Lütfi Zadənin dövrü, dünyagörüşü, fəlsəfi baxışları
Elm və təhsil
Oxunub: 174
11 fev 2023 | 20:42

Yeddinci məqalə

Lütfi Zadənin “o taylı” Azərbaycan “dövrü” İran şah rejimi – ABŞ missionerlik maraqları burulğanında

Dahi Lütfi Zadənin o taylı Azərbaycandakı “dövründə” İranda şah hakimiyyəti hökm sürürdü. İran taxt-tacına yeni siyasi quruluş – Pəhləvilər sahib olmuşdular. Rza şah Pəhləvi arxada qalan yüzillərin İran dövləti qanunlarını dəyişir, şüurları güclü islahatlarla yeniləyirdi. Onun maraqları İran sözündən tutmuş, bütün məzmunu əhatə edirdi. Ancaq cərəyan edən hadisələr təsdiqləyir ki, tarixi xarakter etibarı ilə “qorxulu” İran davam edirdi. Dövlətin insanları daimi “nəzarət”, izlənmə xofu qorxusu içində saxlayan “Qəsri Qacar” zindan kimi işlək “maşını” vardı. Bu, sovet rejiminin qəbul etdiyi qərarla Azərbaycandan İrana dönmüş ailələr üçün daha sərt idi. Bundan başqa, bəzi tarixi mənbələr təsdiqləyir ki, Rza şah İranda köklü xalq olan azərbaycanlıların milli varlığını dəyişmək, onları kütləvi şəkildə farslaşdırmağa çalışmış bir despot olmuşdur. Buna Azərbaycan dilinin qadağan olunmasını, Azərbaycan şəhərlərinin, əyalətlərinin fars ərazilərinə birləşdirilməsini, ümumiyyətlə türk identikliyinin məhvinə cəhdləri misal göstərmək olar. Məsələn, “İran'da Pehlevi Rejimi Yönetiminde Türkler” məqaləsində Rza Pəhləvi dövründə Azərbaycan türklərinin vəziyyətini belə qiymətləndirir: “Rza Şah 16 dekabr 1925-ci ildə andiçmə mərasimində İran xalqının əminamanlığını və qanunlarını qoruyacağına söz vermişdi. Lakin onun qeyri-fars etniklərə (xüsusən də türklərə) münasibətdə baş verən proseslərə və tətbiq etdiyi siyasətlərə nəzər saldıqda, parlamentdə verdiyi vədlərdən kənara çıxdığını görürük. Rza şah qeyri-fars İran xalqına qarşı zülmü ilə tanınmış, fars millətçiliyinin təməl daşlarından biri olan türk düşmənçiliyini mənimsəyərək türk xalqını əzmişdir. O, ölkənin ictimai və mədəni quruluşunu dəyişdirərək öz rejimini işğalçı və qanlı siyasətlərlə həyata keçirmişdir. Şahın İranda müxtəlif etnik qruplara qarşı assimilyasiya siyasətindən və təzyiqlərindən ən çox zərər görən Azərbaycan türkləri olmuşdur. Çünki əsrlər boyu İranın paytaxtları Azərbaycanda yerləşdiyi üçün Təbriz getdikcə mühüm ticarət mərkəzinə çevrilmiş, İranda Azərbaycan türkcəsi və Azərbaycan ədəbiyyatının böyük varlığı inkişaf etmişdir” (Ö.Gökçe. İran'da Pehlevi Rejimi Yönetiminde Türkler).

Rza şahın Ələsgərzadələrin də daxil olduğu Azərbaycan türklərini fars milləti içərisində yox etmək kimi (aparteid) siyasətini ifadə edən bir misal da gətirmək istəyirik. “Türk - İran ilişkilerinde Güney Azerbaycan meselesi (1918-1938)” tədqiqat əsərinin müəllifi Barış Metin yazır: “İran tarixinə nəzər saldıqda türklər Şah İsmayıl Səfəvilər dövləti, Nadir şahın Əfşarlar hakimiyyəti və Qacarlar sülaləsi dövründə dövlətlərin hakim və qurucu elementinə çevrilmişlər. Bu vəziyyət 1925-ci ilə qədər davam etdi, Qacarlar sülaləsinin süqutu və Rza Pəhləvi şah olana qədər İranda türk idarəçiliyinə son qoyuldu. Bu tarixdən sonra İranın müxtəlif coğrafiyalarında yaşayan müxtəlif türk kütlələri Rza Pəhləvi dövründə fars millətçiliyinə əsaslanan İran dövlətində etnik kimi yaşamalı oldular” (Barış Metin. Türk - İran ilişkilerinde Güney Azerbaycan meselesi (1918-1938). Tədqiqatçı Barış Metin “Xomeyni inqilabından sonra şiə əqidəsi əsasında qurulan teokratik İran İslam Respublikasında da davam etdiyini əsaslandırmışdır” (Barış Metin. Türk - İran ilişkilerinde Güney Azerbaycan meselesi (1918-1938). Bu da “qorxulu Tehran” mahiyyətini, - farsların Azərbaycan türklərinə qarşı “əridilmə” siyasətinin dəyişilməz xarakterini təsdiqləyir.

Rza şahın rəsmi hakimiyyətə gəlməsinə çox az, cəmi 3 il qalmış, deməli, məntiqi olaraq aşkar surətdə mübarizə apardığı 1920-ci ildə Cənubi Azərbaycanın azadlığı, müstəqilliyi Qacarlar sülaləsi ilə döyüşmüş Şeyx Məhəmməd Xiyabaninin dövrünə, mühitinə görə çox güclü “Azadıstan” – bütöv Azərbaycan məramlı azadlıq hərəkatının dağıdılması, özünün qətlə yetirilməsi bunun aydın ifadəsidir.

Bundan başqa, gənc yaşlarında - 1905-ci ildə ailəsi ilə birlikdə İran Qacar zülmündən və aclıq, səfalətdən Azərbaycana qaçan, çox sonralar İranda siyasi fəal, Xiyabaninin yolunu davam etdirmiş, Xiyabaninin 1917-ci ildə müstəqil siyasi qurum kimi təsis edib, sədri olduğu Azərbaycan Demokrat Firqəsinin və Azərbaycan Milli Hökumətinin 30 il sonra sədri olan Seyid Cəfər Pişəvərinin məhz Lütfi Zadə ailəsinin İrana köç etdiyi illərdə cəsusluq yolu ilə həbs edilməsi Rza şah dövrünün gerçək simasını göstərir.

1930-cu ildə Seyid Cəfər Pişəvərinin Tehranda əsassız təqibi və həbsi, “Qorxulu İranın” tarixi Qəsri Qacar zindanında 11 il müddətində işgəncələrə məruz qalması və s. haqqında istintaq materiallarını ehtiva edən 2019-cu ildə çap olunmuş bu kitabı Əkrəm Rəhimli (Bije) tərtib etdiyi “662 saylı məhbus – S.C.Pişəvəri” adlı kitab öz dövrünün həyat salnaməsidir. Kitabda vurğulandığı kimi, “Rza xan polisi 1309-cu ildə dey ayının 6-da (27 dekabr 1930) bir sıra qabaqcıl nümayəndələrlə birlikdə Seyid Cəfər Pişəvərini də həbsə almışlar. Həmin tarixdən 11 il müddətində onu həbsdə saxlamışlar. Lakin Qəsri-Qacar adlanan dəhşətli zindanındakı cəza və işgəncələr S.C.Pişəvərinin iradəsini qırmağa qadir olmamışdı. O, ən ağır polis təzyiqləri və olmazın əzab-işgəncələrə mətanətlə tab gətirmiş, öz mübarizə yolundan azacıq belə geri çəkilməmişdi” (Rəhimli (Bije). 662 saylı məhbus – S.C.Pişəvəri. Bakı. Nurlar-2019. səh.3-4. 184 səh.).

Kitaba böyük siyasi xadim Seyid Cəfər Pişəvərinin Rza şah despotizminin xüsusiyyətləri haqqında öz fikirləri də daxil edilmişdir. Onun təsvirində Rza şah dövrü və insan hüquqları aydın ifadə olunmuşdur: “1309-cu ilin dey ayının 6-da 35 yaşında Rza xan polisi məni həbsə aldı. Yoldaşlarımın əksəriyyəti zindanda böyük müqavimət və mətanət göstərdilər. Biz dayandıq, vuruşduq, həftələrlə yemədik, haqq sözlərimizi deməkdən çəkinmədik. Öz əməlləri haqqında özlərini müdafiə etməkdən insanlar çəkinən günlərdə bizim səsimiz həmişə ucalırdı. Rza xan polisi bizimlə hesablaşmaq məcburiyyətində qalırdı”. S.C.Pişəvəri daha sonra yazır ki, biz səkkiz il zindanda qalarkən burada bizdən başqa siyasi məhbus yox idi. Rza xan bütün cəlladlıq dəsgahını tam mənasında bizim əleyhimizə yönəltmişdi. Tədrici ölümlə bizi məhv etmək istəyirdilər. Ən yaxşı dostlarımızı itirdik. Özümüz də fiziki cəhətdən ayaqdan düşdük. Lakin əhval-ruhiyyəmiz qüvvətli olduğu üçün mübarizəni davam etdirdik. Nəhayət 8 ildən sonra 53 nəfəri bizim yanımıza gətirdilər… ... İran ziyalılarının gözü və çırağı hesab olunan doktorlar və professorlar yetkin siyasi mübarizlər kimi aclıq elan etdilər, döyüşdülər, döyüldülər, polisin təhqirlərini acı gülüş və istehza ilə qarşıladılar. Böyük qurbanlar onları qorxutmayıb daha da həyəcanlandırdı və cəsarətləndirdi” (Rəhimli (Bije). 662 saylı məhbus – S.C.Pişəvəri. Bakı. Nurlar-2019. səh.3-4. 184 səh.).

Göründüyü kimi, Lütfi Zadənin yetişdiyi ailə də Rza şah total rejimindən kənarda deyildi. Rusiyadan gələnlər təhlükəsi ilə bir xırda “yad baxış” – narazılıq onları siyasi sistemin toruna sala bilərdi. Ancaq şahın islahatları ilə onların bəxti gətirdi. Biz altıncı məqalədə bu uğurun formullarını, belə ki, dahi alimin qədim Misir miflərindəki RA Günəş Allahına obyektiv-məntiqi şəkildə uyğunluğunu – miflərin belə bir seçilmişin gələcəyini xəbər verdiklərini əsaslandırmışdıq. Təkrar olaraq bu düşüncələrimizdən çıxış edərək Ələsgərzadə ailəsinin 1931-ci ildə İrana qayıtdığı dövrdə Rza şah Pəhvəlinin yeni İran hədəfləri – möhtəşəm islahatlar proqramının bir Günəş kimi Lütfi Zadənin yollarını işıqlandırmasını, əfsanəvi şəkildə onları hərtərəfli hifz etməsini qeyd etmək istərdik.

Burada hələ XIX əsrin sonlarından İranda missionerlik fəaliyyəti göstərən Amerikan Presviterian nümayəndliklərinin açdıqları təhsil, iş yerlərindən Lütfi Zadələr və onlar kimi bir siyasi fırtınanın İrana atdığı ailələrin faydalanmasını xüsusilə önə çəkmək labüddür.

İranda bu dövr missionerlik fəaliyyəti bir çox tədqiqat əsərlərində, bu sırada “Amerika missioner heyətlərinin İranda fəaliyyətinə bir baxış”, “Iran and America: A Forgotten Friendship”, habelə Şirin Mahdavi adlı tədqiqatçının “19-cu əsr İranında şahlar, həkimlər, diplomatlar və missionerlər” məqalələrində də və s. geniş təhlil edilmişdir.


Tədqiqatlar təsdiqləyir ki, Amerika missionerləri İrana 1830-1835-ci illər arasında “Amerika Xarici Nümayəndəliklər Komitəsi” tərəfindən ölkədə yaşayan xristianların əsasən Presbyterian məzhəbinin nümayəndələri olan və xüsusən də İranın Urmiya şəhərində yaşayan asurların vəziyyətini qiymətləndirmək məqsədilə göndərilmişdir. Bundan sonra bir neçə keşiş, müəllim və tibb bacısının daxil olduğu missioner heyət təkrar Urmiyaya gəlmiş, burdan Azərbaycanın digər şəhərlərinə də keçmişlər. Onların ilk hədəfləri öz fəaliyyətləri ilə Məhəmməd şahın diqqətini cəlb etmək idi və onun razılığını almaq idi ki, onlar buna Azərbaycanda hakimiyyətdə olan Məhəmməd şahın əmisi Məlik Qasım Mirzənin nüfuzundan istifadə edərək 1255-ci qəməri ilində (1839) “Amerikalıların Azərbaycanda Fəaliyyət Azadlığı Haqqında Fərman”ın verilməsinə nail oldular. Bu fərmanda daha çox gənclərin təhsil və təlim-tərbiyəsi məsələsinə diqqət yönəldilmiş, pul vəsaiti ayrılmışdı. Amerikalıların mövqelərini möhkəmləndirmək üçün sonralar bu əmri Təbriz şeyxlərindən birinin möhürünə çevirə bilmişdilər”.

“Amerika missioner heyətlərinin İranda fəaliyyətinə bir baxış” tədqiqat əsərində o da vurğulanır ki, amerikalılar fəaliyyətlərinin əvvəlində hər hansı dini təbliğat missiyası daşımadıqların bildirir və bununla əsl məqsədlərini inkar edir, hətta xristianlar arasında belə bir fikri təbliğ edirdilər ki, onlar yalnız islahat niyyətindədirlər və İranda yaşayan xristianların dininə hücum etməyəcəklər. Bu şüar təklifi yerli keşişlərin onları qəbul etməsinə imkan verdi. Lakin bu vəziyyət uzun sürmədi. Amerika missionerlərinin katoliklərin dininin presviteriantlığa dəyişdirilməsi yalarının proqramlarının üzə çıxması ilə İran xristianları arasında fikir ayrılığı və münaqişə yaratdı və hətta missioner qruplar arasında düşmənçik münasibətləri baş qaldırdı. Məsələn, ermənilər Amerika presviterian dini nümayəndə heyəti də daxil olmaqla, xarici missionerlərlə məskunlaşdıqları ərazilərdəki Amerika məktəblərinin tələbələri pulsuz kitab, paltar və dəftərxana ləvazimatları ilə təmin etdikləri, hətta uşaqlara həftəlik maaş verdikləri üçün döyüşürdülər.

İranda öz missiyaları istiqamətində maarifçilik fəaliyyəti göstərən Amerika missionerlərinin ALMA adlı bir nümayəndəlikləri Azərbaycanda yerləşmiş və İranın bir sıra şəhər və rayonlarında mühüm işlər həyata keçirmişlər. Bəlkə də elə ALMA nümayəndəliyi vasitəsi lə Bakıda ali təhsil almış, Şərqşünaslıq ixtisasına yiyələnmiş, eyni zamanda qələm sahibi – jurnalist kimi tanınan Rəhim (rəsmi olaraq Ağarəhim) Ələsgərzadənin özü və tibb təhsili almış, həkim ixtisaslı həyat yoldaşı Feyqa Korenman İranda işlə təmin olunmuşdur.

Bu haqda heç bir məlumat üzə çıxarmaq mümkün olmasa da, anası Feyqa Korenmanın çalışdığı xəstəxananın da xeyli əvvəl, 1893-cü ildə Amerikan missionerlərinin himayəçiliyi ilə yarandığı, XX əsrin 30-cu illərində yüksək səviyyə əldə etdiyi haqda zəngin dəlillərlə qarşılaşmışıq.

Əvvəlcə Lütfi Zadənin “Azərbaycan müəllimi” qəzetinə verdiyi müsahibədə “anam isə tibb elmləri doktoru idi” fikrindən yola çıxaraq bu faktın elə Ələsgərzadə ailəsinin İran-Tehran və hətta ABŞ dövrünə aid olduğunu rus dilində olan vikipediyalardan birinin təsdiqlədiyini vurğulamaq yerinə düşər. Feyqa Korenmanın İranda tibb sahəsində uğurlu fəaliyyəti haqqında ən dolğun məlumatı işıqlandıran vikipediya məqaləsində Lütfi Zadənin anasının Zadə soyadı qeyd olunmaqla, aşağıdakı xüsusi məlumat yayımlanmışdır: “Feyqa (Fanya) Moiseyevna Korenman-Zadə (21 avqust 1897 - 17 yanvar 1974), 1928-ci ildə Azərbaycan Dövlət Universitetinin Tibb fakültəsini bitirmişdir. 1928-1931-ci illərdə Analığı və Körpəliyi Mühafizə İnstitutunda rezidentura keçmişdir. 1931-ci ildə o, ailəsi ilə birlikdə İrana köçdü və burada ölkədə ilk uşaq “Bir damcı süd” konsultasiyasını təşkil etmişdir. Onun səyləri ilə Tehrandakı Amerika Xəstəxanasında ilk uşaq şöbəsi açılmışdır, o şöbəyə on il rəhbərlik etmişdir”.

Biz bu məlumatı dəqiqləşdirmək üçün tədqiqatımızı genişləndirərkən Tehrandakı 172 çarpayılıq “American Presbyterian Hospital”-ı (Prezbetrin Amerika Xəstəxanası) hələ 1892-ci ildə xüsusilə iranlı qadınların müasir tibb bacısı təhsili alması məqsədilə amerikalı həkim V.V.Torrence tərəfindən yaradıldığını, onun Tehranda həm tibbi, həm də sosial baxımdan hakimiyyətlə əlaqə qurmasını, habelə İranda xəstəxana tikmək məqsədilə vəsait toplamaq və əmlakı idarə etmək üçün şahın icazəsini aldığını öyrəndik. Diqqət çəkən məsələlərdən biri də aşağıdakı iqtibasda yer almış şərhdə ifadə edildiyi kimi, İranda bu ən böyük tibb mərkəzinin açılmasının xristianlığın presviterian qolunun yayılması məqsədini daşıması ilə bağlıdır: “1871-ci ildə Nyu-Yorkda yerləşən Presviterian Xarici Nümayəndəliklər Şurası (BFM) Farsda missionerlik işinin məsuliyyətini ABC-dən öz üzərinə götürdü. Bu təşkilat Şimali Farsiyanın bütün böyük şəhərlərində nümayəndəliklər qurdu və tibbi fəaliyyətini də davam etdirdi. Bu yeni missiyalardan birincisi 1872-ci ildə Tehranda yaradılmışdır, lakin missiyanın tibbi işinə yalnız on ildən sonra, 1881-ci ildə şah tərəfindən təltif edilmiş doktor V.V.Torrenc tərəfindən başlamışdır. 1888-ci ildə Şah ondan ilk fars elçisi Hacı Hüseyn Quli Xan Sədr əl-Səltananı Vaşinqtona müşayiət etməyi xahiş etdi (Bamdad, Rejāl, I, s. 459-60, Gleeson, s. 93)” (Tibb. Qərb tibbinin İrana girişi).

Bu məlumatla bağlı elmi-obyektiv qənaətlərimizi əlavə etmək yerinə düşər. Belə ki, birincisi, adında belə (presbyterian) xristianlığın ifadə edən və deməli təmsil edən “American Presbyterian Hospital”ının binası presviterian məzhəbinin geniş yayıldığı, ikinci Presviterian Kilsəsinin yaradıldığı ABŞ-ın tanınmış İllinoys ştatından olan Madam Ferreyin (W.M.Ferrey) missionerliyi ilə ingilis memarı Ernest Turnerin layihəsi əsasında tikilmişdir. İkincisi, İranın Amerika ilə rəsmi dövlət əlaqələri 1888-ci ildə V.V.Torrencin Şahın xahişi ilə ilk fars elçisi Hacı Hüseyn Quli Xan Sədr əl-Səltananı Vaşinqtona müşayiət etməsi, elçinin Amerika prezidentinə şahın məktubunu çatdırmasından 5 il sonra, 1893-cü ildə qurulmuşdur.

Bundan başqa, Tehranda “American Presbyterian Hospital” (Amerika Presviterian Xəstəxanası) JohnbG.Wishard tərəfindən yaradılmışdır ki, o da dövrünün Amerikan missionerlərindən olmuşdur. “American Presbyterian Hospital”ın İranın Həmədan (1903), Təbriz (1913), Məşhəd (1916), Kirmanşah (1922) kimi bütün böyük şəhərlərində nümayəndəlikləri açılmışdır.

Əlbəttə, Lütfi Zadənin anası Fayqa Korenman sovet Rusiyasından gəlmiş miqrant ailəsi, eyni zamanda savadlı, hətta tibb təhsilli, xüsusilə də İranda Rza şahın qadınların hüquq və azadlıq islhatlarına görə qadın olduğuna görə diqqətdən kənarda qala bilməzdi. Həmçinin o, bu dönəmdə İranda hörmət sahibi olmuş yəhudi millətindən idi. Bu baxımdan onun Tehran “American Presbyterian Hospital”ında (Amerika Xəstəxanasında) ilk uşaq şöbəsi açması da, o şöbəyə on il rəhbərlik etməsi də, habelə onun ölkədə “Bir damcı süd” konsultasiyasını təşkil etməsi də təbii idi. Təəssüf ki, geniş araşdırmalarımız hələlik bizə Feyqa Korenmanın Tehran “American Presbyterian Hospital”ındakı faliyyətini təsdiq edən faktlar, məlumatlarla qarşılaşdırmamışdır.

Rəhim Ələsgərzadənin də iranda əmək fəaliyyəti Lütfi Zadənin orta təhsil illərindən sonra atası ilə birlikdə amerikalılara məxsus hərbi tikinti idarəsində işləməsindən başqa heç bir “ip ucu” vermir. Ancaq ümumi mənzərə miqrant Lütfi Zadə ailəsinin “o taydakı” dövrünün uğurlu tərəflərini aydın şəkildə işıqlandırır. Məsələn, yerləşmə, sosial, maddi problemlər baxımından bütün sıxıntıların qarşılanması hər bir miqrant üçün ən mühüm məsələdir ki, Lütfi Zadələrin bunda bəxti gətirib, ümumiyyətlə isə ABŞ missioner nümayəndəlikləri hesabına Lütfi Zadələrin İranda rəngarəng mənalı təhsil həyatı səhifələri yazılıb.

Əlbəttə, gələcəyin dahi alimi Lütfi Zadənin o taydakı Azərbaycan “dövrünün” ən önəmli səhifələrini Amerika missionerlərinin presviterian missiyası ilə yaratmış olduğu Alborz məktəbində təhsil illəri təşkil edir.

Azərbaycan əsilli dahi alimi yetişdirmiş Alborz litseyinin tarixinə qısa nəzər yetirmək, əslində, bəzi əsas məsələlərə də aydın gətirə bilər. Beləliklə, müasir oxucu və xüsusən Avropa oxucuları bilməlidir ki, ensiklopediyalarda, vikipediyalarda qarşılaşdığımız Alborz sözü qulağa ingiliscə termin kimi dəyir və Amerika missionerlərinin açdıqları litseyə bu adı vermələri fikri elə Amerika kimi uzaqlara aparır. Ancaq Alborz Azərbaycan dilində Əlburz və ya Elbursdur. İranda Əlborz deyilir. Alborz - Əlbors Azərbaycanla İran sərhəddində dağ silsiləsinin adıdır.

Kiçik bir haşiyə çıxaraq yada salmaq yerinə düşər ki, Amerika presbyterian missionerləri (bütün missionerlər) öz əsas məqsədlərini gizlədərək bu və ya digər ölkənin - xalqın maraqlarını ifadə etdiklərini göstərirdilər. Onlar əsasən xristianlıqda dəyişiklik məqsədlərini güddükləri üçün yerli müsəlman xalqın dilinə, dininə, adət-ənənələrinə hörmətlə yanaşırdılar. Amerika missionerləri müsəlmanlara öz missiyalarını “islahatlar” adı ilə anladırdılar. Ancaq təbii onlar İranda həm öz təbliğatlarını həyata keçirir, həm də geniş imtiyazlara sahiblənirdilər.

Bu baxımdan İranın şimalında yerləşən qədim Dağ silsiləsi Əlborzun presbyterian missionerlərinin ağlına hardan gəldiyi məlum olmasa da, ad Alborz kimi tələffüz edildikcə yerli millətin də dil təfəkkürünə uyunlaşmış və tarixə də beləcə düşmüşdür.

Lütfi Zadənin təhsil aldığı Alborz litseyi 1873-cü ildə Ceyms Basset adlı missionerin başçılıq etdiyi Amerika presviterian missionerlərinin bir qrupu tərəfindən əvvəlcə ibtidai məktəb kimi fəaliyyətə başlamış, ziyalı-pedaqoq ailəsindən olan 26 yaşlı pensilvaniyalı Princeton İlahiyyat Seminariyasında və Mərkəz Presviterian Kilsəsində 3 il hazırlıq kursu keçmiş Samuel Martin Cordan 1898-ci ildə İrana təyinatından sonra ibtidai məktəbi Alborzun maddi bazası əsasında inkişaf etdirirərək 12 illik orta məktəbə çevirmişdir. Onu da qeyd edək ki, Samuel Martin Cordan da presviterian xristianlıq mənsəbinin missioneri olmuş və 43 il bu təhsil ocağının prezidenti kimi fəaliyyət göstərmişdir. Dr. Samuel Cordan sonralar yaratmış olduğu bu 12 illik ibtidai və orta məktəbin Tehran Alborz Amerika Kolleci kimi formalaşmasına və nüfuz qazanmasına nail olmuşdur.

Lütfi Zadənin də təhsil almağa qəbul edildiyi Tehran Alborz Amerika Kolleci 1932-ci ildə artıq öz səviyyəsi ilə elə məşhurlaşmışdır ki, ona Nyu-York Ştat (dövlət) Universitetinin Direktorlar (regentlər) Şurasının daimi Nizamnaməsinə daxil olmuşdur.

Samuel Martin Cordan məktəbdə müəllim və şagirdlərin hərtərəfli inkişafı məqsədi ilə asudə vaxtın səmərəliliyini nəzərə alaraq idman, mədəniyyət məşğələləri təşkil etmişdir. Özünün Princeton Universitetindəki tələbəlik illərindən “Fəlsəfə və futbol” düşüncəsini Samuel Martin Cordan Tehran Alborz Amerika Kollecində də təcrübəyə tətbiq etmiş, sağlam ruhlu və intellektual gəncliyin yetişməsi məqsədini həyata keçirmişdir.

Samuel Martin Cordanın rəhbərlik etdiyi Tehran Alborz Amerika Kolleci ildən-ilə öz şagird, müdavim sayını artırmaqla yanaşı, həm də maddi cəhətdən zənginləşmişdir. Lakin İkinci Dünya müharibəsi başladıqda – 1940-ci ildə Rza şah Pəhləvi islahatlar adı ilə Tehran Alborz Amerika Kollecini Amerika Birləşmiş Ştatlarının Təhsil Sistemindən çıxartmış, təhsil müəssisəsini İran Təhsil Nazirliyinin hesabına keçirmiş və əcnəbilərdən ibarət kollec heyətini işdən kənarlaşdırmışdır. Rza şahın təhsil islahatları istiqamətində məktəbin adı dəyişdirilərək, əvvəlki adı və təyinatı – Albroz məktəbi bərpa edilib. 43 il sonra verilmiş belə bir qərar ehtimal ki, müharibənin başlaması ilə İranın maddi cəhətdən zəifləməsi ilə bağlı olmuşdur. Çünki Samuel Martin Cordanın rəhbərliyi ilə Tehran Alborz Amerika Kolleci 40 ildə çox genişlənmiş və əsas məsələ mirasını artırmış, zənginləşmişdir.

Rza şahın 1941-ci ildə taxtdan öz oğlu Məhəmməd şah Pəhləvinin xeyrinə endirilməsi və sonra Afrikaya sürgün edilməsi, orada da ölməsi, digər tərəfdən də II Dünya Müharibəsinin 1945-ci ilə kimi davam etməsi İranda bir çox sahələrdə, o cümlədən təhsildə geriləmələrə səbəb olmuşdur.

Ancaq sevindirici bir hadisədir ki, Lütfi Zadənin təhsil aldığı illər sakit keçib. Doğrudur, 4 illik rus dilində təhsildən sonra onun birdən-birə 8 il fars dilində təhsil alması, özünün də vurğuladığı kimi, gündə 5 dəfə namaz qılması heç də asan məsələ deyil. Lütfi Zadə məhz güclü iradəsi sayəsində iki ayrı mühitə, eləcə də iki fərqli təhsil sisteminə uyğunlaşıb və hətta birincidə olduğu kimi, ikincidə də uğurlar qazanıb.

Digər tərəfdən Lütfi Zadəni Azərbaycanda rus-sovet təhsili və həmçinin təhsil mühiti öz cazibəsi altına aldığı kimi, İran Amerikan məktəbində də savadlı və yüksək mədəni səviyyəsi olan müəllimləri ona Rusiya ilə köklü surətdə zidd olan Amerika həyatına və elm-təhsilinə maraq, sevgi oyatmışlar. Lütfi Zadənin təhsil aldığı Tehran Alborz Amerika Kollecində dərs proqramlarına ciddi hazırlaşması, əlaçı oxuması müəllimlərinin diqqətini cəlb etmiş və onlar hamıdan fərqlənən bu yeniyetmə gəncin gələcəyinin Amerikada parlaq olacağını hiss edərək valideynlərinə onun ABŞ-da təhsilini davam etdirməsini məsləhət görmüşlər.

Bundan başqa, Lütfi Zadə Alborz Amerika Kollecində təşkil olunan rəqs, rəssamlıq, idman məşğələlərinə də getmiş və bu yaradıcılıq sahələri onun uşaq dünyasını zənginləşdirməklə bərabər, istər idman, istər rəsm, istərsə də rəqs üzrə professionallıq əldə etməsinə səbəb olmuşdur. Heç də təsadüfi deyil ki, dünyaşöhrətli alim Lütfi Zadə haqqında məlumatlarda onun rəssamlıq, tennis, rəqs (hətta Amerikan rəqsləri) bacarığına malik olması xüsusi vurğulanır.

Burda biz dahi alimin “o taylı” Azərbaycan “dövrü”ilə bağlı bir məsələni də xatırlatmaq istəyirik. Belə ki, yuxarıda da qeyd etdiyimiz kimi Amerikan missionerləri yerli xalqın və əlbəttəki dövlətin maraqlarını nəzərə alaraq öz təhsil sistemlərində identiklik məsələsinə həssaslıqla yanaşır, məsələn, müsəlman xalqının adət-ənənələrinə, habelə dininə hörmət ifadə edərək məktəblərində namaz və şəriət dərsləri öyrədilməsinə icazə verirdilər. Bizim məntiqi-obyektiv qənaətimizə görə Lütfi Zadənin İranda təhsil aldığı Alborz Amerika Kollecində fars (eləcə də ingilis) dilini öyrənməsi və gündə 5 dəfə namaz qılması da onun dünyagörüşünə elə sənət-yaradıcılıq sahələri kimi qeyd-şərtsiz təsir etmişdir. Bu baxımdan düşünürük ki, nəhəng alimin 96 illik həyatının sonunda müsəlman qaydalarına uyğun olaraq dəfn edilməsini vəsiyyət etməsi heç də təsadüfi deyil.

Lütfi Zadə hələ Azərbaycanda ibtidai təhsil alarkən mühəndis və alim olmağı arzulamışdı. Bizdə belə bir deyim var: “Məqsədin hara, mənzilin ora”. Beləcə, “İran təhsilinin atası” sayılan Samuel Martin Cordanın rəhbərlk etdiyi Alborz Amerika Kollecini müvəffəqiyyətlə bitirən Lütfi Zadə universitet təhsili seçimi vaxtı uşaqlıqda arzuladığı, xəyalını qurduğu mühəndislik təhsilini seçir və İranın ilk dövlət universiteti olan, əsası 1933-cü ildə qoyulmuş Tehran Universitetinin Elektrik mühəndisliyi fakültəsində imtahanları uğurla verib, qəbul olunur.

Bu məqamda Rza şahın fars dili, fars millətçiliyi siyasətini xatırlatmaq yerinə düşər. Rza Şahın farslaşdırma siyasətinin təməlində onun “Bir dil, bir millət” proqramı dayanırdı və burada ən əsas məqsəd milli dil idi. Rza Şah, hətta İrandakı “Azlıqlar” adlandırdığı köklü türklərin, xüsusən azərbaycanlıların məktəblərini bağlatmışdı. Azərbaycanlıların öz ana dillərində danışmağa belə hüquqları yox idi. Əks halda balaca məktəblilər işgəncələrlə üzləşirdilər.

Bu cür sərt farslaşdırma “Ana Universiteti” və “Ali təhsilin simvolu” adlandırılmış Tehran Dövlət Universitetində qeyd-şərtsiz olaraq təhsil dövlət dilində olmuşdur. Bu fakt isə Lütfi Zadənin Rza şahın fars dilini, fars mədəniyyəti, o cümlədən İslam dini və şəriətini dərindən bildiyini təsdiq edir. Ümumiyyətlə, 11 il İranda yaşamış və xüsusən də Rza şah kimi bir despotun hakimiyyəti dövründə İranda yaşamış Lütfi Zadənin ən böyük uğuru və səadəti Amerikan Missioner Kolleci və əlbəttə ki, onun qayğıkeş, savadlı və ona gələcəyini müəyyən edəcək Amerikanı sevdirən müəllimləri olmuşdur.

Dünyaşöhrətli alim Lütfi Zadənin “o taylı” Azərbaycan “dövrünün” əslində 1 əsrə tən həyatının ən ağır və məşəqqətli illəri onun II Dünya müharibəsi zamanı İranın mərkəzində yerləşmiş 30 minlik Amerika ordusunda xidmət etdiyi illər hesab oluna bilər. Onun Amerika ordusunda xidməti zamanı atası da orada texnika və tikinti materialları üzrə podratçı kimi çalışmışdır.

Lütfi Zadənin “o taylı” Azərbaycan “dövründə” ən mənalı, ən gözəl, ən unudulmaz hadisəsi isə həmişə birinci olduğu təhsil illəri və Allahdan ən gözəl hədiyyəsi - həyat yoldaşı, ömür dostu Fanya Zənd - Fey Zadə olmuşdur.

Ancaq ən əsas məsələ, Azərbaycan əsilli dahi alimin həyatın qarşısına çıxardığı hər sınaqdan uğurla çıxmasıdır. Lütfi Zadənin “o taylı” Azərbaycan “dövründə” İran şah rejimi – ABŞ missionerlik maraqları burulğanından da əsl qəhrəman kimi çıxması buna bir əyani misaldır.

Beləliklə, biz “Lütfi Zadənin dövrü, dünyagörüşü, fəlsəfi baxışları” adlı tədqiqat əsərimizin “Lütfi Zadənin “o taylı” Azərbaycan “dövrü” İran şah rejimi – ABŞ missionerlik maraqları burulğanında” başlıqlı yarımfəsli əsasında yazdığımız məqaləni yekunlaşdırarkən dərin axtarışlarla ilk dəfə olaraq Lütfi Zadənin atasının soyadının Əli Əsgərzadə (پدرش رحیم علی عسکر زاده از روزنامه نگاران و خبرنگاران روزنامه ایران بود.) olduğunu üzə çıxardıq. Araşdırmalarla müəyyən etdik ki, Lütfi Zadə II Dünya müharibəsi illərində İranın paytaxtında yerləşmiş 30 minlik Amerika Ordusunda xidmət etmişdir. Həmin mənbədə, həmçinin Lütfi Zadənin Tehran Universitetinin qəbul imtahanlarında ikinci yeri tutduğunu, onun klassik musiqini çox sevdiyini, klassik musiqiyə qulaq asmaq üçün evində ayrıca otaqda 28 yüksək keyfiyyətli dinamik quraşdırdığını, anası Fanyanın “Kuriman” soyadını daşıdığını və onun İran vətəndaşı olduğu göstərilmişdir. Bundan başqa, biz “Lütfi Zadə İkinci Dünya müharibəsi zamanı Amerika ordusuna mal sataraq ABŞ-da təhsilini davam etdirmək üçün kifayət qədər pul qazanıb”, - kimi maraqlı bir faktla qarşılaşdıq ki, bu, alimin ABŞ ordusunda könüllü xidmətə qoşulduğunu və digər tərəfdən şəxsiyyətinin saflığını ifadə edir.

Bu məqamda kiçik bir fikir ştrixini diqqətə çatdırmağı məqsəduyğun hesab edirik. Bu Amerika Missioner Nümayəndəliklərinin məqsədləri sırasında bütün dünya üzrə ən savadlı, intellektual tələbələri, alimləri Amerikaya “aparmaq” da əsas təşkil etmişdir. Fikrimizcə, amerikan müəllimlər müxtəlif millətlərdən olan uşaqları, yeniyetmə və gəncləri yetişdirərkən Amerika elm və təhsilinin inkişafını da planlaşdırmışlar. Onlar yəqin ki, Lütfi Zadənin valideynləri kimi çox müdavimlərinə “Amerikaya getməsində fayda var”, - tövsiyələrini vermişlər. Bu isə əslində, həmin illərdə bir proqram mahiyyətində həyata keçirilmiş, dünyanın müxtəlif ölkələrindən və təbii müxtəlif millətlərdən olan Amerika intellekt bankının yaranmasına gətirib çıxarmışdır. Biz bu haqda davamda – “Lütfi Zadənin Amerikada “möcüzələr” və dahilik “dövrü” məqaləsində ətraflı bəhs edəcəyik.

Lütfi Zadənin dövrü, dünyagörüşü, fəlsəfi baxışları





Davamı olacaq

Xatirə QULİYEVA, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, fəlsəfə elmləri doktoru
MƏNBƏ; edərkən www.science.gov.az saytına istinad zəruridir.
20-12-2024, 10:04
Alimlər: Qəhvəyə şəkər əlavə edilməsi onun təsirini artırır
20-12-2024, 09:58
Sadəliyi və böyüklüyü ilə tanınan alim
16-12-2024, 11:19
Əlyazmalar İnstitutunun əməkdaşları Türkiyədə keçirilmiş beynəlxalq simpoziumda məruzə ediblər
13-12-2024, 10:43
Tarixi görüş
11-12-2024, 11:51
Filosof alim Xatirə Quliyevanın “Heydər Əliyevin Böyük Siyasət Yolu” monoqrafiyasının təqdimat mərasimi keçirilib
7-12-2024, 13:52
“Heydər Əliyevin Böyük Siyasət Yolu” monoqrafiyası işıq üzü görüb
6-12-2024, 11:09
5 dekabr Beynəlxalq Könüllülər Günü münasibətilə AMEA-nın prezidenti “MEK könüllüləri”ni təbrik edib
3-12-2024, 10:45
Şəhidlərə həsr olunmuş kitablar MEK-ə təqdim olunub
27-11-2024, 11:18
Kosmosda çox qalmaq idrak qabiliyyətini zəiflədir
27-11-2024, 11:11
Tarix Muzeyində Avropa Milli Geyimləri nümayiş olunub
26-11-2024, 11:07
Oğuzda şabalıdın məhsuldarlığı aşağı düşüb, qiymətlər xeyli artıb
22-11-2024, 11:16
AQTA sədri ictimai iaşə xidmətləri sahəsində fəaliyyət göstərən sahibkarları qəbul edib
22-11-2024, 11:09
Azərbaycan Basketbol Federasiyası məşhur idman statistika portalı ilə müqavilə imzalayıb
21-11-2024, 10:27
ABŞ-da təhsil alan azərbaycanlı tələbələrin sayı açıqlanıb
21-11-2024, 10:22
Professor Gülər Abdullabəylinin Varşavada kitabı işıq üzü görüb
20-11-2024, 12:37
“Lambert Akademik” nəşriyyatı Azərbaycan alimlərinin məqalələr toplusunu nəşr edib
16-11-2024, 11:22
Yaşıl sivilizasiyanın COP29 anonsu
16-11-2024, 11:17
Prezident İlham Əliyevin bədxahları məyus edən xəbərləri və ya Azərbaycanın geniş açılan qanadları
14-11-2024, 23:16
Monqolustan prezidenti Milli Azərbaycan Tarixi Muzeyini ziyarət edib
14-11-2024, 23:10
AMEA prezidenti akademik İsa Həbibbəyli COP29 çərçivəsində Nobel mükafatı laureatı Məhəmməd Yunusla görüşüb
14-11-2024, 23:03
"İqlim dəyişikliyi ilə mübarizədə regional və transsərhəd əməkdaşlığın maliyyələşdirilməsi" mövzusunda konfrans keçirilib
14-11-2024, 22:58
BMT-nin Ətraf Mühit Proqramı nümayəndəsi: Azərbaycandan yüksək gözləntilərimiz var
13-11-2024, 11:25
COP29-da birinci xanımların iştirakı ilə “Gənclər iqlim fəaliyyətlərinin ön cəbhəsində” mövzusunda konfrans keçirilib
13-11-2024, 11:21
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib
13-11-2024, 10:44
Bakıda COP29-un açılış mərasimi keçirilir 12.11.2024
11-11-2024, 14:05
Lambert Akademik Nəşriyyatı “Articles of Azerbaijan Scientists. ANAS – 80” məqalələr toplusunu nəşr edib
10-11-2024, 14:31
AMEA Müqəddəs MƏBƏDİMİZ, Gözümüzdən artıq GÖZBƏBƏYİMİZDİR!
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031