Heydər Əliyev və Azərbaycan Milli Elmlər Akademiyası
Elm və təhsil
Oxunub: 143
1 may 2023 | 12:51

Dünya miqyasında elmin inkişafında Zaman faktoru həmişə mühüm amillərdən biri olmuşdur. Ona görə də uzaqgörən dövlət xadimləri, böyük mütəfəkkirlər və maarifçilər öz fəaliyyətlərində elm faktorundan yaradıcı şəkildə istifadə etmişlər. Azərbaycan xalqının Ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyev özünün çoxillik dövlətçilik fəaliyyətində elm amilinə böyük önəm vermiş, rəhbərlik etdiyi ölkəni və xalqı irəliyə doğru inkişaf etdirmək üçün elmi ideyalardan istifadə olunmasına xüsusi diqqət yetirmişdir.

Görkəmli dövlət xadimi Heydər Əliyev siyasi hakimiyyətdə olduğu bütün dövrlərdə elm faktorundan geniş şəkildə faydalanmışdır. Bu məqsədlə o, ilk növbədə elmin inkişaf etdirilməsinə ardıcıl surətdə qayğı göstərmiş, alimləri cəmiyyət həyatının diqqət mərkəzinə çəkmiş və onların elmi ideyalarından və cəmiyyətdəki nüfuzundan istifadə etməklə prosesləri irəliyə doğru istiqamətləndirmişdir. Ümummilli liderin siyasi hakimiyyətinin başlanğıc mərhələsində, 2 noyabr 1969-cu ildə Bakı Dövlət Universitetinin 50 illik yubileyi mərasimində iştirakı və Azərbaycan dilində çıxış etməsi ümumiyyətlə elmə və təhsilə, xüsusən xalqımızın mənəvi təkamülündə mühüm rol oynamış bu böyük ali təhsil ocağının alimlərinə və müəllimlərinə xüsusi diqqət və ehtiramın ifadəsi idi. O, Azərbaycan Sovet Respublikasında rəhbərlik edərkən bu qənaətə gəlmişdir ki, ölkədə uzun illər ərzində dözümlü münasibət bəslənilmiş iqtisadi-mədəni geriliyin aradan qaldırılmasının, bu sahədə əsaslı dönüşə və dirçəlişə nail olmağın əsas yolları və vasitələrindən biri də elmin bütün sahələr üzrə gedən proseslərə daha fəal və məqsədyönlü şəkildə müdaxilə etməsinin və təsir göstərməsinin təmin edilməsi ilə üzvü surətdə əlaqədardır. Ona görə də respublikanı mövcud gerilikdən xilas etmək və ölkəni yeni inkişaf mərhələsinə çatdırmaq məqsədilə elm sahəsində kök salmış ətaləti aradan qaldırmaq istiqamətində kompleks tədbirlər həyata keçirmişdir.

Heydər Əliyev ilk növbədə Azərbaycan SSR Elmlər Akademiyasının 25 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan KP MK Bürosunun 30 dekabr 1969-cu il tarixli qərarında bu elmi qurumun əsas vəzifələri sırasında respublikanın təbii sərvətlərinin öyrənilməsi və onlardan səmərəli şəkildə istifadə olunması, neft, kimya sənayesi və kənd təsərrüfatının inkişafı ilə bağlı məsələlərin həll edilməsi üzrə tədqiqatların aparılması ön mövqeyə çəkilmişdir. Həmçinin Heydər Əliyevin sədrlik etdiyi həmin Büro iclasında Elmlər Akademiyasının ölkənin sənaye potensialının gücləndirilməsinə daha səmərəli şəkildə kömək etməsini təşkil etmək məqsədi ilə Akademiya Rəyasət Heyətinin "Yer haqqında elmlər bölməsinin bazasında iki bölmənin: texniki elmlər və neft, geologiya və coğrafiya elmləri bölmələrinin yaradılması haqqında" qərar qəbul edilmişdir. Azərbaycan KP MK-nın 24 iyun 1970-ci il tarixli qərarı ilə Azərbaycan SSR EA-nın tərkibindəki Aşqarlar Kimyası İnstitutunun maddi-texniki bazasının yaxşılaşdırılmasına dair tədbirlərin müəyyənləşdirilməsi və MK Bürosunun 20 iyun 1972-ci il tarixdə Akademiyanın Neft-Kimya Prosesləri İnstitutunun Sumqayıt filialının laboratoriyalarının bazasında Ağır Üzvü Sintez Kompleks Elmi Tədqiqat və layihələndirmə İnstitutunun yaradılması haqqındakı qərarları əsasən aqrar region kimi qəbul edilmiş respublikada başlanmış genişmiqyaslı sənayeləşdirmə proqramının uğurla həyata keçirilməsinə hesablanmış məqsədyönlü tədbirlər idi.

Azərbaycan Sovet Respublikasının rəhbəri Heydər Əliyev haqlı olaraq geniş miqyasda ölkədə iqtisadiyyatı hərtərəfli surətdə inkişaf etdirmək üçün iqtisad elmi sahəsində zəruri islahatların aparılmasını təxirəsalınmaz vəzifələrdən biri hesab etmişdir. Bu məqsədlə Plan Komitəsində, Elmlər Akademiyasında və digər nazirliklərin tabeliyində olan iqtisadiyyat institutlarının fəaliyyəti əsaslı şəkildə yoxlanılaraq Mərkəzi Komitənin Bürosunda dərindən təhlil edilmiş və həmin elmi müəssisələrin işini dövrün tələbləri səviyyəsinə qaldırmaq üçün təsirli qərarlar qəbul edilmişdir. Bu münasibətlə MK Bürosunun 9 oktyabr 1973-cü il tarixdə keçirilmiş xüsusi iclasında iqtisadiyyat institutlarındakı mövcud vəziyyət aşağıdakı kimi təsbit edilmişdir: "İqtisadiyyat institutları planlaşdırma orqanlarına xalq təsərrüfatının inkişafında perspektiv istiqamətlərin elmi əsaslandırılması və proqnozlaşdırılması, istehsal imkanlarının səmərəli şəkildə istifadəsi və yerləşdirilməsi üzrə təklif və tövsiyələrin verilməsinə lazımi dəstək göstərmir... Respublikanın iqtisadiyyat institutlarının fəaliyyətindəki çatışmazlıqlar onların işində lazımi koordinasiyanın olmaması, tədqiqatların pərakəndə və paralel şəkildə aparılması ilə əlaqədardır".

Heydər Əliyevin prinsipial mövqeyi ilə qəbul edilmiş kompleks xarakterli qərarlar yalnız iqtisadiyyat institutlarının deyil, bütövlükdə respublika iqtisadiyyatının elmi əsaslar üzərində qurulmasına geniş meydan açmışdır. Mərkəzi Komitənin qəbul etdiyi qərardakı aşağıdakı müddəalar nəinki öz dövrü, aradan yarım əsr vaxt keçməsinə baxmayaraq, hazırkı dövlət müstəqilliyi dövrünün iqtisad elmi üçün də əhəmiyyətlidir: "İqtisadiyyat institutlarının rəhbərliklərdən tələb edilsin ki, respublikanın ümumi istehsalının səmərəliliyini artırılması ilə bağlı olan aktual problemlərin həllinə xüsusi diqqət yetirsinlər. İnstitutların heyətlərinin səylərini xalq təsərrüfatı strukturunun bərpası və təkmilləşdirilməsi, uzunmüddətli optimal planlaşdırma problemlərinin həlli, təbii və əmək resurslarının istifadəsi, istehsal güclərinin yerləşdirilməsi, sənaye və kənd təsərrüfatı istehsalının intensifikasiyası, xalq təsərrüfatının idarə edilməsində iqtisadi metodların təkmilləşdirilməsi üzrə vacib məsələlərin həllinə yönəltsinlər".

Beləliklə, Heydər Əliyevin uzaqgörənliyi və iradəsi ilə Azərbaycanda iqtisadiyyat tarixi ənənələr və iqtisad elminin təhlilləri və proqnozlaşdırmaları üsulu ilə idarə olunmuşdur. Elmlər Akademiyası və Plan Komitəsinin iqtisadiyyat institutlarının alimləri bütün sahələr üzrə Dövlət proqramlarının əsas müəllifləri və iştirakçıları sırasında yer almışlar. Elm faktoru Heydər Əliyevin sürətli və hərtərəfli iqtisadi marafonunun əsaslarını təşkil etmişdir. Ona görə də Sovet Azərbaycanı Heydər Əliyevin çoxəsrlik iqtisadi ənənələrə və iqtisad elminin nailiyyətlərinə əsaslanan iqtisadiyyat platforması vasitəsilə qısa müddət ərzində geridə qalmış aqrar respublikadan inkişaf etmiş iqtisadiyyata malik olan bir ölkəyə çevrilmişdir.

Azərbaycan Sovet Respublikasına rəhbərlik etdiyi dövrdə Heydər Əliyev Azərbaycan elminin, Elmlər Akademiyasının dünya elminin ən aktual, problemlərinin öyrənilməsinə doğru istiqamətləndirilməsi sahəsində konkret addımlar atmış, bununla da respublika alimlərinin beynəlxalq miqyasda gedən elmi proseslərdən xəbərdar olmalarına və müasir problemlər üzrə tədqiqatlar aparmalarına ciddi fikir vermişdir. Məsələn, Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan KP MK və Nazirlər Sovetinin "Molekulyar biologiya və molekulyar genetikanın inkişafının sürətləndirilməsi və nailiyyətlərindən xalq təsərrüfatında istifadə edilməsi tədbirləri haqqında"kı 1 avqust 1974-cü il tarixdə qəbul etdiyi qərar əsasında Qərb ölkələrində ön mövqeyə çıxmış bu yeni elmi istiqamətin respublikada da elmi əsasları yaradılmışdır. Həmin məqsədlə Azərbaycan EA Fizika İnstitutundakı Biofizika laboratoriyasının nəzdində Molekulyar biologiya molekulyar genetika sektoru yaradılmış və ən müasir maddi-texniki baza ilə təchiz edilmişdir. Bu yolla müstəqillik dövründə Elmlər Akademiyasında fəaliyyətə başlayan Biofizika və Molekulyar Biologiya və Biotexnologiyalar institutları üçün münbit elmi zəmin hazırlanmışdır.

Yaxud Azərbaycan KP MK və Nazirlər Sovetinin 25 mart 1978-ci il tarixdə qəbul etdiyi "Azərbaycan SSR Elmlər Akademiyasında təbii resursların, kosmik tədqiqatlar sahəsində işlərin daha da inkişaf etdirilməsi haqqında"kı qərarı ilə radio-texnika elminin inkişafına dəstək verilmiş və respublikamızda radiofiziki cihazqayırma üzrə bir çox sənaye sahələri yaradılmışdır. Bundan başqa, Dövlət proqrammı əsasında 1980-ci ildə EA-nın məxfi qriflə işləyən "Kaspi" Elmi Mərkəzinin Təcrübə Zavodu yenidən qurularaq, istehsal həcmi bir neçə dəfə artırılmışdır. Eyni zamanda, Naxçıvan Muxtar Respublikasında "Kaspi" Elmi Mərkəzinin Xüsusi Konstruktor Bürosu açılmış, burada elm yönlü olunmuşdur.

Beləliklə, Heydər Əliyev epoxasında sosializm quruluşu şəraitində Xüsusi Konstruktor Bürosu adı ilə kapitalizm cəmiyyəti üçün səciyyəvi olan özəl elmi müəssisələr yaradılmışdır. Belə elm-istehsalat birlikləri keçmiş SSRİ-də yalnız Ukrayna və Azərbaycan Elmlər Akademiyalarında səmərəli şəkildə fəaliyyətlərini davam etdirmişlər. Azərbaycan KP MK Bürosunun Heydər Əliyevin sədrliyi ilə keçirilmiş 23 yanvar 1976-cı il tarixli iclasında "Azərbaycan SSR Elmlər Akademiyasının elmi-tədqiqatlarının səmərəliliyinin artırılması və onların nəticələrinin milli iqtisadiyyatda tətbiqi üzrə işlərin genişləndirilməsi haqqında" xüsusi bir məsələ müzakirə edərək konkret qərarları qəbul etməsi ilə Akademiya elmi mühiti üçün ənənəvi hesab edilməyən özəl elmi fəaliyyət dövlət səviyyəsində dəstəklənmişdir. Bütün bunlar isə hərbi-sənaye məhsulları istehsal isə öz növbəsində Azərbaycanda sovet hakimiyyəti illərində Kosmik Tədqiqatlar İnstitutunun, müstəqillik illərində isə Azərkosmos kimi müasir elm-istehsalat mərkəzinin yaradılması ilə nəticələnmişdir. Həmçinin Beynəlxalq Astronavtika Federasiyasının XXIV Qurultayın 1974-cü ildə Akademiyanın bazasında keçirilməsi də Azərbaycanın kosmik tədqiqatlar ölkəsinə çevrilməsinə öz töhfəsini vermişdir. Yaxud da "Seysmologiya sahəsində elmi tədqiqatların daha da inkişaf etdirilməsi və zəlzələ proqnozlaşdırma xidmətinin təşkil edilməsi haqqında 7 aprel 1978-ci il tarixli qərardan sonra əsasən təcrübi xarakterli məlumat bürosu kimi fəaliyyət göstərən Respublika Seysmoloji Xidmət Mərkəzinin elmi fəaliyyətinin də təşkil edilməsi Heydər Əliyev epoxasının mühüm nailiyyətlərindəndir. Eynilə də Sumqayıt şəhərində 1976-cı ildə Atom nüvəsinin spektokimyası üzrə XXVI Qurultayın keçirilməsi, yüksək enerjili fizikanın aktual problemlərinə həsr olunmuş seminarın təşkili respublikamızda dünya elmində yeni meydana çıxmış elm sahələrinin yaradılmasına və inkişaf etdirilməsinə böyük təkan vermişdir. Beləliklə, Azərbaycanda Heydər Əliyev dövrünün yeni tipli kimya, fizika, riyaziyyat məktəbləri formalaşmışdır.

Heydər Əliyev epoxasında Humanitar və İctimai Elmlər sahəsində də Elmlər Akademiyasında genişmiqyaslı tədbirlər həyata keçirilmişdir. Heydər Əliyevin Azərbaycan Sovet Respublikasına rəhbərlik etdiyi illər ölkə elminin intibah dövrü hesab olunur. Bu dövrdə Heydər Əliyevin uğrunda mübarizə apardığı azərbaycançılıq siyasətinin həyata keçirilməsində ədəbiyyat və incəsənət xadimləri ilə yanaşı, elm adamları da, Akademiya əməkdaşları da yaxından iştirak etmişlər. Respublika rəhbərinin "Azərbaycanda tarix və mədəniyyət abidələrinin SSRİ-nin əsas muzeyləri vasitəsilə təbliğ edilməsinin yaxşılaşdırılması tədbirləri haqqında" (1969), "Respublikada toponimiya tədqiqatlarının inkişaf etdirilməsi haqqında" (1972), görkəmli Azərbaycan yazıçı və şairlərinin yubileyləri haqqındakı sərəncamları akademik elmin azərbaycançılıq istiqamətində səfərbər olmasına şərait yaratmışdır.

Nizami Gəncəvi və İmaməddin Nəsiminin yubileylərinin keçirilməsi, əsərlərinin tədqiqi, nəşri, tərcümə olunması və təbliğ edilməsi haqqında qərarların qəbul edilməsi, habelə ədəbiyyat, incəsənət və elm sahəsində ən yaxşı əsərlərə görə Dövlət mükafatlarının verilməsi ölkədə böyük canlanmaya şərait yaratmışdır. ən yaxşı Nizamişünaslıq əsərləri və İmaməddin Nəsimi haqqında fundamental tədqiqatlar bu illərdə meydana çıxmışdır. Akademik Ziya Bünyadovun milli dövlətçilik tariximizə, Atabəylər dövlətinə, müxtəlif müəlliflərin Şirvanşahlar, Səfəvilər dövlətlərinə həsr edilmiş sanballı monoqrafiyalar həmin dövrün qiymətli elmi nəticələrindəndir. Nəriman Nərimanovun anadan olmasının 100 illik yubileyinin Kremlin diktə etdiyi sadəcə yazıçı və dramaturq kimi deyil, görkəmli dövlət xadimi səviyyəsində qeyd edilməsinə və Bakı şəhərində əzəmətli heykəlini ucalmağa nail olması proseslərində Elmlər Akademiyasının müxtəlif elmi-tədqiqat institutlarında çalışan alimlər də yaxından iştirak etmişlər. Ölkə miqyasında dövlət başçısı Heydər Əliyev tərəfindən respublikada yaradılmış sağlam azərbaycançı mühit, ümummilli ideyaların və fəaliyyətlərin dövlət tərəfindən dəstəklənməsi Elmlər Akademiyasında humanitar və ictimai elmlər sahəsində bir sıra elmi məktəblərin yaradılmasına səbəb olmuşdur. Dövrün xüsusiyyətlərindən irəli gələn bəzi ideoloji cizgilərinin də nəzərə çarpmasına baxmayaraq, XX əsrin 70-80-ci illərində Azərbaycanda akademik Həsən Abdullayevin yarımkeçiricilər fizikası məktəbi, akademik Firudin Köçərlinin fəlsəfə məktəbi, akademik Məmməd Cəfər Cəfərovun ədəbiyyat nəzəriyyəsi məktəbi, akademik Ziya Bünyadovun şərqşünaslıq - mətnşünaslıq məktəbi, müxbir üzv Kərim Kərimovun sənətşünaslıq məktəbi, hətta müxbir üzv Xudu Məmmədovun humanitar yönlü kristalloqrafiya məktəbi, Həsən Əliyevin - Pəndaq Pəndaqov coğrafiya məktəbi Heydər Əliyev epoxasının möhtəşəm elmi nailiyyətləridir. Heydər Əliyevin iradəsi ilə 1978-ci ildə Azərbaycan dilinin respublikamızın konstitusiyasına dövlət dili daxil edilməsi dilçilik elminin inkişafına böyük təkan vermiş, bir sıra sanballı dilçilik tədqiqatları bu dövrdə meydana çıxmışdır. Akademik Məmməd ağa Şirəliyevin dialektoloji məktəbi və ümumittifaq Türkologiya Komitəsinin orqanı olan "Sovetskaya türkologiya" jurnalının Bakıda-Elmlər Akademiyasında çap olunması, habelə Azərbaycan Dövlət Universitetinin tanınmış dilçi alimlərinə çoxcildlik "Müasir Azərbaycan dili" dərsliyinə görə Dövlət mükafatlarının verilməsi məhz respublikanın rəhbəri, Siyasi Büronun üzvü Heydər Əliyevin düşünülmüş və məqsədyönlü fəaliyyətinin, möhkəm iradəsinin və böyük nüfuzunun sayəsində mümkün olmuşdur.

Azərbaycan Elmlər Akademiyasının beynəlxalq əlaqələrinin müstəqil şəkildə həyata keçirilməsində görkəmli dövlət xadimi Heydər Əliyevin adı ilə bağlı olan mühüm xidmətdir. Belə ki, Heydər Əliyevin təşəbbüsü ilə "Xarici ölkələrdə elmi-texniki nailiyyətlərin mübadiləsinin genişləndirilməsi haqqında" 25 sentyabr 1973-cü il tarixində çıxarılmış qərarın icrasını təmin etmək məqsədi ilə bir il sonra rəsmi olaraq Elmlər Akademiyasında xarici əlaqələr şöbəsinin yaradılmasına icazə verilmişdir. Bununla da, Azərbaycan Elmlər Akademiyasının xarici əlaqələri təşkil etmək baxımından SSRİ Elmlər Akademiyasından asılılığı aradan qaldırılmışdır.

Nəhayət, sovet hakimiyyəti illərində, 1975-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının yaradılmasının 30 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması Heydər Əliyev epoxasının elmə və Akademiyaya yüksək münasibətinin əyani təzahürüdür.

O zaman məhz ölkə rəhbəri Heydər Əliyevin yüksək diqqəti və qayğısı ilə Azərbaycan Elmlər Akademiyası dövrün ən yüksək mükafatlarından olan "Xalqlar dostluğu" ordeni ilə təltif olunmuş, Keçici Qırmızı Bayrağa layiq görülmüşdür. Azərbaycan Sovet Respublikasının başçısı Heydər Əliyevin təntənəli yubiley mərasimindəki dərin məzmunlu nitqi Akademiyanın fəaliyyətinin qiymətləndirilməsi ilə bərabər, həm də istiqamətləndirilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Son illərdə Azərbaycan Elmlər Akademiyası xüsusilə geniş, çoxcəhətli fəaliyyət göstərir, elmi axtarışların yeni və ən yeni istiqamətlərini yaradıb inkişaf edir, tətbiqi tədqiqatları əsaslı tədqiqatlarla ahəngdar şəkildə əlaqələndirir, qardaş respublikaların elmi kollektivləri ilə getdikcə daha sıx qarşılıqlı əlaqə saxlayır. Tədqiqatların nəzəri səviyyəsi, onların xalq təsərrüfatı üçün əməli səmərəsi xeyli artmış, elmin kompleks planlaşdırılması və təşkili yaxşılaşdırılmış, alimlərə tələbkarlıq yüksəldilmişdir.

Ölkəmizdə elmi işçilərin əməyi şərəflidir, onlara ehtiram göstərilir. Odur ki, bizim hər bir tədqiqatçı qarşısında yüksək tələblər qoymağa haqqımız vardır. Respublikanın qarşısında duran böyük vəzifələr elmin təşkili, onun idarə edilməsi, quruluşunu təkmilləşdirilməsi sahəsində ciddi iş aparmağı, elmi tədqiqatların praktikanın təsərrüfat və mədəniyyət quruculuğunun ehtiyaclarına maksimum yaxınlaşdırmaq üçün onların planlaşdırılmasını yaxşılaşdırmağı tələb edir".

Göründüyü kimi, Heydər Əliyev Azərbaycan Sovet Respublikasına rəhbərlik etdiyi 1969-1982-ci illərdə ölkə elmi, o cümlədən də, Elmlər Akademiyası bütün istiqamətlər üzrə hərtərəfli şəkildə inkişaf etmişdir. Bu inkişaf xətti Akademiyanın üzvlərinin elm sahəsində səmərəli fəaliyyətləri ilə seçilən alimlərin hesabına daha da genişləndirilməsində və alimlərin xidmətlərini dövlət səviyyəsində də özünü göstərmişdir. Belə ki, Heydər Əliyevin qayğısı sayəsində 1982-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının tərkibi 2 fəxri üzv, 54 həqiqi üzv və 70 müxbir üzv olmaqla 126 çatdırılmışdır ki, bu da 1969-cu ilin göstəriciləri ilə müqayisədə 2 dəfə çox idi. SSRİ Elmlər Akademiyasının prezidenti, akademik M.V.Keldışın və Gürcüstan SSR EA-nın prezidenti, akademik N.İ.Musxeleşvilinin Azərbaycan Elmlər Akademiyasının fəxri üzvi seçilmələri Akademiyanın nüfuzunun artırılmasına əhəmiyyətli dərəcədə müsbət təsir göstərmişdir. Eyni zamanda Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan KP MK-nın təqdimatı əsasında Elmlər Akademiyasının vitse-prezidenti, akademik Mustafa bəy Topçubaşovun 1975-ci ildə Sosialist Əməyi qəhrəmanı kimi o dövrün ən yüksək mükafatını alması, görkəmli elm xadimlərinə fəxri adların verilməsi, onların orden və medallarla təltif olunması elm adamlarına dövlətin yüksək ehtiramını ifadə etmişdir. Beləliklə, Azərbaycan elminin və Elmlər Akademiyasının gələcək vəzifələrinin müəyyənləşdirilməsində görkəmli dövlət xadimi Heydər Əliyevin siyasi hakimiyyətinin birinci dövründə qəbul etdiyi tarixi qərarlar, irəli sürdüyü ideyalar, həyata keçirdiyi islahatlar uzunmüddətli proqram rolunu oynamışdır. Cəmiyyət həyatının digər sahələrində olduğu kimi, uzaqgörən dövlət xadimi Heydər Əliyev Azərbaycan elminin və Elmlər Akademiyasını da dövlət müstəqilliyinə doğru hazırlamışdır. XX əsrin 8-ci illərində Azərbaycanda milli azadlıq ideyalarının yayılmasında və dövlət müstəqilliyi uğrunda mübarizədə Azərbaycan alimlərinin və Elmlər Akademiyası əməkdaşlarının fəal iştirakı bunun əyani nümunəsidir.

Müstəqillik dövründə Azərbaycan Respublikasına ikinci rəhbərliyi dövründə də görkəmli dövlət xadimi Heydər Əliyev ölkə elmini və Elmlər Akademiyasını xalqın və dövlətimizin mənafelərinə uyğun şəkildə inkişaf etdirmək istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirmişdir. İlk növbədə Ulu öndər Elmlər Akademiyasını keçid dövrünün mürəkkəb böhran mərhələsinin çətinliklərindən xilas etmişdir. Elmlər Akademiyasında 21 sentyabr 1993-cü il tarixində Azərbaycan ziyalıları ilə keçirilmiş yığıncaqda O, Akademiyanın tarixi roluna və əhəmiyyətinə yüksək qiymət verməklə bərabər, çətin şəraitdə bu akademik qurumun qorunub saxlanılması və inkişaf etdirilməsi zərurətini cəmiyyətin diqqət mərkəzinə çəkmişdir. Heydər Əliyevin qətiyyətlə səsləndirdiyi "hansı iqtisadiyyat olursa olsun, elm inkişaf etməlidir. Elmlər Akademiyası xalqın tarixi nailiyyətidir... Əmin ola bilərsiniz ki, Elmlər Akademiyası da, institutlar da fəaliyyət göstərəcəklər, biz buna imkan yaradacağıq" - müddəaları əslində artıq ləğv ediləcəyi haqqında bəyanatların səsləndiyi məsuliyyətli bir məqamda Akademiyanın xilas edilməsi missiyasını həyata keçirmişdir. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 31 yanvar 1997-ci ildə Elmlər Akademiyasının rəhbər heyəti və respublikanın aparıcı alimləri ilə görüşdə yeni tarixi şəraitdə ölkə elminin vəziyyəti və vəzifələrini müzakirə etmişdir. Görüşdə Elmlər Akademiyasının statusunun müəyyən edilməsi, ölkə elminin müstəqil dövlət quruculuğuna xidmət göstərməsi, alimlərin cəmiyyət qarşısındakı mövqeyi, onların maddi vəziyyətinin yaxşılaşdırılması kimi zəruri və aktual məsələlər ətrafında açıq söhbət aparılmışdır. Nəticədə Elmlər Akademiyasının rəhbər heyəti yeniləşdirilmiş, Akademiyada yeni islahatlara başlanılmışdır. Bundan sonra Heydər Əliyevin imzaladığı 15 may 2001-ci il tarixli Fərmanla Akademiyaya Milli Elmlər Akademiyası statusu verilməsi ilə Azərbaycan elminin keçmiş sovet ideologiyasının təsirlərindən ayrılaraq xalqımızın milli maraqlarına və ölkəmizin dövlətçilik mənafelərinə xidmət etmək vəzifəsinə istiqamətləndirilməsi məsələsi rəsmi şəkildə həll edilmişdir. Sonrakı illərdə Azərbaycan Milli Elmlər Akademiyası dünya ölkələrinin akademik elmi qurumları və universitetləri ilə bərabərhüquqlu şəraitdə əməkdaşlıq müqavilələri imzalamış, öz işini dünya elmi ilə inteqrasiya şəraitində müstəqil dövlətimizin maraqları əsasında qurmuşdur.

Uzun illərdən sonra Akademiyanın tərkibini genişləndirmək məqsədi ilə 29-30 iyun 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının tarixində ən böyük seçki keçirilərək, bu akademik elmi təşkilatlara 27 həqiqi üzv, 88 müxbir üzv seçilmişdir. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin "Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsinin təsis edilməsi haqqında"kı 7 avqust 2002-ci il tarixli Sərəncamı əsasında muxtar respublikada Akademiyanın yeni elmi bölməsinin və elmi tədqiqat institutlarının yaradılması ilə ölkə elminin üfüqləri daha da genişləndirilmişdir. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 4 yanvar 2003-cü ildə Milli Elmlər Akademiyasının statusu və nizamnaməsi haqqında sərəncamlar imzalayaraq, Akademiyanın yeni formasını və vəzifələrini müəyyən etməsi ilə ölkə elmini müasir tarixi mərhələyə çatdırmışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Milli Elmlər Akademiyasının müstəqillik dövrünün tələblərinə uyğun olaraq inkişaf etdirilməsi istiqamətində dövlət səviyyəsində mühüm addımlar atmışdır.

Azərbaycan Ensiklopediyası Nəşriyyat Poliqrafiya Birliyinin AMEA-nın tabeliyinə verilməsi və Milli Ensiklopediya üçün ən müasir tələblərə cavab verən Ensiklopediya Kompleksinin istifadəyə verilməsi, "Milli" statusu verilməklə Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyi və Azərbaycan Tarixi Muzeyinin əsaslı şəkildə yenidən qurulması, Mərkəzi Elmi Kitabxana üçün hər cür maddi-texniki imkanları olan müasir tipli binanın istifadə üçün təqdim olunması, Şamaxı Astro-fizika Rəsədxanasının yenidən qurulması Akademiyanın həyatında İlham Əliyev erasının reallıqlarıdır. Regionlarda elmin inkişaf etdirilməsi məqsədilə 2005-ci ildə Lənkəran Elmi Mərkəzinin, 2010-cu ildə Gəncə Elmi Bölməsinin yaradılması və fəaliyyətinin təşkili yeni tarixi mərhələnin mühüm hadisələridir. Azərbaycan elmində islahatların aparılması ilə bağlı Dövlət Komissiyasının yaradılması, 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın qəbul edilməsi, 11 dekabr 2014-cü ildə AMEA-nın yeni Nizamnaməsinin təsdiq olunması, Akademiyada struktur islahatların aparılması, 2016-cı ildə Yüksək Texnologiyalar Parkının yaradılması AMEA-nın XXI əsr salnaməsində mühüm yer tutan tarixi addımlardır. Elm, təhsil, mədəniyyət və islahatlar sahəsində elmin qarşılıqlı inteqrasiyasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 28 iyul 2022-ci il tarixində imzaladığı "Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" Fərmanı əsasında Azərbaycan elmi və Akademiyası yenidən təşkilatlanma istiqamətində islahatlar dövrünü yaşamaqdadır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan elmi və Milli Elmlər Akademiyası ilə əlaqədar ifadə etdiyi aşağıdakı fikirlər müstəqillik epoxasında ölkəmizdə elmin qarşısında duran məsul vəzifələrə işıq salır: "Mən çox istəyərəm ki, Azərbaycan alimləri gələcəkdə də ölkəmizin hərtərəfli inkişafında daha fəal rol oynasınlar. Çünki ölkəmizin gələcəyi elmi potensialın səviyyəsi ilə bilavasitə bağlıdır. Hər bir ölkədə, o cümlədən, Azərbaycanda inkişaf elmin səviyyəsi ilə bağlıdır. Bu gün yeni texnologiyalar əsridir. O ölkələr ki, bu texnologiyaların sahibidir, əlbəttə, onlar dünya miqyasında öz maraqlarını daha böyük dərəcədə ifadə edə bilirlər. Azərbaycan da o ölkələrin sırasında olmalıdır.

Bu gün biz iqtisadiyyatımızın yeni modeli haqqında düşünürük. Çox istərdim ki, alimlərimiz bu işlərdə fəal iştirak etsinlər".

Göründüyü kimi, Azərbaycan elmi və Milli Elmlər Akademiyasının formalaşması və inkişafı yollarında Heydər Əliyev-İlham Əliyev epoxası xüsusi tarixi mərhələ təşkil edir. Milli Elmlər Akademiyası bu tarixi epoxanın böyük ideallarının işığında daha parlaq inkişafa doğru inamla yol getməkdə davam edir.

İsa HƏBİBBƏYLİ,

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti

Milli Məclisin deputatı, akademik

“525-ci qəzet”
20-12-2024, 10:04
Alimlər: Qəhvəyə şəkər əlavə edilməsi onun təsirini artırır
20-12-2024, 09:58
Sadəliyi və böyüklüyü ilə tanınan alim
16-12-2024, 11:19
Əlyazmalar İnstitutunun əməkdaşları Türkiyədə keçirilmiş beynəlxalq simpoziumda məruzə ediblər
13-12-2024, 10:43
Tarixi görüş
11-12-2024, 11:51
Filosof alim Xatirə Quliyevanın “Heydər Əliyevin Böyük Siyasət Yolu” monoqrafiyasının təqdimat mərasimi keçirilib
7-12-2024, 13:52
“Heydər Əliyevin Böyük Siyasət Yolu” monoqrafiyası işıq üzü görüb
6-12-2024, 11:09
5 dekabr Beynəlxalq Könüllülər Günü münasibətilə AMEA-nın prezidenti “MEK könüllüləri”ni təbrik edib
3-12-2024, 10:45
Şəhidlərə həsr olunmuş kitablar MEK-ə təqdim olunub
27-11-2024, 11:18
Kosmosda çox qalmaq idrak qabiliyyətini zəiflədir
27-11-2024, 11:11
Tarix Muzeyində Avropa Milli Geyimləri nümayiş olunub
26-11-2024, 11:07
Oğuzda şabalıdın məhsuldarlığı aşağı düşüb, qiymətlər xeyli artıb
22-11-2024, 11:16
AQTA sədri ictimai iaşə xidmətləri sahəsində fəaliyyət göstərən sahibkarları qəbul edib
22-11-2024, 11:09
Azərbaycan Basketbol Federasiyası məşhur idman statistika portalı ilə müqavilə imzalayıb
21-11-2024, 10:27
ABŞ-da təhsil alan azərbaycanlı tələbələrin sayı açıqlanıb
21-11-2024, 10:22
Professor Gülər Abdullabəylinin Varşavada kitabı işıq üzü görüb
20-11-2024, 12:37
“Lambert Akademik” nəşriyyatı Azərbaycan alimlərinin məqalələr toplusunu nəşr edib
16-11-2024, 11:22
Yaşıl sivilizasiyanın COP29 anonsu
16-11-2024, 11:17
Prezident İlham Əliyevin bədxahları məyus edən xəbərləri və ya Azərbaycanın geniş açılan qanadları
14-11-2024, 23:16
Monqolustan prezidenti Milli Azərbaycan Tarixi Muzeyini ziyarət edib
14-11-2024, 23:10
AMEA prezidenti akademik İsa Həbibbəyli COP29 çərçivəsində Nobel mükafatı laureatı Məhəmməd Yunusla görüşüb
14-11-2024, 23:03
"İqlim dəyişikliyi ilə mübarizədə regional və transsərhəd əməkdaşlığın maliyyələşdirilməsi" mövzusunda konfrans keçirilib
14-11-2024, 22:58
BMT-nin Ətraf Mühit Proqramı nümayəndəsi: Azərbaycandan yüksək gözləntilərimiz var
13-11-2024, 11:25
COP29-da birinci xanımların iştirakı ilə “Gənclər iqlim fəaliyyətlərinin ön cəbhəsində” mövzusunda konfrans keçirilib
13-11-2024, 11:21
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib
13-11-2024, 10:44
Bakıda COP29-un açılış mərasimi keçirilir 12.11.2024
11-11-2024, 14:05
Lambert Akademik Nəşriyyatı “Articles of Azerbaijan Scientists. ANAS – 80” məqalələr toplusunu nəşr edib
10-11-2024, 14:31
AMEA Müqəddəs MƏBƏDİMİZ, Gözümüzdən artıq GÖZBƏBƏYİMİZDİR!
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031