadə edilmiş 4 qızıl beşlik.

Heydər Əliyevin qurduğu və rəhbərliyin də həm Bakıda, həm Moskvada bəyəndiyi hekayət (ruscada bu termin adətən, "legenda" - "əfsanə" kimi verilsə də, mən "hekayət"i daha məqbul sayıram) belə idi ki, "Radist" sərhədi keçincə zastavaya yaxınlaşmalı və elə etməlidir ki, onu görüb nəzarətə götürsünlər.

Dindirmə zamanı SSRİ-dən qaçmasını belə izah etməlidir ki, əsirlikdə olub, almanlara xidmət edib, indi qorxur ki, onu da alman əsirliyindən sonra, Vətənə qayıdan bir çox başqaları kimi, həbsə alarlar, həmin səbəbdən də qaçmağa qərar verib.

Güman edilir ki, "Radist"i ilk dindirmədən sonra sorğu-sualı davam etdirmək üçün MƏH-ə - Milli Əmniyyət Hizmətinə təhvil verəcəklər.

Orada "Radist"ə hansı suallar verilə bilər, onları necə cavablandırmaq lazımdır ssenarisini də zabit Heydər Əliyev ən kiçik ayrıntılarına qədər təsvir edib.

Maraqlıdır ki, "Radist" bir müddət Türkiyədə qaldıqdan sonra Azərbaycana qayıdanda onunla yenə ilk olaraq Heydər Əliyev görüşür. Sərhədin o tərəfinə keçəndən sonra orada onun qarşısına hansı sualların qoyulduğunu, "Radist"in bu suallara nə cavablar verdiyini, cavablardan çıxaraq dindirənlərin əlavə hansı sualları dilə gətirdiyini soruşur, bütün bunların hamısını stenoqrafik hesabata çevirir. Heyrətlənirsən, qarşı tərəfin verdiyi suallar bir yana, həmin suallardan doğacaq əlavə sualları da Heydər Əliyev anlaşılmaz bir bəsirətliliklə qabaqcadan sezibmiş.

Məsələn, "Radist" deməli idi ki, Bakıda Dağüstü parkda gecə gözətçisi işləyir, gündüzlərsə xırda alverlə məşğul olur, arada da qol saatlarının təmiri ilə çax-çux edir.

Heydər Əliyevin zənninə görə, "Radist"dən Bakıdakı məşhur saatsazlardan kimləri tanıdığını xəbər almalı idilər.

O isə yalnız məşhurların deyil, lap az tanınan ustaların da böyük bir dəstəsinin adını çəkməli, inandırıcılıq üçün onlardan bəzilərinin özünəməxsus məziyyətlərindən də həvəslə bəhs etməli idi.

Necə fərz edilmişdisə, o təhər də olur.

Heydər Əliyev əməliyyatın hekayətində yazmışdı ki, sənin həqiqətən saatsaz olduğunu müəyyənləşdirməkçün həmin anlarda olmasa da, bir neçə gün sonra guya təsadüfən hansısa qol saatını təmir adıyla verib nəticə gözləyəcəklər.

Bu da irəlicədən necə düşünülmüşdüsə, elə o cür də olur.

"Səninlə orada - Almaniyada legionda olmuş, kəşfiyyat məktəbində təlim görmüşlərin adlarını soruşacaqlar. Burada vətən xaini kimi həbs olunmuşların - Ziyad Muradxanovun, Gülhüseyn Hüseynovun, Şıxbala Eyvazovun, Kamal Əlibəyovun, Qulam Hüseynovun, Zirəddin Bağırovun, Əli Məlikovun, Cəfər Axundovun adlarını çək, söylə ki, onların başına gələnlərə şahid olandan sonra qaçmağı qət etdim".

Soruşurlar, "Radist" də necə öyrədilmişdi, elə o cür də cavab verir.

Bu adların hər birini öz kanalları ilə araşdırsaydılar, görəcəkdilər ki, hər birinin haqqında "Radist"in danışdıqları həqiqətdir ki, var.

"Sənə sərhədi necə keçməyi kim öyrətdi" sualını da verəcəklər.

Dəqiq ad deməlisən: K.Yusifzadə" (ad şərtidir).

Bu, "Yupiter" adlı agent idi ki, o da alman əsirliyində, legionda xidmətdə olmuşdu. Qarşı tərəfin xüsusi xidmət orqanlarının buradakı adamları vasitəsilə "Radist"in dindirmələrdə verdiyi məlumatların hər hansı birini yoxlamaq cəhdi olarsa, onlar elə səmtə yönəldilməli idi ki, məhz "Radist"in dedikləri yüzfaizli təsdiqini tapsın.

Belə yoxlamaların, dəqiqləşdirmələrin olacağı isə mütləq idi. Çünki "Radist"i qarşı tərəfə onların istifadə edə biləcəyi agent kimi sırımaq niyyət edilirdisə, gərək o, hər yoxlamadan təmiz çıxa idi.

İşdi-şayəd, kimsə nə şəkildəsə "Yupiter"i arayıb tapsaydı (və onu Bakıda tapmaq elə çətin bir iş deyildi), bir agent olaraq əvvəlcədən məlumatlandırılmış olduğundan elə "Radist"in dediyini deyəcəkdi.

"Yupiter" köhnə dostu "Radist"in sərhəddən keçirilmə məsələsini guya vaxtilə Ermənistanda yaşamış, 1949-cu ildə azərbaycanlılar oradan çıxarılarkən Bakıya köçüb gəlmiş, amma o tərəflərlə əlaqələri qalan qohumu Q.Zeynalzadənin (ad şərtidir) üç min manat pul müqabilində təşkil etdiyini bildirəcəkdi.

Nəzəri cəhətdən əgər Q.Zeynalzadənin özü ilə kimsə danışsa, qılığına girərək söz qopara bilsəydi, o da nə lazımdır, onu deyəcəkdi. Çünki bu adam da həqiqətən Ermənistandan olan, indi Bakıda məskunlaşmış bir şəxs idi, Araz üzərindən o taya keçməyin də bütün mümkün yollarına beş barmağı kimi bələd idi və həm də bir DTN agenti idi ki, ləqəbi "Şahsabahlı".

Yəni bütün detallar elə incəliklə, elə sahmanlı sıralanmışdı ki, sonra əl altından "Radist"in bir silsilə məlumatlarını yoxlayan Türkiyə tərəfin kəşfiyyatı əmma qoyulası məqam tapmamışdı və o səbəbdən də qərara almışdı ki, bu adamdan öz agenti kimi yararlana bilər.

Türkiyədə olan Azərbaycan siyasi mühacirətinin təmsilçilərinin də əksəri "Radist"i şəxsən tanıdıqlarından onunla bağlı orada aparılan araşdırmalar müsbət nəticə verəcəkdi, ondan istifadə edilməsi qərarına gəlinəcəkdi.

Bu müfəssəl "hekayət"i mütaliə etdikcə əmin olursan ki, Heydər Əliyev cavan yaşında artıq həm Avropada, həm İran və Türkiyədəki siyasi mühacirətimizin, demək olar ki, bütün nümayəndələri haqda geniş təsəvvürə və biliyə malikmiş. Çünki bilməsəydi, belə bir sanballı plan da tərtib edə bilməzdi. Həmin məlumatları o dövrdə ala bilməyin yeganə qaynağı isə elə Təhlükəsizlik Nazirliyinin arxivi idi. Həmin qapalı sənədlərə də gənc əməkdaş kimi Heydər Əliyevin yolu təzəcə açılmışdı.

Baxın ki, bu geniş və dərin bilikləri qazana bilmək, qafasına zəruri informasiyaları, faylları bir kompüterə yükləyən kimi, yığa bilmək üçün o, hər gün usanmadan, yorulmadan, bezmədən neçə saat çalışırmış.

"Radist" xaricə keçəcəyini, təbii ki, ailəsinə də deməməli idi. O ərəfədə hərbi komissarlıqdan çağırış gəlməli idi ki, Qazaxıstana 6 aylıq radiorabitəçilər kursuna göndərilirsiniz. "Radist" də ailəsinə bildirməliydi ki, bəs bu, çox sərfəli bir ezamiyyətdir, ayda 1.500 manat da təqaüd veriləsidir ki, onu da sizə göndərəcəm.

Bu təfərrüatlar da əhatəli "hekayət"in inandırıcı bəndləri arasında öz yerini almışdı.

1951-ci il dekabrın 26-dan 27-nə keçən gecə, saat 4-də "Radist" rezin qayıqla Arazı üzüb keçir, sərhədçilərə təslim olur.

Onu Ərzurumda xəstə əsgər adı ilə xüsusi nəzarət altında bir palatada yerləşdirirlər və 4 ay ərzində, demək olar ki, onunla hər gün dindirmələr aparılır. Adətən də gecə saatlarında.

Bu işi vərəqlədikcə o vaxt sovetin dili ilə düşmən kimi təqdim edilmiş, indi isə müasir milli tariximizin bilinməli səhifələri, yadda saxlanmalı bir silsilə adları da qarşımıza çıxır.

"Radist"in Türkiyədə olarkən görüşdüyü adamlardan biri 1895-ci il təvəllüdlü, AXC dönəmində Gəncə və Ağdaşın pristavı olmuş, 1930-cu illərdə öz silahlı dəstələrini yaradaraq sovet hökumətinə qarşı qaçaqçılıq etmiş, sonra isə qardaşları və bir dəstə silahdaşı ilə Türkiyəyə mühacirət etmiş Qiyas bəy Cahandar bəy oğlu Şıxlinski idi. 1946-cı ilə aid məlumatlardan üzə çıxır ki, Qiyas bəyin İqdır kəşfiyyat məntəqəsinin rəisi Hüsni bəylə çox sıcaq münasibətləri varmış və Azərbaycanda antisovet gizli fəaliyyətin təşkili səmtində birgə iş aparırlarmış.

Bunları istiqlal tariximiz üçün əhəmiyyət daşıyan soraqlar kimi açıram ki, bu həqiqət də bilinsin - millətimiz heç zaman müti olmayıb, sovetin ən qəddar zamanlarında da müstəqilliyimizin bir gün yenə qayıdacağına, üçrəngli bayrağımızın təzədən ucalacağına inamla fədakar mübarizələrini davam etdirib.

Bu cildlərdə milliyyətcə kürd olan, 1900-cü il təvəllüdlü, 1917-ci ilin 17 iyununda başının 499 nəfərlik dəstəsi ilə İrandan SSRİ-yə keçmiş, məsləkdaşları ilə birlikdə Özbəkistanda yaşayan Şeyx Məhəmməd oğlu Molla Mustafa Bərzaninin də adı keçir. Ona görə xatırlayıram ki, 1946-cı ilin dekabrında Cənubi Azərbaycanda Milli Hökumət şah qüvvələri tərəfindən amansızlıqla devrilərkən həmin bu Molla Mustafa İranın hökumət qoşunlarına mərdliklə müqavimət göstərib.

...1952-ci il aprelin 23-də "Radist"i əsgər geyimində örtülü maşında bir neçə yüksək çinli xüsusi xidmət əməkdaşının müşayiəti ilə Ərzurum şəhərindən Qarsa, oradan da Şahnair sərhəd batalyonunun qərargahına gətirirlər. Aprelin 24-də o, SSRİ-də yerinə yetirməli olduğu xüsusi tapşırıqla Qızılçakçak rotasının qərargahına göndərilir, oradan da Mehmedabad sərhəd postuna aparılır və qaranlıq düşəndən sonra libası dəyişdirilir, mülki geyimdə "Radist" sovet ərazisinə atılır.

Ona tapşırıq verilmişdi ki, Azərbaycandakı hərbi hissələrin sayı və harada yerləşməsi, hərbi hissələrin adları və nömrələri, onların komandirləri haqqında məlumatlar toplasın. Tapşırıq vermişdilər ki, növbəti dəfə qayıdanda özü ilə iranlı siyasi mühacirlərin qəzetlərinin bir neçə nömrəsini götürsün və keçmiş müsavatçılardan kimisə özü ilə bu tərəfə gətirməyə nail olmağa çalışsın.

Heydər Əliyevin "Radist"in gördüyü işlər haqda hesabatları ilə tanış olandan sonra 1953-cü il yanvarın 23-də SSRİ DTN-dən Bakıya bu agentdən istifadənin yeni mərhələsi ilə bağlı məktub gəlir.

1955-ci il iyunun 10-da "Radist" Türkiyəyə təkrarən göndərilişi ilə bağlı Moskvaya dəvət edilir.

Və Moskvadan artıq başqa təxəllüslə - "Volqin" kimi qayıdır.

1955-ci il oktyabrın 21-də yenidən atılır Türkiyəyə.

1955-ci ilin 28 oktyabrından etibarən onu mütəmadi danışdırırlar. Dindirmələr 1955-ci ilin son dekabr günlərində bitir.

1956-cı il iyunun 12-dən 13-nə keçən gecə "Volqin" sərhədi növbəti dəfə pozur. Bu dəfə Türkiyədən Azərbaycana keçir.

Bundan əvvəlsə o, İstanbulda olmuşdu, Türkiyə və Amerika kəşfiyyatları ona SSRİ-də yerinə yetirməli olduğu tapşırıqların siyahısını təqdim etmişdi.

O səliqə ki bu cildlərdəki sənədlərdə 1952-1953-cü illərdə var, 1954-1955-ci illərdəkində yoxdur.

Çünki 1954-1955-ci illər bu qurumda Heydər Əliyevə qarşı təqiblərin başlandığı dövr idi, məqsədləri də onun axırına çıxmaqdı.

Ancaq bacarmırlar. Heydər Əliyev yenə qayıdır, yenə yüksəliş pillələri ilə ucalmağa başlayır.

Bu cildlərdə yer alan - Moskvadan mövzu ilə bağlı göndərilən xidməti yazışmalarda altda generalların imzalarıdır.

Bu, görülməli işə Mərkəzin diqqətinin səviyyə göstəricisidir.

Bakıdan göndərilən cavabların ən mühümlərinin icraçısı baş leytenant Heydər Əliyev.

Bu da cavan bir insanın yaşından qabağa gedərək hansı öncül, aparıcı səviyyəyə çatmasının göstəricisi!

...Bu qovluqlar ki açıram, bu cildlər ki vərəqləyirəm, onları məndən əvvəl dönə-dönə açıblar, baxıblar, hələ üstəlik bu cildlərdən bir dərs vəsaiti, bir ülgü kimi yararlanıblar. Amma bütün bunlar hansısa kitabxanada, qiraətxanada deyil, bəlli idarənin kənar adamların yol tapması müşkül olan sükutlu divarlarının arasında baş verib. Həmin cildlər 70 il əvvəlin yadigarı olsa da, hələ də üstündən məxfilik möhürü silinməyib, indiyədək qıraq gözlərə görünmədən qalmaqdadırlar.

Dövlət təhlükəsizliyi şəbəkəsində çalışan daha yaşlılar bu cildləri heyranlıqla vərəqlədikcə daha cavanlara "öyrənin, belə olmağa alışın" öyüdünü veriblər.

Ancaq belə olmaq nə dildə deyildiyi qədər asandır, nə də bir insanın ən inadcıl canatmalarından axıracan asılıdır.

Heydər Əliyevin bir vaxtlar yerinə yetirdiyi işlərdən indi bir dərslik kimi bəhrələnmək olar. Amma onlardan dərs alaraq yeni nəsə edə bilməkçün həm də gərək səndə o böyük şəxsiyyətə xas xüsusiyyətlərdən izlər, işartılar ola.

Yəni gərək sənin də payına lap əzəldən, Heydər Əliyevdə olan sayaq, Allahın bəxş etdiyi parlaq istedad işığı, qabiliyyət, fəhm düşə.

Sonra - miqyaslı düşüncə, dərin təfəkkür.

Sonra - fədakar zəhmətsevərlik.

Sonra - qulpundan yapışdığın işə sonsuz sevgi.

Sonra - tutduğun yolda ardıcıllıq, qətiyyət, əzm, iradə!

Onun kimi ola bilmək çox çətindir.

Ya bəlkə elə olmaqçün məhz o cür, o keyfiyyətlərlə birgə doğulmaq gərəkdir?!

Rafael Hüseynov, Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin baş direktoru, akademik

mənbə;“525-ci qəzet”
20-12-2024, 10:04
Alimlər: Qəhvəyə şəkər əlavə edilməsi onun təsirini artırır
20-12-2024, 09:58
Sadəliyi və böyüklüyü ilə tanınan alim
16-12-2024, 11:19
Əlyazmalar İnstitutunun əməkdaşları Türkiyədə keçirilmiş beynəlxalq simpoziumda məruzə ediblər
13-12-2024, 10:43
Tarixi görüş
11-12-2024, 11:51
Filosof alim Xatirə Quliyevanın “Heydər Əliyevin Böyük Siyasət Yolu” monoqrafiyasının təqdimat mərasimi keçirilib
7-12-2024, 13:52
“Heydər Əliyevin Böyük Siyasət Yolu” monoqrafiyası işıq üzü görüb
6-12-2024, 11:09
5 dekabr Beynəlxalq Könüllülər Günü münasibətilə AMEA-nın prezidenti “MEK könüllüləri”ni təbrik edib
3-12-2024, 10:45
Şəhidlərə həsr olunmuş kitablar MEK-ə təqdim olunub
27-11-2024, 11:18
Kosmosda çox qalmaq idrak qabiliyyətini zəiflədir
27-11-2024, 11:11
Tarix Muzeyində Avropa Milli Geyimləri nümayiş olunub
26-11-2024, 11:07
Oğuzda şabalıdın məhsuldarlığı aşağı düşüb, qiymətlər xeyli artıb
22-11-2024, 11:16
AQTA sədri ictimai iaşə xidmətləri sahəsində fəaliyyət göstərən sahibkarları qəbul edib
22-11-2024, 11:09
Azərbaycan Basketbol Federasiyası məşhur idman statistika portalı ilə müqavilə imzalayıb
21-11-2024, 10:27
ABŞ-da təhsil alan azərbaycanlı tələbələrin sayı açıqlanıb
21-11-2024, 10:22
Professor Gülər Abdullabəylinin Varşavada kitabı işıq üzü görüb
20-11-2024, 12:37
“Lambert Akademik” nəşriyyatı Azərbaycan alimlərinin məqalələr toplusunu nəşr edib
16-11-2024, 11:22
Yaşıl sivilizasiyanın COP29 anonsu
16-11-2024, 11:17
Prezident İlham Əliyevin bədxahları məyus edən xəbərləri və ya Azərbaycanın geniş açılan qanadları
14-11-2024, 23:16
Monqolustan prezidenti Milli Azərbaycan Tarixi Muzeyini ziyarət edib
14-11-2024, 23:10
AMEA prezidenti akademik İsa Həbibbəyli COP29 çərçivəsində Nobel mükafatı laureatı Məhəmməd Yunusla görüşüb
14-11-2024, 23:03
"İqlim dəyişikliyi ilə mübarizədə regional və transsərhəd əməkdaşlığın maliyyələşdirilməsi" mövzusunda konfrans keçirilib
14-11-2024, 22:58
BMT-nin Ətraf Mühit Proqramı nümayəndəsi: Azərbaycandan yüksək gözləntilərimiz var
13-11-2024, 11:25
COP29-da birinci xanımların iştirakı ilə “Gənclər iqlim fəaliyyətlərinin ön cəbhəsində” mövzusunda konfrans keçirilib
13-11-2024, 11:21
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib
13-11-2024, 10:44
Bakıda COP29-un açılış mərasimi keçirilir 12.11.2024
11-11-2024, 14:05
Lambert Akademik Nəşriyyatı “Articles of Azerbaijan Scientists. ANAS – 80” məqalələr toplusunu nəşr edib
10-11-2024, 14:31
AMEA Müqəddəs MƏBƏDİMİZ, Gözümüzdən artıq GÖZBƏBƏYİMİZDİR!
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031