Heydər Əliyev irsi: elm və təhsil
Elm və təhsil
Oxunub: 152
10 mar 2023 | 10:44

Heydər Əliyev irsi haqqında danışmaq və yazmaq bütöv bir tarixi mərhələdən bəhs etmək kimi məsuliyyətli bir işdir. Heydər Əliyev fenomeni haqqında yazılmış çoxsaylı kitablar və məqalələr hələ də bu parlaq və istedadlı şəxsiyyətin xarakterik cəhətlərini tam təhlil edə bilməmişdir. Heydər Əliyev irsinin tam dolğunluğu ilə öyrənilməsi üçün bundan sonra da geniş tədqiqatlar aparılmalı və bu tədqiqatların nəticələri təbliğ olunmalıdır.

Heydər Əliyev fitri idarəetmə istedadına, dərin zəkaya, siyasi uzaqgörənliyə və müdrikliyə, fenomenal yaddaşa, dəmir məntiqə, qətiyyət, cəsarət və humanizm kimi yüksək keyfiyyətlərə malik insan idi.

Heydər Əliyevin gərgin zəhməti və mətin iradəsi Azərbaycanı totalitar kommunist rejiminin qəsdlərindən qorudu, ölkəni vətəndaş müharibəsindən xilas edərək onun dövlətçiliyinə, müstəqilliyinə dönməz xarakter verdi, ölkənin uğurlu xarici siyasət kursunu müəyyənləşdirdi, Azərbaycanın yeni neft strategiyasını müəyyənləşdirdi. 90-cı illərin əvvəllərində Azərbaycanda baş verən hərbi-siyasi böhran, anarxiya və hakimiyyətsizlik Azərbaycanın yenicə əldə olunmuş müstəqilliyinin və dövlətçiliyinin məhvinə aparırdı. Heydər Əliyevin hakimiyyətə qayıdışı təkcə ölkəni, dövləti, torpağı deyil, bütövlükdə Azərbaycan xalqını məhv olmaq təhlükəsindən xilas etdi. Heydər Əliyev Azərbaycan dövlətinin gələcək inkişaf yollarını müəyyənləşdirdi. Bunlar: Qərbə inteqrasiya, demokratik inkişaf və hüquqi dövlət, azərbaycançılıq və vətəndaş həmrəyliyi yollarıdır.

Heydər Əliyev açıq siyasət yürüdərək dünyanın aparıcı dövlətləri, beynəlxalq təşkilatları, maliyyə qurumları ilə qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərini nəzərdə tutan strateji planı həyata keçirməyə müvəffəq oldu.

İndi respublikamızda, hətta bütün dünyada Heydər Əliyev deyəndə Azərbaycan, Azərbaycan deyəndə Heydər Əliyevin anılması təsadüfi deyil. Çünki bir-birini yaşadan və ucaldan bu iki varlıq əslində vahid anlayışa çevrilmişdir.

Heydər Əliyev böyük qurucu idi. Hansı sahəyə nüfuz edirdisə, orada yeniliklər yaradır, əsaslı bir iş görürdü. Qeyri-adi enerji, təşkilatçılıq qabiliyyəti və öncəgörmə qabiliyyəti ilə fərqlənən Ulu Öndər ən ağır və çətin vəziyyətlərdən uğurlu çıxış yolu tapması, hətta mümkün olmayanı belə gerçəkliyə çevirməsi məharətinə görə hələ sağlığında əfsanəyə çevrilmişdi.

Ötən əsrin 60-cı illərinin axırlarından Heydər Əliyev Azərbaycana rəhbərlik etməyə başladıqdan sonra Azərbaycan cəmiyyətinin yenidən qurulması sahəsində müxtəlif istiqamətlərdə geniş miqyaslı işlər həyata keçirərək Azərbaycanı sosial-iqtisadi göstəricilərinə görə keçmiş İttifaqın qabaqcıl respublikaları sırasına çıxartmışdır. Bu istiqamətlərdən biri, bəlkə də ən əsası Azərbaycanda elmin və təhsilin inkişafı olmuşdur.

Yüksək intellektə malik şəxsiyyət olan Heydər Əliyev öz fəaliyyətində və siyasi təcrübəsində hər zaman elmi fikrin ən yeni nailiyyətlərindən faydalanmışdır. O, elm və texnikanın, mədəniyyət və maarifin, ədəbiyyat və incəsənətin inkişafı ilə bağlı məsələlərin həllinə həmişə yüksək həssaslıqla yanaşmış, cəmiyyətin, xalqın inkişafını elmin və təhsilin inkişafında görmüşdür.

Ölkəmizdə elmin intensiv inkişafı, Elmlər Akademiyasının tərəqqisi Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərə təsadüf edir. Azərbaycan elmi bu müdrik və uzaqgörən rəhbərin simasında özünün ən böyük hamisini və qayğıkeşini tapmışdır. Bu sahəyə hər zaman xüsusi diqqət göstərən ölkə başçısının həyata keçirdiyi məqsədyönlü tədbirlər sayəsində fundamental tədqiqatlar xeyli genişləndi. Yarımkeçiricilər fizikası və elektroenergetika sahəsində alınmış nəticələrə görə Azərbaycan EA-nın Fizika İnstitutu keçmiş Sovet İttifaqında selen, tellur və onların mürəkkəb birləşmələrinin tədqiqi üzrə baş müəssisə və ‘’Selen əsasında cihazların fizikası və texnikası’’ istiqaməti üzrə aparıcı təşkilat kimi təsdiq edildi. Respublikamızda keçmiş ittifaqda yeni, yüksək effektliyə malik selen düzləndiricilərinin hazırlanması üzrə xüsusi istehsalat sahəsi yaradıldı.

Bu dövrdə Akademiya şəhərciyinin tikintisi tam başa çatdırılmış, Elmlər Akademiyasında, ali məktəblərdə və başqa müəssisələrdə çalışan elmi işçilərin sayı xeyli artmış, yeni institutlar, laboratoriyalar, konstruktor büroları açılmışdır.

1972-ci ildə EA Naxçıvan Elmi Mərkəzi və Şəki Zona Elmi Bazası, 1975-ci ildə “Kaspi” Elmi Mərkəzi, 1978-ci ildə Kosmik Tədqiqatlar Elm-İstehsalat Birliyi, 1981-ci ildə Gəncə Elmi Mərkəzi yaradılmışdır.

Elm adamlarının cəmiyyətdə nüfuzunu yüksəltmək, onların əməyini layiqincə qiymətləndirmək Heydər Əliyevin rəhbərlik fəaliyyətində daim diqqət mərkəzində saxlanılmışdır.

Elm, iqtisadiyyat və mədəniyyətin inkişafı, yüksək ixtisaslı kadrların hazırlanması sahəsində qazandığı nailiyyətlərə görə Azərbaycan Elmlər Akademiyasının aldığı yüksək mükafat “Xalqlar dostluğu” ordeni 1975-ci ildə Heydər Əliyev tərəfindən təqdim olunmuşdur. Onlarla Azərbaycan alimi və təhsl işçisi SSRİ-nin yüksək orden və medallarına, Dövlət mükafatına layiq görülmüşdür.

Heydər Əliyevin təşəbbüsü və qayğısı sayəsində hər il yüzlərlə tələbə Sovet İttifaqının müxtəlif ali məktəblərinə, gənc alimlər isə ölkənin ən nüfuzlu elmi mərkəzlərinə göndərilirdi. Bu uzaqgörən siyasət nəticəsində yüksək ixtisaslı kadrlar, mütəxəssislər formalaşdı, respublikamızda neft maşınqayırması, fizika, riyaziyyat, informatika, kibernetika sahələrində dünya səviyyəsində nəticələr alan mərkəzlər yarandı. Məhz bu mütəxəssislərin böyük bir qismi bu gün müstəqil Azərbaycanın quruculuq prosesində ön cərgədə çalışır. Azərbaycanın gələcəyini düşünən müdrik rəhbərin keçən əsrin 70-80-ci illərindən həyata keçirdiyi milli inkişaf proqramı bu gün öz bəhrəsini verir.

70-80-ci illər xalqımızın milli-mənəvi həyatında bir intibah dövrünə çevrilmiş, azərbaycançılıq, dövlətçilik dəyərləri ictimai şüurda dərin kök salmışdır. Sovet rejiminin sərt qanunlarına baxmayaraq, ümummilli liderimizin böyük uzaqgörənliklə həyata keçirdiyi humanitar siyasət milli tarixi yaddaşa, mənəvi dəyərlərə qayıdışı təmin etmiş, müstəqilliyin ideoloji əsasları məhz bu illərdə formalaşmağa başlamışdı. Azərbaycan alimləri bu ictimai-mədəni prosesin mərkəzində dayanaraq onun aparıcı bir qüvvəsinə çevrilmişdi.

Çox təəssüf ki, Heydər Əliyevin hakimiyyətdə olmadığı qısa müddət ərzində elmi fəaliyyətin, alim əməyinin nüfuzuna ciddi xələl gətirildi, fundamental elmlərin beşiyi olan Elmlər Akademiyasının yox olmaq təhlükəsi yarandı.

Lakin Heydər Əliyev ikinci dəfə ölkə rəhbərliyinə qayıdandan sora Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoydu. Bütün sahələrə, o cümlədən elm və təhsilə diqqət və qayğı yenidən artırıldı. Bu təsadüfi deyildi. Çünki bu dahi şəxsiyyət yaxşı bilirdi ki, Azərbaycanın tərəqqisinin yeganə yolu məhz xalqın yüksək təhsil almasında, maariflənməsindədir, müasir elmi biliklərə yiyələnməsindədir. Onun 1993-cü ildə Bakıya qayıtdıqdan sonra ilk görüşlərindəni birini Elmlər Akademiyasında alimlərlə keçirməsi də təsadüfi deyildi. O, həm siyasi, həm iqtisadi, həm də digər sahələrlə bağlı qərarlarını elmi əsaslar üzərində qururdu, müvafiq sahələrin mütəxəssisləri ilə geniş fikir mübadiləsi apararaq qəbul edirdi.

1997-ci il yanvarın 31-də AMEA-nın rəhbərliyini və aparıcı alimlərin bir qrupunu qəbul edərkən elm sahəsində islahatların vacibliyini xüsusi vurğulamış, Azərbaycanın inkişaf strategiyasının əsas müddəalarını və Azərbaycan elminin bu strategiyadan irəli gələn vəzifələrini müəyyənləşdirdi.

Bu görüş Azərbaycan elminin və Akademiyanın tarixində mühüm əhəmiyyət kəsb etdi, alimlərin itirilməkdə olan nüfuzunu yenidən qaytardı, cəmiyyətdə onların rolunu və mövqeyini möhkəmləndirdi, Akademiyada ciddi dəyişikliklərin və islahatların baslanmasının əsasını qoydu.

Daha sonra Ümummilli lider alimlərin əmək haqlarını, Akademiyanın həqiqi və müxbir üzvlərinin rütbə maaşlarını əhımiyyətli dərəcədə artırdı. Elmi müəssisələrin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində konkret addımlar atıldı.

2001-ci ildə Elmlər Akademiyasına Milli Elmlər Akademiyası adının verilməsi, AMEA üzvlərinin say tərkibinin artırılması və seçkilərin keçirilməsi, 2002-ci ildə Naxçıvan Bölməsinin yaradılması, 2003-cü ildə AMEA-ya yüksək statusun verilməsi və onun yeni Nizamnaməsinin təsdiq edilməsi və s. kimi mühüm addımlar ölkəmizdə elmin və təhsilin inkişafına böyük təkan vermişdir.

Heydər Əliyev elmlə təhsilin harmonik inkişafını və üzvi vəhdətini təmin etmək üçün məqsədyönlü proqramlar həyata keçirirdi. Təhsilin əsas bünövrəsinin orta məktəblərdə qoyulduğunu nəzərə alaraq hələ ötən əsrin 70-80-ci illərində Heydər Əliyevin bilavasitə qayğısının nəticəsi olaraq Azərbaycanda çoxlu sayda məktəb binası tikilmiş, yeni dərsliklər hazırlanıb nəşr edilərək şagirdlərə pulsuz verilmişdir. Təhsilin inkişafına dair müxtəlif proqram və layihələr hazırlanaraq uğurla həyata keçirilib. Ölkədə yeni ali təhsil müəssisələri yaradılıb, təhsil ocaqlarının maddi-texniki bazası möhkəmləndirilib. Heydər Əliyev nəinki Azərbaycanda, həmçinin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi ittifaq miqyasında təhsil islahatlarında həlledici rol oynamışdır.

“Təhsil millətin gələcəyidir” deyən Ulu Öndər 1993-2003-cü illərdə də ölkəmizdə bu sahənin inkişafına xüsusi diqqət göstərib. Təkcə paytaxtımızda deyil, respublikamızın ucqarlarında da yüzlərlə məktəb, mədəniyyət evi, kitabxana, uşaq bağçası tikildi. Təhsil işçiləri, ziyalılar dövlətin yüksək qayğısı ilə əhatə olunublar. Həmin illərdə Azərbaycanın təhsil sistemi təkmilləşdirilib, məzmunca yenilənib və onun dünya təhsil sisteminə inteqrasiyası üçün geniş imkanlar yaradılıb.

Heydər Əliyevin rəhbərliyi altında təhsil müəssisələrinin geniş şəbəkəsinin yaradılması və həmin şəbəkənin zəngin maddi-texniki bazasının formalaşdırılması, dünyanın nüfuzlu ali məktəblərinə gənclərin göndərilməsi, hərbi kadrların yetişdirilməsi, elmlə təhsilin inteqrasiyası və s. istiqamətlərdə böyük irəliləyişlər baş vermişdir.

Neft gəlirlərinin ölkənin gələcək inkişafının elmi əsaslar üzərində qurulmasına, respublikanın mədəni intellektual resurslarının gücləndirilməsinə, Azərbaycan üçün layiqli vətəndaşların yetişdirilməsi işinə sərf edilməsi üçün effektiv mexanizmlər yaradılmışdır. Məhz həmin illərdə respublikada məktəblərin, ali və orta ixtisas müəssisələri üçün yeni binaların tikintisi geniş vüsət almış, təhsil infrastrukturu tamamilə yeniləşdirilmiş, ixtisaslı kadrlar hazırlayan ali və orta ixtisas məktəbləri açılmışdır. 1998-ci ildə Azərbaycan Respublikasında təhsil sahəsində islahatlar üzrə dövlət komissiyası yaradılmış, 1999-cu ildə isə “Azərbaycan Respublikasının təhsil sahəsində islahat proqramı” təsdiq olunmuşdur.

Heydər Əliyevin “İnsan təhsilin əsasını orta məktəbdə alır. Ona görə də təhsil sistemində orta məktəb önəmli yer tutmalıdır” tapşırığına əsasən müvafiq dövlət qurumları orta məktəblərin hərtərəfli inkişafında ciddi irəliləyişə nail olublar.

Qəbul imtahanlarında yüksək bal toplayan abituriyentlər üçün Prezident təqaüdünün təsis edilməsi gənc istedadlar üçün həm maddi, həm də mənəvi stimul olmuşdur.

Əlbəttə bir yazıda Heydər Əliyevin elm və təhsil sahəsindəki xidmətlərini sadalamaq qeyri-mümkündür. Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı ən böyük xidmətlərindən biri, bəlkə də birincisi İlham Əliyevi özünün siyasi varisi elan etməsi olmuşdur.

İftixar hissi ilə qeyd etmək olar ki, bu gün Heydər Əliyevin yolu və siyasəti bütün sahələrdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, onun arzuları və ideyaları qətiyyətlə həyata keçirilir.

Son illər ölkəmizdə təhsil sahəsində həyata keçirilən islahatlar, məqsədli layihələr, dövlət proqramları bu sahənin inkişafına böyük töhfələr verib. Təhsilimizin dünya təhsil sisteminə inteqrasiyası istiqamətində mühüm tədbirlər həyata keçirilib. 2005-ci ildə Azərbaycan dünya təhsil məkanına - Bolonya prosesinə qoşulub.

“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” minlərlə gəncin dünyanın müxtəlif ölkələrinin nüfuzlu universitetlərində təhsil almağa imkan yaratmışdır. Onlar müasir və respublikamız üçün zəruri olan ixtisaslar üzrə təhsil alırlar. Xaricdə oxumağa göndərilmiş gənclərin müəyyən hissəsi artıq təhsilini uğurla başa vuraraq ölkəmizə qayıdıb və müxtəlif sahələrdə çalışır.

Heydər Əliyev Fondunun dəstəyi ilə təhsil sahəsində reallaşdırılmış layihələr çərçivəsində son illər ölkəmizdə müasir tələblərə cavab verən minlərlə məktəb binası tikilərək istifadəyə verilib. Həmin məktəblər yeni avadanlıqla təchiz edilib. Təhsil sahəsində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi istiqamətində əhəmiyyətli işlər görülüb.

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” və “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 28 iyul 2022-ci il tarixli fərmanları elm və təhsilin qarşılıqlı əlaqəsinin möhkəmləndirilməsi və bu sahələrdə idarəetmənin təkmilləşdirilməsi üçün yeni zəmin yaratmışdır.

Əlbəttə, Heydər Əliyev və İlham Əliyev siyasətinin ən parlaq nəticəsi torpaqlarımızın işğaldan azad olunmasıdır.

Azərbaycan xalqı Heydər Əliyevin xatirəsini böyük ehtiram və minnətdarlıq duyğusu ilə yad edir və həmişə yad edəcək!

Əminağa SADIQOV, İdarəetmə Sistemləri İnstitutunun icraçı direktoru, AMEA-nın müxbir üzvü

mənbə; www.science.gov.az saytına istinad
20-12-2024, 10:04
Alimlər: Qəhvəyə şəkər əlavə edilməsi onun təsirini artırır
20-12-2024, 09:58
Sadəliyi və böyüklüyü ilə tanınan alim
16-12-2024, 11:19
Əlyazmalar İnstitutunun əməkdaşları Türkiyədə keçirilmiş beynəlxalq simpoziumda məruzə ediblər
13-12-2024, 10:43
Tarixi görüş
11-12-2024, 11:51
Filosof alim Xatirə Quliyevanın “Heydər Əliyevin Böyük Siyasət Yolu” monoqrafiyasının təqdimat mərasimi keçirilib
7-12-2024, 13:52
“Heydər Əliyevin Böyük Siyasət Yolu” monoqrafiyası işıq üzü görüb
6-12-2024, 11:09
5 dekabr Beynəlxalq Könüllülər Günü münasibətilə AMEA-nın prezidenti “MEK könüllüləri”ni təbrik edib
3-12-2024, 10:45
Şəhidlərə həsr olunmuş kitablar MEK-ə təqdim olunub
27-11-2024, 11:18
Kosmosda çox qalmaq idrak qabiliyyətini zəiflədir
27-11-2024, 11:11
Tarix Muzeyində Avropa Milli Geyimləri nümayiş olunub
26-11-2024, 11:07
Oğuzda şabalıdın məhsuldarlığı aşağı düşüb, qiymətlər xeyli artıb
22-11-2024, 11:16
AQTA sədri ictimai iaşə xidmətləri sahəsində fəaliyyət göstərən sahibkarları qəbul edib
22-11-2024, 11:09
Azərbaycan Basketbol Federasiyası məşhur idman statistika portalı ilə müqavilə imzalayıb
21-11-2024, 10:27
ABŞ-da təhsil alan azərbaycanlı tələbələrin sayı açıqlanıb
21-11-2024, 10:22
Professor Gülər Abdullabəylinin Varşavada kitabı işıq üzü görüb
20-11-2024, 12:37
“Lambert Akademik” nəşriyyatı Azərbaycan alimlərinin məqalələr toplusunu nəşr edib
16-11-2024, 11:22
Yaşıl sivilizasiyanın COP29 anonsu
16-11-2024, 11:17
Prezident İlham Əliyevin bədxahları məyus edən xəbərləri və ya Azərbaycanın geniş açılan qanadları
14-11-2024, 23:16
Monqolustan prezidenti Milli Azərbaycan Tarixi Muzeyini ziyarət edib
14-11-2024, 23:10
AMEA prezidenti akademik İsa Həbibbəyli COP29 çərçivəsində Nobel mükafatı laureatı Məhəmməd Yunusla görüşüb
14-11-2024, 23:03
"İqlim dəyişikliyi ilə mübarizədə regional və transsərhəd əməkdaşlığın maliyyələşdirilməsi" mövzusunda konfrans keçirilib
14-11-2024, 22:58
BMT-nin Ətraf Mühit Proqramı nümayəndəsi: Azərbaycandan yüksək gözləntilərimiz var
13-11-2024, 11:25
COP29-da birinci xanımların iştirakı ilə “Gənclər iqlim fəaliyyətlərinin ön cəbhəsində” mövzusunda konfrans keçirilib
13-11-2024, 11:21
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib
13-11-2024, 10:44
Bakıda COP29-un açılış mərasimi keçirilir 12.11.2024
11-11-2024, 14:05
Lambert Akademik Nəşriyyatı “Articles of Azerbaijan Scientists. ANAS – 80” məqalələr toplusunu nəşr edib
10-11-2024, 14:31
AMEA Müqəddəs MƏBƏDİMİZ, Gözümüzdən artıq GÖZBƏBƏYİMİZDİR!
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031