Görkəmli şərqşünas alim Aida İmanquliyeva
Elm və təhsil
Oxunub: 86
10 okt 2023 | 11:03



Məşhur ərəb-Amerika şairi, Aida İmanquliyevanın tədqiqatlarında önəmli yer tutan Cibran Xəlil Cibran "alim ilə şair arasında yaşıl çəmən uzanır; alim onu keçəndə müdrik olur, şair onu keçəndə peyğəmbər" deyirdi. Görkəmli şərqşünas alim, keçən əsrdə Azərbaycan şərqşünaslığının inkişafında mühüm rol oynayan Aida İmanquliyeva da belə müdrik alimlərdən idi.

Aida xanımın tədqiqat sahəsi yalnız çoxşaxəli olmağı ilə səciyyələnmir, ərəbşünas alim elmi tematikası zəngin olan mövzuları, mütəfəkkir ədiblərin yaradıcılığını araşdırarkən onların əsərlərindən gələcək zamana boylanmış, dövrü üçün cəsarət tələb edən düşüncələrin bələdçisi olmuşdur. Ona görə də "Cübran Xəlil Cübran" (1975), "Qələmlər birliyi" və M.Nüaymə" (1975) və "Yeni ərəb ədəbiyyatının korifeyləri" (1991) kimi əhəmiyyətli tədqiqat əsərləri Aida İmanquliyevanın mühacir ərəb ədəbiyyatının öyrənilməsi istiqamətində qiymətli monoqrafiyaları olmaqla yanaşı, görkəmli alimin müdrik zəkası və ruhunun abidəsinə çevrilmişdir. Əsərlərini araşdırdığı məşhur yazıçı Əmin ər-Reyhaninin dediyi kimi, "vaxt gələcək hər bir kəs yaşadığı həyatda öz şəxsi kitabını yazacaq və bu kitab bütün dünyada onun ruhunun sarayı və məbədi olacaq". Aida xanımı da "ruhunun sarayı və məbədi" olan "kitab"ından oxuyuruq.

Aida İmanquliyeva XX əsrdə Azərbaycan ərəbşünaslıq elminin əsas istiqamətlərinin müəyyən olunmasında, ərəb ədəbiyyatının müxtəlif problemləri və ayrı-ayrı mütəfəkkir ərəb yazıçılarının yaradıcılığının öyrənilməsində xüsusi xidmətləri ilə seçilir. Aida xanım belə bir mövzunu təsadüfi seçməmişdir. Şərqşünas alimin dediyi kimi, "VIII-XII əsrlərdə çiçəklənmə mərhələsini yaşayaraq intibah dövrünün mədəni yüksəlişinə öz əhəmiyyətli töhfəsini verən" ərəb mədəniyyəti XIX əsrin sonu XX əsrin əvvəllərində məhcər ədəbiyyatının formalaşması, bu ədəbi istiqamətin yüksək fəaliyyəti ilə bir daha xüsusi zirvə fəth etmişdir".

Şərq və Qərb müəlliflərinin diqqət mərkəzində olan, bəzən qərbçilik, bəzən isə şərqçilik mövqeyindən tədqiqatlara cəlb olunan ədiblərin yaradıcılığına yanaşma prinsiplərinin fərqliliyi və mürəkkəbliyindən doğru və obyektiv yolu seçən Aida xanım analitik təfəkkür tərzi ilə bir çox mühüm məqamları önə çəkmişdir.

Dünyaya sevgisinin gözündən baxan alimin "sev ki, görülməyəni görə biləsən, işıq saç ki, istədiyin yerə gedə biləsən" söyləyən Mixail Nüaymənin əsərlərini araşdırması, Şərq və Qərb dünyası və mədəniyyətlərini ortaq dəyərlərdə birləşdirməyə çalışan şərqşünas xanımın "Şərq və Qərb ən gözəl mədəniyyətləri ilə görüşməli və birləşməlidir" deyən Ə.ər-Reyhaninin yaradıcılığını öyrənməsi, ətrafına daim gözəllik bəxş edən tədqiqatçının "biz yalnız gözəlliyi açmaq üçün yaşayırıq, bütün digərləri isə sadəcə ümidin formalarıdır" yazan Cibran Xəlil Cibranın ədəbi-fəlsəfi irsini tədqiq etməsi bir təsadüf ola bilməzdi. Şərq və Qərb probleminin həllində bu gün də aktuallığını qoruyan və qlobal düşüncənin əsasında dayanan ideyalardan çıxış edən ədəbiyyatı öyrənmək, son məqsədində qlobal barışığa yönəldilmiş, mədəniyyətdə sintez, dünyagörüşündə birlik prinsipinə əsaslanmadan mümkün deyildi. Ərəbşünas alim "bu yazıçıların yaradıcı fəaliyyətinin əhəmiyyəti ondadır ki, onlar Avropa və Amerika ədəbiyyatının etik və bədii dəyərini yenilik ruhunda əxz etmiş, yeni formada ifadə etmiş, onların nailiyyətlərini ən yaxşı milli ənənələrlə sintezdə təcəssüm etdirmişlər" dedikdə də bu məsələləri nəzərdə tutur, ən vacib məqamlara toxunurdu. Aida İmanquliyeva çox haqlı bir nəticəyə gəlirdi ki, "ərəb məhcər ədəbiyyatının bütün ərəb ədəbiyyatının inkişafı tarixində kiçik epizod olmasına baxmayaraq, "Suriya-Amerika məktəbi"nin yazıçıları həm ərəb Şərqində, həm də Qərbdə çox geniş şöhrət qazanmışlar və onların yaradıcılığını nəzərə almadan yeni ərəb ədəbiyyatının inkişafının tam və dolğun mənzərəsini təsəvvürə gətirmək qeyri-mümkündür".

Aida xanımın dərin zəkası, humanist fikirləri, elmi mühitdə xüsusi yeri, insanlara gözəl münasibəti müasirlərinin xatirələrində yaşadığı kimi əsərlərindən də bizə boylanır. İnsan şəxsiyyətinə böyük önəm vermək, cəmiyyət və təbiətə maddi və mənəvi tərəflərdən yanaşmaq, həqiqət, xeyir və gözəlliyin vəhdəti, klassik ədəbi irsə münasibət, vətən və millət haqqında düşüncələr, humanizm ideyaları, şair təxəyyülünə xüsusi yer verilməsi, poeziya və sənət məsələləri, təbiət və sivilizasiya, multikultural dəyərlər və digər mövzular mühacir ərəb yazıçılarının yaradıcılığında aparıcı yer tuturdu. Əmin ər-Reyhaninin maarifçilik, Cibran Xəlil Cibranın sentimentalizm, Mixail Nüaymənin realizmin xüsusiyyətləri, hər üç müəllifin romantizmin geniş imkanlarından istifadə etmələri həmin məsələləri araşdıran tədqiqatçının da üfüqlərini çox genişləndirir, ən əsası isə öz sözünü deməyə imkan verirdi. Aida İmanquliyeva tədqiqatları, oradakı ideyalar, araşdırma obyektləri ilə bütövləşə bilən alimlərdən idi. Yüksək bədii-fəlsəfi ideyalar, sistemli ədəbi meyarlar, yaradıcılıq ənənələri və metodlarının zənginliyi Aida xanımı tədqiq etdiyi ədiblərin düşüncələri ilə paylaşmağa, bölüşməyə, müzakirələr aparmağa, interpretasiya etmək və nəhayət, tədqiqatçı sözünün qətiyyətinə inandırmağa şərait yaradırdı. Ərəb yazıçılarının yaradıcılıq metodlarından bəhs edərkən "Suriya-Amerika məktəbi"nin təcrübəsində Qərb və Şərq ənənələrinin sintezi problemi, bu məktəbin nümayəndələri tərəfindən Qərbi Avropa və Amerika romantizminin və rus tənqidi realizminin mənimsənilməsinin özünəməxsus xüsusiyyətləri problemi, onların əsərlərində yaradıcı metodun təkamülü problemi meydana çıxır" deyən şərqşünas alim ədəbiyyatdakı ideya və metod təkamülünü ustalıqla izləyir və konkret nəticələrə gəlirdi.

Aida xanımı xatırlayan ziyalılarımız onun zəngin təfəkkürə malik alim simasında zərif bir xanım şəxsiyyətinin gücündən də bəhs edirlər. Bu cəhət görkəmli şərqşünasın araşdırmalarının incə məqamlarında öz əksini tapmışdır. Aida İmanquliyeva qadınların cəmiyyətdəki yeri və roluna xüsusi qiymət verir, əslində isə öz simasında bir örnək yaşadırdı. Tarix boyu Azərbaycanın ictimai-siyasi və mədəni sferasında qadın ziyalılarımızın da mühüm və əhəmiyyətli rola malik olduğu milli ənənələrimizin davamçısı idi Aida xanım. Təsadüfi deyildi ki, görkəmli ərəbşünasın araşdırdığı əsərlərdə də qadın önəmli yerə sahib idi. Qadın mövzusu mühacir yazıçılar üçün çox xarakterik idi. Məhcər ədiblər millətin inkişafında qadınların emansipasiyası problemini həlledici amillərdən hesab edirdilər. C.X.Cibranın hələ 12 yaşı olarkən anası ilə etdiyi kiçik söhbət qadınların Şərq dünyasındakı vəziyyətini əks etdirir, onların maariflənmək arzularını ifadə edirdi:

"Anam dedi: "Əgər sən dünyaya gəlməsəydin, mələk olardın".

Mən cavab verdim: "Mən hələ də mələyəm!"

O güldü və soruşdu: "Bəs sənin qanadların hanı?"

Mən onun əllərini çiynimə qoyub dedim: "Mənim qanadlarım bunlardır".

O cavab verdi: "Lakin onlar qırıqdır".

"Qırılmış qanadlar" ifadəsini Cibran 17 il sonra yazdığı, qadınların ailə və cəmiyyətdəki roluna, sevgi və nikah məsələlərinə həsr etdiyi povestinə vermişdir. Əsəri geniş şəkildə araşdıran Aida İmanquliyeva povestdə qadın azadlığı mövzusunun sadəcə bir qadının şəxsi dramı çərçivəsindən çıxarır, özünün daha geniş şərhini tapdığını qeyd edir, milyonlarla "qırıq qanadlı"ların cəmiyyətin inkişafındakı həlledici əhəmiyyətini göstərməyə çalışırdı. Ona görə də tədqiqatçı alim hələ ilk kitabında C.X.Cibranın ilk hekayələr kitabına daxil olan "Banlı Marta", "Hanili Varda", "Gəlin yatağı", "Qəlbin pünhanı" kimi hekayələri, "Qırılmış qanadlar" povestini Şərq qadınının ailə və cəmiyyətdəki mövqeyi, ümumiyyətlə, qadın probleminin şərhi baxımından araşdırmaya cəlb etmiş, öz tədqiqatçı şəxsiyyətinin incə cizgilərini hiss etdirmişdir. Mövzunun xüsusi aktuallıq kəsb etməsinə sözügedən mərhələdə islam modernizmi hərəkatı da çox böyük təsir göstərmişdir. Ərəb ölkələrində qadınların əsarəti və hüquqsuzluğu islam dininin insanların bərabərliyi ideyasına zidd idi. İslam modernizminin güclü təkan verdiyi maarifçi ədəbiyyat da islamın mütərəqqi ideyaları vasitəsilə həmin mövqeyi əsaslandırmağa çalışırdı.

Aida xanım ümumbəşəri duyğulara, tolerant düşüncəyə malik şəxsiyyət kimi qadın mövzusunu yalnız Şərq dünyası ilə məhdudlaşdırmırdı. Çünki Mixail Nüaymənin də söylədiyi kimi, "Qırılmış qanadlar"ın qəhrəmanı ağlına və qəlbinə görə suriyalı deyil, yasəmən gülünün və limon ətrinin səthini sıyırıb onu asanlıqla "fransız, ingilis, rus, italyan və avstraliyalı etmək olar"dı.

Özündən sonrakı nəsil ərəb ədəbiyyatı və müqayisəli ədəbiyyatşünaslıq araşdırmaçıları üçün Aida İmanquliyevanın tədqiqatları məktəb rolunu oynamışdır. Aida İmanquliyevanın kitabları müqayisəli ədəbiyyatşünaslığın mühüm məsələlərinin araşdırılması, ərəb yazıçılarının yaradıcılıq nümunəsində Şərq və Qərb ölkələri ədəbiyyatlarının ortaq, uyğun və fərqli problemlərinin öyrənilməsi, qarşılıqlı və birtərəfli təsir nəzəriyyəsinin şərhini qarşıya qoyurdu. Həqiqətən də, Əmin ər-Reyhani və Cibran Xəlil Cibranın yaradıcılığında ingilis romantikləri və Amerika transsendentalizmi, M.Nüaymənin ədəbi-fəlsəfi irsində rus realizmi və nəzəri-estetik fikri ilə səsləşən məqamlar dünya ədəbiyyatının böyük bir sahəsinə kompleks şəkildə yanaşmaq, müqayisəli araşdırmalar aparmaq zəruriyyətini doğurur. İslam və xristian dini, sufizm və Qərb fəlsəfəsi, qədim hind mədəniyyəti və digər möhtəşəm mənbələrdən qaynaqlanan mövzu və ideyaları da nəzərə alsaq, ərəb yazıçılarının yaradıcılıq sferası və Aida İmanquliyevanın tədqiqatçılıq fəaliyyətinin sərhədlərini təsəvvür edə bilərik. Təsadüfi deyil ki, Aida xanım "mövcud problemin obyektiv zəruriliyi Orta əsrlər ədəbiyyatının son dövrü ilə müqayisədə fərqli ideya-estetik prinsiplərə malik yeni tipli ərəb ədəbiyyatının təşəkkülündə qarşılıqlı ədəbi əlaqələrin oynadığı rolla şərtlənmişdir", deyə yazırdı.

Milli ədəbiyyatı, eləcə də Şərqin çoxəsrlik inkişaf tarixinə malik ədəbi ənənələri, dini-fəlsəfi dünyagörüşü, icimai-siyasi fikirlərini dünya mədəniyyətinin müxtəlif analoji düşüncə sferası ilə vəhdətdə ifadə edən ərəb mütəfəkkir yazıçılarının - Cibran Xəlil Cibran, Əmin ər-Reyhani və Mixail Nüaymənin multikultural dəyərlərlə zəngin yaradıcılığının tədqiqi Azərbaycan elminə bir sıra yeni keyfiyyətlər gətirmişdir. Çünki Aida İmanquliyevanın da yazdığı kimi, "C.X.Cibran, Ə.ər-Reyhani və M.Nüaymə özlərinin coxcəhətli bədii yaradıcılıqlarında Avropa və Amerika ədəbiyyatının nailiyyətlərini mənimsəmiş, onların dəyərlərini ən yaxşı milli bədii ənənələrlə üzvi surətdə sintezləşdirmişlər". Aida xanımın timsalında isə orijinal bir tədqiqatçı, şərqşünas alim, dünya elmi və ədəbi prosesinə dərindən bələd olan şəxsiyyət yetişmişdir.

Əmin ər-Reyhani "güclü dalğa çimərlik üzərində işarə qoyur və o, sonralar okeanda əsas səviyyəyə çevrilir, dünyanın böyük mütəfəkkirləri də belə edir" deyə yazırdı. Aida İmanquliyeva elmdə öz izini qoyan güclü dalğalardan idi. Bu dalğa şərqşünaslıq elminə yeniliklər gətirməklə yanaşı, onun gələcək inkişafına da təkan vermişdir. Aida İmanquliyevanın tədqiqatlarına, araşdırma prinsip və meyarlarına dönə-dönə üz tutmamızın, Aida xanımın ölməzliyinin də səbəbi budur. Cibranın söylədiyi kimi:

Və sən, böyük dəniz, heç uyumayan ana...

Sonra sənə qarışacam, sərhəd tanımayan bir okeana sərhəd tanımayan bir damla olaraq.
Bəsirə ƏZİZƏLİ, filologiya elmləri doktoru, dosent

“Azərbaycan” qəzeti
20-12-2024, 10:04
Alimlər: Qəhvəyə şəkər əlavə edilməsi onun təsirini artırır
20-12-2024, 09:58
Sadəliyi və böyüklüyü ilə tanınan alim
16-12-2024, 11:19
Əlyazmalar İnstitutunun əməkdaşları Türkiyədə keçirilmiş beynəlxalq simpoziumda məruzə ediblər
13-12-2024, 10:43
Tarixi görüş
11-12-2024, 11:51
Filosof alim Xatirə Quliyevanın “Heydər Əliyevin Böyük Siyasət Yolu” monoqrafiyasının təqdimat mərasimi keçirilib
7-12-2024, 13:52
“Heydər Əliyevin Böyük Siyasət Yolu” monoqrafiyası işıq üzü görüb
6-12-2024, 11:09
5 dekabr Beynəlxalq Könüllülər Günü münasibətilə AMEA-nın prezidenti “MEK könüllüləri”ni təbrik edib
3-12-2024, 10:45
Şəhidlərə həsr olunmuş kitablar MEK-ə təqdim olunub
27-11-2024, 11:18
Kosmosda çox qalmaq idrak qabiliyyətini zəiflədir
27-11-2024, 11:11
Tarix Muzeyində Avropa Milli Geyimləri nümayiş olunub
26-11-2024, 11:07
Oğuzda şabalıdın məhsuldarlığı aşağı düşüb, qiymətlər xeyli artıb
22-11-2024, 11:16
AQTA sədri ictimai iaşə xidmətləri sahəsində fəaliyyət göstərən sahibkarları qəbul edib
22-11-2024, 11:09
Azərbaycan Basketbol Federasiyası məşhur idman statistika portalı ilə müqavilə imzalayıb
21-11-2024, 10:27
ABŞ-da təhsil alan azərbaycanlı tələbələrin sayı açıqlanıb
21-11-2024, 10:22
Professor Gülər Abdullabəylinin Varşavada kitabı işıq üzü görüb
20-11-2024, 12:37
“Lambert Akademik” nəşriyyatı Azərbaycan alimlərinin məqalələr toplusunu nəşr edib
16-11-2024, 11:22
Yaşıl sivilizasiyanın COP29 anonsu
16-11-2024, 11:17
Prezident İlham Əliyevin bədxahları məyus edən xəbərləri və ya Azərbaycanın geniş açılan qanadları
14-11-2024, 23:16
Monqolustan prezidenti Milli Azərbaycan Tarixi Muzeyini ziyarət edib
14-11-2024, 23:10
AMEA prezidenti akademik İsa Həbibbəyli COP29 çərçivəsində Nobel mükafatı laureatı Məhəmməd Yunusla görüşüb
14-11-2024, 23:03
"İqlim dəyişikliyi ilə mübarizədə regional və transsərhəd əməkdaşlığın maliyyələşdirilməsi" mövzusunda konfrans keçirilib
14-11-2024, 22:58
BMT-nin Ətraf Mühit Proqramı nümayəndəsi: Azərbaycandan yüksək gözləntilərimiz var
13-11-2024, 11:25
COP29-da birinci xanımların iştirakı ilə “Gənclər iqlim fəaliyyətlərinin ön cəbhəsində” mövzusunda konfrans keçirilib
13-11-2024, 11:21
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib
13-11-2024, 10:44
Bakıda COP29-un açılış mərasimi keçirilir 12.11.2024
11-11-2024, 14:05
Lambert Akademik Nəşriyyatı “Articles of Azerbaijan Scientists. ANAS – 80” məqalələr toplusunu nəşr edib
10-11-2024, 14:31
AMEA Müqəddəs MƏBƏDİMİZ, Gözümüzdən artıq GÖZBƏBƏYİMİZDİR!
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031