Əbədi mogikan
Azərbaycan Respublikasının Xalq rəssamı Ömər Eldarov heykəl yaratmaq işinə kompozisiyalı heykəltaraşlıqla başlamışdır. İ.Repin adına Leninqrad Rəssamlıq Akademiyasının tələbəsinin diplom işi kimi yaradılmış “Gənc qvardiyaçılar” barelyefi (1951) ideoloji istiqamətindən asılı olmayaraq, orijinal portretlər qalereyasıdır.
Bu kompozisiya eyni yaşda olan və vahid amala xidmət edən səkkiz nəfər gənc qvardiyaçının bir-birini təkrar etməyən obrazlarının tuncdan tökülmüş təqdimatıdır. Bu, Ömər Eldarovun kompozisiya, həm də daşla canlandırılan portretlər yaratmaq istedadının real təzahürüdür. Həmin obrazlardan hər birini ayrıca bənzərsiz heykəl kimi ucaltmaq olar. Və ya “Gənc qvardiyaçılar” heykəltaraşlıq kompozisiyası həmin mövzuda yazılmış bir romanın fəlsəfəsini daş təsvirlərlə əks etdirir. Ömər Eldarovun “Güllələnmə” kompozisiyası da (1977) süjetli heykəltaraşlığın nadir nümunəsidir. Bu, repressiya faciəsinin sərt dramatizminin orijinal heykəltaraşlıq həllindən ibarət olan təsirli sənət hadisəsidir. “Güllələnmə” kompozisiyası Ömər Eldarovun repressiya mövzusunda məharətlə yaratdığı heykəltaraşlıq epopeyasıdır. Son ölüm hökmü anında ayrı-ayrı insanların keçirdikləri fərqli hisslər bu kompozisiyada biri digərini qətiyyən təkrar etməyən düşünülmüş detallar vasitəsilə ifadə olunmuşdur. Beləliklə, Ömər Eldarov “Gənc qvardiyaçılar” və “Güllələnmə” heykəltaraşlıq kompozisiyalarında oxşar taleli insanların fərqli xarakterlərini tişə ilə canlandırmağı bacarmışdır.
İdeya cəhətdən fərqli olmasına baxmayaraq, mövzunun bədii həlli baxımından “Gənc qvardiyaçılar” ilə “Güllələnmə” barelyefləri arasında möhkəm bir daxili bağlılıq vardır. Burada obrazların daxili-mənəvi gərginliyi təkcə həyəcanı deyil, həm də etirazı ifadə edir. Ömər Eldarov təqdim etdiyi obrazın daxili aləmini ifadə edəndə rəssam, portretlərin fiqurunu quranda heykəltaraş, onların ümidsizlik və etirazlarını əks etdirəndə vətəndaş-filosof kimi çıxış edir. Ona görə də mahir heykəltaraşın kompozisiyaları tam halda ifadəli, təsirli görünməkdən başqa, həm də ictimai məzmunlu mühüm bir fikri mənalandırır. Ömər Eldarovun heykəlləri incəsənətin bir çox sahəsini özündə kompleks şəkildə təcəssüm etdirən fərqli sənət əsərləridir.
Bu qəbildən olan ağacdan yonulmuş “Dəniz neftçiləri” kompozisiyasında (1964) insanın dözümü və iradəsi heykəltaraşlıq dili ilə mənalı bir şəkildə ifadə olunmuşdur. Bu cəhətdən heykəltaraş Ömər Eldarovla rəssam Tahir Salahovun əsərləri ideya-sənətkarlıq, xüsusən də mövzunun bədii həlli baxımından bir-birinə çox yaxındır. Əslində, həmin yaxınlıq bu qüdrətli sənətkarların hər ikisinin sənətdə əsaslandığı əsas prinsipin - sərt realizm yaradıcılıq metodunun daxili məntiqindən irəli gəlmişdir. Sovet hakimiyyəti illərində sosialist realizmi yaradıcılıq metodunun tələb etdiyi nikbin əhvali-ruhiyyənin əksinə olaraq, Tahir Salahov və Ömər Eldarov rəsmlərində və heykəllərində həyatın, insan talelərinin gərginliklərini böyük məharətlə diqqət mərkəzinə çəkmişlər. Bu məqamda görkəmli sənətkarları “Gənc qvardiyaçılar” barelyefində, yaxud “Dəniz neftçiləri” kompozisiyasında “Dəniz neftçiləri” oymasında və ya “Azərbaycan diviziyası” heykəl kompleksində olduğu kimi mövzunun aktuallığı xilas etmişdir. Əslində isə mövzusunun aktuallığı baxımından sosialist realizmi yaradıcılıq metodu ilə səsləşən kompozisiyalı heykəllərində Ömər Eldarov mahiyyət etibarilə sosializm cəmiyyətindəki çətinliklərlə üz-üzə qalan, dərin sarsıntılar keçirən, mərd, dözümlü insanların ən çətin anlarda da ümidlərini itirmədiklərini böyük ustalıqla, məharətlə ifadə edə bilmişdir. Bu mənada xarici mətbuatda işlədilən “sərt realizm” təyinatı sosialist realizminin təzahür formalarından biri kimi yozularaq, müəllifinin cəmiyyətin irəliyə doğru inkişafındakı maneələri göstərərək sabaha ümidlə baxması ampluasında mənalandırılmışdır. Əsl həqiqətdə isə Ömər Eldarov süjetli heykəltaraşlıq əsərləri ilə Azərbaycan xalqının keçdiyi əzablı yolların epopeyasını yaratmışdır. Bu mənada o, ideoloji mahiyyətinə görə yox, tam əksinə, sənətdə tutduğu çətin və bənzərsiz mövqeyi etibarilə XX əsr monumental heykəltaraşlıq sənətinin "gənc qvardiya"sını təmsil etmişdir.
Ömər Eldarovun, demək olar ki, əksər heykəlləri özünəməxsus süjetə və kompozisiyaya malikdir. Mahir heykəltaraş tişə ilə yaratdığı obrazların, yaxud tarixi xidmətlərini əks etdirdiyi şəxsiyyətlərin, diqqət mərkəzinə çəkmək istədiyi detalların münasib formada yerləşdirməsi ilə düşünən heykəl ətrafında yorulmaz və ciddi yaradıcılıq əməliyyatları aparır. Bu mənada Ömər Eldarovun heykəl kompleksi həm də maarifçilik missiyasını həyata keçirir. Hətta görkəmli heykəltaraşın bir sıra heykəlləri abidə ansamblı kimi təqdim olunur. Tacikistandakı Sədrəddin Ayni və Bakıdakı Əzim Əzimzadə heykəlləri doğru olaraq janr baxımından abidə-ansamblı adlandırılmışdır. Bu abidələrin ətrafında həmin sənətkarların yaradıcılıq ideallarını, sənət dünyasını əks etdirən heykəl fiqurları mütənasib şəkildə yerləşdirilərək həm təqdim olunan görkəmli şəxsiyyətin çoxcəhətli fəaliyyətini, həyata və sənətə baxışlarını, həm də onun yaşadığı mühitin zəruri detallarını tamaşaçıya çatdırır. Beləliklə, heykəl yalnız şəxsiyyətin deyil, geniş mənada zamanın abidəsi statusunu yerinə yetirir. Bu mümkün olmadığı hallarda isə Ömər Eldarov böyük məharətlə Məhəmməd Füzuli heykəlində olduğu kimi, süjeti abidənin pyedestalında əks etdirir. Bu mənada Ömər Eldarov Azərbaycan heykəltaraşlığına barokko əlamətləri əlavə etmiş, milli heykəltaraşlıq sənətini düşündürücü detallarla daha da zənginləşdirmişdir.
Xalq rəssamı Ömər Eldarov Azərbaycan monumental heykəltaraşlığında görkəmli siyasi və ədəbi şəxsiyyətlərin özünəməxsus heykəllərini yaratması ilə səciyyələnir. Düşüncə Ömər Eldarovun şəxsiyyət heykəllərinin xarakter xüsusiyyətini müəyyən edir. Onun heykəlləri düşünən, mütəfəkkiranə heykəllərdir. Məlum olduğu kimi, Azərbaycan heykəltaraşlığında dinamik (əl hərəkəti qabarıq olan), statik (pasport şəkli kimi) və monumental (əzəmətli) obrazlar yaratmaq ənənəsi geniş yer tutur. Milli heykəltaraşlıq sənətində düşünən heykəltaraşlıq üslubunun məxsusi bir istiqamət səviyyəsinə çatdırılması məhz Ömər Eldarovun adı ilə bağlıdır. Ömər Eldarovun ilk heykəllərindən olan əsərini "Şair Xurşidbanu Natəvanın portreti" adlandırması (1955) onun müraciət etdiyi obrazı xarakterik portret cizgiləri ilə birlikdə ifadə etmək qayəsinin ifadəsidir. İstedadlı heykəltaraş Xurşidbanu Natəvanın şairəlikdən gələn lirizmi ilə oğlunun cavan yaşlarında vəfat etməsindən doğan kədərini üzvi surətdə, əlaqəli şəkildə təqdim etməklə yaratdığı obrazın tam portretini canlandırmışdır. Hətta Xurşidbanu Natəvanın incə gümüş kəməri, əlindəki qələmi, yaxasındakı medalyonu da şeirlərindəki zərif düşüncəni ifadə etməyə uğurla xidmət edir. Lakin şairin gözlərində və sifətində, dən düşmüş saçlarında ifadə olunan kədər cizgiləri və əlini başına qoyaraq xəyala dalması düşünən heykəlin tapılmış detallarıdır. Bu heykəldə Natəvanın bütün cizgilərini çox təbii şəkildə yaratmaqla Ömər Eldarov heykəltaraşlıqda impessionist dühasına malik sənətkar olduğunu nümayiş etdirir. O, Xurşidbanu Natəvanın həm ağacdan oyma, həm də tunc heykəllərində obrazın ən zəruri xarakterik cizgilərini az qala güzgüdə olduğu kimi çox dəqiq və canlı şəkildə ifadə etməyi bacarmışdır. Bu mənada Ömər Eldarov heykəltaraşlıq sənətinin mahir impressionistidir. Belə məqamlarda Xalq rəssamı Ömər Eldarov heykəltaraş-rəssam kimi çıxış edir.
O, Azərbaycan heykəltaraşlığında tişə ilə fırçanın imkanlarını üzvi surətdə birləşdirərək, canlı, ifadəli heykəllər yaratmağı bacarmışdır. Ömər Eldarov Azərbaycanda heykəltaraşlıq sənətinin rəssamı funksiyasını yerinə yetirən nadir sənətkarlardan biridir. Düşünən və düşündürən heykəllər yaratmaq onun demək olar ki, əksər əsərlərində nəzərə çarpmaqdadır. Ömər Eldarovun Tacikistanın Düşənbə şəhərində ucaldılmış Sədrəddin Ayninin (1978) və məşhur İbn Sinanın (1980), Hindistanın Comolunqması sayılan, Nobel mükafatı laureatı Robindranat Taqorun (1987), Ankaradakı İhsan Doğramacının (2001), maestro Niyazinin (2017) Bakı şəhərindəki heykəlləri mütəfəkkir heykəltaraş düşüncəsinin möhtəşəm abidələridir. Azərbaycan ədəbiyyatının görkəmli yaradıcılarından olan Hüseyn Cavidin Bakı şəhərindəki heykəlində ifadə olunan dərin düşüncə romantik kədərin daşlaşmış məbədidir. Doğrudur, Hüseyn Cavid heykəlinin kompozisiyasındakı dinamika həmin romantik kədərin dərin ümidlərlə bağlı olduğunu düşünməyə əsas verir. Bu yolla düşünən Hüseyn Cavidlə düşündürən süjet xətti obrazın xarakterini, taleyini və bütövlüyünü tamamlayır. Hətta Hüseyn Cavidin heykəlinin pyedestalını təbii daşdan yonmaqla Ömər Eldarov sənətkarın qazandığı əbədiyyəti heykəltaraşlıq dili ilə nəzərə çarpdırmışdır. Xurşidbanu Natəvanın həm ağacdan oyma, həm də tunc heykəllərində obrazın ən zəruri xarakterik cizgilərini az qala güzgüdə olduğu kimi, çox dəqiq və canlı şəkildə ifadə etməyi bacarmışdır. Bu mənada akademik Ziya Bünyadovun, görkəmli bəstəkar Üzeyir bəy Hacıbəylinin, Fikrət Əmirovun, Niyazinin qəbirüstü abidələri Ömər Eldarovun sərt realizminin fərqli təzahürləri kimi cəlbedici və düşündürücüdür. Bu heykəllərin hər birinin özünəməxsus düşündürən ibrətamiz detalları mövcuddur. Rəssam Səttar Bəhlulzadənin abidəsi (1965) isə realist-romantik heykəldir. Böyük sənətkarın üzündəki dərin düşüncə və əllərinin sual işarəsi şəklində təqdimatı onun Azərbaycan təbiətinin incəliklərini tapıb üzə çıxarmaq və yağlı boya ilə kətana köçürmək istedadının ağacdan yonulmuş təbii görüntüsüdür. Təkrarsız rəsm əsərləri kimi Səttar Bəhlulzadə özü də Ömər Eldarovun təqdimatında yaradıcı dühanın dərin düşüncələrini bütün təbiiliyi ilə əks etdirir. Səttar Bəhlulzadənin tuncdan tökülmüş memorial heykəlində də Ömər Eldarov tərəfindən eyni düşüncə ampluası qorunub saxlanılmışdır.
Azərbaycan lirik şeirinin böyük ustadı Məhəmməd Füzulinin heykəli Xalq rəssamı Ömər Eldarovun düşünən heykəllər silsiləsinin zirvəsidir. Heykəltaraş Tokay Məmmədovla birlikdə yaratdıqları və 1963-cü ildə Bakı şəhərində ucaldılmış bu möhtəşəm abidə Məhəmməd Füzulinin dünyəvi kədərini, dərin poetik-fəlsəfi düşüncəsini dolğun şəkildə əks etdirir. Ömər Eldarovun Məhəmməd Füzuli heykəli Azərbaycan heykəltaraşlıq sənətinin "Leyli və Məcnun"udur. Məşhur "Leyli və Məcnun" poemasında olduğu kimi, Məhəmməd Füzuli heykəlində də şəxsiyyətlə aşiqanəliyin harmoniyası yaradılmışdır. Pyedestalın üzərindəki "Leyli və Məcnun" süjetləri Füzulinin heykəl obrazını tamamlayır. Azərbaycan xalqının qəlbində Məhəmməd Füzulinin obrazı Ömər Eldarovun yaratdığı heykəllə əbədiləşmişdir. Bu möhtəşəm abidə Bakı şəhərinin mərkəzində Məhəmməd Füzulinin açıq kitabıdır. Nəinki ölkəmizin bu mövzuya bələd olan vətəndaşları, hətta Azərbaycana ilk dəfə gələn xarici turistlər də Məhəmməd Füzuli heykəlini diqqətlə "oxumaqla" bu böyük sənətkarın yaradıcılıq idealları haqqında aydın təsəvvür edə bilər. Ömər Eldarovun Füzulisi qranitdən yoğrulmuş əbədi eşq heykəlidir. Bütün bunlar göstərir ki, Ömər Eldarovun yaratdığı heykəllər təkcə ənənəvi postamentdən və şəxsiyyətin əzəmətli görüntüsündən ibarət olmayıb, daha çox fikir, düşüncə, mətləb ifadə edən monumental sənət nümunələridir. Bu heykəllər insan düşüncəsinin abidələridir. Ömər Eldarov heykəlin əzəmətini canlandırarkən mahir heykəltaraş, onun fikir və düşüncələrini ifadə edərkən görkəmli akademikdir. Onun sənətində heykəltaraşlıqla akademik düşüncənin möhkəm üzvi sintezi vardır.
Mətləb - düşüncə ifadə etmək baxımından Ömər Eldarovun əsərləri mütəfəkkir heykəllərdir. Akademik yanaşma ilə bədii idrakın vəhdəti Ömər Eldarovun heykəltaraşlığının mahiyyətini təşkil edir. Ömər Eldarovun zəngin yaradıcılığı mütəfəkkir heykəltaraşlıq akademiyasıdır. Akademik Ömər Eldarov Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, mütəfəkkir akademik heykəltaraşlıq məktəbinin müəllifi, yaradıcısıdır. O, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, akademik heykəltaraşlığın fəxridir. Bütün bunlara görə Ömər Eldarov özü də Xalq rəssamı fəxri adı ilə akademik elmi rütbəsini eyni ucalıqda daşıyan və yaşadan mütəfəkkir heykəltaraşdır. Dahi heykəltaraşın əksər heykəlləri həm də onun möhtəşəm elmi əsərləridir.
Xalq rəssamı Ömər Eldarovun heykəltaraşlığında lirizmin və bədii detalların zənginliyinin də özünəməxsus yeri vardır. Onun demək olar ki, bütün heykəllərində lirika əlamətləri həkk olunmuşdur. Şair Natəvanın heykəli bütünlüklə şeiriyyətdən yoğrulmuşdur. Ömər Eldarovun Natəvanı qranitdən yoğrulmuş lirik-romantik nəğmədir. Məhəmməd Füzulinin heykəlinin pyedestalındakı Leyli və Məcnun obrazlarının təsvirləri dahi şairin lirikasının daşlaşmış rəmzləridir. Robindranat Taqor heykəlinin yaxasındakı naxışlar "Nobel" mükafatı laureatı olmuş dahi sənətkarın fikir və düşüncə zənginliyinin tişə ilə yaradılmış əks-sədasıdır. Rəşid Behbudovun heykəli - əbədi çağlayan və oxuyan daş abidədir. Akademik Zərifə xanım Əliyevanın abidəsi sözün həqiqi mənasında Azərbaycan milli heykəltaraşlıq sənətinin müasir səviyyəsinin yüksək göstəricisidir. Fikrimizcə, bu nadir sənət əsərinin "Elegiya" adlandırılması da təsadüfi olmayıb, həm də abidənin ruhundakı mehri, lirizmi mənalandırır. Akademik Zərifə xanım Əliyevanın abidəsini özünün incəliyi və lirizmi etibarilə Azərbaycan poeziyasının şah əsərlərini yaratmış Məhəmməd Füzulinin lirikası ilə müqayisə etmək olar. Bu abidə Azərbaycan heykəltaraşlıq sənətinin tuncdan tökülmüş incə ruhlu poeziyasıdır. Bakı şəhərində, Dənizkənarı parkda, Xəzərin sahilində 2022-ci ildə ucaldılmış Müslüm Maqomayevin heykəli Azərbaycan monumental heykəltaraşlığının şah əsərlərindən biridir. Bu mənalı və əzəmətli heykəl dünyaşöhrətli Azərbaycan müğənnisi Müslüm Maqomayevin böyük sənəti ilə xalqına və ölkəsinə bağlılığının möhtəşəm ifadəsidir. Ümumiyyətlə, Ömər Eldarov böyük şəxsiyyətlərin heykəllərini yaradarkən onların sənətinin özünəməxsusluqları ilə vətənə, xalqa bağlılıqlarını vəhdətdə ifadə etmək məharəti nümayiş etdirir.
Ömər Eldarovun bütün əsərlərində özünü göstərən sənətkarlıq xüsusiyyətləri cəm halda ustad heykəltaraşın görkəmli dövlət xadimi Heydər Əliyevə həsr olunmuş heykəl-abidələrində özünün parlaq əksini tapmışdır. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin çoxsaylı heykəllərini ucaltmış Ömər Eldarov heç vaxt özünü təkrar etməmişdir. O, hər dəfə bu dahi şəxsiyyətin obrazını yaradarkən onu fərqli bir düşünülmüş detalla daha da zənginləşdirmişdir. Ömər Eldarovun heykəltaraşlıq Heydər Əliyevnaməsində xalqımızın və ölkəmizin xilaskarı, müstəqil dövlətimizin banisi və böyük qurucusu Heydər Əliyevin möhkəm iradəsi, qətiyyəti, müdriklik və uzaqgörənliyi parlaq şəkildə əks etdirilmişdir. Ömər Eldarov bu əbədiyaşar şəxsiyyətin heykəllərini yaradarkən heç vaxt hər hansı bir effekt yaradacaq əlavə detala istinad etməmişdir. O, mümkün olduqca böyük müasiri, yaxından tanıdığı, şəxsiyyətinin və siyasətinin miqyasını aydın surətdə mənimsədiyi Ulu Öndər Heydər Əliyevin daha çox özünü, malik olduğu dərinlik və ucalığı açmağa çalışmışdır. Ona görə də Ömər Eldarovun yaratdığı Heydər Əliyev heykəlləri dahi şəxsiyyətin əzəməti üzərində hər hansı bir yaradıcılıq əməliyyatı aparılması ilə yox, bu heykəllərin ucaldıldığı yerdə münasib məkanın tapılması ilə müəyyən olunur. Ulu Öndərin öz sağlığında Naxçıvanda ucaldılmış büstünün arxasında görünən Möminəxatun türbəsi və Araz çayı onun böyük vətənpərvər, uzaqgörən azərbaycançı dahi rəhbər olduğunu göstərir. Eyni zamanda Naxçıvandakı büstünün ətrafında bir neçə ölkənin coğrafi sərhədləri və ərazilərinin görünməsi Heydər Əliyevin beynəlxalq aləmdə qəbul olunan dünyamiqyaslı böyük siyasi xadim olması fikrini ifadə edir. Görkəmli dövlət xadimi Heydər Əliyevin Naxçıvan şəhərinin Baş meydanındakı əzəmətli heykəlinin fonundakı Muzey salnaməsi Azərbaycan xalqının ən çətin, məsuliyyətli illərində böyük dövlət xadiminin bu diyarda çalışıb işlədiyinə, xilaskarlıq missiyasını həyata keçirməsinə mənalı bir işarədir. Türkiyə Cümhuriyyətinin Qars şəhərində ucaldılmış Heydər Əliyev abidəsinin fonundakı qədim və möhtəşəm qala bu qüdrətli liderin türk dünyasında daşıdığı missiyanı dolğun surətdə ifadə edir. Açıq səma və doğma torpaq Heydər Əliyev heykəllərinin daşıdığı əbədiyyət mənasını diqqət mərkəzinə çəkir.
Bakı şəhərində Fəxri xiyabandakı Heydər Əliyev kompleksi üçün seçilmiş fon - mərmər qranit üzərində Azərbaycan xəritəsinin canlandırılması rəmzi şəkildə Heydər Əliyevin ölməz adının Azərbaycan xalqı ilə və müstəqil dövlətimizlə əbədiyyətə qədər bərabər olacağını mənalandırır. Fəxri xiyabandakı Heydər Əliyev heykəli Azərbaycan memarlığının şah əsəridir. Bu möhtəşəm abidə sözün əsl mənasında xalqımızın və dövlətimizin simvoluna çevrilmiş Ümummilli Liderin bütün əzəmətini özündə əyani surətdə əks etdirir. Hər dəfə insanlar bu ölməz sənət abidəsinin qarşısından keçərkən dərin iftixar hissi ilə "Borcumuzdur bu ehtiram" deyərək irəliyə doğru addımlayırlar.
Ümumiyyətlə, Xalq rəssamı Ömər Eldarov Azərbaycan heykəltaraşlıq sənətində dövlətçilik təfəkkürünün yerini və əhəmiyyətini geniş və qabarıq şəkildə əks etdirən heykəltaraşdır. Ümummilli Lider Heydər Əliyevə həsr etdiyi heykəllər qalereyası böyük sənət əsərləri olmaqla yanaşı, həm də Azərbaycanın dövlət müstəqilliyinin heykələ çevrilmiş sanballı əsərləridir. Eyni zamanda Ömər Eldarovun təqdimatında Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün heykəli də qardaş ölkəmizin dövlətçilik abidəsi kimi ucaldılmışdır. Dağıstanda, Mahaçqala şəhərində qoyulmuş görkəmli elm və dövlət xadimi Əziz Əliyevin əzəmətli heykəlində də dövlətçilik notları əks etdirilmişdir. Bütün bu heykəllər həm də Ömər Eldarovun mükəmməl dövlətçilik baxışlarına malik görkəmli elm və sənət xadimi olduğunu göstərir. Azərbaycan cəmiyyətində Ömər Eldarov həm də tanınmış ictimai xadim kimi qəbul olunur.
...Xalq rəssamı Ömər Eldarovun düşünən heykəlləri həm də düşündürən heykəllərdir. Düşünən heykəllərin insanları düşündürməsi onu yaradan ustad heykəltaraşın bu torpağın böyük şəxsiyyətlərinə ehtiramı, ölkəsinin sabahına dərin inamıdır.
Düşünən heykəltaraşlıq Azərbaycan monumental heykəltaraşlıq sənətinin Ömər Eldarov mərhələsidir. Xalq rəssamı Ömər Eldarov Azərbaycan heykəltaraşlıq sənətində düşünən heykəltaraşlıq məktəbinin yaradıcısıdır.
Yaradıcılıq emalatxanasında olarkən əyani şəkildə gördüm ki, Ömər Eldarov ömrünün 95 yaşında ölkəmizi və dünyanı bəzəyəcək, xalqımızı düşündürərək irəli apara biləcək yeni-yeni heykəllər haqqında düşünür.
Ömər Eldarovun yaradıcılıq emalatxanası işləyən, çalışan heykəltaraşlıq fabrikasına bənzəyir. Buradakı əmək alətləri, xammal bazası, yarımçıq işlər, hazır məhsullar "fabrikantın" həyat eşqini, tükənməz enerjisini, heyrətamiz zəhmətini, qurub-yaratmaq əzminin miqyasını təsəvvür etməyə imkan verir. Ömər müəllim təkbaşına Fərhad - Qaraca Çoban kimi böyük bir istehsal müəssisəsinin və ya bir institutun fiziki işini görür və qeyri-adi, möhtəşəm yaradıcılıq vəzifələrini uğurla həyata keçirir. Lüğətində yorulmaq anlayışı olmayan Ömər Eldarov ən böyük mənəvi rahatlığını ardıcıl yaradıcı fəaliyyətdə, dönmədən qurub-yaratmaqda tapır.
Xalq rəssamı, akademik Ömər Eldarovun emalatxanasından çıxan heykəllər Azərbaycan heykəltaraşlıq sənətinin brendidir.
Bu emalatxanada saxlanılıb, hansı səbəbdənsə meydanlara köçürülməmiş orijinal Dədə Qorqud heykəli özünün mahiyyətinə görə Ömər Eldarov sənətinin rəmzi kimi görünür. Azərbaycan heykəltaraşlıq sənətinin ağsaqqalı, müasir milli ziyalılığın görkəmli nümayəndəsi olan Ömər Eldarov da sənətdə, həyatda, elm və təhsil sahəsində müdrik Dədə Qorqudun missiyasını ləyaqətlə həyata keçirir.
Emalatxanasındakı qəribə qaya parçalarına, daşdan, gips və ağacdan düzəldilmiş bitmiş və natamam fiqurlara baxarkən adama elə gəlir ki, Ömər Eldarov özü də sanki Dədə Qorqud landşaftında və mühitində yaşayır. Hansı mövzuda yaradılmasından asılı olmayaraq Ömər Eldarovun heykəlləri ilk növbədə Dədə Qorqud ruhlu azərbaycançılıq abidələridir.
Ömər Eldarov özü də bir insan kimi həyatda danışmaqdan çox düşünməyə və əməli iş görməyə üstünlük verir. Bu mənada Ömər Eldarovun heykəlləri həm də müəllifinin xarakter xüsusiyyətlərini əks etdirir. Düşünən mütəfəkkir heykəltaraşın düşündürən heykəlləri tam halda Azərbaycan heykəltaraşlığının epopeyası təəssüratı yaradır.
Xalq rəssamı Ömər Eldarov Azərbaycan heykəltaraşlıq sənətinin axırıncı mogikanıdır. Onun heykəltaraşlıqda fəth etdiyi zirvə əlçatmazlıq nümunəsidir. Sənətkarlıq baxımından təkrarsız, bənzərsiz olan Ömər Eldarov sənətini təkrar etmək mümkün deyildir. Ömər Eldarov Azərbaycan heykəltaraşlıq sənətini dünya heykəltaraşlığı səviyyəsinə yüksəltmişdir. Planetimizin müxtəlif ölkələrində ucaltdığı heykəllər dünya ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir. Azərbaycanda və dünyada heykəltaraşlıq sahəsindəki böyük xidmətlərinə görə Xalq rəssamı Ömər Eldarov əbədi mogikanlıq məqamına yüksəlmişdir.
Özünəməxsus qamətə malik Ömər Eldarov - düşünən və yeriyən, daim hərəkətdə olan, yaşayan heykəldir. Dahiyanə sadəlik, mütəfəkkir baxış və yorulmaz yaradıcı fəaliyyət Xalq rəssamı Ömər Eldarovun obrazıdır. Bu düşündürücü heykəlin isə heykəltaraşı, müəllifi onun bütün varlığı ilə xidmət etdiyi qədirbilən Azərbaycan xalqı və müstəqil dövlətimizdir.
Xalq rəssamı, akademik Ömər Eldarovun heykəltaraşlıq əsərləri geniş mənada qranitdən yonulmuş incəsənət nümunələridir. Onun heykəllərində incəsənətin bütün əsas sahələrinin orijinal cizgilərini, fərqli bədii ifadəsini tapmaq olar. Ömər Eldarovun heykəlləri - təsvir olunan şəxsiyyətin və ya hadisənin daşla ifadə edilən rəsmidir. Ömər Eldarovun heykəlləri - Azərbaycan heykəltaraşlıq sənətinin Qavaldaşıdır. Bu heykəllərin bətnində - "mətnində" dərinlikdən gələn bir səs hiss olunmaqdadır.
Ömər Eldarov - Azərbaycan heykəltaraşlıq sənətinin canlı heykəlidir. Ömər Eldarov - yaşayan heykəltaraşlıq abidəsidir.
Xalq rəssamı Ömər Eldarov Azərbaycan heykəltaraşlıq sənətinin əbədi mogikanıdır.
İsa HƏBİBBƏYLİ, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, Milli Məclisin deputatı, akademik
“Azərbaycan qəzeti”
20-12-2024, 10:04
Alimlər: Qəhvəyə şəkər əlavə edilməsi onun təsirini artırır
20-12-2024, 09:58
Sadəliyi və böyüklüyü ilə tanınan alim
16-12-2024, 11:19
Əlyazmalar İnstitutunun əməkdaşları Türkiyədə keçirilmiş beynəlxalq simpoziumda məruzə ediblər
13-12-2024, 10:43
Tarixi görüş
11-12-2024, 11:51
Filosof alim Xatirə Quliyevanın “Heydər Əliyevin Böyük Siyasət Yolu” monoqrafiyasının təqdimat mərasimi keçirilib
7-12-2024, 13:52
“Heydər Əliyevin Böyük Siyasət Yolu” monoqrafiyası işıq üzü görüb
6-12-2024, 11:09
5 dekabr Beynəlxalq Könüllülər Günü münasibətilə AMEA-nın prezidenti “MEK könüllüləri”ni təbrik edib
3-12-2024, 10:45
Şəhidlərə həsr olunmuş kitablar MEK-ə təqdim olunub
27-11-2024, 11:18
Kosmosda çox qalmaq idrak qabiliyyətini zəiflədir
27-11-2024, 11:11
Tarix Muzeyində Avropa Milli Geyimləri nümayiş olunub
26-11-2024, 11:07
Oğuzda şabalıdın məhsuldarlığı aşağı düşüb, qiymətlər xeyli artıb
22-11-2024, 11:16
AQTA sədri ictimai iaşə xidmətləri sahəsində fəaliyyət göstərən sahibkarları qəbul edib
22-11-2024, 11:09
Azərbaycan Basketbol Federasiyası məşhur idman statistika portalı ilə müqavilə imzalayıb
21-11-2024, 10:27
ABŞ-da təhsil alan azərbaycanlı tələbələrin sayı açıqlanıb
21-11-2024, 10:22
Professor Gülər Abdullabəylinin Varşavada kitabı işıq üzü görüb
20-11-2024, 12:37
“Lambert Akademik” nəşriyyatı Azərbaycan alimlərinin məqalələr toplusunu nəşr edib
16-11-2024, 11:22
Yaşıl sivilizasiyanın COP29 anonsu
16-11-2024, 11:17
Prezident İlham Əliyevin bədxahları məyus edən xəbərləri və ya Azərbaycanın geniş açılan qanadları
14-11-2024, 23:16
Monqolustan prezidenti Milli Azərbaycan Tarixi Muzeyini ziyarət edib
14-11-2024, 23:10
AMEA prezidenti akademik İsa Həbibbəyli COP29 çərçivəsində Nobel mükafatı laureatı Məhəmməd Yunusla görüşüb
14-11-2024, 23:03
"İqlim dəyişikliyi ilə mübarizədə regional və transsərhəd əməkdaşlığın maliyyələşdirilməsi" mövzusunda konfrans keçirilib
14-11-2024, 22:58
BMT-nin Ətraf Mühit Proqramı nümayəndəsi: Azərbaycandan yüksək gözləntilərimiz var
13-11-2024, 11:25
COP29-da birinci xanımların iştirakı ilə “Gənclər iqlim fəaliyyətlərinin ön cəbhəsində” mövzusunda konfrans keçirilib
13-11-2024, 11:21
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib
13-11-2024, 10:44
Bakıda COP29-un açılış mərasimi keçirilir 12.11.2024
11-11-2024, 14:05
Lambert Akademik Nəşriyyatı “Articles of Azerbaijan Scientists. ANAS – 80” məqalələr toplusunu nəşr edib
10-11-2024, 14:31
AMEA Müqəddəs MƏBƏDİMİZ, Gözümüzdən artıq GÖZBƏBƏYİMİZDİR!