Heydər Əliyevin Dövlət İdarəçiliyi Siyasətində Milli- Mənəvi və Ədəbi-Estetik Dəyərlər Strategiyası
Gündəm / Elm və təhsil
Oxunub: 41
28 noy 2023 | 14:57

Birinci məqalə





“Əziz həmvətənlər!
Öz ürəyimdən gələn fikirləri bir daha bildirmək istəyirəm ki, hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam. Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycanın dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq”
Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyev





Xatirə QULİYEVA,
Fəlsəfə və Sosiologiya İnstitutunun
şöbə müdiri, fəlsəfə elmləri doktoru


Məlumdur ki, milli-mənəvi və estetik dəyərlər sistemi geosiyasi, etnomilli, həmçinin ailə, fərd-vətəndaş, bütövlükdə, məfhum məzmununda bu və ya digər xalqın minillər boyu yaradıb sahib olduğu, gələcək nəsillərə ötürdüyü psixoloji köklərlə xarakterizə və təmsil olunan identiklik hadisəsidir. Bu milli-mənəvi və estetik dəyərlər həm də o qədər dolğun, geniş, spesifik və sintetik xarakterdə bir sahədir ki, onu öyrənməklə milli ideya, milli mentalitet və milli şüuru, o cümlədən çoxçeşidli adət-ənənələrin daxil olduğu həyat fəlsəfəsini, etik-estetik milli varlığı müəyyən etmək mümkündür.
Uzun əsrlər ərzində formalaşma prosesi keçirən milli-mənəvi və ədəbi-estetik dəyərlər sistemi, deməli, milli şüur xalqın geniş mənada ümumi əxlaq və mədəniyyət hadisəsini-dini dünyagörüşünü, əxlaqını, etik və estetik baxışlarını, mifoloji qaynaqlardan tutmuş şifahi ədəbiyyat, xalq yaradıcılığı, yazılı ədəbiyyat və professional sənət hadisəsini və s. özündə birləşdirməklə identiklikdə ifadə olunan mahiyyəti ehtiva edir.
Məqamı olduğu üçün qeyd etmək yerinə düşər, hər bir dövr tarixə indiki terminologiya ilə qlobal mlədəniyyət nümunəsi kimi də qəbul edilən (köhnə lüğətlə cahanşümul) - bütün dünyanı və bəşəri öz cazibəsi altında saxlayan, dünyagörüşünü dəyişən “fövqəladə” mühüm hadisələrlə və habelə məkan olaraq, həmçinin ixtiraçı milli mənsubiyyəti ilə iz salır. Məsələn, 1.700.000 il əvvələ gedib çıxan insanların oddan istifadə etdiyinə dair ilk dəlillər Şərqi Afrikadakı qədim insanın Keniyadakı (Şərqi Afrikada.Baringo gölü yaxınlığındakı Chesowanya (Çesowanja), Koobi Fora və Ologesalirie kimi arxeoloji ərazilərindən gəlir.) Odun kəşfi, 5000 il əvvəlin qlobal hadisəsi - əlifbanın ixtirası (Şimali Suriyada), dinlərin yaranması (ilk din Hindistanda yaranıb) və 3200 il əvvəl ilk dini yazıların (eramızdan əvvəl, 3400-3500-cü illərdə Misirdə və Hind vadisində) meydana çıxması, həmçinin eramızın 593-cü ilin məşhur hadisəsi - (Çində) çap maşınının ixtirası və s. və i.a (Times Complete World History by Richard Overy 2007. https://ru.scribd.com/book/4818826/The-Times-History-of-the-World) öz dövrlərinin kəşfləri, sivilizasiyaları inkişaf etdirən mühüm hadisələr olmaqla bərabər, kütləvi surətdə şüur sıçrayışları və əsas da dünyagörüşünün dəyişməsi, bəşərin tərəqqisinə güclü təkan vermişlər.










Əlbəttə ki, milli-mənəvi və ədəbi-estetik dəyərlərin ilkin əsası-məkan, dil, din, eyni adətlər, eyni vərdişlər, eyni milli ənənələr, hətta ailə başçılarının eyni etnikdən olması şərtləri translasiya xarakterindən nə qədər yenilənmələrə məruz qalsa da onun özəlliyi kökdən ayrılmamaq, milli şüura və mənəvi mirasa sahib olmaqdır.

Diqqət etsək görərik ki, bu proqramda bütün bəşərə aid keyfiyyətlər, məsələn, humanizm, müsbət etik keyfiyyətlər - nəciblik, vicdan, ləyaqət, inam, etibar, sədaqət, qəhrəmanlıq, mərdlik və s. kimi çox ümumilər vardır.

Deməli, bütün xalqların və millətlərin ümumi bəşərin məzmun və mahiyyət kəsb edən psixoloji, fəlsəfi-etik keyfiyyətlərdə birləşməsi obyektik
dialektik qanunauyğunluq kəsb edir və bütün dövlətlər öz siyasi milli ideologiya prinsiplərində bu ümümbəşəri vətəndaşlıq-əxlaq, mənəviyyat konsepsyasından çıxış edirlər. Məsələn, azadlıq, bərabərlik, humanizm, seçmək və seçilmək və beləcə geniş və dolğun mənəvi əsaslar bütün bəşərə aiddir, deməli, hüquqi, ictimai-siyasi aspektlərdən onların mahiyyəti dəyişməz olaraq qalır.

Lakin milli ideya anlayışı konkret olaraq bu fikri ehtiva edir ki, o ayrıca bir xalqın, bir millətin özünə xasdır və bu xarakterik bir kod, şifrə kimi həm qorunan, həm istifadə olunan, həm də ötürülən mənəvi mirasdır.

Biz burada ilk olaraq bütün Azərbaycan xalqı üçün ümumi milli-mənəvi dəyər olan və qəbul edilən son dərəcə yüksək qonaqpərvərlik, böyüyə,
ağsaqqala, ağbirçəyə, ziyalıya ehtiram, müəllimə hörmət, qadına nəzakət, şərəf, ləyaqət, habelə rəngarəng el adətləri-toy, bayram, həmçinin də yas və dini mərasimlərini buna misal göstərə bilərik.

Bu mənəvi əsaslar çox güclü və həssas milli psixoloji-etik, sosial-mədəni məzmunu ifadə edir ki, onlar vasitəsilə xalqın ümumi milli psixologiyası, fəlsəfi əxlaq təsəvvürləri, estetik şüuru, dini baxışları, dolğun mədəniyyəti üzə çıxır.

Misal olaraq göstərməliyik ki, Azərbaycan xalqında ağsaqqal-ağbirçək, böyük-kiçik, kişi-qadın, uşaq-cavan mənalarında münasibətlər dünyanın heç bir xalqında müşahidə olunmayacaq qədər müsbət məzmunda və yüksək səviyyədədir. Bunu artıq formalaşmış düşüncə tərzimiz də təsdiqləyir. Böyüklər evə gəldikdə evdəkilərin ayağa qalxıb onları qarşılaması, cavanların böyüklər olan məclisdə ciddi olması, hər hansı bir mübahisənin, yaxud problemin böyüklərin təsiri ilə müsbət həll olunması, gənclərin böyüklərə nəqliyyatda, müxtəlif yerlərdə yol, yer verməsi və s. adətlərimiz, həmçinin “Yol böyüyün, su kiçiyindir”, “Uluya qulaq asmayan ulaya-uluya qalar”, “Allahsız yerdə otur, ağsaqqalsız yerdə oturma” və başqa atalar sözlərimizdə xalqımızın bu mənəvi meyarı öz əksini tapmışdır. Ailələrdə qonağa xüsusi hörmətin ifadəsi kimi “Qapıya düşmən belə gəlsə geri qaytarılmaz” (Dədə Qorqud), “Ev alma, qonşu al”, “Yaxın qonşu uzaq qohumdan yaxşıdır“, “Naxırçı ilə dost olanın darvazası gen gərək”, “Qonağın gəlməsi ruzi-bərəkəti artırar”, “Qonağım ruzusu özündən əvvəl gələr” misalları da bizim milli adət-ənənələrimizi əks etdirir. Bundan başqa qonağa hörmət, dosta inam, etibar, sədaqət hissi, qadınlara, analara, qız-gəlinə, habelə müəllimə, alimə, ziyalıya ehtiram kimi müsbət milli keyfiyyətlər babalarımızdan bizə ötürülmüş bir mənəvi-mənəvi, fəlsəfi-əxlaqı miras, xalqımızın qədim dövrlərdən bu günə kimi qoruyub, gələcək nəsillərə ötürdüyü milli adət-ənənlərin, mədəniyyətın nümunəsidir.

Əlbəttə ki, tarixi mənəvi mirasın kökündə milli ideyanı - milli-mənəvi və ədəbi-estetik dəyərlər fəlsəfəsini təsdiqləyən əsaslar vardır ki, bu haqda Ulu Öndər Heydər Əliyevin aşağıdakı iqtibasda ifadəsini tapmış dəyərli fikirləri xarakterik səslənir. Belə ki, Ulu Öndər 1970-ci illərdə bir xarici qonağın gənclərin yaşlılar gəldikdə ayağa qalxmasına təəccüb edib, ondan bu cür yüksək etik mədəniyyətə necə nail olduqlarını soruşarkən “Biz buna nail olmamışıq. Bu bizim xalqımızın mənəvi dəyərləridir” - cavabını vermişdir və çox illər sonra o, bu xatirəsini yada salarkən tam səmimiyyətlə bildirmişdir ki, “Sizinlə açıq danışıram, o vaxt deyə bilmirdim ki, bu islam dininin mənəvi dəyərləridir. Çünki biz hamımız o vaxtlar İslam dinini qadağan edən adamlar idik. Amma bu gün deyirəm ki, bunlar, həqiqətən İslam dininin bəşəriyyətə və İslam aləminə bəxş etdiyi çox yüksək dəyərlərdir”. (Heydər Əliyev və Azərbaycan ədəbiyyatı, Bakı, Elm-1998. səh.36. 240 s).

Doğrudan da Ulu Öndər Heydər Əliyevin vurğuladığı kimi Azərbaycan xalqının milli-mənəvi əsasları, milli dəyərlərimiz xalqımızın mənsub olduğu İslam dininin təlqin etdiyi həyat fəlsəfəsi ilə uyğunlaşma prosesi keçirmiş və zaman-zaman öz dominant əxlaq kodeksini yaradıb inkişaf etdirmişdir.

Elmi obyektivliklə göstərməliyik ki, xalqımızın uzun əsrlik milli-mənəvi və ədəbi-estetik dəyərlər xəzinəsi bizə dini psixoloji olduğu qədər, əxlaq, mənəviyyat fəlsəfi, həmçinin estetik hisslər kimi də tranformasiya olunmuş və biz varislər olaraq ondan şüurlu və hətta təhtəlşüur formada gündəlik həyatımızda, yaşamımız daxilində geniş surətdə faydalanırıq.

Əslində isə bu tərəqqiyə doğru istiqamət götürmüş mədəniyyət yolu bizim milli mənəvi ideal və ideyamızın ayrılmaz tərkib hissəsidir. Bu yolu gözəlləşdirə bilərik, lakin dağıda bilmərik. Onun dairəsini genişləndirə də bilərik, hətta daralda bilərik, ancaq tamamilə qapada bilmərik. Biz öz
mədəniyyət yolumuzdan çıxarıqsa, milli mentalitet anlamını daşıyan milli ideyaya zidd getmiş olarıq ki, bu da əxlaq-mənəviyyat baxımından qəbuledilməz bir hadisədir.

Həqiqətən də xalqımızın milli-mənəvi və ədəbi-estetik dəyərlərindən qaynaqlanmış milli ideya hadisəsi sivilizasiyaların davamında yeni mütərəqqi ruhlu insan nəsillərinin yetişməsinə, dövlətin yeritdiyi siyasətin işıqlı düşüncə sahiblərinin qabaqcıl ideyaları ilə möhkəmlənməsinə və onların təkrar dönüş olaraq milli ideyanı qüvvətləndirməsinə səbəb olmuşdur. Adi məişət - davranış-etik normaları təcrübədə, yəni tədricən ictimailəşməklə xalqın ümumi milli ideya mənbəyi əxlaq kodeksini təşkil etdikcə, ümumbəşəri dəyərlərə transformasiya olunaraq beynəlxalq münasibətlər, beynəlxalq qarşılıqlı əlaqələr, beynəlxalq hüquq və s. kimi sivil siyasi, sosial, mədəni inkişafa gətirib çıxarmışdır.

Milli-mənəvi və ədəbi-estetik dəyərlər üzərində həyatını quran, davam etdirən xalq və millətlər isə təbii olaraq öz əcdadlarından qaynaqlanan milli ideyanı bu mənbədən bəhrələnməklə yaradıb, formalaşdırıb, inkişaf etdirirlər. Milli ideyanın kökündə bu və ya digər xalqın tarixi milli etno-identiklik
meyarları, deməli milli “mənlik” şüuru dayandığı kimi, onun üst qatında artıq həmin əsaslara bağlı vətən, dövlət, xalq, millət maraqları dayanır. Bunsuz milli ideyanın yaşarılığı təsəvvürə gələ bilməz və digər bir məsələ milli ideya xalqın uzun əsrlər boyu formalaşmış etik normalarının, ədəb-əxlaq tərzinin, fəlsəfi təfəkkürünün, yaradıcı estetik şüurunun məhsulu bədii əsərlərdə öz dolğun ifadəsini tapır ki, bu mənəvi irs birincisi, yeni insan, şəxsiyyət, milli ruh yetişdirir, ikincisi, bu yeniliklə milli məfkurənin güclənməsini şərtləndirir, üçüncü, ayrı-ayrı yaradıcılıq sahələrinin inkişafını müəyyənləşdirməklə, həmçinin də bu təsir vasitələri ilə dövrü ideyaları irəli sürür.

Bu məqamda Ulu Öndər Heydər Əliyevin dərin zəkasının məhsulu olan və xalqımızın yaddaşına tarixi milli proqram xarakterində iz salmış dəyərli fikirləri yada düşür. Belə ki, Heydər Əliyev 1993-cü ildə Respublikanın Ali Sovetində gənclərin nümayəndələri ilə görüşdə “Əgər biz bu tarixi yaxşı təhlil edə bilsək, gənclərimiz onunla yaxşı tanış olsalar, adlarını çəkdiyim şəxslərin və yüzlərlə başqalarının əsərlərindən mənəviyyata dair fikirləri
mənimsəsələr, həyatlarında rəhbər tutsalar, Azərbaycan xalqı düz yolla gedəcəkdir” (Heydər Əliyev Müstəqilliyimiz əbədidir. 3-cü kitab, Bakı, Azərnəşr, 1997.səh.174-175) - kimi müstəqil Azərbaycan dövlətinin milli ideya məsələsi haqqında müdrik siyasətçi və həmçinin müdrik filosof ideyalarını bölüşmüşdür ki, bu konsepsiya birbaşa Azərbaycanın gələcəyi olan gənclərə “İndiki ideyamız isə milli tarixi ənənələrin millətimizin keçdiyi tarixi yol, ulu babalarımızın yaratdıqları bəşəri dəyərlər əsasında Nizami Gəncəvinin, Xaqaninin, Fələkinin, Nəsrəddin Tusinin, Bəhmənyarın, Nəsiminin, Füzulinin, Vaqifin, Seyid Əzim Şirvaninin, Mirzə Ələkbər Sabirin, Üzeyir Hacıbəyovun, Cəlil Məmmədquluzadənin, Hüseyn Cavidin, Cəfər Cabbarlının, Səməd Vurğunun, Mirəsədulla Mirqasımovun, Yusif Məmmədəliyevin, Mustafa bəy Topçubaşovun və tarix boyu bir çox digər alimlərimizin, ədəbiyyatçılarımızın, filosoflarımızın yaratdıqları mənəvi dəyərlər əsasında formalaşdırılmalı və inkişaf etdirilməlidir” (Heydər Əliyev Müstəqilliyimiz əbədidir. 3-cü kitab,Bakı,Azərnəşr, 1997.səh.174-175) - düşüncəsini, maarifçiliyini aşılayır və Ulu Öndərin 10 il sonra bütün Azərbaycan cəmiyyətinə daha konkret olaraq bəyan edəcəyi “Müstəqil Azərbaycan Dövlətinin əsas ideyası Azərbaycançılıqdır” ideya və ideologiyasına real zəmin yaradırdı.

Milli-mənəvi və ədəbi-estetik dəyərlər - sistemi, bütövlükdə milli şüur və ya milli mentalitet ideya və ideologiyası tarixin yetirdiyi, zamanında tarix yazmış və özlərindən sonra böyük intibah gücünə malik sistemləri ilə yadda qalan fenomen liderlər timsalında Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyevin ən ali siyasi məqsədi - milli dövlət quruculuğu konsepsiyasının, milli dövlət siyasətinin əsas prinsipi kimi səciyyələnir, daha konkret ifadə etsək, dahi Liderin Dövlət İdarəçiliyi Siyasətində Milli-Mənəvi və Ədəbi-Estetik Dəyərlər Strategiyası kimi fəlsəfi-siyasi baxımdan böyük əhəmiyyət kəsb edir.

Tədqiqatçı Əfşan Şəfiyeva “Heydər Əliyev İrsində Müasir Azərbaycan Tarixinin Dəyərləndirilməsi” məqaləsində milli-mənəvi dəyərlərin Ulu Öndər Heydər Əliyev siyasi idarəçiliyində əhəmiyyətini belə qiymətləndirir: “Problemi aktuallaşdıran başlıca amil ondan ibarətdir ki, total əxlaqın və çoxtərəfli inteqrasiyasının diqtələri bir çox hallarda əsrlərin mirasına - milli-mənəvi dəyərlərə qarşı yönəlir. Heydər Əliyev siyasi uzaqgörənliyi və vətənsevərliyi ilə məhz bu təhlükəni vaxtında zərərsizləşdirmiş, daim nəzarətdə saxlamış və qabaqlayıcı tədbirlər görmüşdür. Böyük şəxsiyyətin öz Vətəninə, milli irs və ənənələrinə olan sevgisi xalqımızın genetik yaddaşının qorunmasına xidmət etmişdir. Heydər Əliyev Azərbaycanın minilliklərin sınağından çıxmış mədəniyyətinə, tarixinə, ənənəsinə həddən artıq bağlı olmuş, onların olduğu kimi xalqa qaytarılması üçün əlindən gələni əsirgəməmişdir. Bəşər tarixinə, o cümlədən Azərbaycan tarixinə, onun keçmişinə, Azərbaycan dövlətçiliyinin və Azərbaycançılığın formalaşmasının hansı dəyərlərə əsaslandığına mükəmməl bələd olan Ümummilli Lider Heydər Əliyev həmişə bu vacib məsələni diqqət mərkəzində saxlamışdır” (Şəfiyeva Əfşan. Heydər Əliyev İrsində Müasir Azərbaycan Tarixinin Dəyərləndirilməsi. Akademik Tarix və Düşüncə jurnalı. Cild 10. Say 1.2023.səh.270-281.362 s.).

Ümummilli Lider Heydər Əliyevin dövlətçilik siyasətində milli dəyərlərə xüsusi münasibəti, milli dəyərlərə münasibətdə balansın gözlənilməsinə əhəmiyyət verməsi, o cümlədən bu sahədə əməli addımları - milli dəyərlərimizlə bağlı verdiyi sərəncamlar, bu dəyərlərin qorunması, təbliği ilə bağlı görülən işlərin təhlili onu deməyə əsas verir ki, həmin dövrün dövlət siyasətində milli dəyərlərimizin heç bir sahəsi diqqətdən kənar qalmamış, onların inkişaf etdirilməsi, qorunması, gələcək nəsillərə çatdırılması üçün zəruri tədbirlər həyata keçirilmişdir. Mənəvi dəyərlərimiz diqqət mərkəzində olduğu kimi, artıq milli dəyərə çevirilmiş maddi dəyərlərimiz, tarixi abidələrimiz, maddi mədəniyyət nümunələrimiz bərpa olunmuş, bu sahədə görülən işlərin geniş miqyas alması üçün kompleks tədbirlər görülmüşdür (Şəfiyeva Əfşan. Heydər Əliyev İrsində Müasir Azərbaycan Tarixinin Dəyərləndirilməsi. Akademik Tarix və Düşüncə jurnalı. Cild 10. Say 1.2023.səh.270-281.362 s.).

Beləcə, müstəqil respublikanın milli-identik siyasi ideologiyasını, idarəçilik strategiyasını xalqımızın milli-mənəvi və ədəbi-estetik dəyərləri üzərində düşünən Heydər Əliyev milli Dil məsələsini siyasi hakimiyyətdə olduğu hər iki dövrdə ən əsas konsepsiya kimi daim diqqətdə saxlamış, sistemli şəkildə formalaşdırmış və inkişaf etdirmişdir.

Burada xüsusi olaraq qeyd etməliyik ki, Heydər Əliyev hələ 1978-ci ildə qəbul edilmiş Azərbaycan SSR Konstitusiyasına digər sovet respublikalarında tətbiq edilməmiş 73-cü maddənin daxil edilməsinə şəxsi təşəbbüsü və ən əsas milli ruhunun diktəsi ilə əsl fədakarlıq və qəhrəmanlıqla nail olmuşdur ki, bunun da kökündə qeyd-şərtsiz olaraq Ulu öndərin Azərbaycanın müstəqil milli dövlət quruculuğu maraqları, eyni zamanda ana dilimizə milli vətəndaş münasibəti dayanırdı.

Belə ki, “1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının (Əsas Qanununun) layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında məruzə ilə çıxış edən Heydər Əliyevin təklifi ilə 73-cü maddəni aşağıdakı redaksiyada vermək təklif olunmuşdur: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir” (Konstitutsiya. https://files.preslib.az/projects/remz/pdf/atrdil.pdf).

Sənədlərə əsaslanmaqla, müxtəlif xalq nümayəndələrinin ziyalıların, yazıçıların, alimlərin xatirələrindən məlumatlanmaqla alınan obyektiv qənaət ondan ibarətdr ki, Heydər Əliyevin 1978-ci il Konstitusiyasına bu maddənin daxil edilməsinə nail olmasını dünya maarifçilər nəslinin konstitusion tələblərini həyata keçirməsi mahiyyətində bir çətin və tarixyüklü hadisə hesab etmək olar. Bir tərəfdən dövrün siyasi sisteminin xarakterik rejim təhlükəsi, bir tərəfdən belə bir praktikanın olmaması və hətta çox böyük və imperiyaya müəyyən amillərlə yaxın respublikalarda onun tətbiq edilməməsini nəzərə aldıqda Heydər Əliyevin həqiqətən öz xalqı, öz vətəni qarşısında göstərdiyi bu böyük xidməti əsl inqilabi qəhrəmanlıqdır. Moskvada sonsuz gərginliklərlə keçən müzakirələrin nəticəsində böyük tarixi şəxsiyyət Heydər Əliyevin təklif etdiyi şəkildə qəbul olunan Azərbaycan Konstitusiyası Azərbaycan dilinə dövlət dili statusu verməklə çox da uzaqda olmayan gələcək müstəqil dövlətçiliyin əsasını qoyulmuş oldu.

Həmin maddə ana dilimizin inkişafı və qorunması sahəsində mühüm əhəmiyyətli tədbirlərin həyata keçirilməsinə start verməklə bərabər bütün Sovetlər Birliyi ideologiyasına qarşı ilk və ciddi müstəqillik vurğusu idi.

Respublikamız müstəqilliyinə qovuşduqdan sonra xalqın ümumi arzusu və tələbi ilə yüksək siyasi rəhbər kürsüsündə öz milli dövlət qurucusu missiyasının icrasına başlayan Heydər Əliyev hər bir sivil, hüquqi cəmiyyətin əsasını təşkil edən milli konstitusiyamızı yaratmaqla həm də ana dilimizi inkişaf etdirmək üçün mühüm əhəmiyyət daşıyan milli ruhu gücləndirən qərar imzalamaqla Azərbaycan dilinə yeni və dolğun məzmunda dövlət statusu verildi.

Bu qərar dövlətin hüquqi və əxlaq simasını, onun milli-mənəvi xəzinəsinə ehtiramlı münasibəti müəyyən etdi.

Dünya Azərbaycanlılarının 1-ci qurultayında milli dil haqqında qəbul edilmiş Qərarı, eyni zamanda milli dil hadisəsini dövlət-millət, millət-dövlət münasibətlərində, xüsusilə dəyərlərndirirdi. Bu baxımdan Ulu öndərin aşağıdakı iqtibasda şərh olunan fikirləri oun zəngn siyasi irsində proqram mahiyyətində maraq doğurur. “Azərbaycan dilinin inkişafı haqqında bizim qəbul etdiyimiz geniş qərar məhz bu məqsədi daşıyır. Biz Azərbaycanın latın əlifbasına keçməsi haqqında qərar qəbul etdik. İndi Azərbaycanda hamı, bütün dövlət orqanları yalnız latın əlifbasından istifadə edir. Bu da bizim milliliyimizi, azərbaycançılığımızı göstərən çox mühüm bir amildir. Biz bundan sonra da Azərbaycan dilinin inkişaf etdirilməsi üçün səylərimizi davam etdirəcəyik” (Heydər Əliyevin Dünya Azərbaycanlılarının 1-ci qurultayında nitqi https://az.wiki-source.org/wiki/D%C3%Bcnya Azərbaycan l%C4%B1lar nitqi).

Eləcə də Heydər Əliyevin bu gün aforizm kimi dillər əzbəri olan Dil haqqında dərin fikirləri onun azərbaycançılıq ideya və məqsədlərini də dolğun ifadə edir: “Hər bir xalqın milliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir” (Heydər Əliyev. Müdrik fikirlər. http://www.heydar-aliyev-foundation.org/az/content/index/85/); “Öz ana dilini bilməyən adamlar şikəst adamlardır” (Heydər Əliyev. Müdrik fikirlər. http://www.heydar-aliyev-foundation.org/az/content/index/85/); “Biz indi müstəqil dövlət kimi, azad xalq kimi öz dilimizlə, Azərbaycan dili ilə fəxr edirik... Hər bir xalq öz dili ilə yaranır. Ancaq xalqın dilini yaşatmaq, inkişaf etdirmək və dünya mədəniyyəti səviyyəsinə qaldırmaq xalqın qabaqcıl adamlarının, elm, bilik xadim-lərinin fəaliyyəti nəticəsində mümkün olur” (“XXI Əsr: ümid və çağırışları” adlı forum. http://bakuforum.az/az/multikulturalizm-nailiyyetler ve problemler/ ?fid =2 2 58).

Heydər Əliyev geniş xalq kütləsi önündə, eləcə də dövlət tədbirlərində Azərbaycan dilində və hətta çoxlarının yaddaşında ülvilik hisslərini riqqətə gətirən kəlmələrlə, ifadələrlə dərin məzmunlu çıxışlar etməklə, nitqlər söyləməklə hamıda öz ana dilini bilmək, öyrənmək marağı və məsuliyyəti aşılamaq milli marağı ilə kifayətlənməyərək bunu ölkə konstitutsiyasında, həmçinin təhsil qanununda sistemli surətdə tətbiq etmişdir.


Mənbə:www.science.gov.az saytı
24-04-2024, 11:00
Çin və Avropa alimləri çayın ağciyər xərçənginə səbəb olduğunu aşkar ediblər
24-04-2024, 10:56
Elm adamları yeni qrip virusunun pandemiyaya səbəb olma təhlükəsindən narahatdırlar
23-04-2024, 10:29
“Azərbaycan ədəbiyyatşünaslıq elmi müstəqillik illərində (1991-2023)” biblioqrafiyası çap olunub
23-04-2024, 10:25
Həddindən artıq su qəbulu beyin şişməsinə səbəb ola bilər
19-04-2024, 16:48
Zərərçəkmiş şəxsin razılığı olmadan onun fotosunu mediaya təqdim edənlər cəzalandırılacaqlar
19-04-2024, 16:48
Zərərçəkmiş şəxsin razılığı olmadan onun fotosunu mediaya təqdim edənlər cəzalandırılacaqlar
19-04-2024, 16:38
ARXİV: Sosial şəbəkələrdə digərlərinin fotolarını icazəsiz yayanları hansı cəzalar gözləyir? - ARAŞDIRMA ANALİTİKA
18-04-2024, 15:14
Başqırdıstan Arıçılıq Mərkəzi Azərbaycana bal tədarükünə başlayıb
18-04-2024, 15:06
Kədərli musiqi neqativ emosiyalardan qurtulmağa kömək edir
17-04-2024, 12:19
Azərbaycanda vergi ödəyicilərinin sayı 8 % artıb
17-04-2024, 12:12
Hemofiliya xəstəliyinin əlamətləri nələrdir?
16-04-2024, 15:37
Folklorşünas alim Mədəniyyət TV-də “Azərbaycan filmlərində milli dəyərlər” mövzusunda danışıb
16-04-2024, 15:32
Yeməkdən sonra ürək ağrısının əsas səbəbləri nədir? Qastroenteroloq izah etdi
15-04-2024, 15:45
Filosof alim İndoneziyada keçirilən beynəlxalq konfransda iştirak edib
15-04-2024, 15:33
Bu gün akademik Zərifə Əliyevanın anım günüdür
9-04-2024, 12:01
Azərbaycanda bayram günlərində banklar və “Azərpoçt” fəaliyyət göstərəcək
9-04-2024, 11:58
AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin Ramazan bayramı münasibətilə Akademiya əməkdaşlarına təbriki
9-04-2024, 11:54
Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
8-04-2024, 10:43
Lənkəranda Məhəmməd Füzulinin 530 illiyinə həsr edilmiş seminar keçirilib
8-04-2024, 10:36
Neyroloqlar beyninizi cavan saxlamağın altı yolunu sadalayıb
5-04-2024, 15:43
“Xəridətül-əcaib və fəridətül-ğəraib” əsəri nəşr olunub
5-04-2024, 10:12
Məişət kimyəvi maddələri dağınıq skleroza səbəb ola bilər
5-04-2024, 10:09
Bioloq: Yumurtanın keyfiyyəti və faydası sarısının rəngindən asılı deyi
4-04-2024, 12:16
Bakı metrosunda nasazlığa görə sərnişinlər "28 May"da təcili düşürülüb
4-04-2024, 10:03
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
4-04-2024, 09:55
Texnologiyanın sürəti gənclərlə yanaşı böyüklərə də təsir edir
3-04-2024, 10:31
Onilliklər ərzində ilk dəfə yeni antibiotik tapılıb
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930