Süni intellekt fəlsəfəsinin proqressiv və reqressiv inkişaf məsələləri
Gündəm
Oxunub: 427
11 iyn 2021 | 10:54
10.06.2021 16:30
Süni intellekt fəlsəfəsinin proqressiv və reqressiv inkişaf məsələləri
AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Multikulturalizm və tolerantlıq fəlsəfəsi şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Xatirə Quliyevanın “Süni intellekt fəlsəfəsinin proqressiv və reqressiv inkişaf məsələləri” (Issues of Progressive and Regressive Development of The Philosophy of Artificial Intelligence) adlı məqaləsi Polşada tanınmış Avropa və türk alimlərinin həmmüəllifliyi ilə dərc olunmuş “Təşkilatların idarə edilməsinə fənlərarası yanaşma” adlı kitaba daxil edilib.
Süni intellekt fəlsəfəsinin proqressiv və reqressiv inkişaf məsələləri
Məqalənin Azərbaycan dilindəki variantını təqdim edirik.
Süni intellekt fəlsəfəsinin proqressiv və reqressiv inkişaf məsələləri
“Süni intellekt fəlsəfəsinin proqressiv və reqressiv inkişaf məsələləri” məqaləsində qloballaşma mərhələsinin ən mühüm elmi-texniki hadisəsi və eyni zamanda fəlsəfə elminin yeni və ciddi mövzularından biri süni intellektin insan şüuruna təsiri və onun dərk olunan və eyni zamanda anlaşılmayan, qəbuledilməz problemlərindən bəhs olunur.

Əlbəttə, süni intellekt fəlsəfəsinin proqressiv və reqressiv inkişaf məsələlərinin mahiyyəti də bu məqalədə təhlil olunan əsas məsələdir və burada reqresin proqressiv tərəflərinin əhəmiyyətinə xüsusi diqqət yetirilir.

Müəllif bütün dünyanı, bütün bəşəri eyni düşüncə və həyat fəlsəfəsində birləşdirən bu aktual hadisənin ictimai şüurda dinamika və maneə aspektlərini izləməyə çalışır. Məqalədə, həmçinin tanınmış dünya alimlərinin əsərlərinə istinad etməklə, süni intellekt fəlsəfəsinin qabaqcıl dünya dövlətləri kimi gənc, müstəqil və habelə inkişaf etməmiş ölkələrdə vəziyyəti və əhəmiyyəti təhlil olunur.

Hipotez

Məlumdur ki, dünya yaranandan, bizi əhatə edən aləm, düşüncə ilə dərk olunub. Adi, sadə yanaşmadan başlayaraq müdrik filosofların dəqiq qənaətləri ilə dünya və insan, cərəyan edən hadisələr dərk olunub. İnsan sərt təbiətin, vəhşi heyvanların fəsadlarından qurtulmağa düşüncə ilə nail olub. Mağaralar və min illər sonra meydana gələn nəhəng və gözəl saraylar da insanın müdrik düşüncəsinin məhsuludur. Kainatın, Yerin, Yerin altının və bütövlükdə varlığın kəşfi sağlam düşüncə ilə həyata keçib və fəlsəfənin də mahiyyəti kainatı, insanı, təbiəti düşüncə ilə dərk etməkdən ibarətdir. Fəlsəfə dərklə gerçəyi, həqiqətləri üzə çıxarır və qiymətləndirir.

Bizim sakinləri olduğumuz qocalmış dünyanın fəlsəfəsi də öz dərkləri ilə çox yüklənmiş haldadır. Dünyanın başlanğıcında fəlsəfə yalnız varlığı, kainatı və təbiəti dərk edirdisə, zaman-zaman bunlarla bərabər geniş, hətta miqyassız biliklərin düşüncə mənbəyinə döndü. Elə sadə yanaşmada həyat fəlsəfəsi, elmin fəlsəfəsi, əxlaq fəlsəfəsi, dinin fəlsəfəsi, sənət fəlsəfəsi, hələ bunların daxilindəki bölgülərin, məsələn, millətlər, etnik qruplar daxil insan cəmiyyətinin doğuluşdan ölümə qədər və ölüm də daxil identikliyini ehtiva edən hadisələrin fəlsəfəsi, elmin saysız-hesabsız sahələrinin dərki fəlsəfəsi, sintetik estetikliyin fəlsəfəsi, mənəviyyatı, adətləri, davranışları və s.əhatə edən əxlaqın fəlsəfəsi, çox sayda millətlərin təmsil olunduğu idealist, materialist və s. dini inancların fəlsəfəsi və s.

Bu baxımdan süni intellekt ilk olaraq fəlsəfənin süzgəcindən keçir və ya artıq keçmişdir, yaxud da o, hələ bir müddət düşüncə, dərk predmeti olacaqdır.

Fəlsəfənin ilk vəzifəsi sualla anlamaq olduğu üçün, birinci sual süni intellekt nədir, - sualıdır.

Beləliklə, nədir süni intellekt? Bu gün dünya düşüncəsini öz üzərinə cəmləmiş süni intellekt mahiyyət etibarı ilə canlı orqanizm olmadan düşünmə sistemi - idarə etmə və idarə olunmadır.

Əgər modernizm insan ağlının, zəkanın evolyusiyası ilə köhnəlmiş feodal düşüncə qarışıq üsul-idarəni, bütün quruluşu məhv edib dünyəvi – modern cəmiyyət ideyalarını qurdusa, postmodernizm həmin sistemi süni intellektlə əvəz etdi və inkişafı davam etməkdədir.

Süni intellektin sahəsi geniş və dolğundur. Əvvəl insan şüurunun süni intellektlə əvəzlənməsi kompüter mühəndisliyi ilə başlamışdısa, bu proses zaman-zaman həm yeni ağıllı kompüter mərhələləri, həm də daha mürəkkəb funksiyalara malik robot texnologiyaları ilə zənginləşdi. Təsadüfi deyil ki, indi qloballaşma mərhələsi kimi xarakterizə olunan dünyada bütün diqqət süni intellektin tam qələbəsi işinə yönəlib. Beləliklə, süni intellekt nədir, - sualına süni ağıllı düşünənlər cavabını vermək olar. Bəs, maşınlar, kompüterlər sünii ağıllı canlıların kütləsindən bir də ağıllılığı ilə sınanıb müdrik qəbul edilmiş insanı əvəz edə bilərmi? İlkin cavab edə bilərdirsə, dərindən düşünən də cavab “yox” olacaqdır. Çünki zaman irəlilədikcə yaradıcılıq yenilik tələb edir və həmçinin də yaradıcı fərdin təxəyyül imkanları ilə maşınların şüuru eyniləşə bilməz.

Ən kamil insanın zəkası ilə ən güclü kompüteri müqayisə etsək, yenə birinci üstünlük kəsb edir, çünki ikincinin yaradanı yenə kamil insandır. Hamımızın ağıllı, müdrik insanlar üçün deyilən “onun beyni lap maşın kimi işləyir” fikrini bilirik. Amma maşınlar haqqında əsl insan kimi həssasdır ifadəsini işlədə bilmərik.

Elmin sahəsindən asılı olmayaraq yaratmaq gücü, enerjisi xarakterikdir. Bu, yeniliyə əsaslanır. Ancaq kompüter yaddaşı nə qədər informasiya sintetikliyinə malik olsa da, insanın şüur arxivi qədər nə genişdir, nə də onun “bədahətən”lik keyfiyyəti vardır.

Məsələn, belə bir sadə misal gətirək, yaradıcılıq üçün səhhəti normal, əhval-ruhiyyəsi yerində olan bir insanla kompüterin “yaratmağa” həssas düymələrini götürək. Bu insan gün ərzində saatlarla yorulmadan düşünə bilir. Lakin ağıllı maşın, kompüter müəyyən saatdan sonra “dincəlməlidir”. İkincinin yaradıcılığına elektrik enerjisinin və ya internet əlaqəsinin kəsilməsi də mane ola bilər, lakin insan yaradıcı üçün yaratmağa start verildikdən sonra bu ştrixlər maneə ola bilməz.

Bu baxımdan insanın öz təbii intellekti, zəkası ilə və istənilən sahədə yaratdığı “xarüqələri” süni intellekt yarada bilməz. Maşın düşünmür, onun ağlı insanın təyin etdiyi istiqamətlərdə yenə onun seçimi ilə olan informasiyaları sadəcə sərgi kimi təqdim etməkdir. Belə də deyə bilərik ki, ağıllı maşınlar ekskursovodlar kimi yalnız göstərmək funksiyası daşıyırlar. Analiz edib nəticəyə gəlmək işini ağıllı maşınlar öz üzərinə götürmürlər.

Ağıllı insanın psixoloji yanaşmalarını, proqnozlarını ən güclü məntiq sillogizmləri “yüklənmiş” maşınlar belə əvəzləyə bilməz. Hələ məsələ millilik, identiklik meyarları ilə qiymətləndirilsə, heç bir ağıllı maşının milli yaradıcı insanı əvəzləməyə gücü çatmaz. Yəni nəyi, hansı mövzunu modelləşdirmək mümkün olsa da, etnogeneziya, etnopsixologiya indekslərində ağıllı insanı əvəzləyəcək ağıllı maşın düyməsi tapmaq mümkünsüz görünür.

Metodologiya

Müasir dövr elminin əsasını təşkil edən multidissiplinar sistemin ciddi mövzu obyektlərindən biri olan dünyanın dərki prosesində mühüm proqres hadisəsi olan süni intellekt riyaziyyat, məntiq, fiziologiya, neyrofiziologiya psixologiya, koqnitiv, epistomilogiya, fəlsəfə və bir çox elmlərin nəzəri-metodoloji yanaşmaları kontekstində xüsusilə aktuallıq kəsb edir. Süni intellektin metodologiyasını bu elmlərin nəzəriyyəsi olmadan və o cümlədən şüurla bağlı olduğu üçün fəlsəfi təhlil və qiymətləndirmələrsiz dərk və təsəvvür etmək mümkün deyildir. Artıq uzun onilliklərdir ki, bu iki elm – süni intelkt və fəlsəfə epistomilogiya, qneseologiya təsirləri ilə yeni və dolğun bir multidissiplinar metodologiya formalaşdırmışdır. Əlbəttə, fəlsəfənin tarixi, metodologiyası nə qədər qədim tarixə malik olsa da, süni intellekt sisteminin metodologiyası konkret olaraq 1936-cı ildən bəri inkişaf etməkdədir və əsasında ingilis riyaziyyatçısı, məntiqçi Alan Turinqin əsərləri dayanan süni intellekt sistemi 85 illik bir müddətdə həm nəzəri və təcrübi, həm tətbiqi, həm də tədqiqatlar sahəsi baxımından uğurlarla müşahidə olunmaqdadır. Metodologiyasız təcrübə, təcrübəsiz metodologiya mümkün deyil. Bu baxımdam ağıllı maşınlar sisteminin də elmi multidissiplinar tədqiqi kontekstində yeni-yeni nəzəri mövzuların dəyərləndirilməsi, süni intellekt bu elmin fəlsəfəsini, onun metodologiyasının inkişafını sürətləndirdi.

Bundan çıxış edib deyə bilərik ki, A.Turinq dünya düşüncəsinə insanın milyonlarla sualı qarşısında “hazırcavab” ağıllı maşınlar, kompüterlər metodologiyası verdi ki, bu, yeni sivilizasiyanın inqilabi proqresi, eyni zamanda insan ağlının və praktiki fəaliyyətinin nəhəng imkanlara malik olduğuna əsaslanan modernizmin süqutunu reallaşdırmış oldu.

Sadə ağıllı maşınlardan imkanları miqyassız dərəcədə geniş kompüterlər, robot texnikası sahəsində proqres səviyyəsinə yüksələn süni intellekt elmi elə güclü postmodernist sıçrayışla müşahidə olunmaqdadır ki, doğrudan da indi hamını düşündürən məsələ, dünyanın süni intellektin hakimiyyətinə təslim olması, insanı onun əvəz etməsi çox narahat edir. Smart kompüterlərdən smart şəhərlərə kimi milyon sayda idarəetmə hadisəsi sürətlə gələcəyə doğru irəlilədikcə öz tarixini də yaratmış olur.

Bu tarixdə isə proqressiv olduğu qədər reqressiv mahiyyətdə problemlərin yaşandığı istisna deyildir. Ən başlıcası isə bir-birindən asılı olan hər iki fenomen – proqres və reqs insan - bəşərlə bağlıdır.

Burada proqres və reqres inkişaf xəttinin özü də nəzəriyyə və metodologiya olaraq maraq doğuran məsələdir. Diqqət etsək, əgər keçən əsrlərdə mexaniki maşınlar dövrün böyük elmi proqressiv inkişaf hadisəsi idisə, bəşərin bu proqresi kütləvi şəkildə mənimsəməməsi və həmçinin nailiyyətin istehsala geniş tətbiqinin zəif dinamikası reqresiyaya bərabər idi. Bir tərəfdən sürətli zehni intellektual irəliləyiş və­ digər tərəfdən gerilik. Kompüter və robot texnikası – ağıllı maşınlar nəsli ide­al olan və onun əksi forma və məzmun köhnəliyi intellekt baxımından inkişafın proqres və reqres səviyyəsinin göstəricisi kimi qiymətləndirilir. Süni intellektin inkişafının proqressiv və reqressiv mahiyyəti onun fəlsəfəsinin dialektikası olub bu­ fenomeni tarixi boyu izləmişdir və bu davam edən bir fenomendir. Süni in­tel­lek­tin tarixi mərhələlərini öyrənməklə proqres və reqres inkişafı qiy­mət­lən­dir­mək mümkündür.

Beləliklə, fəlsəfi düşüncənin ikinci marağı süni intellektin metodologiyası və burada inkişafın proqres və reqres təsirləri mühüm əhəmiyyət kəsb edir.

Süni intellekt sahəsinin analogiyası

Əvvəlcə qeyd etməliyik ki, bütün dialektik və metafizik və eləcə də mənəvi hadisələr kimi süni intellektin də analogiyası qədimlərə söykənir.

Nəinki elektron mühəndisliyi, elektron hesablama maşınları, kompüterlər və ya robotların ixtirası sadə mexaniki iri və mürəkkəb maşınlardan da və ümumiyyətlə, insan zəkasının maşın təsəvvürlərindən öncə süni zəkanın mövcudluğu, onun müasir süni intellekt mərhələsi ilə uzlaşan və tərs mütənasib keyfiyyətləri maraq doğuran məsələlərdəndir.

Bütün sahələrdə tarixi qaynaqlar tədqiqatçılarını miflərə, antik yunan fəlsəfəsinə aparır. Əvvəla qeyd edək ki, miflərdə təzahür etmiş süni intellekt izləri fenomenin tarixini müəyyən etməklə bərabər, onun elmi fənlərarası istiqamətdə tədqiqat sahəsini mifologiya, antropologiya, etnoqrafiya, etnogeniz elmləri ilə də genişləndirir.

Beləliklə, antik yunan miflərindən olan bürünc qanadlı Talos adlanan, əfsanələrə görə Zevs tərəfindən yaradılmış ilk (it) robot modern süni intellekt robotlarının “atası” hesab oluna bilər. Talosun əsas xüsusiyyətlərindən biri insana bənzəyən bu robotun “bədəninə” çiynindən ayaq pəncəsinə kimi içərisindən əridilmiş polad axan damara bənzəyən bir boru yerləşdirilməsi ilə izah olunur. Talosun müasir elektron robotlar kimi insanı əvəz edəcək iti sürət və daş atmaqla müdafiə kimi cəhətləri olmuşdur. Beləliklə, mənbələrdə qeyd olunduğu kimi, “Talos bürünc mifik nəhəngdir, tarixdə Minoan Griti istilalardan qoruyan ilk robotdur”.

Maraqlıdır ki, Talos nə qədər insandan fərqli müdafiə qüdrətinə malik olsa da, o, Minoan Gritini uzun müddət qoruya bilməmiş, bir düşmən basqınında partlamışdır. Mifik təsəvvür Talos robotun partlayış səslərini onun qəhqəhəsi kimi təsvir edir, həmçinin “ardonik gülüş” termininin buradan qaynaqlandığını vurğulayırlar.

Stanford Universitetinin klassik elmlər fakültəsinin elmi əməkdaşı, tədqiqatçısı Adrienne Mayor diqqəti Talos kimi süni qadın robot Pandora haqqında əfsanələrə yönəldir. Süni intellekt, robotlar və öz-özünə hərəkət edən əşyaların ən erkən mövzularının, e.ə. 750-650 illərdə yaşamış qədim yunan şairləri Hesiod və Homerin əsərlərində meydana gəldiyi, e.ə. 700-cü ilə aid Talos əfsanə-mifinin bir robotun ən erkən nümunəsi olduğu qənaətindən çıxış edən tədqiqatçı vurğulayır ki, “Tarixçilər ümumiyyətlə avtomat ideyasını ilk öz-özünə hərəkət edən cihazların icad edildiyi orta əsrlərə aid edirlər, lakin süni, canlılar konsepsiyası ən azı 2700 il əvvəlki mif və əfsanələrə aiddir. Miflər - maşınlar və texnologiyanın qədim xəyalları mövzusudur. Süni intellekti təsəvvür etmək qabiliyyətimiz qədim dövrlərə gedib çıxır. Texnoloji irəliləyişlər öz-özünə hərəkət edən cihazları mümkün etməzdən çox əvvəl, süni həyat və robotlar yaratmaq haqqında fikirlər qədim miflərdə araşdırıldı”.

Tədqiqatçı Adrienne Mayor qədim dünyanın Pandore mifini də təhlil edir və onu süni intellekt agenti adlandırır. Bu fikir orjinal yozumdur və agenti insan şüuraltı sistemində müasir dünya ilə əlaqə - dialoq siqnalı kimi də qiymətləndirmək olar.

Burda maraq doğuran bir məsələ də qədim dünyanın mifləri, əfsanələrinin süni intellektin inkişaf tarixində fantastik və elmi fantastik əsərlərin zəngin kitabxanasını yaratması ilə təsdiqlənir. Analoji olaraq bu əsərlərdə də süni intellekt dünyanın keçmişini və gələcəyini, insanın irili-xırdalı ehtiyaclarının qeyri-iradi qüvvənin təsiri ilə həll olunmasını ehtiva edir.

Karel Çapekin “Zəkalı universal robotlar”, Alfred Elton van Voqtun ”Anın dünyası”, Artur C. Clarkenin “Şəhər və ulduzlar”, “Frankenşteyin üçün düyməni basın”, Robert A. Heinleinin “Ay sərt bir məşuqədir”, habelə Dan Simmonsun “Hyperion mahnıları”, “Mələklər və kosmik gəmilər”, “Mən robotam”, “İki yüz yaşlı”, “Kiberiada”, “2001:­ kos­mik­ Odisseya” və çoxsaylı əsərlər süni intellektin ontologiyası kimi diqqəti cəlb edir.

Bu əsərlərdə kompüterin fantastik şəkildə insana çevrilməsi, əslində, gələcəkdə ağıllı maşınların insan fəaliyyətini əvəzləyəcəyinin proqnozlarını verirdi.

Zaman irəlilədikcə elmi-bədii fantastikanın inkişafı ekran yaradıcılığının inkişafına da öz töhfəsini vermiş, bütövlükdə dünyagörüşü hadisəsində mühüm rol oynamışdır.

Miflər kimi antik dövrün yazılı ədəbi və fəlsəfi elmi əsərlərində də analoji məzmunda, süni intellektin varlığını və mümkünlüyünü təsdiqləyən müəyyənliklər olmuşdur. Lakin XVII əs­rin ilk onil­li­yi­ndə ya­ra­nıb, XIX əs­rin iyirmin­ci il­lə­rin­də artıq bü­tün dün­ya­ya yayılan ta­ri­xə ağıl, tə­rəq­qi, mil­li mə­də­niy­yət­lə­rin inkişa­fı mər­hə­lə­si ki­mi da­xil ol­muş, hətta maa­rif­çi­lik hərəkatı dövründə, xüsusilə maa­rif­çi­li­yin be­şi­yi sa­yı­lan Avropada süni intellektin əsası olan sahələrə ciddi elmi maraq yaranmış və R.Dekart, T.Hobbs, Blez Paskal və Leybnits, daha sonralar Çarlz Bebbic və Ada Lavleys, Bertran Rassel və Uaytxed, Konrad Tsuze, Uorren Mak-Kallok və Uolter Pitts və başqaları bu sahəni dəyərli elmi yenilikləri ilə zənginləşdirmişlər.

Bu alimlərin tədqiqatları insan, həmçinin ümumiyyətlə canlı orqanizmlərdə mexaniki materializmin təhlilinə əsaslansa da, onlar zəkanın, intellektin imkanlarını, təcrübi və tətbiqi nümunələrini meydana çıxarırdılar.

Bu baxımdan, süni intellektin geniş istifadə məkanı olan super rəqəmsal kompüterlərin nəsil başlanğıcı mərhələli inkişafa malik nomoqram, slayd qaydası, astrolabe, osiloskop, televiziya, analoq səs prosessoru, avtopilot, habelə akabus kimi analoq sistemlər hesab olunur. Ona görə də süni intelktin analoq sahəsi güclü və geniş, həmçinin davamlıdır.

Harmonik maska ​​texnikası

Fənlərarası elmi istiqamət olan koqnivistika reprezentiv süni intellektin miflərdən fantastik yazılı mənbələrə və onun da davamında mexaniki maşın mühəndisliyinə kimi inkişafını harmonik qanunauyğunluq olaraq qəbul edir və burada ziddiyyətləri istisna hesab etmir.

Bu baxımdan müasir dövrün intellekt idarəetmə sisteminin əsasını nə qədər analoji təcrübələr təşkil etsə də, süni intellekt bir elmdir və onun yaranma və inkişaf tarixi vardır. Öz dövrünə görə çox mühüm elmi yenilik olan rəqəmsallıq indi düşünən, ağıllı maşınlarla müqayisədə arxa plana keçir. Əslində, o, hələ də köhnəlməmişdir. Lakin müasir intellektin bütün imkanlarının yönəldiyi maşınlar onları daha yaxşı əvəz etməyə başlayır. Süni intellekt maşınları hətta ən mürəkkəb işləri, məsələn dili, emosiyanı, sifariş olunan peyzajları, obrazları bənzətməyə çalışır. Süni intellekt, ağıllı maşınlar hətta şəhərləri və iri qurumları əvəz etmək xassəsinə yiyələnməkdədir.

Beləliklə, deyə bilərik ki, insanı hər sahədə əvəz edə bilən süni mexanizmin məzmun və mahiyyəti ilə dolğun bir elmi metodologiyaya çevrilməsi heç də qısa vaxtda mümkün olmamışdır. Gerçəklik bu analoji təcrübələrin dünya elmi fikrinin inqilab xarakterli süni intellekt şüuruna və texnologiyasına qədər uzun və mürəkkəb bir axtarış, dəyişikliklər yolu keçdiyini təsdiq edir.

Bu dəyişikliklərin çoxuna biz bələdik, özümüz onları arzulamışıq. Bəlkə də bizim ehtiyaclarımız, marağımız bəzi gözlənilənləri bizim üçün hazırlayıb. Məsələn, biz əvvəl sadə yazı makinalarından ağıllı kompüterlərə sıçrayışımızdan, evimizin süpürülməsini ağıllı maşınlara həvalə etdikcə, sonra paltarlarımızı, daha sonra qab-qacaqlarımızı ağıllı maşınların ixtiyarına verdikcə məmnun olduq. Bu da məlumdur ki, bir-birimizlə daha sıx ünsiyyət üçün əvvəl mexaniki telefonlar girdi həyatımıza, sonra sadə mobil telefonlar, daha sonra ağıllı telefon nəsilləri. Bütün bunlar bizim dünyamızı və dünyagörüşümüzü dəyişdi. Süni intellektin ucsuz-bucaqsız panoramında ağıllı mühərrik sisteminə geniş yer verdikcə bizim çox işlərimizi maşınlar əvəz etdikcə, onlayn əməliyyatlarla ASAN xidmətlərə, hətta elektron qaydada mənzil almağa da alışdıq.

Beləcə, sosial şəbəkələr həyatımızın qaçılmazı oldu. Hamı öz dairəsini tapdı, hər kəs gündəlik həyatını “Facebook”, “Tvitter”, “Vatsapp” və s. ilə planlaşdırdı. Hər işimizi-gücümüzü, alim kitabxanasını, “tacir” alqı-satqısını internet üzərindən etdi. “Google” axtarış, “Google” tərcümə bizə ən etibarlı qaynaq oldu. Dünyada saysız-hesabsız insanlarla ünsiyyətimizə internet üzərindən elektron yazışmalar, hətta səsli, görüntülü əlaqələr kömək oldu, ən əsas məsələ, biz məmnun olduq bu aləmdən.

Bu sevindirici yeniliklər ucqar dağ kəndlərimizə də yol aldı. Hər evə insanı əvəz edən ağıllı maşınlar gəldi. Beləliklə, deyə bilərik ki,süni mexanizmin dolğun bir elmi metodologiyaya çevrilməsi asan olmasa da, sürətlə baş verdi. Gerçəklik bu analoji təcrübələrin ciddi elmi axtarışlar, gərgin zəhmət hesabına əldə edildiyini təsdiq edir.

Biz robotları da insan emosiyalarını anladıqlarına görə, hətta idman yarışlarında iştirak edib qələbə qazandıqlarına, beləcə yüksək intellektə malik olduqlarına görə maraqla qarşılamışıq, onları insan zəkasının inqilabı kimi alqışlamışıq.

Süni intellekt inkişaf etdikcə, bizim həyat fəlsəfəmiz dəyişdi. Proqressiv inkişaf bizim yeni “həyatımızın” varlıqlarını – ağıllı əşyalarımızı çoxaltdıqca, biz reqressiyanı da inkişaf etdirmiş olduq. Bu, həm mənəvi-psixoloji, həm də texnoloji mahiyyətdə müşahidə olunmaqdadır. Məsələn, ağıllı insan axtarışları, o cümlədən düşünən insan marağı artıq ikinci plandadır. Hətta təbii insan doğuşu belə unudulmuş vəziyyətdədir. Bütün bunlar süni intellektin insanı əvəzləməsinin əsas ştrixləri kimi düşündürür. Süni intellekt bizim əcdadlarımızın bizə əmanət etdiyi adətlərdən, milli əxlaqından bizi ayırır. Bizi dedikdə, ümumi identiklik indeksi daşıyan bütün millətləri nəzərdə tuturuq və dil, din, mədəniyyət fərqliliyindən asılı olmayaraq bütün bəşəriyyətin dostu da, qohum-əqrabası da süni intellektin cazibədar inkişafı ilə yaradılmış miqyassız imkanlar olur.

Müşahidələr göstərir ki, süni intellekt aləminin harmonik maska texnikasının proqressiv və reqressiv təsirləri eyni sürətlə inkişaf edir. Bir tərəfdən güclü zəka inkşafı ilə yaradılan uğurlu texnologiya və ya elektronika, digər tərəfdən dünyanın ali varlığı insanın ikinci plana keçirilməsi, əməy, fiziki qüvvədən imtina olunması. Bu ziddiyyətli inkişafda ümumiyyətlə, insan – canlının mövcudluğunun əhəmiyyətinin sıfıra endirilməsi müşahidə olunur. Hətta süni intellektin dünyanı insandan-canlıdan tamamilə alıb hakim qüvvə olacağı iddia olunur.

Süni intellektin proqressivlik mahiyyətində bir sıra önəmli harmonik maska texnikası nümunələri vardır. Məsələn, süni intellekt ilk növbədə elmin dövrü inqilabi təkamülünü – sivilizasiyanın proqresini ehtiva edir. Multidissiplinar müstəvidə elmin demək olar ki, bütün sahələrinə nüfuz etməklə öz tarixini yazır. İkincisi, süni intellekt dövlətlərə faydalıdır, ən sadə misal, bütün sahələrdə işçi qüvvəsinin məhdudlaşması ilə xərclər azalır, üçüncüsü, süni intellekt insanların miqyassız maddi və mənəvi ölçülərdə keçinməz marağıdır. İnsan bir kompüter və ya ağıllı telefon vasitəsi ilə intellektini genişləndirir, musiqi, video, oyun - əyləncə istəklərini, alış-veriş, həmçinin süni intellektin məhsulu robotlarla ev işləri, avtomatik xidmətlər və s. və i.a ehtiyaclarını təmin edir. Süni intellektin bir qolu olan kompüter və ya telefonlarla virtual aləmlərə keçidlər də insanın yuxarıda qeyd etdiyimiz kimi dünyagörüşünü genişləndirir.

Ancaq “ağıllı düymələr” insanın keçilməzinə çevrildikcə, o, özü gərəksiz olur. Bu isə yaradıcı süni intellektin ən qaçılmaz maskasıdır ki, burada harmoniklik antisimmetriya təzahür edir.

Belə ki, süni intellektə önəm verən, onu müdafiə edən düşüncələrdən fərqli pessimist yanaşmalar onun dünyaya hökmranlığa qadir ola bilməyəcəyi fikrində təkid edirlər. Fikrimizcə, hazırda süni intellekt harmonik proqressiv inkişaf xəttində sabit və hətta sürətli dinamika müşahidə olunsa da, bu prosesdə reqressiv təsirlər də danılmazdır. Bu süni intellekt sistemi və dünyagörüşünün maska ​​texnikasının ən real mənzərəsidir.

ABŞ, Çin, Böyük Britaniyada süni intellektə dair anket

Bizim məqalənin bu hissəsində süni intellekt elminin inkişaf xəttini ABŞ və Çindən əvvəl İngiltərədə müşahidə etmək istəyimiz təsadüfi xarakter daşımır. Çünki süni intellekt sistemi həm dünya düşüncəsinə məhz İngiltərədən yol açmışdır, həm də hazırda Böyük Britaniya süni intellektin inkişafına görə Avropada 1-ci yerdə dayanır. Fikrimizcə, süni intellekt sisteminin tarixi ilə adı bərabər anılan ingilis riyaziyyatçısı, məntiq alimi Alan Türinqin informatikanın inkişafı sahəsindəki unikal xidmətlərini qısaca xatırlatmaq labüddür. Belə ki, Alan Türinq 24 yaşında, yəni 1936-cı ildə “On Computable Numbers, with an Application to the Entscheidungsproblem” (“Entscheidungsproblem”ə bir tətbiq ilə hesablanmış rəqəmlər haqqında”) adlı bir əsər meydana çıxardı. O, bu əsərdə informatika elmini güclü bir sıçrayışla irəli aparan və onun adını dünya elmi düşüncəsinə əbədi həkk edən, müasir universal kompüterlərin necə deyərlər “atası” sayılan “Turing machine” yeni ideyasını təqdim etdi.

Mükəmməl riyaziyyat və kriptologiya təhsilini alan Türinqin həyatında hökumət kodu və ingilis kodu pozan bir təşkilat olan “Cypher school”da çalışması, habelə müharibə dövründə kod pozulmasında lider bir iştirakçı olması və alman “Enigma” şifrəli siqnalların deşifrəsində istifadə olunan kriptanaliz sahəsində beş böyük irəliləyişi özündə birləşdirən “Kod” və “Super məktəb” kimi iki əsər yazması da mühüm əhəmiyyət kəsb edir.

A.Türinqin elmi fəaliyyətində 1940-cı illər isə daha böyük uğurlarla diqqət cəlb edir. Belə ki, o, London Milli fizika laboratoriyasında işə başlayır, Avtomatik Hesablama Mühərrikinin dizayn işlərinə rəhbərlik edir, son illərdə, yəni təxminən 70 il sonra dünya səviyyəsində geniş istifadə olunan və həm də ilk fərdi, mağaza proqramlı kompüterlərin tətbiqinə start veir.

1940-cı illərin sonunda riyaziyyat və hesablama sahələrində yüksək vəzifələrdə çalışan bu unikal zəka sahibi süni intellekt mövzusunu konkret olaraq 1950-ci ildə yazdığı “Hesablama texnikası və intellekt” və “Türinq testi” kimi tanınan qiymətli əsərlərində əsaslandırdı və təcrübəyə təklif etdi.

Alan Türinqin elmi irsində 1952-ci ildə dərc olunmuş “Morfogenezin kimyəvi əsasları” əsəri xüsusi yer tutur. Alan Türinq 1950-1952-ci illər elm istiqamətində böyük tarixi nailiyyətlər əldə etsə də, elə 1952-ci ildə qurbanı olduğu bir təsadüfi hadisədən sonra həyatının sonunu sürətlə yaxınlaşdıran acı tale ilə bərabər addımlamış və 1954-cü ildə, 42 yaşında müəmmalı şəkildə vəfat etmişdir.

Nəhəng alimin əsərləri ölümündən 40 il sonra toplu halında dərc olunmuşdur və artıq dünya 28 ildir ki, A.Türinqin süni intellekt sistemindən geniş surətdə bəhrələnir, onun açdığı yolla irəliləyən alimlər nəsli öz yenilikləri ilə elmi və təcrübəni inkişaf etdirirlər.

Hazırda Böyük Britaniya süni intellektin inkişafına görə Avropada 1-ci yerdə dayanır. Dünya üzrə ABŞ və Çindən sonra 3-cü yerdə olan Böyük Britaniyada, süni intellektin yaradıcısı A.Türinqin vətəni olan bu ölkədə süni intellektdən rəqəmsal xidmətlərin səmərəliliyini və inkişafını artırmaq, peyk fotoqrafiyasından istifadə edərək torpaq istifadəsi işləri və s. üçün istifadə olunur. Böyük Britaniya Kanada və İsrail ilə birlikdə inkişaf etməkdə olan süni intellekt ekosistemində əsas mövqeləri tutur (fransız mütəxəssislərinə görə). 2018-ci ilin aprelində hökumət süni intellektə dair bir strategiya sənədi yayımladı və burada akademiklə əməkdaşlıq edərək sənayedə süni şura qurulacağını bildirdi. Bu şura süni intellektin inkişafına rəhbərlik edəcək, bu sahədə dövlət siyasətinin həyata keçirilməsinə nəzarət edəcək, sənayeni təşviq edəcək və hökumətə süni intellekt barədə məsləhət verəcəkdir. Bundan əlavə, hökumət şura ilə işləmək üçün süni intellekt şöbəsi yaradacaq və bu sahədə milli strategiyanın həyata keçirilməsini təşviq edəcək və digər hökumətlərlə əməkdaşlıq edəcəkdir”.

Əlbəttə, Türinqin atası sayılan süni intellekt sahəsini qəbul edən, ondan yüksək səviyyədə istifadə edən dünya dövlətləri, qabaqcıl 3 dövlət sırasında birinci yerdə ABŞ dayanır. Əslində, ABŞ-ın iqtisadi, hərbi inkişafında süni intellektin rolu miqyassız dərəcədə böyükdür. Çox eksklüziv bir baxışla bunu təsdiqləmək olar.

Məsələn, bir internet xülasəsində göstərildiyi kimi, hazırda ABŞ-da süni intellektin səviyyəsi aşağıdakı kimidir:

- ABŞ-da süni intellektin inkişafı dünyada süni intellektin ümumi inkişaf səviyyəsinin 33 faizi olaraq qiymətləndirilir;

- Hərbi süni intellekt texnologiyalarında Üçüncü Müdafiə İnnovasiya Təşəbbüsünə liderlik ABŞ-ın əsas məqsədidir;

- Süni intellekt üzrə Müvəqqəti Milli Təhlükəsizlik Komissiyası yaradılıb (2018-ci il mart ayı);

- Süni intellekt texnologiyasındakı tərəqqini nəzərdən keçirmək üçün qurumlararası bir qurum yaradılıb, komissarları ticarət katibi, müdafiə naziri və ABŞ Konqresinin ayrı-ayrı komitələrinin rəhbərliyi təyin edilib;

- Hərbi və kəşfiyyat cəmiyyətinin çox sayda quruluşu, Müdafiə Qabaqcıl Tədqiqat Layihələri Agentliyi (DARPA), Hava Qüvvələri Tədqiqat Laboratoriyası (AFOSR), Ordu Tədqiqat Laboratoriyası (ARL), Davranış İnstitutu da daxil olmaqla hərbi SI tədqiqat fəaliyyətlərində iştirak edir;

- Milli hərbi icmanın süni intellekt sahəsindəki inkişaflar üzərində səylərini birləşdirən Birgə Süni İntellekt Mərkəzi yaradılıb. Yalnız hərbi proqramların koordinasiyası üçün süni intellektin istifadəsinə altı il ərzində 1,7 milyard dollar ayrılıb;

- ABŞ Müdafiə Nazirliyinin 600-dən çox proqramı süni intellekt texnologiyalarının istifadəsini əhatə edir;

- Maven layihəsi ABŞ Müdafiə Nazirliyindəki ən əhəmiyyətli və uğurlu layihədir. “Alqoritmik müharibə” bölməsi tərəfindən həyata keçirilir. Layihənin məqsədi silahlı qüvvələrdə süni zəkadan istifadə etmək üçün birdəfəlik cəhdlərdən bu prosesin davamlılığına keçməkdir. Mövcud yenilik tezliyi üç aydan birdir;

- 2019-cu il üçün ABŞ milli müdafiə büdcəsi haqqında qanunda ABŞ silahlı qüvvələrinin süni intellekt də daxil olmaqla “qeyri-ənənəvi texnologiyalardan” istifadə etməsinin tamamilə icazə verildiyi bildirilir, habelə onlayn tərcüməçilər, pilotsuz nəqliyyat vasitələri, xərçəng aşkarlama sistemləri, peyk görüntüləri təhlili və hər kəs üçün mövcud olan kiber müdafiə təşkilatları daxildir”.

Dünyanın 3 böyük dövlətindən biri olan Çin Xalq Respublikasında da süni intellekt sahəsi öz inkişafını böyük nailiyyətlərlə davam etdirməkdədir. Dövlət idarəçiliyi, sənaye, ticarət, hərbi, iqtisadi, ictimai və məhkəmə xidmətləri, tibbi yardım, təhlükəsizlik işləri süni intellekt imkanları ilə idarə olunur. Analitiklər Çində süni intellektin ümumi inkişaf səviyyəsini 17 faiz olaraq dəyərləndirirlər. Bu baxımdan Çin Amerikadan sonra ikinci yerdə dayanır. Süni zəkanın inkişafına dövlət miqyasında fondlar yaradılmışdır (В крупнейших IT-компаниях государством созданы «партийные комитеты» и покупаются «управляющие пакеты» акций для усиления контроля за исполнением государственных задач бизнесом и научным сообществом). Dövlət ən böyük İT şirkətlərində “partiya komitələri” yaradıb, biznes və elmin dövlət vəzifələrini yerinə yetirməsinə nəzarətin gücləndirilməsi məqsədilə səhmlər - “idarəetmə paketləri” alınır, Çinin mərkəzi hökuməti ən yaxşı fəaliyyət göstərən şirkətləri seçir və milli süni intellekt yenilik platformalarını inkişaf etdirmələrinə kömək edir. Dövlət səviyyəsində süni intellektin inkişafı üçün prioritetlər müəyyən edilmişdir. Xarici ölkələrdən süni intellekt mütəxəssislərinin cəlb edilməsi və aparıcı universitetlərdə oxuduqdan və süni intellekt sahəsində lider olan şirkətlərdə çalışdıqdan sonra vətənlərinə süni intellekt sahəsində lider qayıtmasını təmin edən yüksək səmərəliliyə malik proqramlar tətbiq edir”.

Süni intellekt sahəsində bu üç dövlətdən sonra onluqda Kanada, Hindistan, İsrail, Fransa, Almaniya, İsveç və İspaniya gəlir.

Süni intellektə dair anket məqsədi üçün seçdiyimiz ABŞ, Çin, Böyük Britaniyada proqressiv inkişaf kimi, reqressivlik də istisna deyil. Bu baxımdan hər 3 dövlətdə reqressiyanın göstərici olan problemlərini nəzərdən keçirmək məqsədəuyğun olardı.

Beləliklə, ABŞ-da süni intellektin zəif tərəfləri kimi xarakterizə olunan “Çinin süni zəkada mütləq liderliyini təhdid edən rəqabəti” ABŞ və Çin arasında süni intellekt istifadə edilən silahlanmada mümkün bərabərlik (rus mütəxəssislərinə görə). Süni intellekt əsaslı hərbi inkişafın çox hissəsinin mövcud beynəlxalq normalara zidd olması və s. süni intellektin mümkün mənfi nəticələri də reqressi ifadə edir. Dördüncü sənaye inqilabının beynəlxalq hüquq normaları ilə zəif əhatə olunan texnologiyalarının hərbi əməliyyatlarda istifadəsi nəzarətsiz bir mühitin ortaya çıxmasına səbəb ola bilər. Süni intellekt gücündə olan hərbi inkişaflar, insan varlığı üçün mövcud bir təhlükə yaradır, zəif, ənənəvi qiymətləndirmə metodlarına görə, dövlətlər və qeyri-dövlət aktorları güclü dövlətlərə qarşı uzaqdan da yüksək dəqiqlikli zərbələr endirə biləcəklər, süni intellekt kiberhücumları avtomatlaşdıracaq və bu texnologiyanı qara bazarda təqdim edəcəkdir. Proqramçıların fərdi üstünlükləri və süni intellekt sistemləri tərəfindən işlənmiş səhv məlumatlar səbəbindən istifadəçilər və ya vətəndaş qrupları arasında “alqoritmik ayrıseçkilik”, 25 ilə 54 yaş arasındakı ABŞ kişilərinin üçdə biri bu yarım əsrin sonunda AI (süni intellekt) səbəbiylə işlərini itirəcəkdir”.

Çində də reqresiya problemi qeydə alınmışdır. Bu, Çində “Süni intellektin üç sahəsində (AI alqoritmlərinin maşın öyrənilməsi və icrası, AI alqoritmlərinin tədqiqi və inkişafı, ticarət AI ekosisteminin qurulması üçün avadanlıq) baxımından ABŞ-dan geri qalır, lakin məlumat əldə edir, AI təhlükəsizliyi məsələləri barədə aşağı ictimaiyyətin məlumatlılığı” kimi müəyyən olunmuşdur.

Süni intellektdə 3-cü dünya lideri olan Böyük Britaniyada “Beyin axını”, ABŞ və Çinlə müqayisədə əhəmiyyətli dərəcədə zəif maliyyə imkanları, Avropa Birliyindən çıxmaq, artan işsizlik nisbəti, əmək bazarının strukturundakı sistem dəyişiklikləri problemi ciddi reqressiv nəticələr kimi diqqəti cəlb edir.

Qənaətlər

Alınan qənaət bundan ibarətdir ki, dünya bir tərəfdən süni intellekt və robot texnikası sahəsində sürətlə irəliləyir və bu istiqamətdə bütün ölkələr bu proqressiv dalğaya qoşulmağa can atır. Digər tərəfdən proqresslə paralel qaydada qlobal reqressiv mahiyyətdə problemlər yaranır. Hətta yaxın keçmişdə süni intellekt proqresi kimi qəbul və təqdir olunanlar indi “qırmızı xətt”ə çevrilmişlər ki, bu, reqressiv vəziyyətin işarəsidir.

Beləliklə, süni intellektin qaçılmaz olduğu müasir dünyada proqres və reqresin paralel inkişafı da fəlsəfi subyektiv kimi dərk ediləndir.

Lakin insan bəşərin əbədi varlığıdır və süni intellektin onu tam olaraq əvəzləməsi qeyri-mümkün görünür. Burada dünyanın bir-birinə inteqrasiya olunmuş 195 ölkəsinin timsalında da süni intellektin inkişafı qeyri-bərabərdir. Hətta ən qabaqcıl ölkələr belə rəqabət müstəvisindədir. Bu isə proqresdə cərəyan edən reqressi ifadə edir və inkişaf nə qədər sürətlənərsə, reqressi də gücləndirmiş olacaqdır. Hətta əksinə, canlı insanın zəkasının süni zəka sistemlərini üstələməsinə saysız-hesabsız “ağıllı” – məntiqli, inandırıcı elmi dəlillər vardır. Məsələn, süni intellekt yalnız bu məqalənin müəllifinin ana dilində danışa bilməsi üçün ona 3 milyon söz-kəlmə lazımdır. Bu rəqəmi 6.900 dünya dilinə vursaq, süni intellektin bu sahədə uğuru mümkünsüzdür. Eyni zamanda millətlərin yaradıcı insanının hisslərə bağlı zəkasını da süni alqoritmik sistemlərlə əvəzləmək üçün inandırıcı görünmür.

Süni intellekt mənbəyi

A.Türinq maşınları və ya Türinq testlərindən meydana çıxmış süni intellekt fenomeni termin olaraq ədəbiyyata 1956-cı ildə Amerikan informatiki, süni intellekt sahəsində böyük xidmətlərinə görə Türinq mükafatı laureatı (1971) Con Makkarti tərəfindən işlədilmişdir.

Süni intellektin mahiyyəti insan şüur və fəaliyyətinin süni mexanika – mühəndis maşınlarla əvəz olunması ideyasını təşkil edir. Süni intellektin fəlsəfəsinin ən əsas sualı süni intellektin ənənəvi intellekt kimi davamlılığı ilə bağlıdır. Müasir elmi fikir bu suala verilən cavabda yekdil deyildir. Belə ki, ümumi fikir süni intellektin gələcəyinə inanmır, onun dünya hökmranı olacağını təsəvvür etmək belə istəmirlər. Hətta onun sonunu qədim dövrün süni intellekt nümunəsi Talosun sonu kimi düşününən fikir adamları vardır.

Lakin, süni intellektin faydaları haqqında düşüncələr daha gerçək əsaslara söykənir. Məsələn, elə həyatımızın qaçılmazı səhiyyə sahəsində süni intellektin əhəmiyyətini aşağıdakı iqtibasda ifadə olunan dəlillər bir daha təsdiqləyir:

“ÜST-nin verdiyi məlumatlara əsasən, dünyada 2,4 milyon həkimin, tibb bacısının, mamaların kifayət etmədiyi və insanlar daha çox ömür sürdükləri üçün tele-səhiyyəyə, özünü müayinə bioçip sensorlarına və digər avtomatlaşdırılmış sistemlərə olan ehtiyac kəskin şəkildə arta bilər”.

Yaxud da “Qlobal çağırış 8 müraciət”dəki tədbirlər : “Dünyanın yoxsul bölgələrində tibb işçilərinin çatışmazlığı getdikcə pisləşdiyinə görə tele-tibb və süni intellekt diaqnostikasını artırın”, “Onlayn diaqnoz və süni intellekt, ekspert proqramı da daxil olmaqla, tele-meditisiyanı təşviq edin”.

Bundan başqa, təhsil sahəsində də süni intelletin faydalılığı yüksəkdir. Nanotexnologiya, nevrologiya, süni intellekt və interaktiv obyektə əsaslanan süni onlayn dünyalarda baş verən irəliləyişlərin birləşməsi 2030-cu ilədək təhsili daha da empirikləşdirəcək və cəlbedici edəcək. Bir çox ənənəvi təhsil sistemləri internet-əsaslı sistemlərlə əvəzlənəcək, ənənəvi məktəblərə və insan müəllimlərə olan tələb aradan qalxacaq.

Müzakirə

Əvvəla qeyd etməliyik ki, müasir dünya əvvəlki dövrlərlə müqayisədə elmi cəhətdən ən yüksək tərəqqi mərhələsini yaşayır. İstər kainatın dərki və ondan istifadə, qlobal peyk naviqasiyası sistemlərinin tətbiqi sahələri, istər planetdaxili inkişaf texnologiyalarının, elektron qurğuların meydana çıxarılması və s. ümumilikdə süni intellekt sahəsi dövrün nəhəng elmi uğurlarını təsdiqləyir.

Bu məqalənin müəllifi X.Quliyeva (2019. s.38) süni intellektin proqressiv inkişafını qiymətləndirərkən göstərir ki, “Müasir cəmiyyətlərdə yeni naviqasiyaların dövri tarixi mərhələsini uğurlu kəşfləri ilə zənginləşdirən alimlərdən biri süni intellekt sahəsində nəhəng xidmətlərinə görə süni intellekt müəssisəsinin ömürlük professoru seçilmiş yeganə şəxs, Azərbaycan əsilli Lütfəli Rəhim oğlu Əsgərzadə, qısaca Lütfi Zadədir. Onun adı Yer kürrəsinin ilk televiziya kommunikasiyaları üzrə alimi Harri Nuquist, dinamik proqramlar və hesablama texnikası üzrə alim Riçard Belman, idarəetmə nəzəriyyəsinin yaradıcılarından biri Rudolf Kalman, nəzəriyyəyə və enerjiyə nəzarət sahəsində Karl Astrom kimi elm nəhənglərinin sırasında çəkilir. Azərbaycan əsilli Lütfi Zadə ən nüfuzlu “Honda” və “Okava” mükafatlarının laureatıdır. O, “Qriqor Moisil”, “Rudolf Oldenburger”, “Riçard V.Hamming”, “Kempe de Feriye” adlı məşhur təşkilatların yüksək mükafatlarına layiq görülmüşdür. Lütfi Zadə, habelə ABŞ Milli Mühəndislik Akademiyasının, Rusiya Təbiət Elmləri Akademiyasının üzvü, Azərbaycan Milli Elmlər Akademiyasına fəxri akademikdir. Bundan başqa, 2016-cı ildə yapon alimləri Lütfi Zadə və ya Lütfi Zadənin nəzəriyyəsi əsasında ilk dəfə olaraq süni intellektə malik robot hazırlamışlar. Bu Alter adlı robot Tokiodakı Beynəlxalq Elm Muzeyində nümayiş etdirilir.

Lütfi Zadə beləcə, ötən əsrin ortalarından başlayaraq özünün ən məşhur tarixi elmi kəşfini - qeyri-səlis məntiq nəzəriyyəsini meydana çıxarmışdır və bu nəzəriyyə tarixin səlist məntiqini silkələməklə qısa bir zamanda gerçəklikdə təsdiqini taparaq elmdə, eləcə də istehsalatda tətbiq olunmaqdadır.

Bununla da ABŞ, Yaponiya kimi dünyanın super dövlətləri Azərbaycan əsilli alim Lütfi Zadənin kökündə modern qeyri-səlis məntiq konsepsiyası dayanan nəzəriyyəsini öz ölkələrinin zəngin sənaye sahələrində geniş şəkildə istifadə etdilər.

Beləliklə, qloballaşma mərhələsindəki çoxsaylı mürəkkəb sahələrdə süni intellektin əsası kimi Lütfi Zadə kəşfləri - “Hitachi”, “Matsushita”, “Mitsubishi”, “Sharp”, “Nissan”, “Canon”, “Fuji”, “Elec­tric”,­ “Toshiba”, “Omron”, “Sanyo”, “Sony Trinitron”, “Daewoo”, “Sam­sung”­, “Nec”, “Honda”, eləcə də Amerikanın kosmik uçuşlar sənayesində “General Motors”, “General Electric”, “Motorola”, “DuPont”, “Kodak” məşhur brend malları dünya şirkətlərinin davamlı inkişafının əsasını təşkil etmiş və bu nailiyyət davam etməkdədir.

Qloballaşma mərhələsinin elmi nailiyyət zirvəsini fəth etmiş elm dühası - həmvətənimiz Lütfi Zadə rəqəmlər elmi hesab olunan riyaziyyatı yeniləməklə də tarixə iz salmışdır. Lütfi Zadənin bu nəzəriyyəsi də mahiyyət və dəyərinə görə elmdə inqilab hesab olunur. Çünki elmlərin “ana dili” riyaziyyatın yenilənməsi, daha dəqiq ifadə etsək, ikilənməsi, hələ dairəsinin xeyli sıxışdırılması digər elmlərdə də çevrilişin zəruriliyini reallaşdırmışdır. Bununla da dəqiq elmlər, məsələn, fizika, kimya, təbiət elmləri onun bu dühası önündə təbii olaraq öz meyarlarını proqressiv surətdə dəyişmişdir.

Yeni dövrün elm nəhəngi Lütfi Zadə yaşanan və yazılan tarixin elmi nailiyyətlərini dünyanı özünə cəlb edəcək daha yeni bir qlobal elmi nəzəriyyəsi - ikiqat qeyri-müəyyənlik naviqasiyası ilə dolğunlaşdırmışdır. Səlist məntiqi qeyri-səlist məntiqlə əvəzləyən Lütfi Zadə qeyri-səlistliyin kökündə dayanan ehtimal nəzəriyyəsini ona birləşdirmək layihəsini irəli sürmüşdür. Bu nəzəriyyə gerçəklikdə təsdiqini taparaq tarix boyu çox təcrübələrdə uğursuz qiymətləndirilmiş hadisəyə yenidən və yaradıcı surətdə yanaşma kimi dəyər kəsb edir.

NASA-nın və NATO-nun aparıcı mütəxəssisi, Lütfi Zadənin digər nəzəriyyələri kimi bu nəzəriyyənin də istər sənaye, istərsə də humanitar sahələrə tətbiqi nəticəsində ümid etmək olar ki, maddi olanlarla bərabər, mənəvi mövcud dəyərlərin də taleyinə təsir edərək bəşərin qarşılaşdığı qlobal təhlükələrdən xilas yollarını göstərə bilmək gücünü özündə ehtiva edir.

Lakin məlumdur ki, müasir dünya elmi – süni intellekt bütün bu elmi nailiyyətləri ilə yanaşı, qlobal maddi və mənəvi gərginliklərin burulğanında çarpışmaqdadır. Bu reqressiv inkişaf bütün dünya üzrə elm və texnikanın ən yüksək inkişaf dövrünə, yəni XXI əsrə təsadüf etdiyindən problemlərin mürəkkəbliyindən asanlıqla qurtulmaq heç də asan görünmür. Əksinə, proqressiv süni intellektlə bərabər, peqressiv süni intellekt reallıqları öz dairəsini sürətlə genişləndirir və ən əsas məsələ insan cəmiyyətlərini böhranla qarşılaşdırır.

Nəticələr

Biz “Süni intellekt fəlsəfəsinin proqressiv və reqressiv inkişaf məsələləri” məqaləsində insan zəkasının imkanları ilə yaradılmış süni intellekt elminə, onun proqressiv və reqressiv inkişaf tarixinə nəzər yetirdik, bu qloballaşma mərhələsinin ən mühüm elmi-texniki hadisəsinin arxada qalmış, müasir və eyni zamanda gələcək vəziyyətini təhlil edib qiymətləndirməyə çalışdıq. Eyni zamanda biz bu məqalədə ciddi fəlsəfi mövzulardan biri proqressiv və reqressiv inkişaf problemini süni intellekt elminin kontekstində araşdırıb bu nəticəyə gəldik ki, dünya inkişaf etdikcə süni intelkt kimi, onu geri çəkən amillər də istisna deyil və olmayacaqdır. Məsələn, elementar olaraq ABŞ, Çin, Böyük Britaniya və eləcə də bütün ölkələrdə süni intellektin yüksək proqres xətti insanı istehsalatda və s. sahələrdə əvəz edəcəksə, bu uçurum mahiyyətində işsizliyə və hətta işsizliyin səbəb olacağı saysız-hesabsız problemlərə gətirib çıxaracaqdır.

Əlbəttə, süni intellekt fəlsəfəsinin proqressiv və reqressiv inkişaf məsələlərinin mahiyyəti də bu məqalədə təhlil olunan əsas məsələdir və burada reqresin proqressiv tərəflərinin əhəmiyyətinə xüsusi diqqət yetirilir.

Müəllif məqalədə süni intellektə münasibətin fərqliliklərini də diqqətə çatdırır, bu sahədəki real vəziyyəti qiymətləndirərək belə bir nəticəyə gəlir ki, əfsanələr və Homer kimi klassikaya istinad etsək, süni intellektin qədim dövrlərdə də mövcud olduğunu düşünə bilərik. Tarixi materializm təsdiqləyir ki, süni intellekt sahəsində inandırıcı və əsaslı nəzəri nəticələrin əldə olunmasından asılı olmayaraq proqres gözlənilən və gözlənilməz dəyişikliklərlə reqres təsirlərə məruz qala bilər. Buna görə, son nəticəmiz belədir ki, bütün elmi-nəzəri naviqasiyaları süni intellektə insan gətirdiyi kimi bu sahənin idarə olunması da insanın iradəsi ilə mümkündür. Başqa cür desək, süni intellekt insan və sivilizasiya üçün faydalı olan əməyi, əmək şüurunu bütün məhdudiyyətlərə baxmayaraq əvəzləyə və ya sıradan çıxara bilməz. İnsan beyninin zəka ölçüləri və yaradıcılıq qabiliyyəti ilə dinamik yenilənmə prosesində olan, tez-tez köhnələn elektron süni intellektin hüdudlarının və davamlılığının müqayisəsi nə qədər subyektiv olsa da, gerçəklikdə obyektiv surətdə birincinin xeyrinədir. Bunun nə zamana qədər davam edəcəyi haqqında da hələlik yekdil bir dünya düşüncəsi yoxdur.

Beləliklə, bütün bu deyilənlərdən çıxış edərək təhlillərimizdən daha neytral bir nəticəni aldıq: “İnsanı əvəz edəcək süni intellekt maşının ən proqressiv nümunəsinin yaradılması və ən azı 3 ölkədə tam qüvvəsi ilə fəaliyyətə başlaması hazırda nəzəri və empirik əsaslandırılmamışdır və ehtimal mahiyyətindədir. Bunun da ən əsas səbəbi əkslikləri təşkil edən proqressiv və reqressiv inkişafın paralel hərəkətidir”.

Xatirə QULİYEVA, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Multikulturalizm və tolerantlıq fəlsəfəsi şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
3-05-2024, 15:34
İçərişəhərə giriş məhdudlaşdırılacaq
3-05-2024, 15:29
Qəhvənin bilinməyən faydaları
2-05-2024, 15:06
MEK-də Türk Dünyasının Həmrəyliyi Gününə həsr olunmuş sərgi keçirilir
2-05-2024, 10:43
Düzgün nəfəs almaq arıqlamağa kömək edə bilər
2-05-2024, 10:41
Su, yuxu və idman arıqlamağınıza kömək edəcək vərdişlərdir
29-04-2024, 11:16
MEK-in direktoru Bakı Dövlət Universitetində keçirilən konfransda iştirak edib
29-04-2024, 11:12
MEK-in direktoru Bakı Dövlət Universitetində keçirilən konfransda iştirak edib
29-04-2024, 10:37
Sümük bulyonu arıqlamağa kömək edir
24-04-2024, 11:00
Çin və Avropa alimləri çayın ağciyər xərçənginə səbəb olduğunu aşkar ediblər
24-04-2024, 10:56
Elm adamları yeni qrip virusunun pandemiyaya səbəb olma təhlükəsindən narahatdırlar
23-04-2024, 10:29
“Azərbaycan ədəbiyyatşünaslıq elmi müstəqillik illərində (1991-2023)” biblioqrafiyası çap olunub
23-04-2024, 10:25
Həddindən artıq su qəbulu beyin şişməsinə səbəb ola bilər
19-04-2024, 16:48
Zərərçəkmiş şəxsin razılığı olmadan onun fotosunu mediaya təqdim edənlər cəzalandırılacaqlar
19-04-2024, 16:48
Zərərçəkmiş şəxsin razılığı olmadan onun fotosunu mediaya təqdim edənlər cəzalandırılacaqlar
19-04-2024, 16:38
ARXİV: Sosial şəbəkələrdə digərlərinin fotolarını icazəsiz yayanları hansı cəzalar gözləyir? - ARAŞDIRMA ANALİTİKA
18-04-2024, 15:14
Başqırdıstan Arıçılıq Mərkəzi Azərbaycana bal tədarükünə başlayıb
18-04-2024, 15:06
Kədərli musiqi neqativ emosiyalardan qurtulmağa kömək edir
17-04-2024, 12:19
Azərbaycanda vergi ödəyicilərinin sayı 8 % artıb
17-04-2024, 12:12
Hemofiliya xəstəliyinin əlamətləri nələrdir?
16-04-2024, 15:37
Folklorşünas alim Mədəniyyət TV-də “Azərbaycan filmlərində milli dəyərlər” mövzusunda danışıb
16-04-2024, 15:32
Yeməkdən sonra ürək ağrısının əsas səbəbləri nədir? Qastroenteroloq izah etdi
15-04-2024, 15:45
Filosof alim İndoneziyada keçirilən beynəlxalq konfransda iştirak edib
15-04-2024, 15:33
Bu gün akademik Zərifə Əliyevanın anım günüdür
9-04-2024, 12:01
Azərbaycanda bayram günlərində banklar və “Azərpoçt” fəaliyyət göstərəcək
9-04-2024, 11:58
AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin Ramazan bayramı münasibətilə Akademiya əməkdaşlarına təbriki
9-04-2024, 11:54
Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
8-04-2024, 10:43
Lənkəranda Məhəmməd Füzulinin 530 illiyinə həsr edilmiş seminar keçirilib
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031