TEYMUR KƏRİMLİ POEZİYASININ HƏYAT FƏLSƏFƏSİ
Ədəbiyyat
Oxunub: 528
17 okt 2021 | 12:54

Xatirə Quliyeva
fəlsəfə elmləri doktoru



ƏSL filosofun şair olması qismət, “yazı” işidir. Ancaq ƏSL şair filosofdur. Çünki onun poeziyası müdrik düşüncənin ifadəsidir. Həyatın fəlsəfəsi , hələ o əsl şair intellektuallığın ali dərəcəsindədirsə biliyin fəlsəfəsi hətta alimdirsə elmin fəlsəfəsi mütləq necə beynə oxşayan, yetişmiş nar partlayanda cazibədar dənələr adamı çəkir, eləcə bu onun ilk misrasından, ilk kəlmələrindən özünü göstərəcək ...
Bu baxımdan klassik dövr milli ədəbiyyatımızın peşəkar tədqiqatçısı, akademik Teymur Kərimli nə zamandan şer-qəzəl yazır, bunu bilmirəm. Heç rastlaşmamışam poeziyası ilə. Amma onun son iki ildə şeyx Nəsiminin “Hələb meydanından” daha geniş Facebook sosial şəbəkəsində paylaşdığı şerlər, qəzəllər məni həyat fəlsəfəsi ilə cəlb etdi. Düzü, FB və digər mediada o qədər şerə, şer yazana rast gəlir adam ki, ümumiyyətlə, üzünü döndərir. Tənqidə də sözsüz ki, yer yoxdu!.. Hər belə “şairin” titulları adamı vahiməyə salır.
Beləcə, qəfil qonağımız – pandemiya qapılarımızı döyən vaxtlardan mən akademik Teymur Kərimlinin şerlərini, qəzəllərini Facebook sosial şəbəkəsində əvvəl sadə maraqla oxudum. Ancaq onun elm məmuru həmkarlarından fərqli əsasən “rəiyyət” mahiyyətində sadə adamların, alimlərin oylağı kimi tanınan FB-də görünməyi, üstəlik poeziya kimi şəxsi ampluasını göstərməsi təqdiqəlayiq idi və onu alqışladım.

İlk rastıma çıxan qəzəllərində, şerlərində yumor, modern kəlmələr, ifadələr sadəcə status paylaşımları ruhunda deyildi. Mövzular ciddi idi. Dövrün Həyat fəlsəfəsini səhifə-səhifə hər kəsin anlayacağı dildə anladırdı. Sonra isə tamam ciddiləşdi mövzular və poeziyasının poetik meyarları qətiləşdi, kamillik maariflənməsinə kökləndi. Bir çox qəzəllər bu və ya digər klassikimizin əsərlərinə müraciətlə yazılması ilə də sosial şəbəkənin çoxmüxtəlif yaş senzi və peşə adamlarının yaddaşını həm yeniləyir, həm də düşüncə ilə “yükləyirdi”. Həmçinin də onun FB-dəki poeziya yaradıcılığında keyfiyyət kəmiyyətlə sürətlə paralelləşirdi. Bu şeriyyət gün-gündən daha, daha dərindən düşündürməyə, yumor - “zarafat” məzmunundan, dövrün pandemiya təhlükəsini sovuşdurmaq ampluasından və sosial şəbəkə platform psixalogiyasından çıxıb mənim yaddaşımdakı əsl filosof şair həyat, bilik, elm fəlsəfəsi mahiyyətini ifadə etməyə başladı. Belə baxanda Ezopdan başlayaraq nə Sabir, nə Mirzəcəlil və çoxlarının yazdıqlarını “oxucular” yumor kimi qəbul edir. Məsələn, Sabir kimə deyib ki, mən “millət necə tarac olur-olsun” şerimi gülmək üçün yazmışam. Yaxud da elə bir fakt vardırmıki “Ölülər”dəki kefli İskəndər Mirzə Cəlilin yumor-satira düşüncəsidir. Beləcə Teymur Kərilinin də bəlkə göz yaşlarıdır (adam ağlamaqdan da gülür, gülməkdən də ağlayır ), oxucu “iki dəfə güləndə” onu anlayacaq... Bu öz yerində.
Teymur Kərilinin bəzən bu külliyyatdakı təşbehlər yeniliyi, orjinallığı ilə heyran edirdi. Bəzən olurdu ki, sadədən də sadə, lap sadəlövhlüyü ilə əslində hal adamı olan şairin pünhanlarını “faş edirdi”...
Məncə adam gərək dediyini sübut etsin. Bax beləcə ciddi elmi tədqiqatlar müəllifi, elm məbədimizin görkəmli simalarından biri, bu dünyanı 70 il tanıya-tanıya gələn və söz qədər müqəddəs “açarla” açıb ləpə-ləpə anladan, ömrün və taleyin hər izinə, hər cığınına ləpir-ləpir, adam, qulun hər xasiyyətinə təpədən bələd Teymur Kərimlinin şeriyyat dünyasından seçmələrlə onun poeziyasının poetikasını qiymətləndirə bilərik.
Əvvəlcə şairin mövzu aləmi.
Filosof şair və ya şair filosof üçün hər şey Dünyadan başlayır. Teymur Kərimli Dünyanı necə dərk edir?.. Bu da fikrimcə maraqlı sualdı, onun həyat fəlsəfəsi nə rəngdədir?
Gəlin yaranandan düşndürən Dünyaya akademik şair filosof Teymur Kərimlinin münasibəti ilə tanış olaq:
Mən təmiz bulaq suyuyam,
Qış günü sərin deyiləm.
Daşdan axan dağ suyuyam,
Duruyam, dərin deyiləm.
İçim eşqilə doluyam,
Yer oğluyam, göy oğluyam.
Ulu Tanrının quluyam,
Süfli bəşərin deyiləm.
Yeri tutub qannı qada,
Necə düşsün Tanrı yada?
Soru sordum Tanrıya da:
“Sənin əsərin deyiləm?”

Və ya:

Udmaq diləsən dünyanı, çox düşmə xəyala,
Dünyanın üzü bozdusa, gör bir nə görərsən?
Dünyaya dəyirman deyənin sözləri düzmüş,
Çox kəllələri əzdisə, gör bir nə görərsən?

Yaxud:

Dünyanı tutub durmağa cəhd etmə, durulmaz!
Bir evciyə bənzər ki, qurarsan da, qurulmaz!
Sorsan ki, nədir hikməti ömrün – cavabın yox!
Hikmət elə bir sorğudu ki, əsla sorulmaz!
Şöhrət diləsən, nəfsini öldürməyə qalxış;
Nəfsin diridirsə, bu kreslo oturulmaz!
Düz yol tutasan dünyada düz məqsədə doğru –
Düz yolla gedən, yaxşı deyiblər ki, yorulmaz!

Fitrətən şair Teymur Kərimli dünya, daha düzü onun aləmində “evciyə” bənzər dünyadakı qorxunun qəlibi haqqında belə deyir :

Gidi dünya, gədiklərin keçilməz,
Balın acı, suyun zəhər – içilməz.
Bir köynək var, ona yaxa biçilməz,
Yada salıb o xəyyatı, qorxuram.
Yaxud:

Kimə üz tutasan, varasan hara?
Dünya bir səhradır, insan avara.
Ağı görünməyə qoymayır qara –
Ağ üstə qaraya necə qol çəkim?

Teymur Kərimlinin “bu dünyada” İnsanı yorğundur. İnsanın onun şerlərində ömür şələsi çox ağır görünür. İnsan nikbin deyil bu “səhra” boyda “evciydə”. Bu bədbinlik çox təbii olaraq çağdaş dövrümüzün problemləri ilə də bağlıdır, planetin qocalığı ilə də… Məsələn,

….Tanrıdan ayrı düşübdür deyə, insan darıxır,
Cövhərindən aralanmış, qurumuş can darıxır.
Canı qurban elədik, Tanrı qəbul eyləmədi,
Tanrının pərt geri qaytardığı qurban darıxır.

…. İçini pas tutan insan nəyə lazımdır axı?
Canavar xisləti insanda quduzluq yaradar,

… Bir vaxt dedilər insanı zəhmət adam etmiş,
Məncə adamı insan edən tək dil olubdur.
Qəflətdə qalan insana kim söylədi heyvan?
İnsan uyaraq heyvana, küt, qafil olubdur.

Klassik olsun, müasir olsun. Şairin, şerin bir “gözəli” var : Sevgi, Aşıq, yar, həsrət, vüsal. Əlbəttə ki, Teymur Kərimlinin də hər şair kimi sevgi şerləri var. Ancaq mənim onun poeziyasından oxuduğum seçmələrdə (mən bu şairlə Facebook sosial şəbəkəsindən tanışam) “öz sevginin” yerini daha böyük sevgi- Vətən sevgisi tutub. Buna dövrün həyat fəlsəfəsinin daha çox cəlbedici üzü-çöhrəsi əsasdır, -deyə bilərik.
Çox xarakterikdir ki, biz onun həyat fəlsəfəsinə, dünyaya baxışına, sevincinə, qəminə, arzularına, hətta düşündürən ironiysına aludə olaraq şer növünü də, hələ müəllifi də unuduruq. Sanki bir tanış adam bizimlə axıcı dildə maraqlı – qlbdən – içdən söhbət edir. Beləcə şair Teymurun hər hissi, duyğusu, əslində xalqdan, millətdən gələn, onda qaynayıb - bişib xalqa qaytarılan həyatın fəlsəfəsi misralardan görünür:

Göylərin çatmaz gücü insanlığı söndürməyə;
Sönməyincə kainat, insan da sönməz, bəlli bil!
İnsanı gildən yaratdı Tanrı, atəşdən deyil;
İnsan iblis olmasa, atəş geyinməz, bəlli bil!
El, Vətən, millət sözün namərd eşitmək istəməz,
Mərd ölər millət yolunda, amma dönməz, bəlli bil!
Kimsə var-dövlətlə, kimsə ad-sanıyla fəxr edər;
Öyməsə öz xalqını, Teymur öyünməz, bəlli bil!

Bu misralar da bizi alıb aparır. Hara? Kamil insanın ən ali sevgisi Vətən düşüncəsinə :

“ ... Keçsən daşının, torpağının hər qarışından,
Günlərlə gəzib yolları yorsan, bu, Vətəndir!
Getsən, qərib ellərdə darıxma, var əlacı –
Bir torba belə torpaq aparsan, bu, Vətəndir!
Sərhədlərə sığmaz Vətənin şöhrəti-şanı –
Harda Vətən övladı taparsan, bu, Vətəndir!
Mail kimi Teymur da Vətən boyda ürəkmiş,
Hər kimdən əgər ünvanı sorsan, bu, Vətəndir!”.

Vətən xalq, millətlə müəyyən olunur. Teymur Kərimlinin poeziyasında bu dərin mənəvi dəyər belə yeni məna çalarları ilə şerləşir:

... “Bir kərə yüksəlsə bayraq, bir də enməz”, bəlli bil!
Millətin qeyrət kanı bitməz, tükənməz, bəlli bil!
Gəlsə oxlar məşuqundan, səbr edər, etməz giley,
Al qana qərq olsa da, aşiq deyinməz, bəlli bil!
Gülməsə millət, dodaq gülməz, ürək qan ağlayar,
Almasa eldən enerji, qəlb döyünməz, bəlli bil!

Məlumdur ki, son bir il bizim Vətən - Azərbaycanda mühüm tarixi hadisələr yaşandı. Azərbaycan xalqı 28 il yağı düşmənin işğalı altında olan müqəddəs torpaqlarımızı böyük Vətən müharibəsi ilə azad etdi. Bu qəhrəmanlıq, zəfər siyasi, hərbi sahə ilə birlikdə poeziyada da öz əks-sədasını verdi və bu vaxt Teymur Kərimli öz meydanında vəhdən, ilhamdan yaranan şerləri ilə Vətən oğullarının, milli ordumuzun qəhrəmanlığını əsl tribuna şairi kimi məğrurluqla vəsv edir, öz qürür hissini tarix daş səlnaməsinə həkk edirdi:

Qarabağ torpağında çalsalar toy, getsələr yallı,
Muğan rəqsə gələr hər dəm, baxıb Şirvana, Mil oynar.
Vətən oğlu yalın əllə şəhidlik rəqsin etdikcə,
Vətən eşqilə durmaz ki, mənim ağzımda dil oynar.
Bu qeyrət ki, mənim vardır, şəhidin qəlbinə qoysan,
Çıxar qılman da cənnətdən, coşub qanlarda sel oynar!
Azərbaycan bir əmrilə durub yumruq kimi hazır,
Gəlib cövlana Təbrizlə Marağa, Ərdəbil oynar!
Qol açmaz hər havayla toyda-bayramda ağır ellər,
Zəfər marşı çalınsa, bir nəfərtək qalxıb el oynar!

Və ya:

Qarabağ torpağı, söylə, qara bağın necədir?
Qara torpaqda bitən barlı budağın necədir?
Düşmənin çəkdiyi çarpaz dağa məlhəm qoyulur,
Ucalan göylərə məğrur qoca dağın necədir?
Şəhidin qanı olubdur yağının üz qarası,
Görürəm, alnın açıq, üzdəki ağın necədir?
Ağlayıbdır neçə illər sinən üstə gecələr,
Daha gülsün əbədi – güllü bulağın necədir?
Şuşanın çal-çağırı çünki qonaq təşnəsidir,
Gözün üstə yer alan ali qonağın necədir?
Dağa söykəndin, əsil dağ polad övladın imiş,
Uca dağlar kimi qeyrətli dayağın necədir?

Bu misralardan da kamil insanın vətən həsrəti oxunur:
.... Eldə ali, ulusumda uludur,
Halal yurdda halımızdan halıdır.
Şeirimizin çörəyidir, balıdır,
Həm duzudur, həm qəndidir Fuzuli.
Yurdumuzda bir şəhərə ad oldu,
Bir qərinə həsrət qaldıq, yad oldu.
Rəhbər qırdı, zəncirdən azad oldu,
Acı getdi, şirin dadır Fuzuli!

Bu misralar isə Teymur Kərimlinin iti ironiyası ilə vətən hisslərini ifadə edir:

Yeri, düşmən, yeri get! Yer də bizim, yurd da bizim!
Təslim oldun, di kiri! Sülh də bizim, şərt də bizim!
Bəsdi çaqqalsayağı saldın ulartı çahana –
Şirimiz nərə çəkərkən ulayan qurd da bizim!
Kiməsə arxalanıb quyruğunu çox bulama –
Bil ki, quyruqkəsənik – tut da bizim, xırt da bizim!
Nooldu bəs, Anna, bizi dəvət edirdin Şuşaya?
Şuşada biz içirik – çay da bizim, tort da bizim!
Doğrudan da quduran qırx günə qalmaz dedilər:
Qara gün qabladığın gün sayı qırx dörd də bizim!
Gah ipək, gah da poladdır qocaman türkün əli:
Qonağa yumşaq olan, düşmənə çox sərt də bizim!
Elə bil, ömrünü verdin bada, Teymur, daha sus –
İzimiz qalmasa sözdən anamız yurdda bizim...

Xalqımızın vətənə həsrət illəri kimi xalqımız “Dəmir Yumruq” dediyi Zəfər – Qələbə qüruru və sevinci də şair Teymur Kərimlinin poeziyasında iz salıb. Dəmir Yumruq Azərbaycan dövlətinin dünyanın siyasi arenasında böyük nüfuza malik rəhbəri cənab İlham Əliyevin ibarəsi idi və bir gün gələcək tədqiqatçılar müharibə dövrü poeziyamızda bu qan oynadan ibarəyə şer həsr edildiyini xüsusi qeyd edəcəklər. Teymur Kərimlinin “Dəmir Yumur” şeri bu mövzuda ilk şer olmaqdan başqa bütöv mövzu ilə birlikdə hər misra, hətta hər kəlmənin məna “gücü” baxımından “Azərbaycan” adlanacaq sanki bir sketç dastandır:

Əgər bilmək dilərsənsə, DƏMİR YUMRUQ nədən doğmuş:
Dəmir yurddan, dəmir eldən, dəmir iradədən doğmuş!
Duman çökdürmək istərkən elin başına düşmənlər,
Yarıb zülmətləri çıxmış, günəştək zirvədən doğmuş!
Elin yaddaşı ölməz ki, həmişə dumduru, şəffaf,
Dədəm Qorqud kitabından, nağıl, əfsanədən doğmuş!

Həmçinin sənət üçün yenilik meyarı onun bu şerini daha da təravətləndirir:

Gələndə dar günü yurdun, oyanıb canlanır yaddaş,
Deyərsən bəs çinarlardır, palıdlardır, çəmən doğmuş!
Anamızdır Vətən, ancaq hücum etdikdə namərdlər,
Xilaskar ərləri bil ki, Vətən əkmiş, Vətən doğmuş!
Xoş olsun halına yurdun, gəlib ilhama, qeyrətdən
Dəmir yumruqlu sərkərdə, müzəffər bir ərən doğmuş!
Sənin də adının əsli dəmirdir, Teymur, ancaq ki,
DƏMİR YUMRUQ vuran yerdə sənə həm bir qələm doğmuş...

Teymur Kərimli ömür pilləkəninin Vətən adlı zirvə sevgisinin şah damarı Dağlıq Qarabağımızla bağlı indi onllər intizarında olduğu ən sevinən illərini yaşayır. Buna görə də onun şerlərində vətən həsrəti, şəhid igidlər, zəfər hissləri ilə bərabər dövrünün şər qüvvələrinə münasibət, yağı düşmən, namərd qonşu qayğıları çox iz salıb:

Namərd, əməlin azdısa, gör bir nə görərsən?
Tanrım yazısın yazdısa, gör bir nə görərsən?
Zənn etməsin alçaq, düşəcək özgə adamlar –
Kəndi quyusun qazdısa, gör bir nə görərsən?
“Kim üsyan əkə tarlada, tufan biçəcəkdir!”
Şair kəlamı düzdüsə, gör bir nə görərsən?

Vətən, xalq üçün öndər, ata, quru mahiyyətində rəhbər hər dövrdə əsas olmuşdur və o kəslər bu qiymətli adları tarxyüklü hadisələrə imza atmaqla qazanıblar. Təbii, Azərbaycan xalqının da taleyinə belə əbədiyaşar Ulu öndər düşüb. Ona çox əsərlər həsr edilib. Poeziyada da çox şerlər onu vəsv edir. Ancaq bu janrda firkin tutumu, şeriyyətin gücünə görə yenə Teymur Kərimlinin Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr etdiyi “Heydər Doğulub” şeri bayraqdarlıq edə bilər :

Nə gözəl gündü bu gün – yurduma HEYDƏR doğulub!
Bir qədim ər ocağından yeni bir ƏR doğulub!
Gün kimi şölə saçıbdır bir elə, bir obaya,
Qəlblərin sevgilisi, dillərə əzbər doğulub!
Düşmənin xərməninə çınqı kimi qorxu salıb,
Vətənə şanlı oğul, xalqıma rəhbər doğulub!
Göyə qalxıbdır o gün hay dığanın hay-harayı,
Düşmənin çaş gözünə bir iti neştər doğulub!
Barlı torpaq quru çör-çöplə tikandan arınıb,
Vətənin gül bağına sərvi-sənubər doğulub!
Neçə müddət ulu öndər sorağında dolaşan
Qəhrəman millətimə alp ULU ÖNDƏR doğulub!
Saldığı yolla gedir millətimiz zirvələrə,
Şəninə ÖNDƏRimin şanlı əsərlər doğulub!
Verdi özgürlüyün İLHAMlı zəfər müjdəsini,
Bu nəsil tariximə çünki müzəffər doğulub!
Teymurun fəxri budur ki: Vətən adlı anadan
ULU ÖNDƏR kimi çox aslan igidlər doğulub!

İstəyir şair ol, istəyir fəhlə. İnsana adına ömür deyilən pay - ərmağan sınaq kimi verilib. Zalım da, məzlum da, varlı da, kasıb da, dindar da, kafir də beləcə hamı bu dünyaya intahana gəlib. Hamı sona və ya sonda əməlinə görə cavab verəcək. Bu mənada aşağıdakı misralar əsl “xəbərdarlıq”, başqa cür desək əsl maarifçilikdir:

Bir qar yağa, tufan qopa, bir yel əsə, noolar?
İnsan dediyin insana zülmün kəsə, noolar?
Kəssin daha qar-qur səsini zəhlətökənlər,
Bülbüllərimiz bağda verə səs-səsə, noolar?
Etmiş yaşamaq haqqını Tanrım bizə qismət,
Nuş olsun ömür qismət olan hər kəsə, noolar?
İnsanlar üçün ibrətə tək bir qurum olsun -
Məhbəs dönüb olsun beləcə mədrəsə, noolar?
Hər kəs kəsəcək qan izini, dahidir əlbət,
Öz qardaşının düz sözünü kəsməsə noolar?
Nəhayət şair filosof Teymur Kərimlinin poeziyasında şair "qəndi", şair “zövqü” Dərd qəm, nisgil haqqında... Nə qədər yumora kökləsədə onun şer və qəzələrində br yol tapıb sızır Dərd. Bu dərdin çox üzü var, dünya dərdi, dövran dərdi, kamil insan dərdi, beləcə ən ciddidən bəsit sayılana kimi əslində çox dərdlər… Onlar arasında mənim üçün “Dərdini” şerinin yeni ruhu maraqlıdı:

Dərmə dərdin meyvəsin, quşlar yesin qoy dərdini,
Dərdinin qədrin bilən car etməsin qoy dərdini!
Dərdi gizlətsən sükutla, artacaq gündən-günə,
Öylə fəryad et ki, qorxutsun səsin qoy dərdini!
“Dərdin alım!” söyləsən, olmaz satan dərdi, fəqət,
Kimsə alsın dünyada qəmgin kəsin qoy dərdini.
“Dərd çox, həmdərd yox!” söylər Füzuli – dərd dağı,
Dərdli şair dərdsizə heç verməsin qoy dərdini!
Dərd verər ağrı, reseptorlar bunu duymaz nədən?
Həzz alan dərddən, buyursun, gizləsin qoy dərdini.
Dahilər çiynində çəksinlər gərək dünya qəmin,
Hər yetən dünyapərəst dərd bilməsin qoy dərdini!
Teymurun dərdi hələ kamil deyil, nöqsanı var,
Bir zaman qəlbin qanıyla bəsləsin qoy dərdini...

Və ya:

Bir gün səni Tanrın eşidər, toxda, darıxma!
Könlündəki qəm-qüssə gedər, toxda, darıxma!
Əldən o çıxan günlərini qaytara bilsən,
Saf körpə təbəssüm qeyidər, toxda, darıxma.
Baxtın sənə yar oldu, dönüb yarına baxdın,
Yarın sənə baxmazmı məgər, toxda, darıxma.
Bir vaxt uca dağlardan enib düzlərə düşdün,
Bir də ucalar boz təpələr, toxda, darıxma.

Yada düşən, “danışdıran” çox nümunələr olsa da həcm də əsasdır. Ancaq Teymur Kərimli poeziyasını fərqləndirən onun yumor çalarından heç yazmamaq olmur. Bu yumur nə acı puldan tutmuş, rüşvətə, başlı, başsız alimlərə, çox-çox “məsələlərə” baş vurur. Oxuduqca bu günün çatışmamazlıqlarından gələcəyə bir böyük arxiv kimi yadda qalır. Sələflər də elə elə ediblər. Yaşadıqlarını yazıb, xələflərinin dillərinə “dastan” veriblər. Teymur Kərimlinin “Dönmənəm” şeri də belə yadda qalacaq.

Pul-pul olsam, dönmənəm mən səndən, ey pul, dönmənəm!
İstəyirsən lap olum qarşında bir qul, dönmənəm!
Pul yükün mən bir qatırtək çəkmənəmmi həşrədək?
Qoy qayırsınlar mənə puldan ağır çul, dönmənəm!
Hər hava çaldırsa pul, şövqilə durram oynaram:
Müftəilün failatün felü məful – dönmənəm!
Pul olarsa, ruhum oynar qaytağı, dingildəyər,
Olmasa, inlər könül segahla zabul – dönmənəm!
Pulsuz olsam, el mənə divanə söylər, düz deyər!
Pullu görsə, söyləyər Danəndə Bəhlul – dönmənəm!
İnsanın xoşbəxtliyi dünyada pulnan ölçülər,
Pulsuz insan hey gəzər bədbəxt və məlul – dönmənəm!

Və ya çox ciddi “Deyiləm” şerində yumorla dünya ilə haqq-hesab çürüdür :

Axıb çuxurlara dolma,
Susuz bağlar kimi solma.
Dünya, mənə umud olma –
Aman kəmərin deyiləm.
Teymur, sözə vurma calaq,
Bir az toxda, nəfəs alaq.
Qarı dünya, bu da talaq:
Mən sənin ərin deyiləm!

Teymur Kərimlidən başqa bir güldürüb düşündürən seçmə:

Yazmağın bir xeyri varsa, mən yazım, dur sən də yaz!
Dərdlərə yazmaq açarsa, mən yazım, dur sən də yaz!
Şanlı bir məktub yazıb, yalvar-yaxar göndərsələr,
Darıdan donquz çıxarsa, mən yazım, dur sən də yaz!
Qara paltarlar ağarmazmı yusan çay-çeşmədə –
Qara vicdanlar ağarsa, mən yazım, dur sən də yaz!
Kişi qəlbindən qopan sözlər qələmdən güc alıb,
Nakişidən toz qoparsa, mən yazım, dur sən də yaz!
Bir qoluzorlu yetim incitsə, biz xoş söz desək,
Könlü təskinlik taparsa, mən yazım, dur sən də yaz!
Dünya Avgi tövləsin sarmış bu çirkab batlağın
Söz seli sürtüb aparsa, mən yazım, dur sən də yaz!
Teymurun yazmaqdan özgə bir işi yoxdur düzü,
Hər qədər Tanrım qoyarsa, mən yazım, dur sən də yaz!

Diqqət etdkdə təsdiqlənir ki, Teymur Kərimlinin əsərləri şairin, şerin “əsillik” sınağından onunla çıxır ki, o bütün sələfləri kimi dünyanı, bəşəri, sevgini, gözəlliyi, eləcə də eybəcərlikləri, vüsalı, sevinci, dərdi-qəmi və əlbəttə ki, vətəni, torpağı, milləti, tanrını, mələyi, şeytanı, igidi, namərdi, dostu-düşmənişairi, alimi, gülü, qanqalı, dağı, daşı, qumu, böcəyi, pulu, uğurları, müşkülləri və s. və i.a. -- olum-ölüm arasındakı həyatın fəlsəfəsini öz poeziya “tiyanında” bişirir, bişirir və Azərbaycan ədəbiyyatı xəzinəsinə bir-birindən dolğun mənalı, yeni ruhda əsərlər bəxş edir. Bu əsərlər həm də doğma, əziz ana dilimizin incəliklərinə dərindən bələdliklə yazılır. Fikirlərimin bu məcrasında bir məsələni də qeyd etmək istəyirəm.
Beləki mən tədqiqat həvəsi ilə bu ilin şerlərini diqqətlə nəzərdən keçirdim. Təxminən 70-ə qədər poeziya nümunəsi diqqətimi cəlb etdi. Bu az-çox təhlil-qiymətlənməsini etdiyim əsərlərin sayı, kəmiyyəti maraq doğurur. Sanki şair tələsir. “Ürəyimdə qalmasın” mahiyyətində onu düşündürənləri elmi formatdan fərqli, - kütləvi, papulyar ədəbi növdə - şer, qəzəllə çatdırmaq istəyir.
Xüsusən də pandemiyanın psixikamızı narahat etdiyi bir vaxtda bu poeziya, onun müəllifi şair filosof insanları nikbinliyə yükləmək missiyasını yerinə yetirir. Digər tərəfdən də bu çoxsayda əsər Azərbaycan ədəbi fikrinin XXI əsrin ikinci dekadasının inciləri kimi tarixə daxil olur.
Belə baxanda o öz tarixi maarifləndirmə vəzifəsini yerinə yetirir. Ancaq “zər qədrini zərgər bilər” məsəlinin dərin mənası da var axı... O, yazdı, bu qədər yaratdı və əslində onillərdir poeziya quyumuzu şirin su kimi qiymətli Azərbaycan dilində mükəmməl şerlərlə zənginləşdirir. Hələ nə yaşı var ki, qələmi əlində saxlayacaq çox yaradacaq illəri qarşıdadır. Bəs nə vaxt bu unikal yaradıcılıq qiymətləndiriləcək?
Heç kim mənə “onun buna eytiyacı yoxdur” məsləhətini verməyə tələsməsin. Mən onun avtobioqrafiyasını da, elmi biblioqrafiyasını da yaxşı bilirəm və mən yaxşı anlayıram ki, akademik Teymur Kərimlinin şöhrət üçün çox və çox nailiyyətləri var. Yəni ehtiyac olsa-olsa “sağlığında qiymət verin insanlara”... mahiyyətində, - mənəvi dəyərlə bağlı ola bilər.
Sonra... Sonra bütün klassiklərimiz, maarifçilərimiz, onların da yolunu davam etdirən çox-çox əvəzsizlərimizə “360 dərəcə döndükləri” kimi başlayacalar “ağ ləkələri” düzəltməyə: “əsl xalq şairi idi”, “əsl dövrün şairi idi” və s. Halbu ki, tarix, zəmana deyil günahkar. Dəyər vermək səlahiyyətlilər, ədalət hissini “tanışlar və ya tapşıranlarda” itirənlərdir günahkar!..
Bir sual da dolaşır fikrimdə, akademik Teymur Kərimli poeziyanın niyə quludur? O, niyə şer, qəzəl yazır? Şer deyək ki, müasir janrdır. Bəs qəzəl kimi mürəkkəb və ustalıq tələb edən janr yaradıcılığı?..
İlkin cavab, işlənmiş söz kimi gəlir adama, - yazmaya bilmir... Yox, bu cavab deyil. Fikrimcə, akademik Teymur Kərimli ona görə şer, qəzəl yazır ki, onun beyn arxvi pillə-pillə, qat-qat klassik poeziyamızın incilərindən ibarətdir. Onun qədər görəsən bizdə qəzəl, şer bilən və oxuyub, əzbərləmiş, hələ əzbərçilikdən uzaq bir istedadla söyləmiş, şərh etmiş bir tədqiqatçı var?.. Mən bilən bütün bu keyfiyyətləri özündə birləşdirən başqa aim-şair-qəzəlxan yoxdur...
Sənin də adının əsli dəmirdir, Teymur, ancaq ki,
DƏMİR YUMRUQ vuran yerdə sənə həm bir qələm doğmuş...

Və bu yazıya sonluq ...
Mənə görə əsl şer tiyanda bəlkə minlərlə dərəcə qaynarda bişən qıra bənzəyir. Tiyan, nədir, soruşanlar üçün, 40-50 il əvvəl şəhər həyət evlərinin daman damları üçün neft-mazut kütləsinin bişirildiyi xüsusi “qazana” tiyan deyirdilər. Mənim aləmimdə Tiyan kürəsi ürəyi, qır burulğanını qarışdıran bel qələmi andırır. Qırçı o beli ilə, şair qələmlə “çarpışır, vuruşur” yaradır!...

O qırdan da, Əsl şerdən də “yandım” qoxusu ucalır ... Sanki şair hissi düşüncə tiyanında qaynadır, qaynadır, əvvəl kəlmələr, sonra misralar, sonda şer yaranır və qır ev damlarının üzərinə, şer qələmlə ağ kağızın üzərinə cızılır...
Qır yaxşı bişməyəndə maddi kütlə hopmur və keyfiyyət sıfr olur. Əsl şerdə də belədir... Nizam, vəzn, harmoniya, simmetriya pozuldusa o şer oxunmur, onu yazan seçilmir, sevilmir.
Sonra, qır və qırçı evlərin tavanlarını təmir edir, əsl şer və şair o evlərin içindəkilərin “damı” - düşüncəsini, hisslərini.
Nə qədər dünya dəyişsə də, tiyan da, qır və qırçı tarixin arxivinə atılsalar da əsl şerin mənim üçün mahiyyəti elə belə, bu cürdür. Ürəkdəmi, beyindəmi qaynaya-qaynaya bişmiş şer və onu o “tiyandan” çıxarmağı bizə verməyi bacaran qəhrəman “qırçı” kimi şair. Fərqsiz olmaz ki, fərq qırçının əlləri, üz-gözü, ayaqları, hətta bütün bədəni yana bilər və hamı bunu görüb açıyar. Şairin isə nə tiyanını, nə “dağı cünununu” heç kəs görmür, görə bilməz hamı!.. Onun sözlərinin mənası adamın “yeddi qatından” keçir, yandırır və yanğıdan xəbər verir. Onun milyonlarla kəlmənin içindən seçib mənalandırdığı təşbehlər adamı ovsunlayır...
Bu düşüncəmlə mən hər şer və şairi “tiyan, qır, qırçı” sınağından keçirirəm. Beləcə Akademik Teymur Kərimlinin şerlərində mən o arxaik, bəlkə ritorik varlığı gördüm. Bu poeziya məni Teymur Kərimlinin “qır qoxusu” kimi yanğıdan xəbər verən həyat fəlsəfəsi ilə tanış etdi .
Belə olmasaydı, nə onları oxuya bilərdim, nə bunları yaza bilərdim.
Dünən, 15:34
İçərişəhərə giriş məhdudlaşdırılacaq
Dünən, 15:29
Qəhvənin bilinməyən faydaları
2-05-2024, 15:06
MEK-də Türk Dünyasının Həmrəyliyi Gününə həsr olunmuş sərgi keçirilir
2-05-2024, 10:43
Düzgün nəfəs almaq arıqlamağa kömək edə bilər
2-05-2024, 10:41
Su, yuxu və idman arıqlamağınıza kömək edəcək vərdişlərdir
29-04-2024, 11:16
MEK-in direktoru Bakı Dövlət Universitetində keçirilən konfransda iştirak edib
29-04-2024, 11:12
MEK-in direktoru Bakı Dövlət Universitetində keçirilən konfransda iştirak edib
29-04-2024, 10:37
Sümük bulyonu arıqlamağa kömək edir
24-04-2024, 11:00
Çin və Avropa alimləri çayın ağciyər xərçənginə səbəb olduğunu aşkar ediblər
24-04-2024, 10:56
Elm adamları yeni qrip virusunun pandemiyaya səbəb olma təhlükəsindən narahatdırlar
23-04-2024, 10:29
“Azərbaycan ədəbiyyatşünaslıq elmi müstəqillik illərində (1991-2023)” biblioqrafiyası çap olunub
23-04-2024, 10:25
Həddindən artıq su qəbulu beyin şişməsinə səbəb ola bilər
19-04-2024, 16:48
Zərərçəkmiş şəxsin razılığı olmadan onun fotosunu mediaya təqdim edənlər cəzalandırılacaqlar
19-04-2024, 16:48
Zərərçəkmiş şəxsin razılığı olmadan onun fotosunu mediaya təqdim edənlər cəzalandırılacaqlar
19-04-2024, 16:38
ARXİV: Sosial şəbəkələrdə digərlərinin fotolarını icazəsiz yayanları hansı cəzalar gözləyir? - ARAŞDIRMA ANALİTİKA
18-04-2024, 15:14
Başqırdıstan Arıçılıq Mərkəzi Azərbaycana bal tədarükünə başlayıb
18-04-2024, 15:06
Kədərli musiqi neqativ emosiyalardan qurtulmağa kömək edir
17-04-2024, 12:19
Azərbaycanda vergi ödəyicilərinin sayı 8 % artıb
17-04-2024, 12:12
Hemofiliya xəstəliyinin əlamətləri nələrdir?
16-04-2024, 15:37
Folklorşünas alim Mədəniyyət TV-də “Azərbaycan filmlərində milli dəyərlər” mövzusunda danışıb
16-04-2024, 15:32
Yeməkdən sonra ürək ağrısının əsas səbəbləri nədir? Qastroenteroloq izah etdi
15-04-2024, 15:45
Filosof alim İndoneziyada keçirilən beynəlxalq konfransda iştirak edib
15-04-2024, 15:33
Bu gün akademik Zərifə Əliyevanın anım günüdür
9-04-2024, 12:01
Azərbaycanda bayram günlərində banklar və “Azərpoçt” fəaliyyət göstərəcək
9-04-2024, 11:58
AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin Ramazan bayramı münasibətilə Akademiya əməkdaşlarına təbriki
9-04-2024, 11:54
Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
8-04-2024, 10:43
Lənkəranda Məhəmməd Füzulinin 530 illiyinə həsr edilmiş seminar keçirilib
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031