Heydər Əliyev və Azərbaycan Respublikası - Səudiyyə Ərəbistanı Krallığı qarşılıqlı münasibətləri
Elm və təhsil
Oxunub: 183
10 mar 2023 | 10:40



Xatirə Quliyeva
fəlsəfə elmləri doktoru


ikinci məqalə

Müsəlman dünyasının müqəddəs Kəhkəşanında 7 gün

Azərbaycan xalqının Ulu Öndəri, tarixi şəxsiyyət Heydər Əliyevin Səudiyyə Ərəbistanı Krallığı ilə 1990-cı illərin əvvəllərində qurub yaratdığı dostluq, həmrəylik, əməkdaşlıq körpüsü iki İslam – müsəlman xalqın güclü siyasi liderlərinin peşəkar fəaliyyəti, yeni, modern yanaşmalarla ilə ilbəil inkişaf etdirlib möhkəmlənir.


Əlbəttə, tarixin daş kitabəsi var və olub-keçənlər bu kitabədə öz izini həkk edir. Biz bu fikri təsadüfən işlətmədik. Belə ki, Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığının qarşılıqlı əlaqələrindən və xüsusən də Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyevin bu əlaqələri qurub yaratması məsələsindən bəhs edərkən çoxlarının heç bilmədiyi, bilən ixtiyar yaşlıların isə yavaş-yavaş
unutduqları bir ictimai təşkilatın və onun rəhbərinin xeyriyyəçilik, əslində, iman fəaliyyətini bu məqamda yada salmaq yerinə düşər.

Beynəlxalq İslam Nicat Təşkilatı, onun (İNT) MDB dövlətləri üzrə nümayəndəliklərinin baş direktoru Əbdülhəmid Cəfər Dağıstani. Heydər Əliyev bu şəxslə 1993-cü ildə ilk dəfə görüşmüş və onların səmərəli, işgüzar danışıqları nəticəsində ağır günlər yaşayan Azərbaycan çox sayda problemlərini həll etməklə bərabər, xalqımızın İslam inanclı insanlarının müqəddəs Məkkə və Mədinə şəhərlərinə səfərləri, Həcc və Ümrə ziyarətləri kimi mənəvi ehtiyacları həyata keçirilmişdir.

Məsələn, 1993-cü ilin 7 dekabr tarixində AzərTacın “Xeyirxahlığa əsaslanan əməkdaşlıq möhkəmlənəcəkdir” başlıqlı yazısında belə bir məlumat diqqəti cəlb edir: “Müstəqil Azərbaycan Respublikası dünyanın bütün ölkələri ilə, habelə beynəlxalq təşkilatlarla əlaqələrinin möhkəmləndirilməsinə və inkişaf etdirilməsinə xüsusi əhəmiyyət verir. Ermənistanın silahlı təcavüzünə məruz qaldığımız indiki dövrdə Azərbaycanın dünya ölkələri ilə çoxcəhətli əməkdaşlığı daha da genişləndirməyə ehtiyacı vardır. Bu fikri Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev dekabrın 7-də Beynəlxalq İslam Nicat Təşkilatının (İNT) MDB dövlətləri üzrə nümayəndəliklərinin baş direktoru Əbdülhəmid Cəfər Dağıstanini qəbul edərkən söyləmişdir”.

Onu da qeyd edək ki, AzərTacın 1993-cü ilə aid məlumatında “İNT-in qaçqınlar üçün iş yerləri açılması və onların əməyə cəlb edilməsi məqsədi ilə respublikamızın nazirlikləri, şirkətləri, konsernləri və işgüzar adamları ilə əlaqələr yaradacağı, bu təşkilatın köçkünlərin doğma yerlərinə qaytarılması dövründə kəndlərin, qəsəbələrin, evlərin bərpası sahəsində sınaqdan çıxmış proqrama malik olduğu, onun azərbaycanlı qaçqınlara 1993-cü ildə 5 milyon dollarlıq yardım göstərdiyi, 1994-cü ildə isə bu yardımın həcmini 8 milyon dollara çatdırmaq niyyətində olduğu, Azərbaycan Prezidenti Heydər Əliyevin Beynəlxalq İslam Nicat Təşkilatına Azərbaycana göstərdiyi kömək üçün minnətdarlıq etməsi və qarşılıqlı əlaqələrin davam etdirilib daha da genişləndiriləcəyinə ümidvar olduğunu bildirdirdiyi öz ifadəsini tapmışdır”.



Bu məlumat Heydər Əliyevin Səudiyyə Ərəbistanı Krallığına 1994-cü il 9-13 iyul tarixində baş tutmuş səfərindən öncə bu ölkənin Azərbaycanla əlaqə yaratmış olduğunu və necə deyərlər “öz elçisini” göndərmiş olduğunu təsdiq etməklə bərabər, iki ölkə arasındakı əlaqələrin daha əvvəllərə gedib çıxan köklərindən xəbər verir.

Haşiyəyə çıxaraq Heydər Əliyev kimi müdrik siyasi liderin görüşünə gəlmiş Əbdülhəmid Cəfər Dağıstani “İslami Yardım Təşkilatının Qlobal İslam Respublikalarında və əvvəllər Sovet İttifaqı adlanan ərazilərdəki ofisinin regional direktoru vəzifəsinə irəli sürülmüş və yeddi il ərzində (hicri 1412 – 1418) / (miladi 1993 – 1999) müxtəlif millətlərdən və müxtəlif dinlərdən və irqlərdən iyirmi iki respublikaya xidmət edən və iyirmidən çox (1400) işçisi olan on altı ofisə cavabdeh direktor olmuşdur”. Bu iqtibasdakı fikirlər Nazım Karaman adlı müəllifin məqaləsindəndir və biz bu mənbədə Əbdülhəmid Cəfər Dağıstaninin geniş səlahiyyətləri, həmçinin zamanında Səudiyyə Ərəbistanı Krallığının hakimiyyət aparatında nüfuzu və habelə onun maddi imkanları göstərilmişdir. Biz burada həmin dəlilləri detalları ilə işıqlandırmadan məqalədən diqqət çəkən bir maraqlı faktı önə çəkmək istəyirik. Belə ki, məqalədə Əbdülhəmid Cəfər Dağıstaninin bir çox ölkə başçısı ilə dostluq münasibəti açıqlanmış, “Onlardan ən görkəmlisi mərhum prezident Heydər Əliyev olub”, - fikri qabardılmışdır.



Maraqlıdır ki, tədqiqatımızı bir qədər genişləndirdikdə Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyevin Məkkəyə Müqəddəs Kəbəyə ziyarəti məhz Əbdülhəmid Cəfər Dağıstaninin arzusu və dəvəti ilə olduğu təsdiqlənir. Bu haqda keçmiş millət vəkili Hadi Rəcəbliyə istinadən modern.az saytının kiçik “Bir şəklin tarixçəsi” başlıqlı yazısında belə bir qeyd vardır: “Ümummilli Lider Heydər Əliyev hakimiyyətə gələndən sonra qaçqın və məcburi köçkünlərin işlərini, problemlərini mənimlə məsləhətləşirdi. O zaman mən Nazirlər Kabinetində çalışırdım. Ərəb ölkələrindən qaçqınlara humanitar yardım gətizdirirdik. O dövrlər bizim hökumətin ən çətin zamanları idi. Bakıya humanitar yardım gətirən ciddəli Əbdülhəmid Dağıstani mənə dedi ki, Heydər Əliyevi Həcc ziyarətinə dəvət etmək istəyir, amma çəkinir. Fikirləşirdi ki, birdən razılaşmaz. Dedim ki, Heydər Əliyev Allah adamıdır, heç bir problem yoxdur. Əslində, biz Həcc ziyarətinə getməli idik, ancaq Heydər Əlieyevin vaxtı az olduğu üçün Kəbəyə Ümrə ziyarəti etdik. Onda Ulu Öndər hakimiyyətə gələndə ona kömək etmiş, yanında olmuş şəxsləri də özü ilə apardı. Dedi ki, “gördünüzmü, mən sizə söz vermişdim, indi də sizi ziyarətə aparıram”.
Heydər Əliyevi Kəbə evinin içində namazın bütün elementlərini icra edəndə gördüm. Allaha dua etdi ki, Dağlıq Qarabağ tezliklə azad olunsun”.



Akademik Bəkir Nəbiyev də Ümummilli Lider Heydər Əliyevlə bərabər Həcc ziyarətində olmuş, rəhbərin dinimizə bağlılığını ifadə edən müşahidələrini bir xatirə yazısında belə şərh etmişdir: “…Müqəddəs Mədinə şəhərindəki Peyğəmbər Məscidində bizimlə birlikdə diz çöküb, namaz qılan Heydər Əliyev əslində mənsub olduğu xalq haqqında təsəvvürü obyektiv surətdə xeyli təravətləndirmiş oldu. Bu hərəkətilə o, beynəlxalq aləmdə, xüsusən öz din qardaşlarımız qarşısında sübut etdi ki, keçmiş Sovet İttifaqının ucqar respublikalarından biri olan Azərbaycan kommunist ideologiyasının bütün ciddi – maddi-mənəvi, fiziki, siyasi, inzibati təqib və təzyiqlərinə baxmayaraq, xalqın öz dininə olan inamını ürəklərdən, beyinlərdən qazıyıb çıxara bilməmişdir”.
AzərTacın 1994-cü il 29 iyul tarixli “Beynəlxalq Xeyriyyə Xəşkilatının Nümayəndələri Bakıda” yazısında Heydər Əliyevin Səudiyyə Ərəbistanı Krallığında səfərdə olarkən “orada fəaliyyət göstərən bir sıra beynəlxalq təşkilatların başçıları, o cümlədən Beynəlxalq İslam Nicat Təşkilatının (BİNT) rəhbəri Fərid Qureyşi ilə görüşüb danışıqlar aparmışdır. Bu görüş zamanı təşkilatın Azərbaycanla əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunduğu” və Azərbaycan Prezidentinin ölkəsinə qayıtmasından konkret olaraq iki həftə sonra “Beynəlxalq təşkilatın MDB dövlətləri üzrə baş direktoru Əbdülhəmid Cəfər Dağıstaninin və BİNT-in prezidentinin müavini Abdulla Abdanın başçılıq etdikləri nümayəndə heyətinin bu təşkilatın Azərbaycanda fəaliyyətini daha da genişləndirmək məqsədi ilə Bakıya gəldiyi” işıqlandırılmışdır. Sözsüzdür ki, bu, (hər ölkə başçısına nəsib olmayan) Heydər Əliyevin müdrik şəxsiyyətindən qaynaqlanan bir hadisədir. Belə ki, Qlobal İslam Respublikalarında və əvvəllər Sovet İttifaqı adlanan ərazilərdəki ofisinin, müxtəlif millətlərdən və müxtəlif dinlərdən və irqlərdən iyirmi iki respublikaya xidmət edən və iyirmidən çox (1400) işçisi olan on altı ofisə məsul direktoru və hələ digər sahələr üzrə vəzifələrin icraçısı Əbdülhəmid Cəfər Dağıstani və BİNT-in prezidentinin müavini Abdulla Abdanın başçılıq etdikləri nümayəndə heyəti keçid dövrü yaşayan ölkəyə Prezidenti ilə görüşdən 2 həftə sonra böyük miqdarda yardım etmək məqsədi ilə gəlir. AzərTacın bu məlumatında Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında qurulan dostluq münasibətləri də işıqlandırılmışdır ki, arxada qalmış 30 illik qarşılıqlı münasibətlərin və həmçinin bu münasibətlərin bayraqdarı Heydər Əliyevin dövlət quruculuğu xidmətlərinin tarixi izləri kimi mühüm əhəmiyyət kəsb edir. Məqalədən oxuyuruq: “İyulun 28-də Azərbaycan Prezidenti Heydər Əliyev nümayəndə heyətini qəbul etmişdir. Söhbət zamanı təşkilatın respublikamızda görəcəyi işlərlə bağlı geniş fikir mübadiləsi aparılmışdır. Heydər Əliyev bu ölkəyə rəsmi səfərindən, müqəddəs ocağın xadimi, Səudiyyə Ərəbistanının Kralı Fəhd ibn Əbdüləziz al Səudla görüşlərindən razı qaldığını bildirmiş və qeyd etmişdir ki, bütün bunlar ölkələrimiz arasında dostluq, qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsində və inkişaf etməsində mühüm rol oynayacaqdır. ...İki müqəddəs şəhərə - Məkkəyə və Mədinəyə səfərini mühüm hadisə hesab edən Azərbaycan Prezidenti İslamın bu müqəddəs yerlərinə ziyarətini özü üçün böyük xoşbəxtlik kimi qiymətləndirmişdir”.

Ulu Öndər Heydər Əliyev dinə inanclı ailədə böyümüş, dini əqidəsinə sovet quruluşu daxilində belə sadiq qalmış, Azərbaycan Respublikasının müstəqilliyi illərində rəhbər siyasi kürsüdən İslam dini və mədəniyyəti haqqında dərin məzmunlu çıxışlar etmiş, həmçinin dinə bağlılığını aydın ifadə etmişdir. Məsələn, Ulu Öndər 1970-ci illərdə bir xarici qonağın gənclərin yaşlılar gəldikdə ayağa qalxmasına təəccüb edib, ondan bu cür yüksək etik mədəniy­yətə necə nail olduqlarını soruşarkən “Biz buna nail olmamışıq. Bu, bizim xalqımızın mənəvi dəyərləridir”, - cavabını vermişdir və çox illər sonra o, bu xatirəsini yada salarkən tam səmimiyyətlə bildirmişdir ki, “Sizinlə açıq danışıram, o vaxt deyə bilmirdim ki, bu İslam dininin mənəvi dəyərləridir. Çünki biz hamımız o vaxtlar İslam dinini qadağan edən adamlar idik. Amma bu gün deyirəm ki, bunlar, həqiqətən İslam dininin bəşəriyyətə və İslam aləminə bəxş etdiyi çox yüksək dəyərlərdir”.

Bu baxımdan müdrik liderin imkan yaranmışkən İslam dininin peyğəmbəri Həzrəti Məhəmmədin (s.ə.s.) anadan olduğu, peyğəmbərlik, Allah elçisi adına ucaldığı və İslam dinini yaratdığı Məkkəyə Həcc və Ümrə ziyarətinə getməsi təbii hadisə idi. Bir məsələyə də xüsusi diqqət yönəldilməlidir ki, böyük tarixi şəxsiyyət, Ümummilli Lider Heydər Əliyev Beytulallah – Allah evi adlanan Kəbəyə ziyarət etməklə bu müqəddəs yolu xalqının bütün dini inanclı və bu ziyarətlərə həsrət müsəlmanların üzünə açmışdır. İkincisi, Azərbaycan dindarları 30 ildir müqəddəs torpağa gedirlər və bu yolçuluq hələ çox illər davam edəcəkdir.




Həmçinin Heydər Əliyevin Səudiyyə Ərəbistanı Krallığı ilə ölkəmiz arasında qurub möhkəmləndirdiyi əlaqələr təkcə ziyarət sahəsi ilə məhdudlaşmayıb diplomatiya, iqtisadiyyat, ticarət, elm və təhsil, mədəniyyət, media, idman və gənclər kimi başqa sahələri əhatə edir.


Səudiyyə Ərəbistanı Krallığının Azərbaycan Respublikasındakı səfirliyinin ölkə ictimaiyyətinin müxtəlif sahələr üzrə nümayəndə heyətlərini vaxtaşırı dost ölkəyə səfərə göndərməsi yaşayan dostluq, əməkdaşlıq ənənələrinə əyani nümunədir.

2023-cü ilin 18-25 fevral tarixlərində Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfirliyi bu səfərlərdən daha birini həyata keçirdi. Səfirliyin 30 il əvvəl əsası qoyulmuş mədəni əlaqələr istiqamətində bu növbəti səfərdə ölkəmizi media qrupu təmsil edirdi.

Səfər haqqında təəssüratlarımı bölüşməzdən əvvəl, Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfiri cənab Dr. Haməd bin Abdulla bin Xudeyrə öz adımdan və Sevinc Quliyeva adından təşəkkürümüzü bildirməyi özümə borc bilirəm.


























Beləliklə, Səudiyyə Ərəbistanı Krallığına səfərə gedərkən səfərin məzmunu, formatı haqqında heç bir məlumatımız yox idi. Ancaq bu, bütün dünyada zəngin, müasir inkişaf dinamikası ilə məşhur ölkənin paytaxtı Ər-Riyad şəhərinin hava limanından bizi yerləşəcəyimiz İnterContinental hotelinə aparan yollar, bir-birindən gözəl göydələn binalar, bahalı maşınlar, rəngarəng geyimli və xoş ovqat yaradan gülər üzlü yerli sakinlər, hotelinin foyesinə ilk addımımızı qoyduğumuzda bizə qədim ərəb adət-ənənəsinə uyğun zərxara ilə bəzədilmiş məcməyilərdə xurma, qızılı boynu incə qrafinlərdən süzülən ərəb kofesi hədiyyəsi, simvolik “od-ocağın” ətirli tüstüsü və s. ərəb mədəniyyəti inciləri, gülərüz hotel işçiləri, xüsusən də Mətbuat nazirliyinin “könüllülərinin” qonaqpərvərliyi maraqlı bir proqram kimi bizi ilk dəqiqələrdən öz cazibəsi altına aldı.






Ər-Riyada çatdığımız saatlarda hava xoş idi. Gəzməli bahar havası axşama doğru qış havasına dəyişsə də, biz 1 həftəlik səyahət fürsətini əldən verməyib “könüllülərin” müşayəti ilə şəhərin bizim Bakının Nizami küçəsini xatırladan mərkəz hissəsinə getdik.


Mobil smart telefonların ən böyük üstünlüklərindən biri – fotolar çəkdirməkdi. Biz də Səudiyyə Ərəbistanı Krallığındakı ilk günümüzü telefonlarımızın imkanları ilə xeyli dəyərləndirdik. Amma qarda Günəşin altında əlinə bir qartopu götürüb əylənərsən və bir də görərsən ki, əridi getdi. Bu şəkilləri də bizim səfərimizin sonrakı günlərində çəkdirdiyimiz çoxsaylı şəkillər “əritdi”…
















...Səhəri gün bizi Səudiyyə Ərəbistanı Krallığının dəvətlisi olduğumuz Ticarət və Mətbuat Nazirliyinin paytaxtın Hilton hotelində təşkil etdiyi “Media sənayesi: imkanlar və çağırışlar” mövzusunda keçirilən “Səudi İkinci Media Formu”na apardılar. Ərəb mediasında yayılan informasiyaları tərcümə sistemləri vasitəsi ilə oxuyub öyrəndik ki, 20-21 fevral tarixlərində keçiriləcək bu beynəlxalq tədbirdə dünyanın 30-dan çox ölkəsinin 1500 media nümayəndəsi iştirak edəcək. Qeyd edək ki, Səudiyyə Birinci Media Formu 1919-cu il noyabr ayının sonunda Ər-Riyad şəhərində eyni “Səudiyyə mediası: Media sənayesi... İmkanlar və çağırışlar” mövzusunda keçirilmiş, fərqlənənlərə media mükafatları təqdim olunmuşdur.














Digər bir məlumat isə iştirak etdiyimiz forumun məqsəd və məramını daha dolğun ifadə edirdi: “Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad 2023-cü il 20-21 fevralda ikinci dəfə Səudiyyə Ərəbistanı Media Forumuna ev sahibliyi edəcək. Səudiyyə Media Forumunun prezidenti Məhəmməd Əl-Harti bildirib ki, “Forum dünyanın müxtəlif ölkələrindən olan ziyalılar, yazıçılar və rəyçilər ilə görüşmək, ən uğurlu media təcrübələri ilə tanış olmaq imkanıdır”. …Forum müxtəlif sessiyalar və seminarlar vasitəsilə qlobal media sektorunda çap, audio, vizual və rəqəmsal kimi müxtəlif formalarda baş verən hadisələri müzakirə edəcək. Səudiyyə Media Forumu, həmçinin media sahəsində ən görkəmli yerli və beynəlxalq təcrübələri və onun sosial, siyasi, idman və iqtisadi məsələlərin həllində mühüm sənaye kimi rolunu nəzərdən keçirəcək. Forum jurnalistikanın yeni ölçülərini və rəqəmsal media, mobil jurnalistika və rəqəmsal platformaların əhəmiyyətini vurğulayır. Forumda, həmçinin ərəb mediasının reallığı və media ilə bağlı bir çox məsələlər müzakirə olunacaq. Eyni kontekstdə Səudiyyə Media Forumu Mükafatı çap, televiziya və rəqəmsal mediada rəqabət aparan media peşəkarlarına qapılarını açır və Səudiyyə və ərəb mediasında görkəmli töhfələr vermiş tanınmış media şəxsiyyətlərini təltif edir. Səudiyyə Media Forumu tərəfindən irəli sürülən təşəbbüslərdən biri olan Səudiyyə Media Forumu Mükafatı Krallıqda media məzmununu inkişaf etdirmək, rəqabəti və peşəkar yaradıcılığı stimullaşdırmaq və bu sahədə yenilikləri təqdir etmək məqsədi daşıyır”.


Beləcə, “Səudi İkinci Media Formunda” Səudiyyə Krallığının mühüm sahələrinin əsas rəhbər şəxsləri ərəb jurnalistlərlə müsahibə formatında hesabat xarakterli çıxışlar edərək müasir dünyanın diqqət mərkəzində dayanan IV Sənaye dövrü problemləri təhlil etdilər. Süni intellekt, robot texnikası, rəqəmsal inkişaf, tik-tok, reklam və s. problem məsələlərin Səudiyyə Ərəbistanı və o cümlədən bütün dünya üçün əhəmiyyəti önə çıxarıldı, eyni zamanda qlobal çağırışlar paylaşıldı.

Bütün beynəlxalq konfranslar, formlar kimi “Səudi İkinci Media Formunun Bağlanış hissəsində aktual çıxışları ilə fərqlənmiş ərəb media nümayəndələrinə Səudiyyə Media Mükafat”ları təqdim olunmuşdur. Biz həmin tədbir haqqında məlumatsız olduğumuza görə iştirak edə bilməsək də, Səudiyyə Ərəbistanı Krallığının Ticarət və Mətbuat naziri Dr. Məcid Əl-Qəsabinin iştirakı ilə ölkənin “Əl-Araby” kanalının yayımçısı Xalid Mədxalinin, “Okaz” qəzetinin baş redaktoru Cəmil əz-Ziyabinin, “Rotana FM” radio yayımının əməkdaşı Xalid Əbdüləzizin, habelə, professor Xalid əl-Malikin, Şahd Harmuşun, Əhməd əl-Ərfəcin və b. mükafatlandırıldıqlarını, habelə, ABŞ-ın Mayami şəhərində yerləşən Strateji İmprovizasiya Rabitə Şirkətinin prezidenti David Reaboinin, Skandinaviya Körfəzi Araşdırmalar Mərkəzinin direktoru, eyni zamanda jurnalist Əbdülcəlil Əl-Saeidin İsveçdən, Lubna Abdulrahman və Reem Quqandi Dubaydan forumda iştirak etmək üçün ilk dəfə olaraq Səudiyyə Krallığına səfər etdiyini öyrəndik.


“Səudi İkinci Media Formu”nun yadda qalan bir tədbiri də bağlanış hissəsində “Eurovision 2014” mahnı müsabiqəsinin finalında “Moustache” mahnısı ilə iştirak etmiş “Twin Twin” qrupunun əyləncəli şousu olub.

Formdan sonra bizi (22 fevral 2023) Səudiyyə Ərəbistanının Qurtuluş günü münasibətilə Krallığın Şahzadə Nura Bint Əbdül Rəhman Universitetinin teatrında nümayiş etdirilən tamaşaya apardılar. Teatrın həyətinin xoş rəngli xalçalarla bəzənməsi, milli geyimli qadın və kişilərin gülər üzlə qonaqları qarşılaması və bəzəkli qablarda ərəb təamları paylaması ilk andan bayram əhval-ruhiyyəsi yaradırdı.



Ərəb milli səhnə-oyun estetik şüurunun bu musiqili-dram janrında kütləvi tamaşa təzahürünün ilk dəqiqələrindən ruhumuzu dincəldən nağıllar aləminə qapılsaq da, 3 saat ərzində səhnələr əvəzləndikcə Səudiyyə Ərəbistanının Qurtuluş dövründən başlayaraq qüdrətli Səudiyyə Ərəbistanı dövlətinin müasir yüksək pilləsinə kimi inkişaf tarixindən bəhs edən səhnə əsərinin məzmununu biz müxtəlif millətlərin, hətta fərqli irqlərin insanları sənətin “ana dilində” - ərəb xalq folkloru, klassik musiqi yaradıcılığı, bir-birindən gözəl ifalar və rəqslər vasitəsilə aydın anlaya bildik və böyük zövq aldıq.

Əlbəttə, biz yüzlərlə tamaşaçının sürəkli alqışlarına səbəb olmuş bu möhtəşəm səhnə əsərini təəssüratlarla, estetik hisslərlə təsvir etməklə kifayətlənə bilməzdik və ərəb mediasına müraciət etməklə tamaşa haqqında dəqiq faktlar əldə etdik. Beləliklə, çoxsaylı məlumatlar, şərhlərdən məlumumuz oldu ki, 3 əsr əvvəl qurulmuş Ərəbistan yarımadasının tarixi irsindən güc alaraq yaranan sivilizasiyalar və həyatın davamı kimi etap-etap müasir Səudiyyə Ərəbistanı Krallığının yüksək xətlə inkişafına həsr olunmuş “Bizim yorumlarımız qüdrətin davamıdır” (“معلقاتنا امتداد أمجاد”) adlı musiqi lirik poetik kütləvi tamaşanın əsas məzmununu 10 müasir şərhçi ilə ərəb ədəbi mirasında xüsusi yeri olan məşhur on şairin qarşılaşdırılması və onların hekayələri ilə ilk Səudiyyə dövlətinin qurulmasının, ikinci dövlətdən keçərək Səudiyyə Ərəbistanı Krallığının birləşməsinə gətirib çıxaran tarixi-müasir gerçəklərin səhnə yozumu təşkil edir. Tamaşa Şahzadə Əbdül Rəhman bin Musaedin ideyası və ümumi rəhbərliyi, doktor Fəhd Afat, Casim Əl-Sahih, Sultan Əl-Sabhan, Sultan Əl-Dait, Yəhya Rayani, Turki Həmdan Əl-Ənzi və Fəvaz Əl-Alabun, Əlahəzrət Şahzadə Əhməd bin Sultan bin Əbdüləziz (şeirlər) tərtibatı, Saleh Zamananın ssenarisi, Sadiq Al Shaerin bəstəsi, Amer Əl-Hamoudun rejissorluğu, aktyorlar - Ayed, Omaima Talib, Hamza, Fuad Abdel Wahed, Suha Al-Masry, Nasser Nayef, Fahd Al-Omari, Eman Al-Mashaiti və Zina Emad və müğənnilər- Rəşid Əl-Şamrani, Aseel Omran, İlham Əli və Ayman Mutahar, Əli Əl-Zəhrani, Sarah Bahkali, Səid Əl-Manea, Əhməd Əl-Rəşid, Əfnan Klinton və Abdul-Rahman Badrın iştirakı ilə hazırlanmışdır.





“Bizim yorumlarımız qüdrətin davamıdır” (“معلقاتنا امتداد أمجاد”) adlı tamaşa haqqında onun yaradıcısı Şahzadə Əbdürrəhman bin Musaedin bir şərhi bizim üçün olduqca maraqlı oldu. Belə ki, Şahzadə Əbdürrəhman bin Musaed bu kütləvi lirik-poetik tamaşanın ssenarisinin 16 əsr əvvəlki Ərəbistan yarımadasını, onun maraqlı hadisələrini və möhtəşəm günlərini yada saldığını, İlk Səudiyyə dövlətinin 10 mərhələsindən şeirlərlə-poetik dildə bəhs etdiyini qeyd etməklə bərabər, Taifdəki Okaz bazarında oxunduğundan bu günə qədər təfsirçilər və şairlər üçün ölümsüzlüyünü təsdiqlədiyini, bir çox tarixçilərin onların qızıl su ilə yazılaraq Məkkə əl-Mükərrəmədə Kəbənin üzərinə asıldığını qeyd etdiklərini xüsusilə vurğulamışdır.







“Bizim yorumlarımız qüdrətin davamıdır” tamaşası bizi Səudiyyə Ərəbistanı Krallığının Milli Qurtuluş Günü Proqramı çərçivəsində biri-birindən maraqlı, mənalı-məzmunlu tədbirlər gözləyirdi. Krallığın Milli Muzeyinə, Milli kitabxanaya, Bulvara, 100 mərtəbəli binaların yerləşdiyi Müasir Parka və s. səfərlər gözləyirdi.
Proqramımızda Müqəddəs Məkkə Əl-Mükərriməni - milyonlarla könülün Beytulllahı Kəbəni ziyarət əvəzolunmaz və keçilməzimiz idi... Kəbə evini Ziyarətlə Müsəlman Dünyasının Müqəddəs Kəhkəşanında 7 günlük səfər bitəckdi... O günə hələ qalırdı...

Davamı olacaq



mənbə;www.science.gov.az
20-12-2024, 10:04
Alimlər: Qəhvəyə şəkər əlavə edilməsi onun təsirini artırır
20-12-2024, 09:58
Sadəliyi və böyüklüyü ilə tanınan alim
16-12-2024, 11:19
Əlyazmalar İnstitutunun əməkdaşları Türkiyədə keçirilmiş beynəlxalq simpoziumda məruzə ediblər
13-12-2024, 10:43
Tarixi görüş
11-12-2024, 11:51
Filosof alim Xatirə Quliyevanın “Heydər Əliyevin Böyük Siyasət Yolu” monoqrafiyasının təqdimat mərasimi keçirilib
7-12-2024, 13:52
“Heydər Əliyevin Böyük Siyasət Yolu” monoqrafiyası işıq üzü görüb
6-12-2024, 11:09
5 dekabr Beynəlxalq Könüllülər Günü münasibətilə AMEA-nın prezidenti “MEK könüllüləri”ni təbrik edib
3-12-2024, 10:45
Şəhidlərə həsr olunmuş kitablar MEK-ə təqdim olunub
27-11-2024, 11:18
Kosmosda çox qalmaq idrak qabiliyyətini zəiflədir
27-11-2024, 11:11
Tarix Muzeyində Avropa Milli Geyimləri nümayiş olunub
26-11-2024, 11:07
Oğuzda şabalıdın məhsuldarlığı aşağı düşüb, qiymətlər xeyli artıb
22-11-2024, 11:16
AQTA sədri ictimai iaşə xidmətləri sahəsində fəaliyyət göstərən sahibkarları qəbul edib
22-11-2024, 11:09
Azərbaycan Basketbol Federasiyası məşhur idman statistika portalı ilə müqavilə imzalayıb
21-11-2024, 10:27
ABŞ-da təhsil alan azərbaycanlı tələbələrin sayı açıqlanıb
21-11-2024, 10:22
Professor Gülər Abdullabəylinin Varşavada kitabı işıq üzü görüb
20-11-2024, 12:37
“Lambert Akademik” nəşriyyatı Azərbaycan alimlərinin məqalələr toplusunu nəşr edib
16-11-2024, 11:22
Yaşıl sivilizasiyanın COP29 anonsu
16-11-2024, 11:17
Prezident İlham Əliyevin bədxahları məyus edən xəbərləri və ya Azərbaycanın geniş açılan qanadları
14-11-2024, 23:16
Monqolustan prezidenti Milli Azərbaycan Tarixi Muzeyini ziyarət edib
14-11-2024, 23:10
AMEA prezidenti akademik İsa Həbibbəyli COP29 çərçivəsində Nobel mükafatı laureatı Məhəmməd Yunusla görüşüb
14-11-2024, 23:03
"İqlim dəyişikliyi ilə mübarizədə regional və transsərhəd əməkdaşlığın maliyyələşdirilməsi" mövzusunda konfrans keçirilib
14-11-2024, 22:58
BMT-nin Ətraf Mühit Proqramı nümayəndəsi: Azərbaycandan yüksək gözləntilərimiz var
13-11-2024, 11:25
COP29-da birinci xanımların iştirakı ilə “Gənclər iqlim fəaliyyətlərinin ön cəbhəsində” mövzusunda konfrans keçirilib
13-11-2024, 11:21
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib
13-11-2024, 10:44
Bakıda COP29-un açılış mərasimi keçirilir 12.11.2024
11-11-2024, 14:05
Lambert Akademik Nəşriyyatı “Articles of Azerbaijan Scientists. ANAS – 80” məqalələr toplusunu nəşr edib
10-11-2024, 14:31
AMEA Müqəddəs MƏBƏDİMİZ, Gözümüzdən artıq GÖZBƏBƏYİMİZDİR!
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031